Ustad sənətkar Əli Kərimova həsr olunmuş tədbir
Məşhur
balabançının havalarından ibarət diski
buraxılıb
Noyabrın 25-də Ağsu şəhər Mədəniyyət Sarayında çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı, ustad sənətkar Əli Kərimovun 135 illiyinə həsr olunmuş tədbir keçiriləcək. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin və Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə ölkənin, bölgənin tanınmış elm, mədəniyyət xadimləri iştirak edəcəklər. Bu barədə Nizami muzeyinin Aran regional şöbəsinin rəhbəri Yaqut Bahadurqızı məlumat verib.
Azərbaycan musiqisi tarixində nəfəsli alətlərdən olan zurna və balabanın öz yeri var. Yüzilləri aşıb gələn bu sənət xalqın ruhunu, döyüşkənliyini, inamını çox gözəl ifadə edir. Bu gün təəssüf ki, milli musiqinin təmsilçisi olan əksər musiqi alətləri elə onun öz ifaçıları tərəfindən pis mənada çağdaşlığa tabe etdirilir. Sənətin demək olar, tamamilə maddiyyata tabe etdirildiyi bir zamanda qeyri-adi, ömürlər yaradası, sabaha qalası yeni sənət nümunələrinin, eləcə də bu ruhu özündə yaşadan qeyri-adi sənətkarların yaranması getdikcə problemə çevrilir. Bu da təbiidir: əgər sənətkarı zamanın şirnisi özünə ram edə bilirsə, o, əksər hallarda böyük sənət əsəri yarada bilməyəcək. Hazırda Azərbaycanın zurna-balaban havacatları təəssüf ki, çox dinamikləşib, sanki qədim ifadə tərzini, sirrini, sehrini itirib. Bu, xalqımızın sabahı üçün təhlükəli tendensiyalardan biridir. Çünki camaatın belə hallara öyrəşməsi gec-tez onun psixikasına mənfi təsirini göstərir.
Çağdaş Azərbaycan zurna (surnay) sənətinin inkişafında özünəməxsus məktəb yaradıcısı olan məşhur balabançı Əli Kərimovun (1874-1962) xidmətləri çoxdur. Onun çalğısında bu alətin bütün imkanları aşkarlanır. Bu gün çoxlarının lağ obyektinə çevirdiyi zurna aləti əslində milli duyğularımızın, döyüşkənliyimizin haray səviyyəsində, musiqinin dililə yetkin ifadəsidir. Kalvalı Əli Dədənin adı (Kərimov Əli Zülfüqar oğlu, el içində ona "Kalvalı Əli Dədə" deyirlər) XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq yaradıcılığının ən görkəmli nümayəndələrilə bir sırada durur. O, Qurban Pirimov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, eləcə də Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Əhməd Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub. Əli Kərimov zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük sənətkarlıqla ifaçılığı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Ustad təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Əli Dədənin çalğısında türkün qədimliyi, döyüşkənliyi görünür, eşidilir, duyulur.
Ağsu rayonunun Kalva kəndində doğulan ustad Əl Kərimov 16 yaşından xalq içərisində tanınıb. Azərbaycan aşıqlarının I və II qurultaylarının iştirakçısı olub. Hələ sağlığında yaradıcılığı araşdırmaçılar tərəfindən öyrənilib. 1984-cü ildə ustad haqqında Moskvada Bayram Hüseynli və Tahirə Kərimovanın müəllifliyi ilə rusca "Ali Kerimov" adında kitab çap olunub. 2009-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xəttilə araşdırmaçı Qalib Soltanoğlunun "Asta çal balabanı: Kalvalı Əli Dədə" kitabı işıq üzü görüb. Əli Kərimovun mahnıları Azərbaycan Milli Radiosunun "Qızıl fondu"nda və Dövlət Səs Yazıları Arxivində qorunur. Ustad 1960-cı ildə ölüb, son evi Kalva kəndindədir.
Hələ 1930-cu illərdə dahi bəstəçimiz, xalq havalarını nota köçürən, milli operamızın banisi Üzeyir bəyin tapşırığı ilə dahi Bülbül kalvalı Əli kişinin 40-a kimi havasını lentə köçürür və həmin lent yazılarının bir hissəsi Azərbaycan Dövlət Radiosunun "Qızıl fond"unda qorunur. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan həm xalq musiqimizin böyük bilicisi Bayram Hüseynlinin, həm də Respublika Xalq Yaradıcılığı Evinin sənədləri arasında Əli Kərimovla bağlı sənədlərlə qarşılaşırıq. Bayram Hüseynli vaxtilə Kalvaya getmiş, bir neçə ay ustadın evində qonaq olmuş, onun zurna, balabanla bağlı bütün dünyasını öyrənmişdi. Bunun sonucudur ki, çox sonralar 1984-cü ildə Moskvada rus dilində B.Hüseynli və T.Kərimovanın müəllifliyi ilə "Əli Kərimov" adlı kitab "Sovetskiy kompozitor" nəşriyyatında işıq üzü görüb. Ustadın tanınmış havaları bunlardır: "Heyvagülü", "Alçagülü", "Koroğlu nağarası", "Qəhrəmani", "İnnabı", "Əfruzə"..."
