"Məhəbbət dünyasının fövqündə dayanan Vətəndir"

 

        Maşallah Xudubəyli: "O, qarı düşmənin şirin dilinə inanmamağı tövsiyə edirdi"

 

Tarixi türk əraziləri olan, indi "Ermənistan" adlandırılan məkanda yaşamış soylarımız orada silinməz izlər qoymuşlar. Məsəl var ki, qarı düşmən dost olmaz. Ermənilərin bu gün o ellərimizdə türkün əli, ruhu dəyən bütün izləri silmək cəhdinə baxmayaraq, yurd obrazı ürəyimizdə, ağlımızda yaşayır. Bu, o deməkdir ki, o ellər türk ruhundan doğulub.

Bu mənada Xəstə Bayraməlinin yaradıcılığında əzəli türk məskəni Göyçənin tərənnümü xüsusi yer tutur. Araşdırmaçı Maşallah Xudubəyli onun yaradıcılığını bu yöndən araşdırıb: "Xəstə Bayraməlinin yaradıcılığı azman bir səhraya bənzər ki, orada varlığın bütün eyniliyinə toxunulur, ona qələm çəkilir. Məcnun soraqlı gözəllik aşiqindən tutmuş ta təbiət gözətçisinə qədər bütün amillər onun misralarında öz ifadəsini tapır, sözünün süzgəcindən keçir. Şairin bütün boyaları təbiidir, həyatın canlı axarından gələndir. Aşiqin yanğısı da, dağların əzəməti də, ormanların sonsuzluğu, durna gözlü çeşmələrin ceyran baxışları, dərələrdən axıb yoluna tələsən çayların nəğməkarlığı da eyni halda onun misralarıynan poetik dildə sözə gəlir, şirin, oynaq, axıcı diliynən oxşanır. Bu mövzuları saymaqla tükənən deyil. Hamısının təsvir yönümü də bir-birindən kamil, biri o birindən eşidimli, oxunaqlıdır".

M.Xudubəyli o qənaətə gəlir ki, bunlarla yanaşı "Xəstə Bayraməli əsil vətəndaş şair olub" deyənlər obyektiv fikir söyləyiblər: "Şair hesab edir ki, bütöv məhəbbət dünyasının fövqündə dayanan vətəndir. Onun könül coşğunluğu, ilham axarı əsil zövqü-səfa mənbəyi vətənin özüdür, onun qəlbindəki hər istəyin başlanğıcıdır. Xəstə Bayraməli uzun sürməyən ömür yollarında kosmopolit baxışlara nifrətlər yağdırıb, bütöv vətəndaşlıq duyğularını həyatın hər nemətindən üstün tutub. Ananı vətəndə, vətəni anada görüb. Onunla sevinib, onunla şadlanıb, onunla qəmlənib, onunla kədərlənib. Vətən çətinə düşəndə "Səni darda görüb qövr edir yaram", gen günündə "Şükür bu gününə, min şükür, vətən" deyib. Ayrılığında - "Bağrım başı şan-şan oldu, dəlindi, Ana Vətənimdən mən ayrılanda", vüsalında "Yenə gəldim qucağına, heyran oldum bu çağına" misraları ilə ovunub. Özü də nə deyibsə, ürəkdən deyib, nə yazıbsa, canıynan, qanıynan yazıb. Sənətkar gəlişi gözəl sözlərdən uzaq olub. "Vətən haradan başlayır?" sualının önündə isə duruxmayıb, cavabını əsil vətəndaş təxəyyülüynən əsaslandırıb; Vətən bir parça daşdan, bir qarış torpaqdan, bir içim sudan, bir udum torpaqdan başlayır. Vətəni ürəkdən sevmək üçün bunları dərindən dərk etmək lazımdır. Şairin doğma kəndi Nərimanlı haqda yazdığı beşliyi da onun köklü ideyasını bir daha təsdiqləmiş olur. Xəstə Bayraməlinin Ulu Göyçəsinə olan sonsuz sevgiləri məhz belə başlayır: ailəsini sevməyən ocağını da sevməz, ocağına soyuq olanlar mahalına, elinə-obasına biganə qalar.

"Bayraməlinin gənclik çağları Göyçə mahalının çaxnaşmalı, çata-çatlı, vurhavurlu əyyamına düşüb. Bu dövr Ələsgərlərin yurd-yuvasından didərgin düşdüyü, Nəcəflərin sinəsi sazlı, kürəyi samovarlı öldürüldüyü, tayfa ədavətlərinin qızışdırıldığı bir dövr idi. Bu dövrü Bayraməli özü sözə yaxşı düzürdü... Vaxtilə Xəstə Bayraməlinin "Namərd qaynar samovarı kürəyinə bağlayanda, Yanan aşıq öz dərdini telli sazla ağlayanda... ah-naləsini sonralar professor Qara Namazov sovet mətbuatında çəkinmədən belə təhlil etmişdi. Elə bil hələ o zamanlar Xəstə Bayraməli Göyçənin başına daha böyük faciələrin törənəcəyini sənətkar uzaqgörənliyi ilə duymuşdu.

