Ermənilərin işğalçılıq və terrorizim siyasəti

 

      Tarixçi İsrafil Məmmədov: "Son iki yüzillikdə 2,5 milyon türk soyqırımın qurbanı olub"

 

Zaman-zaman xalqımız çoxsaylı soyqırımlara, terror aktlarına məruz qalıb. Azərbaycanlıların başına gələn müsibətlər sayca bəlkə də hər hansı bir millətin başına gəlsəydi, indi onun yaşaması yəqin ki, sual altında olardı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi" şöbəsinin müdiri, tanınmış tarixçi-alim İsrafil Məmmədovun fikrincə, tarixin müxtəlif dönəmlərində davakar hakim dairələr, millətlər fürsət düşən kimi xalqımıza qarşı təxribat, təcavüz, terror aktı, soyqırım törədib, qərəzkarlıq və intiqam hissi ilə yazılmış əsərlərdə bu xalqın ünvanına böhtanlar, söyüşlər yağdırılıb, hətta cılızlıq və mənəvi düşkünlük həddini də aşaraq ədaləti tapdalayıb, milli ləngərimizi pozmağa cəhd göstərmişlər.

 

Şimaldan gələn "qara vəsiyyət"

 

Şimaldan açılan qapı, keçid körpüsü olan Azərbaycan I Pyotorun vəsiyyəti məcrasında Dərbənddən Ağbabayadək düşmən tapdağına döndü. Bu yurdun sakinlərinə qarşı soyqırımı adi hala çevrildi. "Erməni məsələsi" Şərq məsələsinin tərkib hissəsi kimi yenidən meydana atıldı. Anadoluda niyyətinə yetməyən daşnaklar Azərbaycan torpaqlarını günahsız insanların qanı ilə suvarmağa başladılar. Cənubi Qafqazda milli ədavət, etnik qarşıdurma qızışdırıldı. Son iki yüzillikdə 2,5 milyon türk soyqırımına qurban getdi. Kəndlər, şəhərlər yerlə-yeksan edildi. 1988-ci ildə azərbaycanlılara qarşı soyqırımın yeni mərhələsi başlandı. Azərbaycanın qərb bölgəsi Azərbaycan türklərindən tam təmizləndi. 259 kənddən soydaşlarımız silah gücünə qovuldular. Günahsız, silahsız həmyerlilərimiz vəhşicəsinə, min bir əzabla qətlə yetirildi. Azərbaycanımızda 900 yaşayış məntəqəsi, 4366 sosial obyekt, 690 məktəb, 982 kitabxana, 397 tibb məntəqəsi, 159 amblatoriya yerlə-yeksan edildi.

Bəşəriyyət tarixində 15 mindən çox müharibə olub. Lakin bunların heç biri Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan müharibəyə bənzəməyib. Adətən işğal olunmuş ərazilərdən əhalini qovub çıxarmayıblar. Lakin erməni silahlı dəstələri sözün əsl mənasında soyqırımı siyasəti yeridərək azərbaycanlıları ya qanına qəltan edib, ya da silah gücünə qovub ata-baba yurdundan didərgin salıblar. Daşnakların hakimiyyəti dövründə təkcə Zəngəzur qəzasında 115 müsəlman kəndində daş-daş üstə qalmayıb. Vəhşi ermənilər 3275 kişi, 2276 qadın, 2196 uşağın həyatına qəddarlıqla son qoyublar. Bu qəzada ermənilər 1060 kişini, 784 qadını, 425 uşağı ömürlük şikəst ediblər. 10068 azərbaycanlı qətlə yetirildi. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda günahsız və silahsız soydaşlarımıza divan tutuldu.

 

Ermənilərin həqiqətdən uzaq təbliğatı

 

Bütün bunlar soyqırım deyil, bəs nədir? Soyqırım insanlığa qarşı insanlar tərəfindən törədilən ən ağır cinayətdir. Müəyyən bir etnik qrupun, tayfa və qəbilənin, millət və xalqın kökünün kəsilməsi, məskunlaşdığı məkandan sıxışdırılıb çıxarılması deməkdir. Əzəli türk məskəni olan Azərbaycanın qərb bölgəsində indi Ermənistan adlandırılan ərazidə öz tarixi etnik torpaqlarında azərbaycanlıların son 200 ildə dönə-dönə bu müdhiş qəddarlığa məruz qalmasının səbəbi nədir və nəticəsi necə olub?

