"Türk mifologiyası mədəniyyətimizin əsaslarını təşkil edir"

 

 Seyfəddin Rzasoy: "Mif yaddaşımızda yaşayır, istənilən romanın, şeirin əcdadı gedib mifə çıxır"

 

Araşdırmaçı-alim, mifoloq Seyfəddin Rzasoy türk epos, ritual mifologiyasına aid çoxsaylı kitabların ("Nizami poeziyası: mif, tarix konteksti", "Oğuz mifinin paradiqmaları", "Oğuz mifi "Oğuznamə" eposu", "Mifologiya folklor: nəzəri-metodoloji kontekst" b.) müəllifidir. Azərbaycan türk mifologiyasının araşdırılması problemləri, habelə ortaq türk dili məsələsi ilə bağlı maraqlı qənaətləri var. Mif ilkin dünyabaxışın ifadəsi olub, dünya, həyat, insan haqqında mənalı təsəvvürlərdir. S.Rzasoy deyir ki, "mifologiya hər bir mədəniyyətin əsasıdır. Bu, universal bir qanunauyğunluqdur. İstər türk mədəniyyət tarixinə, istərsə digər xalqların mədəniyyət tarixinə münasibətdə türk mifologiyası birbaşa olaraq mədəniyyətimizin əsaslarını təşkil edir. Təəssüf ki, zaman-zaman türk mifologiyasının öyrənilməsinə istənilən səviyyədə fikir verilməyib, bu da şübhəsiz, mədəniyyətimizin sonrakı inkişafında təsirini göstərib. Əslində mifologiya mədəniyyətin genetik quruluşudur. Əgər mifologiyanı bütün mədəniyyət quruluşunda, kontekstində başa düşmək istəsək, bunu insan orqanizmində genetikanın oynadığı rola bənzətmək olar: insan orqanizmində genetik sistem nədirsə, hər bir milli mədəniyyətin quruluşunda mifologiya odur".

Azərbaycan mifoloji təsəvvürlərinin zaman-zaman ədəbiyyatda hansı təhriflərə məruz qalması məsələsilə bağlı isə həmsöhbətim belə düşünür: "Şübhəsiz, Azərbaycan mədəniyyətinin əsasını təşkil edən türk mifologiyasının doğrudan da şüurlu, subyektiv şəkildə təhriflərə məruz qaldığı məqamlar da var. Elə buradaca mifin sonradan mədəniyyətdəki inkişafı ilə bağlı məsələyə toxunmaq istəyirəm. Ümumiyyətlə, bəşəriyyətin şüurunun inkişaf tarixi iki mərhələyə bölünür: mifoloji şüur tarixi şüur. Bunların biri-birinə münasibəti mifoloji tarixi dünya modelləri ilə şərtləndiyi üçün kəskin şəkildə biri-birlərindən fərqlənir. Mifoloji şüur müəyyən bir dövrdə parçalanır, tarixi şüura keçir. Bu keçidin özü böyük bir mərhələdir. Fəlsəfə, tarix, ədəbiyyat, heykəltəraşlıq, incəsənət; bütün bunlar hamısı mifin içərisindən inkişaf edir".

Araşdırmaçı "Kitabi-Dədə Qorqud"da "dəli" epiteti ilə tanınan qəhrəmanların - Dəli Domrul Dəli Qarcarın davranışlarının xaosla bağlılığına dair misallar gətirir: "Dəli Domrul sulu yox, quru çayın üzərində körpü salır. Körpüdən keçənlərdən pul aldığı kimi keçməyənlərdən pul alır. Keçməyənlərdən daha çox pul alır; habelə Dəli Qarcar bacısı Banıçiçəyi ərə vermək əvəzinə onu istəyənləri öldürür. Hamının Oğuzda ehtiram etdiyi ağsaqqal Dədə Qorqudu hörmətlə qarşılamaq əvəzinə onu öldürmək istəyir. Bacısını verməyə razı olduqdan sonra başlıq kimi Oğuzda heç kimin istəmədiyi şeyləri tələb edir. Beləliklə, "dəlilik" ritual-mifoloji dünya modeli ilə bağlı davranış kompleksidir".

S.Rzasoyun xaosun "yalançılıq" davranış tiplərilə bağlı qənaətləri maraq doğurur. Yalançı oğlu Yalıncığın Beyrəyin nişanlısı rolunu oynaması, Beyrəyin toy günü qayıdıb gəlməci, normadan kənar hərəkətlər etməsi başqa məqamlara diqqəti cəlb edərək bildirir ki, bu yöndə araşdırmalar davam edəcək.

