Bir nəslin faciəsi

 

 Birinci dəfədir ki, yazıma giriş verməkdə çətinlik çəkirəm. Bilmirəm hansı sözləri, ifadələri işlədim ki, cavankən taleyinə dul qalmaq acısı yazılan, atadan yetim qalan uşaqlarını min bir əziyyətlə böyüdən və həyatın sərt üzüylə mübarizə aparmaqdan ötrü qadın zərifliyindən belə keçən Səməngülün yaralarına azacıq da olsa məlhəm olsun. Çünki söz var insana qol-qanad verir, onun həyat eşqini gücləndirir, ötəri də olsa acılarını unutdurur. Söz də var ki, insanın ürəyini parçalayır, onun yaralarının qaysağını qopardıb qanını axıdır və bu axan qana seyirçi qalır.

Səməngül ikincisinin "dadını" çox görüb. Bəzən olub ki, üz tutduğu insanlardan kömək əvəzinə, tənəli sözlər eşidib, ancaq dözüb. Gözləri arxada qalan şəhid ərinin ruhunu şad etmək-övladlarını atalarının adına layiq böyütmək kimi bir missiyanı daşıyıb çiyinlərində. Bir də dərdini, çətinliyini hər addımbaşı kimlərəsə anladıb mərhəmət ummağı qüruruna sığışdırmayıb...

 

"Sən mənimsən"

 

Onunla Sumqayıt şəhərində salınan Şəhidlər Xiyabanında görüşdüm. Səməngül Quliyevanın ömür-gün yoldaşı Rafiqin məzarı başında dərdləşdik. Səməngül şirinli-acılı həyat hekayəsindən söz açdı. O 1962-ci ildə Qubadlı rayonunun Cılfır kəndində anadan olub. Cəmi 40 ailənin yaşadığı bu kənd dağlıq ərazi olmaqla Ermənistanla sərhəddin yaxınlığında yerləşirdi. Cılfırda orta məktəb olmadığından uşaqlar təhsil almaq üçün qonşu kəndə üz tuturdular. Əksər həmyaşıdları kimi Səməngül də ali təhsil almaq istəyirdi.

Ancaq onun bu istəyi bir qədər gec həyata keçdi: "Rafiqin atası Qaçay Ələkbərov beş kəndi özündə birləşdirən sovxozun direktoru vəzifəsində çalışırdı. Rafiq ali təhsilini başa vurub bizimlə qonşu kənddə-Hovluda tarix müəllimi işləyirdi. Hərdən olurdu ki, atasına kömək məqsədilə Cılfıra da gəlirdi. Məni də bizim kənddə görmüşdü. Dəfələrlə sifariş göndərib, məktub yazaraq məni sevdiyini bildirirdi. Açığı ondan xoşum gəlirdi, hər dəfə məktubunu alanda ürəyim çırpına-çırpına oxuyurdum. Ancaq ali təhsil almaq arzum o qədər böyük idi ki... Nəhayət, Rafiq istədiyi cavabı almayanda məni qaçıracağına qərar verdi. Mənim ali təhsil almağıma da hörmətlə yanaşdı. Sonradan Müəllimlər İnstitutunu bitirdim. Beş övladımız dünyaya gəldi - Aynurə, Xəyalə, İlahə, Afiq və Zaur.

 

Sərhəddəki rus əsgərləri

 

