Mahmud Şəbüstərinin "Sirr bağçası"

 

 Şair zəmanəsindən acı-acı şikayətlənirdi...

 

"Gülşəni-raz" görkəmli Azərbaycan alimi Şeyx Mahmud Şəbüstərinin (1287-1320) məşhur əsəridir. Əsərin fars dilindən filoloji tərcüməsi və izahların müəllifi Möhsün Nağısoylu deyir ki, təsəvvüfə həsr olunan əsərdə sufizmin mahiyyəti açıqlanır, bir sıra sufi mətləbləri və rəmzləri işıqlandırılır. Əsərin farscadan Azərbaycan türkcəsinə tərcüməsinin ilk dəfədir işıq üzü gördüyünü qeyd edən araşdırmaçı bildirir ki, "Gülşəni-raz"-təsəvvüfün ana qaynaqlarından biridir: "Orta yüzilliklərdə fəlsəfi fikrin, xüsusilə də təsəvvüf ədəbiyyatının inkişafında böyük xidmətləri olan parlaq zəka sahiblərindən biri də Şeyx Mahmud Şəbüstəridir (1287-1320). Təbriz yaxınlığındakı Şəbüstər qəsəbəsində doğulan bu görkəmli Azərbaycan filosof alimi-şairi çox qısa ömür sürməsinə baxmayaraq, təsəvvüfə dair yazdığı əsərlərilə Şərq fəlsəfi fikir tarixində özünə əbədi yer qazanıb, bu sahədə silinməz, dərin izlər buraxıb".

Mahmud Şəbüstəri gənc yaşlarında səfərə çıxıb, Misir, Şam və Hicazı gəzib-dolaşıb, bu yerlərin məşhur filosof alimlərilə görüşüb və bu görüş-söhbətlərin nəticəsi olaraq bir sıra elmi əsərlərini yazıb. Şeyx Mahmud Şəbüstərinin elmi-bədii irsi fars dilində yazdığı aşağıdakı məşhur əsərlərindən ibarətdir: "Həqqül-yəqin" ("İnamın gerçəkliyi"), "Miratül-mühəqqiqin" ("Araşdırıcıların güzgüsü"), "Gülşəni-raz"("Sirr bağçası"), "Səadətnamə"("Səadət kitabı")."

Bu əsərlərin dördü də təsəvvüfə həsr olunub: onlardan birinci ikisi nəsr əsərləridir, son ikisi isə nəzmlə qələmə alınıb. M.Şəbüstərinin "Kənzül-həqayiq" ("Həqiqətlər xəzinəsi") və "Risaleyi-meraciyyə" adlı daha iki nəsr əsəri də var. Qaynaqlarda Şəbüstərinin "Şəhidnamə" adlı başqa bir kitabı haqda da məlumat verilir, ancaq müəllifin bu əsəri günümüzə qədər gəlib çatmayıb: "Şəbüstəri lirik şeirlər-qəzəl və rübai də yazıb. Şəbüstərinin əsərləri göstərir ki, o, sufizmin ən görkəmli nümayəndəsi, "vəhdəti-vücud" təliminin banisi İbn Ərəbi (1165-1240) məktəbinin davamçısı olub və bu alimin "Füsusül-hikəm" və "Fütuhatül-məkkiyye" əsərlərindən yetərincə bəhrələnib. İbn Ərəbi təsəvvüfün batini məzmun qatlarının şərhi üçün rəmzi işarələrə üstünlük verdiyi halda, Şəbüstəri əsərlərində həmin məzmun qatlarını daha incəliklə və yığcam şəkildə açıqlamağa meylli olub".

