Türk xalqları arasında mənəvi-mədəni əlaqələr
Professor Nizami Tağısoy:
"Türk xalqlarının ədəbiyyat, mədəniyyət
soraqları toplu kitablar şəkilində çap
olunmalıdır"
Çağdaş dövrdə türk xalqları
arasında mənəvi birliyə ehtiyacın artması, bu
yöndə müəyyən cəhdlərin gerçəkləşməsi
yönündə addımların atılması təbii
olaraq türkü sevməyən dövlətləri əndişələndirir.
Gerçək
budur ki, Türk Dünyasının mənəvi
sınırlarını özümüz üçün bəlli
etməkdən ötrü ilk növbədə Türk
Dünyasının fiziki sınırları, çoxsaylı
türk qövmləri haqqında davamlı bilgilənməyimiz
gərəklidir.
Professor Nizami Tağısoyun son illər qədim türk
etnosları, azsaylı türk qövmlərilə
bağlı araşdırmaları mətbuatda ardıcıl
işıq üzü görməkdədir. Bu yöndə
araşdırmalara nə vaxt başlamasından danışan
N.Tağısoy deyir: "Türkçülüyə və
türkologiyaya meylim ümumiyyətlə, azsaylı türk
xalqlarının mədəniyyətinə, etnogenezinə
maraqdan yarandı. BSU-da "Türk xalqları ədəbiyyatı"
adlı fənn tədris olunur. Bu fənn sovet dövründə
əsasən özbək, qırğız, türkmən,
qazax, bir az da tatar ədəbiyyatını özündə əks
etdirirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra həmin
fənnin tədrisinə həm də Anadolu türklərinin,
digər kiçik türk xalqlarının ədəbiyyatı
əlavə edildi. O cümlədən, qaraqalpaq ədəbiyyatını,
qaqauz ədəbiyyatını burada xüsusi qeyd etmək
olar. Bu və digər kiçik türksoylu
etnosları öyrəndikcə onların tarixən yerləşdiyi
coğrafiya, adət-ənənələri və başqa cəhətlər
diqqətimi getdicə daha çox cəlb etməyə
başladı. Qaraqalpaqların ədəbiyyat
soraqlarını araşdırmağa başladım. Bu
xalqın "Qırx qız" eposu unikal əsərdir.
Türk xalqlarının içərisində ilk dəfə
olaraq burada qadın eposun qəhrəmanı kimi təqdim
olunub. Araşdırmaçılar, etnoqraflar bu qənaətə
gəliblər ki, eposun kökləri çox qədimlərə
gedir, hətta saq-massaget ənənələrindən qaynaqlanır,
bəzi məqamları isə gedib Assuriyaya çıxır.
Qaraqalpaqlar zəngin mifik düşüncə tarixinə malik
olublar. Araşdırmalar dərinləşdikcə
bir daha yəqin etdim ki, qaraqalpaqların mədəniyyətini
xüsusi öyrənməyimizə böyük gərək
var. Ən inkişaf etmiş xalqların təşəkkül
tarixini izləmək üçün ilk növbədə
onun etnik düşüncə tərzini təhlil etmək gərəkdir.
Qaraqalpaqların bu və başqa eposları mənə
çoxsaylı bilgilər verdi".
Qaraqalpaqların
nağıllarını çap etdirən N.Tağısoy təəssüratını
bölüşür: "Bu nümunələrlə
tanış olduqda maraq məni çox çəkdi. Tərcüməyə
ardıcıl olaraq girişdim, "Qaraqalpaq xalq
nağılları" adlı iri həcmli kitab nəşr
etdirdim. Kitab ədəbi ictimaiyyət tərəfindən
yaxşı qarşılandı. Araşdırmalar zamanı
gördüm ki, qaraqalpaqları qıpçaq qəbiləsindən
olan kimi təqdim edirlər. Bu yöndə qənaətlər
məni başqa türk etnoslarının kökünü
araşdırmağa aparıb çıxardı. Qaqauzlar barədə
bilgilərimin artması Xəzərlərlə bağlı qənaətlərimin
yaranmasına səbəb oldu. Bütün bunlar
isə Avropadakı azsaylı türk qövmləri
haqqında qənaətlərimi yaratdı. Bunlar kiçik
türk qövmləridir ki, Balkanlarda, ümumən Qərbi
Avropada məskunlaşmaları lap uzaq keçmişlərə
gedib çıxır. İndiyə qədərki mövcud
etnoqrafik ədəbiyyat əsasən rus qaynaqlarından gəldiyinə görə, kiçik türk
qövmlərinin tarixi, mədəniyyəti, etnoqrafiyası,
folkloru xüsusən sovet dövründə geniş şəkildə
araşdırılmırdı. Müstəqillikdən
sonrakı dövrdə bu ərazilərdə yaşayan
kiçik türk qövmlərinin hərtərəfli mədəniyyəti,
etnoqrafiyası və etnogenezi məsələləri
ilə bağlı xeyli zəngin materiallar ortaya
çıxdı. 19-cu yüzilin sonlarından başlayaraq
xeyli bolqar, alman, rus araşdırmaçıları, müəllifləri
olub ki, onlar məhz bu ərazilərdə yaşayan kiçik
türk qövmlərinin tarixini, etnoqrafiyasını
mümkün qədər dürüst yazıb
çatdırmağa çalışıblar. Bunlardan biri
rus ordusunda xidmət etmiş polkovnik Valentin Moşkovdur. Bu
