"Arazda silahı
təhvil verəndə
ağladım"
21 Azər Hərəkatının fədailərindən olan İsmayıl Rəhimoğlu vəfat edib
Bu yaxınlarda
Azərbaycan Milli Hökumətinin fədailərindən
biri İsmayıl Rəhim oğlu Bije Sumqayıt şəhərində 83 yaşında
vəfat edib. 50 ildən artıq Sumqayıt sakinlərinin sağlamlığı keşiyində
dururdu. İxtisasca həkim-terapevt olan İsmayıl Bije sumqayıtlıların
dərin hörmətini qazanmışdı.
Onun qardaşı, Güney Azərbaycan problemi ilə bağlı tanınmış
araşdırmaçı Əkrəm
Rəhimli mərhum qardaşı haqqında xatirələrini bizimlə
bölüşdü. İlk
öncə "Bije"
təxəllüsü barədə
danışan Əkrəm
Rəhimli deyir ki, "Bije"nin tarixi uzundur: "Biz o zaman Sovet
Azərbaycanından İrana
sürgün olunanda bu təxəllüsü bizə orada məcburi veriblər.
"Bije" - orta yüzil fransız sözüdür, hərfi
mənası "gəlmə"
deməkdir.
Bu təxəllüsü
o vaxtı burdan gedənlərə ona görə veriblər ki, hər hansı hadisə baş verəndə bunları tapmaq asan olsun.
Məsələn, bu qəbildən "Şurəvi",
"İnqilabi" təxəllüslərini
(əslində soyadlarını)
yazırdılar. Bizim
familiyamız Rəhimov
idi. Ora göndəriləndə bizim
familiyamıza "ov-of"
deyə lağlağı
elədi, dedi, bu, yaramaz, sizə
ayrı familiya verəcəyik. Yəni bizim iradəmizdən asılı olmayaraq o familiyanı verdilər".
Haqqında danışacağımız
İsmayıl Rəhim
oğlu Bije 1927-ci ildə Qazax şəhərində əslən
Güney Azərbaycandan
olan ailədə anadan olub. 1938-ci ildə ailəsi İrana deportasiya olunub, Mərənd şəhərində Yuxarı
Dizədə sakin olublar. İsmayıl 1940-cı ildə atasını itirib. Atası Rəhim kişinin ölümünün səbəbi
isə bu olub: "Atamız siyasi mübarizə ilə məşğul olmayıb. Bir dəfə məclisdə
adamlardan biri sual verib ki,
Arazın o tayında, yəni Şurəvi Azərbaycanda
adamlar necə dolanırlar? Atamız da kolxozdan danışıb.
Atamın əmisi oğlu da başqa
bir hüzür yerində deyib ki, kənd belə
olar, Rəhim əmim oğlu belə danışır.
Sən demə, orada İran təhlükəsizliyinin məxfi
əməkdaşı olub,
bunun danışdığını
təbliğat kimi başa düşüblər.
Rəhim kişini tutub aparıblar, deyiblər sən kütlə arasında təbliğat aparırsan
ki, sovetlərdə kəndçilər yaxşı
dolanırlar. Atam nə qədər and-aman eləyib ki, məqsədi elə olmayıb, inanmayıblar. O qədər
fiziki əzab veriblər ki, istintaq zamanı aldığı zərbələrdən
həlak olub".
Beləliklə, İsmayıl
ailəni saxlamaq məcburiyyətində qalır
və Təbriz-Culfa dəmir yolunun Yam bölümündə
işə daxil olur. 1945-ci ilin dekabrında Güney Azərbaycanda 21 Azər Hərəkatı baş verir. O zaman İsmayıl Bijenin 18 yaşı olur. Bu da könüllü
olaraq Güney Azərbaycanın şəhərlərinin
azad olunmasında iştirak etmək istəyir, ancaq deyirlər ki, sənin yaşın azdır. Çox təkid eləyir, buna işləməyən
bir tapança verirlər: "Yadımdadır,
qardaşımın silahının
diski yaxşı fırlanmırdı. Onu Məmmədəli adlı
bir adamla birlikdə Təbrizlə Mərəndin arasında Yam adlı kənddə
dəmiryol vağzalında
növbətçi durmağa
yollayırlar. İsmayıl
Mərəndin alınmasında
həmin tapançaynan
iştirak eləyir, sonra yenə də həmin posta qayıdır. Görür
Təbriz-Culfa qatarı gələndə
buna işarə eləyirlər ki, filan vaqonda şübhəli
adam var. İsmayıl çıxır
qatara, vaqona girir, həmin bu sınıq tapançanı çəkir
şahın adamının
üstünə. Deyir
dur ayağa. Demə, bu şübhəli
şəxs sərhəngdir
(polisdir). Məlum olur ki, bu adamda "Kolt" tapança var. Şahın adamı qorxur ki, İsmayıl bunu vuracaq, daha
bilmir ki, bunun silahı yaxşı işləmir.
