Səttarxanın ölümündən 95 il ötdü...

 

Ötən yüzilin əvvəllərində baş vermiş Məşrutə hərəkatı, hərəkatın yaradıcısı olmuş soydaşımız, yenilməzlik rəmzi Səttarxanın ömür yolu, mübarizəsi barədə əksər soydaşlarımızın bilgisi kifayət qədər deyil. Dünən Səttarxanın ölümündən 95 il ötdü. Tehranın yaxınlığında, Həzrət Əbdüləzimin "Tuti" adlanan bağında adına və qəhrəmanlığına layiq olmayan çox sönük bir məzarda uyuyan Səttar Hacı oğlu 1867-ci il avqustun 16-da Qaradağda anadan olub. Atası Hacı Həsən ailəsini şəxsi təsərrüfatı və xırda alverlə dolandırarmış. Səttar ailədə üçüncü oğlan uşağı idi.

Araşdırmaçı Əkrəm Rəhimli bildirir ki, Səttar uşaqlığından zirək imiş: "Səttarxanın böyüyüb boy atdığı ailə çarizmin, həm də şahlıq istibdadının barışmaz düşməni idi".

Təbrizə köçdükdən sonra şəhərin sosial-siyasi mühiti və Səttarxanı əhatə edən insanlar onun dünyagörüşünün formalaşmasında, vətənə, xalqa bağlılıqda müstəsna rol oynayır: "Rejimin əleyhinə çıxan şəxsi müdafiə etdiyinə, həmin şəxsin tərəfini saxladığına görə 1898-ci ildə Səttarxan Təbrizdə həbs olunur və Ərdəbilin "Narın qala" zindanında 2 ilə yaxın məhbus həyatı keçirir. Səttarxan həbsxanada tanış olduğu bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyilə zindandan qaçır. Bir müddət Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan Səttarxan rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur".

Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı: "Ölkədə kütləvi həbslər və təqiblər başlandı.

Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla "Mərkəze-Qeyb"in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük və danılmaz xidmətləri olmuşdu".

Əkrəm Rəhimli deyir ki, bu Təbriz üsyanın ilk mərhələsi hesab edilir: "Qütbləşmədə siyasi qüvvələrin üz-üzə dayandığı və ölkədə vəziyyətin gərginləşdiyi belə bir dövrdə ümumiran miqyasında Məşrutə hərəkatının azadlıq mərkəzi Azərbaycana - Təbrizə keçdi".

Bu şəhərdə xalq hərəkatının sükanı arxasında Səttarxan kimi qorxmaz və igid bir sərkərdənin dayanması hərəkatın gedişində demək olar ki, əsaslı dönüş yaratmış oldu: "1907-ci il yanvarın 26-da dövlət idarələri, rabitə və teleqrafxana, gömrük məntəqələri, silah və hərbi sursat anbarları Təbriz məşrutəçiləri tərəfindən tutuldu. Başda Məmmədəli şahın Azərbaycandakı valisi Nizamülmülk olmaqla dövlət məmurları həbsə alındı, dövlət idarələrinin və evlərin üzərinə məşrutəçilərin bayrağı sancıldı. Beləliklə, Məşrutə hərəkatının ağırlıq mərkəzi Təbrizə keçir".