Nə yazıq ki, bəxtəvər günlərimizin ömrü çox qısa oldu. Əsrlər boyu Azərbaycanın torpaqlarına göz dikən və torpaqlarımızı hissə-hissə ələ keçirən ermənilər yenidən torpaq iddiasına düşdülər. Həmin illər Ermənistanla sərhədlərimizi rus qoşunları qoruyurdu. Onlara isə etibar etmək mümkün deyildi. Dəfələrlə olmuşdu ki, erməni silahlıları sərhəd kəndlərinə hücum çəkərək kəndi qarət edir, evləri yandırırdılar. Rus əsgərləri isə erməniləri cəzalandırmaq əvəzinə, onlara şərait yaradır, törətdikləri cinayətlərə kor olurdular. Ona görə də cavanlar səhərə kimi kəndin ətrafında keşik çəkirdilər. Yadımdadır, bir dəfə gecə saatlarında kəndi ermənilər atəşə tuturdu. "Qrad" qurğularından, toplardan, pulemyotlardan və avtomat silahlardan güllələr yağış kimi yağırdı. Sanki kəndin yuxarı hissəsində atəşfəşanlıq vardı...yanıb-sönürdü. Həmin vaxt Rafiq kənd cavanlarıyla atəş alıtında olan başqa bir kəndə köməyə getmişdi. Bu zaman telefon zəng çaldı, qonşumuz idi. Deyirdi ki, ermənilərin məqsədi cavanların kənddə olmamasından istifadə edib kəndə hücum çəkmək və uşaqları, qadınları girov götürməkdir. Ona görə də kəndi tərk etmək lazımıydı. Qaynımın həyat yoldaşıyla əllərimiz əsə-əsə körpə uşaqlarımızı geyindirib evdən çıxdıq. Yaxınlıqdakı qayalığa necə getdiyimizə bir Allah şahiddir. Kəndin uşaqları, qadınları ilə birgə səhərə qədər qayalıqda qaldıq. Evlərimizə dönəndə isə gözlərimizə inanmadıq. Kəndin bütün evləri dəlmə-deşik olmuşdu. Onu da deməliyəm ki, öz cavanlarımız erməniləri geri çəkilməyə məcbur etmişdilər. Ermənilər susdurulandan sonra rus əsgərləri gəldilər. Sanki heç nə olmamış kimi davranırdılar. Bu hadisədən sonra onlara güvəncimiz tamamilə qırıldı".

 

Şahid-Laləzar körpüsü...

 

Səməngülün qaynatası Qaçay Ələkbərov Qubadlı rayonunun sayılıb-seçilən ağsaqqallarından və ziyalılarından olub. Onun faciəli ölümü indi də Qubadlı elini yandırıb-yaxır: "Günorta idi. Rafiq təzəcə məktəbdən gəlmişdi. Ağzına bir qismət çörək qoymuşdu ki, telefon zəng çaldı. Özü telefonun dəstəyini götürdü. Nə dedilərsə, əlindən tikəsi düşdü. "Ola bilməz" deyib, qışqırdı. Qaçay kişini ermənilər güllələmişdilər".

Həmin gün ermənilər Davudlu kəndinin mal-qarasını aparırlar. Bundan xəbər tutan sovxoz direktoru Qaçay Ələkbərov, kənd sovetinin sədri Mehdi Mehdiyev və sürücü Telman Hümbətəliyevlə birgə mal-qaranı ermənilərin əlindən alaraq geri qaytarırlar. İşlərini qurtarıb kəndə dönmək istəyəndə Laləzar körpüsünün yanında erməni silahlıları onların yollarını kəsir. Əvvəlcə sürücünü öldürürlər. Bunu görən Qaçay kişi maşından düşüb ermənilərə tərəf irəliləyir. Çoxdandır bu fürsəti gözləyən ermənilər Qaçay kişiyə 7 güllə vururlar. Mehdi Mehdiyevi isə girov götürürlər. Girov götürürlər deyəndə ki, erməni cəlladları Mehdi kişini ayaq üstə diri-diri torpağa basdırırlar. Düz 4 aydan sonra kənd camaatı Mehdi kişinin cəsədini basdırıldığı yerdən çıxarıb dəfn edir. Qeyd edək ki, Mehdi Mehdiyev Rafiqin bacısının qaynatası, Telman Hümbətəliyev isə Rafiqin dayısıdır. Artıq Qaçay kişinin ailəsində və qohumlarında erməni cinayətinin qurbanları vardı...

