20 noyabr vertolyot faciəsi...
Yaxud, torpağa gömülən həqiqətlər
Bu gün 20 noyabr faciəsinin
ildönümüdür. Məhz 18 il bundan öncə-1991-ci il noyabrın 20-də
Xocavənd rayonunun Qarakənd kəndinin
yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində
hərbi vertolyot qəzaya uğradı.
Xatırlayırsınızsa, həmin
gün Azərbaycan televiziyasında çalışan vəzifə
sahibləri ölkəyə rəhbərlik edən, əslində
isə Moskvanın əlaltısı sayılan Ayaz Mütəllibov
və onun kimilərin tapşırığını həyata
keçirdilər. Yəni əhaliyə, eləcə də
dünyaya yalan informasiya verilərək bildirildi ki, vertolyot
duman olduğundan qəzaya uğrayıb. Ancaq sonra məlum
oldu ki, bu faciəni törədən yenə də ermənilərdir.
Mixail Qorbaçovun şəxsi
köməkçisi 1991-ci il noyabrın 18-də Kremldən
Bakıya zəng edir. Respublika rəhbərliyindən
xahiş edir ki, Təhlükəsizlik Şurasının
növbəti iclasını Dağlıq Qarabağda
keçirsin. Çünki ərazidəki torpaq iddiasında
olan erməni liderlərinin və Moskva nümayəndələrinin
də bu iclasda iştirakı nəzərdə tutulur. Bu
telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur.
Siyahıya Polyaniçko rəhbərlik etməli idi.
Siyahının tərtibi dövlət müşaviri Məhəmməd
Əsədova və Osman Mirzəyevə
tapşırılır. Nümayəndələr, ancaq
güc nazirliklərindən və Təhlükəsizlik
Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
Hansı səbəbdənsə
rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılovun,
baş prokuror İsmət Qayıbovun hökmən
iştirakını xahiş edir. Bu xahişi isə məhz
"KQB"-nin Dağlıq Qarabağdakı nümayəndəsi
Georgi Septa çatdırır. Qəribəsi o idi ki, Moskva
Bakını qoyub, Dağlıq Qarabağdakı təhlükəsizlik
polkovnikinə zəng vurur. Beləliklə, 1991-ci il
noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur.
İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə
müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov
və Vəli Məmmədov siyahıdan çıxarılır.
Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin
rütbəli məmurları salınır. Siyahıya Viktor
Polyoniçkonun başçılıq etməsi qüvvədə
qalır.
Ancaq 1991-ci il noyabrın 19-da gecədən
xeyli keçmiş siyahı təzələnir. Viktor
Polyaniçkonun, güc nazirliklərindən seçilmiş
şəxslərin adları siyahıdan
çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov
və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq
İsmayılov tərtib olunmuş siyahıya
başçılıq etməli, Ağdamda Təhlükəsizlik
Şurasının səyyar iclası keçirməliydi.
Bütün sənədlərdən
və hadisələrin gedişindən görünür ki,
Moskva hər şeyi Dağlıq Qarabağdakı vassalı,
polkovnik Georgi Septa ilə həll edib. Əslində Septanın
ora göndərilməsində də Moskvanın
razılığı olub. Beləliklə, yeni siyahını Ayaz Mütəllibov
1991-ci il noyabrın 19-u, saat 23-də təsdiq edir.
Siyahıdakıların bəzilərinə hazırlıq
üçün telefon zəngləri olunur. Dağlıq
Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə,
Ağdam aeraportuna, hərbi komendanta və bir də Moskvaya
göndərilir...
Qrupun Dağlıq Qarabağ ərazisindəki
fəaliyyətinə isə qəribə bir
üçlük nəzarət edir: Dağlıq
Qarabağın təhlükəsizlik rəisi, polkovnik Georgi
Septa, hərbi komendantın müavini, polkovnik Vladimir
Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq
Osenov(yan).
1991-ci il noyabrın 20-i saat 12.57-də
Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki
vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur.
Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər-
1981-ci ildə Əfqanıstan döyüşlərində
iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin
idarə etməliydi.
İkinci vertolyot - Mİ-8 N72 isə
birincini müşaiyət etməli idi. Amma ikinci vertolyotun
müşayiəti olmadan, yəni təhlükəsizliyi təmin
edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.