şəxs 19-cu yüzilin sonlarında məşhur alim
Radlovla görüşür, onunla türklər barədə
söhbətləşir. Moşkov hərbi fəaliyyəti
zamanı qaquzlarla görüşüb, müşahidə
edib ki, bu xalqın ləhcəsi, danışıq tərzi
çox maraqlıdır. Onlardan kimliyini soruşub, cavab
alıb ki, biz qaqauzlarıq, ancaq dilimiz türk dilidir. Həmin
maraq Moşkovu bu yöndə ekspedisiyaya qədər gətirib
çıxarıb: Radlovun tapşırığı əsasında
türk xalqlarının, ilk növbədə isə
qaqauzların mədəniyyətini, etnoqrafiyasını dərindən
öyrənməyə başlayıb. Bu məqsədlə
Balkanlarda olub, oraları kəndbəkənd gəzib, qaqauzlar,
qırlıqlar, qızılbaşlar, qaramanlılar və
başqaları haqqında məlumatlar toplayıb".
Qeyd edək ki, Azərbaycanda da
qaramanlarla bağlı yer adları var: "Türkiyədə
də "qaraman" adını daşıyan yerlər
mövcuddur. Avropada, Balkanlardakı qaramanlıların nəinki
Türkiyə, habelə Yunanıstan qaramanlıları ilə
əlaqələrinin olduğu Moşkovun əsərlərində
qeyd olunur. Qeyd edim ki, Moşkov qaqauzlar haqqında fundamental
araşdırma əsər yazıb. Təxminən 1900-cü
ildə çıxan bu kitab 2004-cü ilə qədər
çap olunmayıb. Moşkov araşdırmalarında
mümkün qədər dürüstlüyə riayət etməyə
çalışıb. Ancaq slavyanlığı,
xristianlığı istər-istəməz türklüyə
münasibətində özünü göstərib. Zəngin
türk mədəniyyətini müəyyən məqamlarda bəsitləşdirmək,
türk mədəniyyətinə qarışıq mədəniyyətlərin
haradasa məcmuyu kimi baxmaq meyli özünü göstərir.
Ancaq bu gün həmin yöndə araşdırmaların
sistemli şəkildə tərcümə olunaraq qeyd və
izhlarla soydaşlarımıza çatdırılması
çox gərəklidir. Qaqauzlar ötən yüzilin
sonlarından öz tarixlərinə, etnoqrafiyalarına daha dərindən
baxmaq imkanı əldə etdilər".
Xəzərlərlə
bağlı araşdırmalar da N.Tağısoyu
türklüyə münasibətdə əsaslı qənaətlərə
gəlməyə imkan verib: "Bu istiqamətdə
olan araşdırmalar Türk Dünyasının tarix və mədəniyyətinin
zəngin olması barədə təəssüratlarımı
daha da artırdı. Müşahidələr zamanı
gördüm ki, bir sıra alimlər "xaz" sözü
ilə "kaz" sözünü eyniləşdiriblər.
Deyirlər ki, xəzərlərin kökü "kaza, kasa,
kasat, kazak" ilə eyni kökdən gəlir. Bugünkü Ukraynada, həmçinin Stavropol,
Krasnodar, Rostov, Volqa, Saratov, Volqoqrad ərazisində məskunlaşan
kazakların əcdadı xəzər türkləridir. 8-ci
yüzildən sonra çoxlu tarixi olaylar baş verdi, xəzərlərin
həyat səhnəsindən silinməsində slavyanların
böyük rolu oldu. Uzun müddət xəzərlərin
qoltuğuna sığınmış slavyanlar onların
tolerantlığından sui-istifadə etdilər. Xəzərlər
həm iudaizmi (musəviliyi), həm islamı, həm də
xristianlığı eyni dərəcədə qəbul
etmişdilər. Volqa ətrafında yerələşən Xəzər
şəhərlərində - Bələncərdə və
s. sinaqoqlar, məscidlər və kilsələr yanaşı
tikilmişdi. Söhbət 7-9-cu yüzillərdən gedir. Xəzərlər
bütün Dnestryanı, Dunay, Dnepr ərazilərində
yayılmışdılar. 200 il ərzində ərəblərlə
dəfələrlə müharibə aparıblar. Farsların
məkri nəticəsində xəzərlər Dərbənd
(Şabran) ərazisində ərəblərə məğlub
oldular. Tarix boyunca türklərin hansı məqamlarda, nə
üçün məğlub olmaları məni həmişə
ciddi düşündürüb. Türklər tarixin hansı
dönəmində parçalanıblarsa, biri-birlərinə
qarşı vuruşublarsa, bu, onların gerçək məğlubiyyətlərinə
zəmin yaradıb. Orxon-Yenisey abidələrində Bilgə
Kağanın dilindən təsadüfi olaraq deyilməyib ki,
"Ey türk! Özünə qayıt! Sən özünə
qaydında böyük olursan". Xəzərlərin məğlbuiyyətindən
sonra bu əraziyə səpələnmiş türklərin
başına min bir oyun gətirildi. Tarix boyunca türk
xalqları arasına salınmış bu və ya digər
parçalanmalar bu gün də təəssüf ki,
özünü göstərir. Təəssüf ki, Xəzərin
o tayında yerləşən türk xalqları, dövlətlərilə
əlaqələrimiz hələ müxtəlif yönlərdən
istənilən səviyyədə deyil. Bütün bunlar isə
bizim hər birimizin tariximizə daha ayıq, dərs səviyyəsində
baxmağımız üçün gərəklidir.