M.Şəbüstəriyə böyük şöhrət qazandıran əsəri "Gülşəni-raz" ("Sirr bağçası") məsnəvisidir: "Təsəvvüf ədəbiyyatında işlənən bir sıra anlayış və istilahların, incə mətləb və rəmzlərin açıqlanmasına həsr olunan "Gülşəni-raz" yazıldığı dövrdən başlayaraq təsəvvüfün təməl kitablarından, ana qaynaqlarından biri sayılıb, sonradan bu mövzuda yazılmış əsərlərdə ona dönə-dönə üz üz tutulub. "Gülşəni-raz"ın çoxlu saylı qədim əlyazmaları, eləcə də ona yazılan orta yüzil şərhləri bunu əyani şəkildə sübut edir. "Gülşəni-raz"ın yazılmasının maraqlı tarixçəsi var. Hicri 717 (miladi 1317)-ci ildə Xorasanın nüfuzlu alimlərindən sayılan Seyid Hüseyni Hərəvi (1246-1320) yaxın adamlarından bir nəfəri Şəbüstərinin yanına göndərək ona şeirlə yazdığı məktubunu çatdırır. Onun təsəvvüfə dair nəzmlə yazdığı "Kənzür-rümuz" və "Zadül-müsafirin", eləcə də nəsrlə qələmə aldığı "Nüzhətül-ərvah" və digər əsərləri var. Xorasan alimi həmin məktubunda Şəbüstəridən xahiş edir ki, onu düşündürən 15 suala şeirlə cavab yazsın. Şəbüstəri əvvəlcə bu xahişi qəbul etmək istəmir, bildirir ki, məktubdakı sualların cavabı onun nəsrlə yazdığı risalələrində var. Müəllif bu fikrini həm də onunla əsaslandırır ki, indiyədək qələmini şeirdə sınamayıb və "söz-mənanın" (dərin mənalı sözün) əruza, qafiyəyə sığacağına inanmır. Bununla belə Şəbüstəri yaxın bir adamının xahişini nəzərə alaraq işə girişir, çox qısa zamanda ona şeirlə ünvanlanan suallara şeirlə də cavab yazır. İlk nəzm əsəri olan "Gülşən-raz" məsnəvisi bu şəkildə ortaya çıxır."Gülşən-raz" təxminən yetmiş beytlik dibaçə ilə (ön sözlə) başlanır. Müəllif "vəhdəti-vücud" nəzəriyyəsindən söz açır, kitabın yazılma səbəbindən danışır. Əsərin əsas məzmunu bilavasitə müəllifə ünvanlanmış on beş sualın cavabından ibarətdir. Bu suallar birbaşa təsəvvüflə-"vəhdəti-vücud" nəzəriyyəsinin əsas müddəaları, eləcə də ayrı-ayrı sufi anlayışları və rəmzləri ("büt", "xal", "xərabat" (meyxana, şərab içilən yer), "xətt" (üzdəki zərif tük), "ləb"(dodaq), "şahid"(gözəl), "şəm"(şam), "şərab", "tərsa", "zülf" (saç),"zünnar" (xristian ruhanilərinin bellərinə bağladıqları qurşaq) və s. ilə bağlıdır. Şəbüstərinin sufi anlayışları ilə bağlı açıqlamaları yığcamlığı və lakonikliyilə yanaşı (kitabın ümumi həcmi 1000 beytdən azacıq çoxdur), yüksək bədii sənətkarlığı, obrazlığı, fikrin məcaziliyilə diqqəti cəlb edir. Kitabdakı hər sualdan sonra onun cavabı verilir, cavablar "qayda" və "təmsil" adlı başlıqlarla daha da əsaslandırılır və təkmilləşdirilir. "Təmsil" adlı başlıqlarda müəllif fikirlərini bənzətmə, müqayisə yolu ilə kiçik nümunələrlə çatdırır. Xorasanlı alimin Şəbüstəriyə ünvanladığı sualların məzmunu ilə ötəri tanışlıqdan sonra ilk baxışda belə bir təsəvvür yarana bilər ki, orta yüzilliklərin yüksək təfəkkürlü elm adamları üçün bu suallara cavab tapmaq o qədər də çətin və mürəkkəb bir iş deyilmiş. Bu mənada orta yüzillərdə sufizmin geniş yayıldığı Xorasan bölgəsindən Təbrizə bu cür suallarla müraciət edilməsi hətta bir qədər qəribə görünə bilər. Bununla belə məsələnin mahiyyətilə dərindən tanış olduqda hər şey aydınlaşır və belə bir təsəvvürün yanlış olduğu aşkara çıxır. Məsələ burasındadır ki, sufizmin ən görkəmli nümayəndələrindən biri sayılan Mənsur Həllac (858-922) edam edildikdən sonra bir çox görkəmli sufi şəxsiyyətləri onlarla müxalifətdə olan qatı mühafizəkar ruhanilərin böhtan və cəzalarından qorunmaq məqsədilə fikirlərini açıq-aşkar deyil, müxtəlif rəmzlər, eyham və işarələrlə ifadə etmək məcburiyyətində qaldılar.