Bir müddətdən sonra Milli Ordu yaranır. Rafiq bütün yaşıdları kimi silaha sarılıb Vətən torpaqlarını qorumağa başlayır. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevlə birgə vuruşaraq erməniləri daim qorxu altında saxlayırlar. Ermənilər özləri etiraf edirmişlər ki, Əliyarla Rafiqin olduğu yerin ətrafına ayaq basmağa cürətləri çatmır. Səməngül deyir ki, Hovlu camaatı, eləcə də ətraf kəndlərin sakinləri Rafiqi özlərinə arxa-dayaq biliblər: "Şaxtalı qış günü idi. Rafiqlə Əliyar döyüş gedən ərazilərdən yenicə qayıtmışdı. Şaxtadan cadar-cadar olmuş əl-üzlərini yuyub rahatlanmışdılar ki, Rafiqə ratsiya vasitəsilə zəng gəldi- erməni silahlıları Seytas kəndini mühasirəyə alıb camaata divan tutur. Hər ikisi ac-suzsuz maşına minib getdilər. Gecədən xeyli keçənə qədər hələ də Seytas kəndi istiqamətindən atəş səsləri gəlirdi. Səhərə yaxın atəş səsləri kəsildi.

Əliyar Rafiqi Laçın döyüşlərində onunla getməyə qoymadı. "Mən Laçını azad etməyə gedirəm, bəs Qubadlının aqibəti necə olsun? Sən də mənimlə getsən ermənilər buralarda istədiklərini edərlər", deyib onu fikrindən daşındırdı.

Əliyar şəhid olanda Rafiqin hansı hallara düşdüyünü sözlə ifadə etmək mümkün deyil. Onun bir sözü indi də qulaqlarımda səslənir: "El-obanın ən güclü dayaqlarından birini itirdik".

Rafiq tabeliyində olan əsgərlərə böyük qardaşları kimi qayğı göstərərdi. Yadımdadır, bir dəfə soyuq qış günlərinin birində səngərlərdə keşik çəkən əsgərlərdən bir neçəsi xəstələnmişdi. Rafiq dedi ki, onların hər biri başqa-başqa kəndlərdən gəlib buralarda canlarından keçməyə belə hazır olan oğullardır: "Onlar bizim qardaşlarımızdır, çətin anlarında yanlarında olmalıyıq". Mənə tapşırdı ki, sulu yemək hazırlayım. Böyük qazanlarda turşulu əriştə bişirdim. Rafiq sürücüsüylə həmin gün bir neçə dəfə bişirdiyim yeməyi daşıyaraq əsgərlərə içizdirdi. Olurdu ki, kəndin gəlinlərini çağırardım, 70 kiloqramlıq unun xəmirini yoğurub bişirərdik. Sonra isə yuxaları sulayıb və bükümləyib əsgərlərə göndərərdik".

 

Bir gündə iki şəhid cənazəsi

 