Bu hadisələrdə diqqəti çəkən ən mühüm cəhətlərdən biri Tehrandakı əhalinin və digər əyalətlərdəki insanların böyük əksəriyyətinin Azərbaycandakı olaylara və onun rəhbərlərinə bəslənilən hüsn-rəğbətinin yüksək olması və bu işin alqışlanmasıdır: "1907-ci ilin fevralında Azərbaycandakı məşrutəçilərin uğurları, Azərbaycandan Tehrana danışıqlar üçün gedən nümayəndəliyin irəli sürdüyü tələblər və şah qoşunlarının hücumunun boşa çıxması, eləcə də rejimə qarşı təzyiqlərin günbəgün artması Məhəmmədəli şahı geri çəkilməyə məcbur etdi: ölkə konstitusiyalı monarxiya elan olundu və xalqın verdiyi tələblərin əksəriyyəti şah tərəfindən qəbul edildi. Bu, Məşrutə hərəkatının qələbəsi idi. Bu qələbədə Səttarxanın başçılıq etdiyi Təbriz üsyanının və bütün Azərbaycan məşrutəçilərinin böyük payı var idi. Ölkədə siyasi vəziyyətin getdikcə nəzarətdən çıxdığını və bir çox əyalətlərdə Əncümənlərin timsalında yerli hakimiyyət orqanlarının yaranması və fəaliyyəti Məhəmmədəli şah rejimini çıxılmaz vəziyyətə salmışdı. Şahın arxalandığı və xaricdən özünə köməkliyə gətirdiyi baş nazir Atabəy Əzəmin 1907-ci il avqustun 31-də Məclisdən çıxarkən azərbaycanlı Abbasağa tərəfindən güllələnməsi Tehrandakı siyasi mühiti daha da mürəkkəbləşdirdi və böhran dərinləşmiş oldu. Məhəmmədəli şahın əcnəbi qüvvələrə söykənməyə və ancaq onların köməkliyilə hakimiyyətdə qalmağa gümandan başqa yolu qalmadı. Atabəy Əzəm öldürülən gün Məhəmmədəli şah ruslara ingilislərin İranı öz aralarında nüfuz dairəsinə bölmək haqda xalqdan gizli bağlanmış əsarətgətirici sazişə razılığını verdi. Ölkənin Məhəmmədəli şahın nəzarətindən tam çıxmaq qorxusu ingilis-rus sazişinin taleyinə ciddi təhlükə törətdiyindən Çar Rusiyası və Böyük Britaniya krallığı bütün vasitələrlə İrandakı despotik quruluşun müdafiəsinə qalxdılar. Onların əlilə Tehran məşrutəçilərə qarşı geniş miqyaslı hücuma hazırlaşdı. 1907-ci ilin payızından 1908-ci ilin əvvəllərinə qədər Tehrandan başlamış İsfahan, Rəşt, Təbriz, Şiraz və digər əyalətlərdə məşrutəçilərin üzərinə çoxşaxəli hücumlar başlandı. Bu hücumların təşkilinə və təchizatına, hətta hərbi rəhbərliyinə İrandakı əcnəbilərin, ilk növbədə rusların və ingilislərin hərtərəfli köməkliyi olmuşdu. 1908-il iyulun 22-də Tehranda hərbi vəziyyət elan olundu. 23 iyun 1908-ci ildə Lyaxov dəstələrinin iştirakilə İran tarixində ilk Millət Məclisi və Məclis yaxınlığındakı Sepəhsalar məscidində "bəstə" oturmuş insanlar top atəşinə tutuldular. Gündüz tezdən saat 12-dək davam edən atəş nəticəsində çoxlu adam tələf oldu, yaralandı və şikəst edildi. Kütləvi həbslər və təqiblər başlandı. 1908-ci ilin yayında Qaradağlı Rəhimxan 500 atlısı ilə Təbriz məşrutəçiləri üzərinə hücum çəkdi. Mərəndli Sücanizam da Təbrizin şimalında Rəhimxana qoşuldu. Onlar mərkəzi hökumətin Mir Haşımın başçılığı altında Təbriz üzərinə yeridilmiş qoşunla birləşib şəhəri hər tərəfdən üzük qaşı kimi mühasirəyə aldılar. Belə bir vəziyyətdə şəhərin bəzi məhəllələrində məyusluq və çaşqınlıq yarandı. Daxildəki düşmən qüvvələr fürsətdən istifadə edib əhalini müxtəlif üsullarla mübarizə meydanından uzaqlaşdırmağa çalışırdılar. Tehranda Məclis dağıdıldıqdan sonra zərbə məşrutəçilərin güclü olduğu Təbrizə yönəldi".

Bu zaman Təbriz isə Tehranda ağır məğlubiyyətə düçar olmuş Məşrutə tərəfdarlarının köməyinə can atırdı. Səttarxanın təşəbbüsü və iştirakilə 300 nəfərdən ibarət xüsusi silahlı atlı mücahid dəstəsi Tehrana doğru yola düşdü. Təbrizin hər tərəfdən mühasirəyə alınması və şəhərdə vəziyyətin gərginləşməsi ilə bağlı Təbriz əncüməninin və "Mərkəze-qeyb"in məsləhəti əsasında Səttarxanın atlı dəstəsi Basmınc rayonu ərazisinə çatar-çatmaz geri - Təbrizə qayıtmalı oldu. Kəsrəvi bu haqda yazır ki, Səttarxanın Təbrizə qayıdışı düşmənin Təbrizi diz üstə çökdürmək planını pozdu, döyüşən mücahidlərdə ruh yüksəkliyi və düşmən üzərində qələbəyə inamı artırmış oldu, düşmən qüvvələr üzərinə bir-birinin ardınca zərbələr endirildi və ara-sıra evlərin üzərindən asılmış təslimçilik rəmzi olan ağ bayraqlar yoxa çıxdı, pozucu qüvvələrə qarşı təsirli cəza tədbirləri görüldü. Məşrutə uğrunda Təbrizdəki döyüşlər və şəhərdəki mütəşəkillik, Səttarxanın səriştəsi, onun sərkərdəlik bacarığını, ağır döyüş məqamında vəziyyətdən məharətlə çıxmaq qabiliyyətini və ən başlıcası hərbi fitri istedada malik olduğunu bir daha nümayiş etdirdi. Bu döyüşlər onu xalqa məğlubedilməz hərbi sərkərdə kimi tanıtdırdı, nüfuzlu, zəkalı tarixi bir şəxsiyyətə çevrilmiş oldu".