Orta yüzilliklərin ayrı-ayrı sufi təriqətlərinin nümayəndələri bir sıra hallarda yalnız onlar üçün anlaşıqlı olan rəmz və anlayışlardan istifadə edirdilər. Buna görə də bir sıra sufi rəmzləri və anlayışları müxtəlif təriqətlərdə fərqli şəkildə yozulur və hamı tərəfindən anlaşılmırdı. Şəbüstəri rəmzlərlə danışır və xüsusi olaraq vurğulayır ki, yuxarıda haqqında söz açdığı anlayışları qavramaqda adamlar müəyyən çətinliklərlə üzləşiblər. Digər tərəfdən isə xorasanlı alimin sufizmlə bağlı bu cür suallarla o vaxt artıq məşhurlaşmış gənc alimə müraciət etməsini müəyyən mənada Şəbüstərini sınamaq, imtahan etmək məqsədi güddüyünü də istisna etmək olmaz".

Şəbüstəri "Gülşəni-raz"da ona ünvanlanan suallara çox qısa, ancaq olduqca məzmunlu cavab verdikdən sonra əsərin sonunda haşiyəyə çıxaraq ad-san, şöhrət dalınca qaçanları pisləyir, yalançı şeyxlərə nifrət bəslədiyini bildirir və zəmanəsindən acı-acı şikayətlənir: ""Gülşəni-raz" məsnəvisi təsəvvüflə bağlı məsələlərə həsr olunduğu üçün daha çox fəlsəfi məzmunlu bir əsər kimi tanınır. "Gülşəni-raz"ı bütövlükdə götürdükdə bədii-fəlsəfi əsər saymaq daha məqsədəuyğun olardı. Bu məsələ ilə bağlı qeyd edək ki, əsərdə bütövlükdə sufizmin elmi-nəzəri məsələləri işıqlandırıldığı kimi, filosof-şairin mövzu və dövrlə bağlı əxlaqi-didaktik görüşləri də öz əksini tapıb. Məsnəvidə bütün əsər boyu yüksək əxlaqi fikirlər aşılanır, sufi dünyagörüşü, sufi həyat tərzi təbliğ olunur. Bu baxımdan əsərin son hissələri xüsusilə qeyd edilməlidir, çünki burada müəllifin ictimai-əxlaqi görüşlərinin bədii ifadəsi əsas yer tutur. "Gülşəni-raz" yüksək bədii keyfiyyətlərilə seçilən sənət əsəri, poeziya örnəyidir. Yüksək bədii sənətkarlıqla, coşğun ilhamla, incə zövqlə qələmə alınmış əsərdə sufizmlə bağlı bir sıra məsələlər olduqca obrazlı şəkildə, məcazi və poetik bir dillə qələmə alınıb. Müəllifin əsərə "Gülşəni-raz" kimi poetik bir ad verməsini də (bu məqamda istər-istəməz Şəbüstərinin dahi sələfi ölməz Nizami Gəncəvinin "Məxzənül-əsrar" - "Sirlər xəzinəsi" məsnəvisi yada düşür) elə ondakı bir sıra incə mətləblərin məhz məcazi bir dillə ifadə edilməsilə bağlı olduğunu da düşünməyə əsas verir."