İlkin dünyabaxışımızın bu ya digər dərəcədə ədəbiyyatımızda dərəcədə ifadəsini tapmasına gəlincə, bu, əslində mifin mədəniyyətdə rolunun nədən ibarət olması anlamına da gəlir. S.Rzasoy deyir bu, olduqca mürəkkəb məsələdir, başqa dünya xalqlarının mifoloji mədəniyyətlərinə münasibətdə öyrənilmiş problemdir, ancaq bizim mədəniyyətə münasibətdə az araşdırmaların obyektinə çevrilib: "Baxmayaraq ki, mif ədəbiyyat mövzusu son dərəcə maraqlı bir məsələdir. Həm ümumiyyətlə, çağdaş mədəniyyətin, incəsənətin tiplərinin, növlərinin, janrlarının öyrənilməsi baxımından çox gərəklidir. Ədəbiyyatın ictimai şüurun bir forması, janrı kimi özünəməxsus öyrənilməsi onun miflə dərəcədə bağlı olması ilə şərtlənir. Hər şeydən əvvəl mif ədəbiyyatın məzmununu təşkil edir. Qədim orta yüzillər Azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, onun məzmunu daha çox epos, nağıl, dastan xarakterlidir. Bütün eposların, nağılların, dastanların hamısının mənşəyi, məzmunu birbaşa mifoloji eposa, dünyanın yaranması haqqında mifoloji rəvayətlərə, əfsanələrə gedib çıxır. Digər tərəfdən mif düşüncə forması olduğu üçün ədəbiyyatı bir düşüncə hadisəsi kimi içəridən təşkil edir. Ramiz Rövşənin yaradıcılığında qəribə mifoloji obrazlara rast gələ bilirik. Şair bir ağaca, uçan quşa baxır, necə olursa, onun yaddaşında belə bir hiss yaranır ki, bu ağac əcdadımdır. Əslində insanın bitkilərlə, quşlarla, ağaclarla, ümumən ətraf aləmlə bu cür doğmalığı mifoloji düşüncədən irəli gəlir. Deməli, mif yaddaşımızda yaşayır, zaman-zaman oyanıb fəal şəkildə düşüncəmizə daxil olur. Mifin ədəbiyyatla əlaqəsi təkcə tarixi baxımdan deyil. İstənilən bu ya digər romanın, şeirin əcdadı gedib mifə çıxır".

Sovet dövründə türk mifologiyasının öyrənilməməsinin obyektiv subyektiv səbəbləri olduğunu deyən S.Rzasoy bu qənaətdədir ki, qədim yunan mifologiyası özündən sonra böyük bir antik yunan ədəbiyyatının yaranmasına təkan verdi: "Məhz yunan mifologiyasının təsirilə antik yunan dramaturgiyası yarandı. Orta əsrlərdə Avropada intibah birbaşa antik mədəniyyətin kontekstində baş verdi: antik dram yunan mifləri dirçəldilər. Sovet dövründə təkcə türk mifologiyası yox, eləcə slavyanların öz mifologiyası da qədim yunan miflərinin cazibəsindən, parlaq işığının təsirindən haradasa itmişdi. Bu, məsələnin obyektiv tərəfidir. Lakin slavyan xalqlarından fərqli olaraq son dərəcə möhtəşəm tarixi qəhrəmanlıq keçmişimiz var. Həmin qəhrəmanlıq keçmişimiz heç bir halda yunan miflərindən, yunan eposundan, antik yunan dramaturgiyasından geridə qalmayacaq şəkildə "Kitabi-Dədə Qorqud"da, "Oğuznamə" eposunda başqalarında ifadə olunub. Bunun öyrənilməməsi türk mədəniyyətinin süni şəkildə dondurulması demək idi. Bu gün xalqımızın yeni səviyyədə milli oyanışında mifologiyamız iştirak edir. Mifologiya milli dövlət quruculuğu aparan hər bir xalqa hava, su kimi lazımdır. Ola bilsin, sabah mifologiyanı öyrənmək bizim üçün mədəniyyət hadisəsi olsun, amma o, bu gün milli dövlətçilik quruculuğu hadisəsidir".

Bu gün ortaq türk dili məsələsi gündəmdədir. Bu məsələylə bağlı düşüncələrini bölüşən S.Rzasoy deyir: "Böyük türk bilgini, ensiklopedisti, tarixi müqayisəli türkologiyanın banisi Mahmud Kaşğarlı deyirdi ki, ərdəmin başı dildir. Yəni mədəniyyətlərdən, millətdən, dövlətdən qabaq, onları ifadə edən mahiyyətcə dildir. Ortaq türk dili, ortaq türk mədəniyyəti, mənəvi turançılıq məsələsinə gəldikdə, şübhəsiz, hər bir türk xalqı istərdi ki, ortaq türkcə onun dili hesab edilsin. Şübhəsiz, ana dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz türk xalqları içərisində ən qədim mədəniyyət tarixinə, özünəməxsusluğa malik olandır. Azərbaycan mədəniyyəti, Azərbaycan türkcəsi bütün parametrlərilə ortaq türkcə rolunu oynamaq qüdrətindədir. Ana dilimizin göstəriciləri buna imkan verir. Gerçəklik isə bizə başqa şey deyir. Burada Anadolu türkcəsinin türk xalqlarının qarşısında dominant üstün rolundan yox, məsuliyyətindən danışmaq istərdim. Bu gün Türkiyə Respublikası bütün Türk Dünyasının mədəniyyət flaqmanı rolunu oynayır. Türkiyədə tez-tez elmi simpoziumlar, konfranslar keçirilir. Artıq dünyanın bütün mədəniyyət soraqları demək olar ki, türkcəyə tərcümə edilir. Şəxsən mən Anadolu türkcəsinin ortaq türkcə kimi perspektivini müşahidə edirəm. Lakin bu, ana dilimizin Anadolu türkcəsindən funksional zəifliyinə dəlalət etmir. Azərbaycan türkcəsi Şərq türkcəsinə Qərb türkcəsinə bağlılığı baxımından üslub imkanları etibarilə türk dilindən son dərəcə genişdir. Lakin gerçəklik var: bu, ilk növbədə dünyada Türkiyənin siyasi mövqeyi ilə bağlıdır".  

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 20 noyabr.- S.14.