Hadisələr 1909-cu il 13 iyunda Məhəmmədəli şahın taxt-tacdan əl çəkib qaçması ilə nəticələndi. Yeni hakimiyyət, eləcə də Çar Rusiyası və İngiltərə üçün ən çətin problem Güney Azərbaycandakı azadlıq hərəkatını boğmaq və Təbriz məşrutəçilərini susdurmaq idi. Bunun üçün Təbriz üzərinə hücum çəkmiş və uğursuzluğa uğramış əksinqilabçı qüvvələri gücləndirmək, onlara hərtərəfli köməklik göstərmək və şahpərəst tayfa başçılarının gücündən istifadə etmək qərara alındı. İlk addım şəhər çevrəsindəki hərbi qüvvənin şəhərin daxilindəki muzdlu dəstələrlə əlaqəsini yaratmaq idi. Ancaq əməldə bu da azadlıq üçün ayağa qalxmış Təbrizi susdurmağa kifayət etmədi. Belə olan təqdirdə şah hökuməti 1-ci Pyotrdan üzü bəri Güney Azərbaycanda və İranda gözü olan çar Rusiyasına kömək üçün müraciət etdi. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttarxanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirmişdi: "Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir". Hərəkatın başçısını və "Müdafiə Şurası" üzvlərini ələ almağın, aldatmağın mümkünsüzlüyünü görən çar Rusiyasının Təbrizdəki konsulluğu, onun əlaltıları xəyanətə və hiyləyə əl atdılar. 11 aylıq mühasirə ilə əlaqədar aclıqdan, ərzaq çatışmazlığından dözülməz dərəcədə əziyyət çəkən Təbriz sakinlərinə "kömək" məqsədilə Culfa-Mərənd-Təbriz yolunun silahlı mücahidlərindən təmizlənməsi və "azuqə" gətirən rus hərbiçilərinə toxunmamaq haqda Təbriz Müdafiə Şurasından icazə alındı və bu ad altında silahlı rus "xilaskarları" 1909-cu il aprelin 25-də Təbrizə doluşdular".

11 aylıq mühasirə zamanı bir çox qəhrəmanlıq, igidlik və vətənpərvərlik səhnələrilə zəngin olan Təbriz 1910-cu ilin avqustunda yenidən düşmən əlinə keçdi. Fürsətdən istifadə edən rus qoşunları 1911-ci ilin sonunda Güney Azərbaycanı, İngiltərə isə Fars körfəzi bölgələrini işğal etdilər".

Məşrutə düşmənləri üçün Təbrizdə ən qorxulu və təhlükəli məsələ Səttarxanın Təbrizdə qalması idi. Xalq içərisində böyük hörmət və nüfuzu olan Sərdari-millinin Azərbaycandan uzaqlaşdırılması həm Tehran, həm də əcnəbi qüvvələr üçün çox vacib idi. Səttarxana və onun silahdaşlarına təzyiqlər edildi, yalan və hiylə işə salındı. "Ümumi razılığa gəlib işləri yoluna qoymaq üçün" Səttarxan dövlət tərəfindən Tehrana dəvət olundu. Səttarxan Bağırxanla birlikdə 100 nəfər atlı mücahidin müşayiətilə Tehrana yola düşdü. Səttarxan və Bağırxanın Təbrizdən Tehrana kimi yol boyunca xalqın Sərdari-milliyə göstərdikləri böyük hörmət və məhəbbəti, Kəsrəvinin yazdığı kimi, İranın Məşrutə tarixində bu böyüklükdə və bu qiymətdə heç bir iş olmamışdı... Səttarxana və onun dəstəsinə dövlət tərəfindən Atabək parkında iqamətgah ayrılır. Səttarxan dəstəsi ilə parkda olarkən Tehran şəhəri polis idarəsinin başçısı, erməni Yepremin əmrilə hər tərəfdən atəşə tutulur. Bu qanlı terror bilərəkdən uzun müddət xalqdan gizli saxlanılmışdı. Erməni dığasının odlu silahından açılan atəşin zəhərli gülləsi Sərdari-millini ayağından yaralayır. Aldığı yaradan uzun müddət yatağa düşən Səttarxan 1914-cü il noyabrın 16-da vətəndən uzaqda - Tehranda gözlərini əbədi yumdu. Onu Tehranın yaxınlığındakı Həzrəti-Əbdüləzimin "Tuti" adlanan bağında dəfn ediblər.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 17 noyabr.- S.14.