"Gülşəni-raz" orta yüzilliklərdə geniş şöhrət tapıb və ona bir sıra klassik şərhlər yazılıb. Ümumi sayı qırxa yaxın olan bu şərhlər içərisində ən məşhuru Şəmsəddin Məhəmməd Lahicinin (öl.1506) "Məfatihül-ecaz fi şərhi-"Gülşəni-raz" ("Gülşəni-raz"ın şərhinə aid möcüzələrin açarı) adlı əsəridir. Lahicinin bu şərhində "Gülşəni-raz"ın hər bir beytinin geniş izahı verilib. Əminəddin Təbrizi, Seyid Yəhya Şirvani-Bakuvi (öl.1514), Baba Nemətullah Naxçivani (öl.1514), Kəmaləddin Hüseyn bin Şərəfəddin Əbdülhəqq Ərdəbili (öl.1543) və başqa Azərbaycan alimləri də "Gülşəni-raz"a şərhlər yazıblar. Orta yüzillərdə "Gülşəni-raz"ın təsirilə yazılmış bir sıra əsərlər də məlumdur. Məsələn, Xəlvətiyyə təriqətinin şeyxlərindən olmuş İbrahim Tənnurinin (öl.1472) türkcə məsnəvi şəklində yazdığı "Gülzarnamə" kitabında "Gülşəni-raz"ın güclü təsiri özünü göstərir. Eləjə də XVII yüzil osmanlı müəllifi Sarı Abdullah (öl.1660) ana dilində yazdığı "Səməratül-Fuad" əsərində "Gülşəni-raz"dan dönə-dönə yararlanıb. Şəbüstərinin "Gülşəni-raz" məsnəvisi orta yüzilliklərdə iki dəfə türkcəyə tərcümə edilib. Bu klassik tərcümələrdən birincisi "Şirazi" təxəllüslü Azərbaycan şairi-mütərciminə məxsusdur və 1429-cu ildə tamamlanıb."

"Gülşəni-raz" məsnəvisi XIX yüzillikdən başlayaraq Avropada da tanınmağa başlayır. Alman alimi d-r Toluk 1821-ci ildə Berlində nəşr etdirdiyi "Sufizm" adlı kitabına "Gülşəni-raz"dan müəyyən parçalar daxil edib. Digər bir şərqşünas, alman alimi Hammer Purqstal isə 1838-ci ildə "Gülşəni-raz"ı tam şəkildə alman dilinə çevirərək onu farsca orijinalın mətni və Lahicinin sözügedən şərhilə Leypsiqdə nəşr etdirib. "Gülşəni-raz" 1880-ci ildə ingilis dilinə də tərcümə edilərək Londonda çap olunub. Məsnəvi italyan və fransız dillərinə də tərcümə edilərək işıq üzü görüb. Türkiyənin tanınmış ədəbiyyatşünas alim, professor Əbdülbaqi Gölpınarlı Şəbüstərinin "Gülşəni-raz" məsnəvisini 1944-cü ildə nəsrlə türkcəyə çevirərək nəşr etdirib. Bu filoloji tərcümə sonralar da bir neçə dəfə təkrar nəşr olunub. Türkiyəli başqa bir alim Sadiq Yalsızuçanlar da "Gülşəni-raz"ı türkcəyə çevirərək 1999-cu ildə nəşr etdirib. Bu tərcümə də nəsrlədir, ancaq Ə.Gölpınarlının tərcüməsindən fərqli olaraq mütərcim burada fikrin bədii şəkildə ifadəsinə daha çox səy göstərib. "Gülşəni-raz" məsnəvisi urdu dilinə də tərcümə edilərək Dehlidə nəşr olunub. Pakistan şairi Məhəmməd İqbal (1877-1938) Şəbüstərinin bu məsnəvisi əsnasında "Gülşəni-razi-cədid" adlı 324 beytlik bir əsər yazıb. Lahorda nəşr olunan bu əsəri Türkiyə alimi, professor Əli Nihat Tərlan türkcəyə çevirib. "Gülşəni-raz"ın ayrı-ayrı parçalarını Şaiq İsmayılov rus dilinə çevirərək Şəbüstərinin fəlsəfi görüşləri haqqında yazdığı dəyərli araşdırmasının sonunda nəşr etdirib. "Gülşəni-raz"ın elmi-tənqidi mətnini tərtib edən Azərbaycan alimi Qurbanəli Məhəmmədzadə isə 1962-ci ildə onu Azərbaycan dilinə tərcümə edib. İndiyədək işıq üzü görməyən bu tərcümənin əlyazması (ərəb əlifbası ilədir) Azərbaycan MEA Əlyazmalar İnstitutunda saxlanılır".   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 18 noyabr.- S.14.