Mİ-8 N72 vertolyotunda
yanğından əvvəl atışma olub. İlk atəşi
böyük ehtimallara görə, vertolyotu idarə edən
Gennadi Domov açıb. Bunu yanıb dağılmış
vertolyotun qalıqlarında içəridən açılan
güllələrin diametri, açıq yerləri təsdiqləyir.
İstintaq sənədlərində bu, aydın
görünür... Vertolyot Qarakənddə yerə endirilib.
Malik Paşayan və Safur Alamzaryanın "ASALA" qrupu məhz
bundan sonra sərnişinləri tərksilah edib.
Xankəndindəki rus qarnizonun hərbi
prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən
sonra verilib-red.) İ.Lazukitin 248-ci maddə ilə (RF CM)
(Uçuşunun düzgün idarə olunması və insan təlafatı")
cinayət işi açır. Qeyd edək ki,
onun anası Emilya Arustavna Baqdasaryan ermənidir. 1991-ci il
noyabrın 24-də İrəvan televiziyasının xəbərlər
proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia
edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı
"ermənilər göstərib".
Vertolyotun qara qutusunu da Lazutikin ələ
keçirir. Hərbi prokuror qara qutuya toxunmağı
qadağan edir və belə bir məlumat yayır ki, qara qutu
"istidən", "yanğından",
"partlayışdan" sıradan çıxıb, əriyib.
Mütəxəssislərimiz isə yaxına
buraxılmır. Halbuki "qara qutu"nun sirləri Gəncədəki
vertolyot təmiri zavodunda aşkarlana bilərdi.
20 noyabr vertolyot faciəsi
nəticəsində dövlət katibi Tofiq İsmayılov,
baş prokuror İsmət Qayıbov, dövlət
müşaviri Məhəmməd Əsədov, baş nazirin
müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov
və Vəli Məmmədov, Prezident Aparatının
şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev,
QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər
İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq
Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin
rəisi Sergey İvanov, fövqəladə vəziyyət
rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-nin
müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov,
polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi
Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-də
işıqçı Arif Hüseynzadə, video-operator
Fəxrəddin Şahbazov,
vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin
üzvləri Gennadi Domov və Dmitri Yarovenko həlak oldular.
Ancaq verilən məlumatlara və şahid ifadələrinə
görə, Rusiyadan olan generallar faciə qurbanları
arasında olmayıblar. Halbuki həmin vaxt Azərbaycanın
yüksək rütbəli məmurlarıyla birgə onlar da
vertolyotda uçublar.
On səkkiz ildir faciənin qurbanlarının
doğmalarını, yaxınlarını, eləcə də
Azərbaycan xalqını bir çox suallar
düşündürür. Məsələn, nədən
ölkənin yüksək çinli dövlət məmurlarının
hamısı eyni vaxtda bir vertolyota miniblər? Və yaxud, nədən
onları digər hərbi vertolyotlar müşayiət etməyib?
Vertolyot hansı səbəbdən partlayıb? Rusiyalı
generallar hadisə yerindən necə yoxa çıxıblar?
Ölənlərin cəsədlərinin vertolyotdan bir qədər
kənarda yandırılması və faciə qurbanlarına məxsus
bəzi əşyaların bu zaman kənara düşməsi
və s. bu kimi suallar hələ də cavabını gözləyir.
Cavab isə verilmir. Çünki bu faciənin kökü lap
dərinliyə gedir ki, həmin dərinliklərə baş
vuracaq kimsə hələ də yoxdur...
Yaxşı yadımdadır, bu
hadisənin səhəri erməni mətbuatında çox təlaşla
bildirilirdi ki, Azərbaycan xalqı heç vaxt bu faciəni
bağışlamayacaq və toparlanıb qisas alacaq. Hətta
ermənilər Xankəndini belə tərk etməyə
başlamışdılar. Ancaq nə yazıqlar ki, əlimizə
düşən məqamı dəyərləndirə,
toparlanıb ermənilərin cavabını verə bilmədik.
Məkrli
düşmən Azərbaycana qarşı torpaq iddiasına
düşəndən bu yana xalqın qeyrətli
oğulları hərə öz sahəsində
sözünü deməyə, nəyə qadir olduğunu
göstərməyə başladı. Onlar arasında təbii
ki, 20 noyabr faciəsinin qurbanları da varıydı. Tofiq
İsmayılov Azərbaycanın
dövlət katibi postuna yenicə təyin olmuşdu. O, eyni zamanda Azərbaycanın deputatı kimi o
vaxtkı SSRİ-nin yüksək kürsülərindən
erməniləri ifşa edirdi, haqq səsimizi dünyaya
çatdırmağa çalışırdı.