Bütün səylərə baxmayaraq, Qubadlı rayonunu 1993-cü il avqustun 31-də erməni silahlıları işğal etdi. Səməngül körpələrini götürüb əksər qubadlılar kimi Sumqayıta pənah gətirdi. Rafiq isə başının dəstəsilə birgə Zəngilanın müdafiəsinə yollandı. Digər rayonlar kimi bu rayon uğrunda da ölüm-dirim mübarizəsi getdi. Nəhayət, oktyabrın 29-da ermənilər Zəngilanı da işğal etdilər. Həmin vaxt ermənilər Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyirdilər. Ancaq milli ordunun əsgərlərinin köməkliyi sayəsində rayon əhli Araz çayını keçib İran sərhədlərini adlamaqla canlarını qurtara bildi. Rafiq qadınları və uşaqları Araz çayından keçirmək üçün dəfələrlə buz kimi suya baş vurdu. Sonra isə özü ermənilərin mühasirəsinə düşdü. Bir neçə gün mühasirədə qaldı. Əsgərlər komandirlərinin həlak olduğunu güman edirdilər. Ancaq Rafiq yenə də ermənilərin caynağından qurtuldu: "Zəngilanın işğalından sonra hər gün səhər evdən çıxıb Sumqayıt avtovağzalına yollanardım ki, bəlkə Rafiqdən bir xəbər aldım. Hər dəfə də ümidi üzülmüş, gözü yaşlı evə dönürdüm. Bir gün yenə evə qayıdanda böyük qızım qabağıma qaçıb dedi ki, atası gəlib. Rafiqi görəndə gözlərimə inanmadım. Qarşımda saçı-saqqalı ağarmış, gözləri çuxura düşmüş yaşlı bir kişi dayanmışdı. Üzündən xəstə olduğu görünürdü. Yanılmamışdım, Rafiq qan qusurdu. Həkimlər bildirdilər ki, ciddi müalicə olunmalıdır. Rafiq müalicə olunmaq əvəzinə Ağdamın Güllücə kəndinə döyüşə yollandı. Deyirdi ki, döyüş yoldaşları erməniylə ölüm-dirim mübarizəsi aparan vaxtda müalicə olunmağı xəyanətdir. Güllücə kəndində Rafiqin əmisi oğlu Füzuli Ələkbərov və xalam qızının həyat yoldaşı Sahib Cahangirov şəhid oldular. Hər ikisinin cənazəsi bir gündə gəldi. Rafiqin qardaşı oğlu Cavid Ələkbərov Murov dağındakı döyüşlərdə itkin düşdü. İndi də ondan bir xəbər yoxdur. Bütün bunlar Rafiqə xəstəliyini unutdurmuşdu. Ancaq intiqam hissiylə yaşayırdı. Sonuncu döyüşü Füzulinin Horadiz qəsəbəsi oldu. Həmin döyüşlərdə qardaşım oğlu Çingiz Quliyev şəhid oldu. Rafiqin xəstəliyi isə şiddətlənmişdi. Həkimlər açıqca dedilər ki, gecikmisən. Çünki neçə illərin soyuğu, şaxtası ciyərlərinə hopmuşdu və ciyərlərini parça-parça etmişdi. Son günlərini yaşayırdı. Yenə də fikri döyüşçü dostlarının yanında idi. Yaxın qohumu Namiq Hüseynovun cənazəsini torpağa tapşıranda qəribə bir hadisə oldu. O vaxtlar Şəhidlər Xiyabanında bir-birinin ardınca məzarlıqlar qazılırdı və üstü müvəqqəti olaraq dəmir betonla örtülürdü ki, şəhid cənazələri gələndə hazır olsun. Namiqin cənazəsi torpağa tapşırılan zaman kimsə bitişik məzarlığın üstündəki çatlamış betonun üstünə çıxmaq istəyir. Rafiq həmin adamın qolundan tutaraq "qırılar, məzarlığa düşərsən, ehtiyatlı ol" deyib, onu oradan uzaqlaşdırır. Hardan biləydi ki, üç gündən sonra özü həmin məzarlığa tapşırılacaq".

Rafiq cəbhə bölgəsində erməni gülləsindən ölmədiyi üçün onu Şəhidlər Xiyabanında dəfn olunmasına əvvəlcə icazə verilmir. Bu zaman Sumqayıtda yaşayan qubadlılar ayağa qalxır və bildirirlər: "Rafiqin bədəni düşmən gülləsindən, mərmi parçalarından dəlmə-deşik olub. Ancaq Allah onu qoruyurdu ki, elinə-obasına arxa-dayaqdır. Rafiq xəstəliyini Qubadlı, Zəngilan, Ağdam və Füzuli döyüşlərində qazanmışdı. Ona görə də Şəhidlər Xiyabanında dəfn olunmadılır". Elin sözü haqq idi. Sumqayıt rəhbərliyi bu haqqı görməməzlikdən gəlmədi və Rafiq Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

...Səməngülün dörd övladı ali təhsillidir. Sonuncu Zauru isə yenicə ordu sıralarından qayıdıb. O da ali təhsil almaq istəyir. Səməngül həm də nənə olmağa hazırlaşır. Bu sevinci Rafiqsiz bölüşəcək. Başqa sevincləri kimi...

 

Yazı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim olunur   

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2009.- 26 noyabr.- S.5.