İsmayıl bunu tərksilah eləyir. Şahın adamını
mindirirlər maşına,
Fədai Komitəsinə
çataçatda İsmayıl
bunu maşından düşürür, nümayişkaranə şəkildə bir əlində sınıq, o biri əlində "Kolt" tapança ilə Mərəndin içərisi ilə aparır. Artıq bu zaman Mərənd
azad olmuşdu. Görürlər ki, 19 yaşında bir gənc ona verilən
sınıq tapançaynan
şahın adamını
tutub, "Kolt" tapançaynan gətirir. Məlum olur ki, tutulan şahın
polkovnikidir, adı da Sərhəng Cəfəridir. Bu adam mülki paltarda Ələmdar-Gərgər deyilən bir bölgə var, Mərənddən bir qədər aralıda, Culfaynan Mərəndin arasındadır;
orada hərbi xidmətdə olanda xeyli miqdarda
silah bunun ixtiyarında olub, hamısını gizlədibmiş.
İndi də gedirmiş ailəsini gətirməyə. Çünki
vəziyyət gərgin
imiş. Fədai komitəsində bunu bir az çək-çevirə salırlar,
polkovnik deyir, məni öldürməyin,
dəyməyin, filan yerdə silah gizlətmişəm, gedək
onu sizə verim. Gedirlər, görürlər ki, burada külli miqdarda silah-sursat var. Polkovnikə isə dəymirlər, Tehrana çıxıb getməsinə icazə verirlər. İsmayıla
belə bir adamı tutub gətirdiyinə görə
mükafat olaraq avtomat verilir və 21 Azər medalı ilə təltif olunur. O zaman Mərənd fədailərinin başçısı
Mirkazım Ələm
idi. İsmayıl ondan sonra Təbrizin,
Urmiyanın alınmasında,
habelə ən çətin əməliyyat
olan Qaradağ əməliyyatında da uğurla iştirak edir. O zaman "21 Azər" medalı təxminən 10 min adama verilmişdi. Medalı yalnız qəhrəmanlıq göstərənlərə
verirdilər".
Yeri gəlmişkən,
İsmayıl Rəhimoğlu
Bijeyə Azərbaycan
Milli Hökuməti tərəfindən verilmiş
"21 Azər" medalı
ilə bağlı rəsmi sənəd var. Orada yazılıb
ki, 1324(1945)-ci il tarixində Azərbaycan Milli Hökumətinin qurulmasında
iştirak etdiyinə görə Azərbaycan Milli Məclisi tərəfindən "21 Azər"
medalı ilə təltif olunur. Sənədi Azərbaycan Milli Məclisinin rəisi Şəbistəri,
Milli Məclisin katibi M.Velali imzalayıb, Milli Məclisin möhürü
də var.
Milli Hökumət
qurulanda İsmayıl
Rəhimoğlu Mərənd
polis idarəsində işləyir. 1946-cı ilin axırında Milli Hökumət xəyanətkarcasına süquta
uğradılır. İsmayıl
Rəhimoğlu deyərmiş
ki, ömrümdə iki dəfə ağlamışam: bir atam öləndə, bir də avtomatımı
Arazın bu tərəfində təhvil
verəndə. 1946-cı
il dekabrın 21-də axşam saat 6-7 arasında Arazın üzərindən
sərhəd açılır,
fədailər Sovet Azərbaycanına daxil olur, silahlarını təhvil verirlər. Hər kəsin ad-familiyası və silahının nömrəsi yazılır:
"Fədailər Quzey
Azərbaycana Naxçıvan
tərəfdən girirlər.
O zaman Arazın qırağında öz gözlərimlə gördüm
ki, silahlardan böyük bir təpə əmələ
gəlmişdi. Fədailərin
əllərində nə
silah vardısa, hamısını yığdılar".
İsmayıl Rəhimoğlu Qazax şəhərində təzədən məskunlaşır, ardınca Gəncə texnikumunu qurtarır, Tibbi İnstitutunun müalicə fakültəsində ali təhsil alır, Sumqayıta göndərilir: "O zaman Sumqayıtda Güney Azərbaycandan xeyli adam məskunlaşmışdı. 1958-ci ildən bəri 3 il əvvələdək İsmayıl Rəhimoğlu Sumqayıtda həkim olaraq çalışıb. O zaman Quzey Azərbaycana 10 minə yaxın güneyli soydaşımız gəlib ki, bunun da təxminən yarısı fədai idi. Fədailərin bu taya keçməsi məsələsi qəflətən oldu. Qaçaqaç xəbərsiz oldu. Kim xəbər tutdu, sərhəddə yığışdı. Camaata dedilər Culfada sovet qoşunları gəlir, onları qarşılamağa gedirik. Qalanlar dağlara çəkildilər, mübarizə apardılar. Mərəndin fədailərinin başçısı Mirkazım Ələmi şahın əmri ilə asdılar. Edam zamanı Mirkazım şahidlərin dediyinə görə, üzünü tutur Arazın bu tərəfinə; o demək imiş ki, gələcəkdə nicatımız bu tərəfdən olacaq. Mikazım Ələm uzun müddət dağlarda qaldıqdan sonra xalasıoğluna pənah gətirib. Xalası oğlu da ona xəyanət eləyib, Mirkazımı satıb. Xalasıoğlu kəndin kəndxudası imiş. Sonra o xalaoğlusunun intiqamını Mirkazımın tərəfdarları aldılar. Mirkazım edam zamanı 50 yaşlarında olarmış. Savadlı adam olub. Pişəvərinin əmri ilə Miyandaba-Qoşaçaya başçı göndərmişdilər".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 13 noyabr.-
S.14.