Sözsüz ki, qisas hissi ilə alışıb-yanan ermənilər
Tofiq İsmayılovu hansı yollarla olursa-olsun aradan
götürmək istəyirdilər.
Azərbaycanın baş prokuroru
İsmət Qayıbovu və daxili işlər naziri Məhəmməd
Əsədovu isə ermənilər özlərinin bir
nömrəli düşmənləri sayırdılar. Hətta
onların hər ikisinin başına erməni lobbisi
küllü miqdarda pul ayırmışdı.
Xatırlayırsınızsa, bir
dəfə Azərbaycan Televiziyasında İsmət
Qayıbov həbs olunan ermənini sorğu-suala tutaraq,
onların hansı
haqla Azərbaycana qarşı torpaq iddiasına
düşdüklərini soruşmuşdu. İsmət
Qayıbov bildirmişdi ki, ermənilərin Dağlıq
Qarabağla bağlı arzuları gerçəkləşməyəcək,
gec-tec xalqımız işğal altında qalan torpaqları
geri qaytaracaq. Nə
yazıqlar ki, nəinki işğal altındakı
torpaqları geri qaytara bildik, hətta Şuşanı,
Laçını, Kəlbəcəri, Ağdamı,
Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı
itirdik, üstəlik Xocalı faciəsini yaşadıq. Daxili
işlər naziri postunda otursa da, sıravi əsgər kimi
döyüş bölgələrini qarış-qarış
gəzib insanlarda döyüş əhval-ruhiyyəsini
qaldıran Məhəmməd Əsədovun da başı
düşmən üçün qiymətli idi. Fürsət
gözləyirdilər ki, onları məhv etsinlər. Faciədən
bir müddət sonra xalq arasında şaiyə yayıldı
ki, İsmət Qayıbovla Məhəmməd Əsədovu
ermənilər əsir götürüblər. Və
onları işgəncələr verə-verə öldürəcəklərini
bildiriblər. Bütün bu şaiyələrin
yayılmasının səbəbini isə yanan cəsədlərin
onlarınkı olmamasıyla izah edirdilər. Bəlkə də
elə buna görədir ki, həm İsmət Qayıbovun, həm
də Məhəmməd Əsədovun ömür-gün
yoldaşları onların yoxluğuna inanmırdılar.
Güman edirdilər ki, onlar nə vaxtsa qayıdacaqlar. 7 il
bundan əvvəl Məhəmməd Əsədovun həyat yoldaşı
Məleykə xanımla görüşdüm və ondan
general haqqında xatirələrini danışmağı
xahiş etdim. Məleykə xanım bunları söylədi:
"Məni heç kim Məhəmmədin yoxluğuna
inandıra bilməz. Hər dəfə qapı döyüləndə
elə bilirəm o gəlir. Hətta böyük oğlumun
toyunu bir neçə il ona görə gecikdirdim ki, gəlib
özü xeyir-dua versin". Məleykə xanımla söhbətdə
dediklərini təbii qarşıladım. Çünki əzizini
itirən hər bir kəs bu hissi yaşayır. Ancaq İsmət
Qayıbovun həyat yoldaşı ilə görüşəndən
və eyni fikri onun da dilindən eşidəndən sonra məndə
tam əminlik yarandı-hər iki şəxs ölməyib,
onları ermənilər girov götürüblər.
Sonrası isə Ulu Tanrıya bəllidir.
... Fəxri Xiyabanda bir sırada cərgələnmiş
qara mərmər daşların üzəri hər il qərənfillərlə
bəzədilir. Bu gün də belə olacaq. 20 noyabr faciəsi
qurbanlarının əzizləri, yaxınları yenə də
qara mərmər daşların önündə dayanaraq
çox suallara cavab axtarmağa çalışacaqlar. Ancaq
yenə dəə sualları cavabsız qalacaq. Çünki
bütün həqiqətləri onlar özlərilə birgə
torpağa gömüblər...
Aysel
Xalq Cəbhəsi.- 2009.- 20 noyabr.- S.10.