Ustad haqqında kitab yazmış Qalib Soltanoğlu bunları bildirir: "Əli Kərimovun sənəti ilə bağlı danışmaq, doğrusu, məndən ötrü böyük məsuliyyətdir. Nədəndirsə, qara zurnanın, yastı balabanın səsi gələndə ruhum bütünlüklə yenidən köklənir. O ki ola Əli dədənin bənzərsiz, sehrli çalğısında. Onun çalğısı möcüzəli, ruhani səsdir. Mən ustadın havacatlarını dinləyəndə, su kimi yumşaq, qayalar kimi sərt, buludlar kimi uca, gün kimi odlu, qış kimi soyuq oluram. Ə.Kərimovla bağlı el arasında çoxlu xatirələr var. Mən onlardan bacardığım qədər toplaya bildim. Doğrudur, ustadın sənətinin daha ciddi, elmi yöndən araşdırılmasına gərək var. Bu kitabı Əli dədənin anadan olmasının 135 illiyinə kiçik töhfə kimi yazdım. O, təkcə çalğıçı yox, həm də çoxlu mahnıların müəllifi, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Əli dədənin çalğısı bugünkü çalğıya oxşamır. Onun çalğısı əski türk yurdu olan Kalvadan ucalan ulu babalarımızın səsidir. Həmin səs həmişə bizimlədir. Əli dədədən öncə də Kalvada zurna sənəti olub, indi də qalmaqdadır. Demək, soy yaşayır, türk ulusumuzun zurna kimi böyük dəyəri itmir".
Dahi dramaturq Hüseyn Cavidin oğlu, musiqiçi Ərtoğrul Cavid yazır: "Mirzə Məhəmmədhəsən "Humayun" və "Şur" dəstgahlarını məharətlə oxuyarmış. Bəzən zəngulə vura-vura dizin-dizin məclisin ortasına kimi gələrmiş. O, uzun illər balabançı ustad sənətkar Əli Kərimovla da yoldaşlıq etmişdir." AMEA-nın müxbir üzvü Rəfael Hüseynov isə bu qənaətdədir: "Əli Kərimov balaban, zurna ifaçılığında Azərbaycanımızın zəngin, əlvan musiqi xəritəsində özümlülüyü ilə seçilən Şirvan musiqiçilərindən ibarət ifaçılar nəsli yetişdirmişdir. Kalvalı Ustad Əli kişi 88 illik ömrü boyu bilgin sənətkarlarla çalıb-çağırıb."
Xalq artisti Əhməd Bakıxanov: "O, xüsusi ifaçılıq tərzinə malik idi. O, ifa tərzinin dərinliyi və düşündürücülüyü ilə texniki imkanlarının hüdudsuzluğu, sadəliyi və müdriklikliyi ilə fərqlənirdi. Onun yüksək ifaçılığı həmişə dinləyicilərin qəlbinə yol tapırdı... O, gözəl musiqiçi və gözəl insan idi. Onun mehribançılıq və sadəliyi, çətin anlarda insanların köməyinə gəlməsi onu tanıyanların yaxşı xatirindədir. Mən bu görkəmli insanın əziz xatirəsini daim əziz tuturam... Onun öz barmaqları var..."
Şair Musa Yaqub: "Aşıq Şamil və balabançı Əli Diyallıda, Topçu, Qalacıq kəndlərində tez-tez olardılar... Tale Əlinin çaldığı balabandan qopan həzinliyi ancaq Şamilin səsindən ötrü, Şamilin qüdrətdən qaynayan şaqraq səsini isə Əlinin balabanından qopan sehrli nəvadan ötrü yaradıb."
Professor Ramiz Zöhrabov: "Vaxtilə Azərbaycanda "Humayun" muğamının məşhur ifaçıları olub. Bu ifaçılardan biri istedadlı xanəndə Mirzə Məhəmmədhəsən (1831-1907) idi. Onun oxumasında "Şur", "Çahargah", "Mahur", "Rast", "Bayatı - Şiraz", "Zabul" ilə yanaşı, "Humayun" da var idi. Görkəmli balabançalan Əli Kərimovun dediyinə görə, o, "Humayun"u 12 və ya 17 şöbə və guşədən ibarət bir dəstgah kimi oxuyardı. Əli Kərimov özü "Humayun"u Mirzə Məhəmmədhəsəndən öyrənib və balabanda bu muğam dəstgahını saat yarıma çalıb". Qeyd edək ki, tədbir çərçivəsində ustadın havalarından (diskdə 2 el havası - "Tərəkəmə" və "Uzundərə" onun ifasında son dərəcə gözəl səslənir) ibarət diski də buraxılıb.
Daha bir məqam: "Ekspress" qəzeti (3-5 may, 2008-ci il, "Heyvagülü" davası") yazır: "Moskvadakı Rusiya Xalqlar Dostluğu Universitetində erməni, azərbaycanlı və türk gənclər arasında dava düşüb. Olay ənənəvi 1 May konserti zamanı baş verib: "10-15 min nəfər tamaşaçı vardı. Biz də səhnədəkilərə tamaşa edirdik. Birdən "Erməni xalq rəqsi "Hayvakuran": ifa edir Rusiya Xalqlar Dostluğu Universitetinin erməni tələbələrinin rəqs ansamblı" elan olundu. İfa edilən isə bizim doğma "Heyvagülü" idi. Ermənilərin pavilyonunda isə xəritədə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilmişdi. Bu azmış kimi Suren adlı erməni gənc əlində Dağlıq Qarabağın bayrağını tutub yelləyir, Qarabağ bizimdir" bağırırdı. Onu bir kənara çağırıb belə etməməsini istədik, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dedik. Bunu deyəndə Suren bizi söydü, hətta təpik də atdı. Biz də dözməyib etiraz edəndə ermənilər şüşə butulka və daş atmağa başladılar"-deyə S.Məsimov söylədi".
Bu, artıq tarixin arxa qatında qalmış daha bir erməni həyasızlığıdır. Yeniləri də gözləniləndir...
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 24 noyabr.- S.14.