Tariximizin, məğlubiyyətlərimizin
səbəbini daha aydın araşdırmalıyıq.
Bütün bu müşahidələr əsasında daha dərindən
anlaya bilərik ki, türk birliyinə necə nail olmaq
mümkündür.
Bu gün türk xalqları
arasında mənəvi birlik məsələsi yönündə
aparılan müzakirələrin artması yaxşı cəhətdir.
Anadolu türklərinin dövlətçiliyi digər
türk xalqlarının dövlətçiliyi ilə
müqayisədə daha zəngindir. Bu baxımdan müasir
Türkiyənin üzərinə daha böyük məsuliyyət
düşür. İlk növbədə dil birliyimizi təmin
etməliyik. Türk xalqlarının bu sahədə
tanınmış nümayəndələri ardıcıl
olaraq bir yerə yığışmalı, müzakirələr
aparılmalıdır. Bu müzakirələrdə dilçi
alimlər, etnoqraflar, linqvistlər, tarixçilər konkret
olaraq türk xalqlarının dil birliyini təmin etmək
baxımından əlifba yaratmalıdır. Məncə, diqqət
yetirilməli bir məsələ var ki, bura həm də
müstəqilliyini əldə etməmiş, eləcə də
azsaylı türk qövmləri bu müzakirələrə cəlb
edilməlidir. Bu gün Anadolu türklərilə Azərbaycan
türkləri bir-birlərini anlayırlar. Ancaq bu bir-birini
anlama hələ istənilən səviyyədə deyil.
Bir-birini anlama lüğətsiz-filansız səviyyəyə
gəlib çıxmalıdır. Orta Asiyada yaşayan
türk xalqlarının bu məsələlərdə bizimlə
həmrəy olması yolları daha ciddi-cəhdlə
axtarılıb tapılmalıdır. Hesab edirəm ki, bu
yöndə cəhdlərimizi artırsaq,
çabalarımız yaxın onillərdə müəyyən
bəhrəsini verə bilər. Arzu etdiyimiz ortaq türkcə
türk dillərinin təməlində, mayasında
yaradılası bir dildir. Bu, heç bir türk xalqına məcburiyyət
bahasına başa gəlməməlidir. Gələcəkdə
türk xalqları arasında siyasi, iqtisadi, mənəvi, hərbi,
mədəni əlaqələrin daha yeni səviyyədə
yaranıb bərqərar olması üçün bu yöndə
mənəvi təməl prinsiplərimizi inkişaf etdirməliyik.
Bu gün Azərbaycan türkcəsi ilə yakut, saxa,
çuvaşların türkcəsi arasındakı
anlaşılmazlıqlar şübhəsiz, böyük mənada
ünsiyyətimizə ciddi mane olur. Türk xalqları
arasında böyük bağların yaranmasında ortaq
türkcənin əhəmiyyəti misilsizdir. Tarixçilərimiz
müəyyən məqamlarda təhrif edilmiş tariximizin
doğru, düzgün faktlarla düzəldilməsinə
çalışmalıdırlar. Azərbaycanın bu gün
elmi təfəkkür baxımından aparıcı rol oynamaq
şansları yaradıcı aydınlarımızın
timsalında daha ciddi şəkildə nəzərdən
keçirilməlidir. Türk xalqları arasında mənəvi-mədəni
əlaqələrin möhkəmlənməsi
üçün ardıcıl olaraq türk xalqlarının ədəbiyyat,
mədəniyyət soraqlarının toplu kitablar şəkilində
işıq üzü görməsi gərəklidir. Görəsən,
Azərbaycanda ümumən Türk Dünyasındakı mənəvi-mədəni
soraqlardan bu gün nə dərəcədə xəbərdardırlar?
Habelə Azərbaycanın ədəbi-mədəni
soraqlarını türk dünyasında, türk xalqları
arasında istənilən səviyyədə yaya
bilirikmi?"
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 21 noyabr.- S.14.