Professor Hüseyn İsmayılovun fikrincə, Xəstə Bayraməlinin yaradıcılığında dövrünün keşməkeşləri böyük bir sənətkarlıqla ümumiləşdirilib, xalqın dərin kədər və etirazlarının canlı ifadəsinə çevrilib. M.Xudubəyli bu qənaətdədir ki, Xəstə Bayraməli özünün dəryalar tutmayan dərdini unudub elin qayğısına qalar, onların hər dərdinə şərik olardı: "Onun doğma mahalını tərənnüm edən şeirlərini oxuduqca duyğulu könüllərin maraq dairəsi hüdudsuz olur. O, bir tərəfdən Göyçənin füsunkar gözəlliyini bir gileynən təsvir edib misralarıynan onun rəsmini çəkir, bir yandan da mənəvi dünyasının sirlərini açıb anlayışlı könüllərə ərməğan edir. Xəstə Bayraməli Göyçə mahalını təkcə sözlə tərənnüm etməklə kifayətlənmir, həm də onu vətəndaşlıq təəssübkeşliyi ilə qoruyub hifz etməyə çalışırdı. Belə hallarda onun harada olmasının fərqi yox idi. İstər yaxında olsun, istər də uzaqda, istər vətəndə olsun, istər də qürbətdə. Təki doğma yurduna, elinə, obasına "qaşın üstə qara var" deyən olmayaydı. Onun Göyçə mövzulu şeirlərini oxuyanda hiss edirsən ki, bunlar qəlbinin dərinliyindən süzülüb gəlirmiş. Elə bil müəllif kipriklərini lələyə, qanını isə mürəkkəbə döndərib yazırmış bunları. Çünki o, bunları bir şair kimi şeir yazmaq üçün, adi bir təsvir, mövzu tapıntısı xatirinə yox, canlı "Göyçə epopeyası" yaradıb onu tarixin silinməz və pozulmaz səhifələrinə çevirməkdən ötrü yaradıb. Xəstə Bayraməlinin keşməkeşli ömür yollarına bir neçə dəfə müxtəlif səbəblər üzündən qürbətə düşmək nəsib olub. Belə hallarda da onu daha çox sıxan od, ocaq, el, oba və Göyçə ayrılığı olub.

Professor Yaşar Qarayevin təbirincə desək, "Hər halda bizim həm təbiət, həm də poeziya paytaxtımız tarixən bir də Göyçədir". Göyçəmizin şəninə ünvanlanan bu uca deyim heç də gəlişi gözəl söz deyil. Bu söz zamanın sınağından çıxmış ülvi və müqəddəs bir varlıqdan qidalanır. Poeziya paytaxtlarımızdan biri olan Göyçə mahalının adı gələndə sazımızın-sözümüzün beşiyi yada düşür. Bu torpağın yetişdirdiyi el sənətkarları zaman-zaman nadir və ölməz sənət inciləri yaratmışlar. Xəstə Bayraməli doğma Göyçəsini bəzəyib-düzəməklə, onun gözəlliyini qafiyələrə qoşmaqla qələminə "bəs" demir, el-obasının, sonsuz səhralarının, dağlarının, düzlərinin təkcə bugününü qorumaqla kifayətlənməyib öz diyarının sabahından ötrü də özünəməxsus nigaranlıq keçirirdi. Qüdrətli sənətkar özünün, sözünün, elinin, mahalının tarixi keçmişini yaxşı bildiyindən, onların axarlı-baxarlı günlərini də yaxşı görür, narahatlıq hissləri keçirirdi. O, bir tərəfdən Göyçənin mənəvi dəyərlərini anlamayıb, onun qədrini bilməyib "sapı özümüzdən olan baltalarla", bir yandan da üzbəüz dayandığı erməni fitnəkarlığı kimi dəhşətli düşmən əməlləriynən qarşı-qarşıya gəlir, onlarla mübarizə aparırdı. Erməni xislətinə dərindən bələd olan Xəstə Bayraməlinin yurd-yuva, el-oba narahatlığı əbəs deyilmiş. Tarixlər boyu başı çox bəlalar çəkən ulu Göyçənin ömür kitabına neçə dəfə "Göyçə yerindən qaçan il", "Göyçə yerinə qayıdan il" sözlərinin yazılışı təkrar olunmuşdu. Amma sən demə, biz nəsillərin payına düşən "Göyçə köçkünlüyü" onların heç birinə bənzəməyəcəkmiş" "Yersiz gəldi yerli qaç" ideyasıynan dəfələrlə tarixi saxtalaşdırıb onu "dolaşığa salan" düşmən xəyanətinin birini, 1918-ci il keşməkeşlərini öz gözləriynən görən Xəstə Bayraməli ondan daha betərinin təkrar olunacağını hiss edir, duyur və irəlicədən görürdü: "O səbəbdən də odlu-alovlu misralarıynan həyəcan təbili çalır, bugünkü və gələcək nəsilləri qarı düşmənin içindəki əqrəb yuvasını görməyə, onun şirin dilinə inanmamağa tövsiyyə edirdi. Xəstə Bayraməlinin Göyçə tərənnümü ayrıca təqdir olunmağa layiqdir və onun geniş təhlilinə hələ də böyük ehtiyac var.

"Haqqı-ədaləti ürəkdən tərənnüm edən Xəstə Bayraməli oxucularda xalqa, vətənə sonsuz məhəbbət hissləri aşılayır, öz elini səmimi qəlbdən sevməyi, lazım gəlsə, yolundan keçməyi onlara tövsiyə edir. Xəstə Bayraməlinin kitabının "Mənim Göyçəm" adlandırılması da onun Göyçə mahalına sonsuz məhəbbətinin nəticəsidir. Şairin dərc olunan kitablarını vərəqlədikcə, Göyçənin tərənnümünə bağlı olan qoşmalar, gəraylılar, təcnislər, beşliklər, qəzəllər, epik, lirik poema səviyyəli hekayətlər insan kamalını heyrətlər içində dondurur".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 1oktyabr.- S.14.