İsrafil Məmmədovun fikrincə, hər iki suala tərəfsiz və bitkin, çoxdan cavab verməli olan erməni və Azərbaycan tarixşünaslığında bu məsələdə təəssüf ki, baxışların çarpazlaşması və təktərəflik meyli hələ də qabarıq tərzdə özünü büruzə verməkdədir. Erməni tarixçilərinin çoxu Azərbaycanın təkcə Qərb bölgəsinin, yəni indiki Ermənistan ərazisinin deyil, hətta onun şimal-şərqi və cənubundakı torpaqlarının bir xeyli hissəsinin də qədimdən bəri "ermənilərin əlində olduğuna"; həm də bu torpaqlarda azərbaycanlıların deyil, bütün ermənilərin "soyqırıma məruz qaldıqlarına" dair indiyədək yazıb-yaydıqları iddiaların gerçək olmasını ciddi-cəhdlə sübut etməyə can atır, Azərbaycan tarixçilərinin də çoxu bu iddianı eyni ciddi-cəhdlə və eyni qətiyyətlə rədd etməli olurlar: "Xalqımız illərdən bəri içimizi göynədən qaysaqsız Qarabağ yarasına məlhəm sorağında olduğu halda, ermənilər tərəfindən "erməni soyqırımının" 95 illiyinə hazırlıq adlı müdhiş və məkrli bir mərəz tüğyan etməkdədir. Bu barədə 1995-ci ildə də (80 illikdə) qərar İrəvanda qəbul edilmişdi, icrası üçün az qala dünyanın bütün erməniləri və ermənipərəstləri ayağa qaldırılmışdı. Əslən Tehrandan olan Avstriya jurnalisti Zareh Avaqyan eyni mövzuda İrəvanda 3 film lentə alıb. Həmin filmlər indi təkcə Avstriyada deyil, bir neçə Avropa ölkəsində də ekranlardan haray salaraq adamları "əzabkeş" erməni xalqının acı taleyi üçün sədaqət və səxavətlə göz yaşı tökməyə səsləyir. Fransız həmkarlarını da fəal işə qoşan erməni alimləri Parisdə bir neçə monoqrafiya çap etdirmişlər".

ABŞ alimi Vahaqn Satryan 2003-cü ildə "erməni soyqırımı"na dair 2 kitab çap etdirib. Bir neçə il qabaq erməni lobbisinin fəalları ABŞ koqresmenlərinə və senatorlara 100-dən artıq sorğu vərəqəsi təqdim etmişdilər. Vərəqələrdə 4 sual verilirdi:

1. Qarabağı nə vaxt müstəqil respublika kimi tanıyacaqsınız?

2. Ermənistana yardımı artırmaq üçün təşəbbüs göstərəcəksinizmi?

3. Türkiyə və Azərbaycana qarşı iqtisadi qadağa tədbirlərinin sərtləşməsinə səs verəcəksinizmi?

4. Erməni soyqırımının dünya miqyasında etiraf olunmasına kömək etmək istərdinizmi?

 

"Yaddaş muzeyi" təşkil edilməlidir

 

İsrafil Məmmədov daha sonra deyir: "Sadalamaqla bitmək bilməyən, bir qismi məlum, digər qismi hələ də naməlum olan bu faktların təfərrüatına varmağım əsla səbəbsiz deyil. Bu faktlar qoy heç kəsə mənasız görünməsin. Ermənistan mühitinə az-çox bələd olan bir ziyalı kimi mən dünyanı yenidən bürüyən bu hay-həşirin arxasında nələrin gizləndiyini, fəlakət və faciələri, bunlarla yanaşı, bizim unutqanıq və biganəliyimizi, "addımbaşı narahatlığa dəyməz" deməyimizi, daha doğrusu, deyənlərimiz üzündən çəkdiyimiz müsibətləri bir daha gözlərimizin önünə gətirirəm. Axı məhz o bədnam və bədxah soyqırım yubileylərinə saymazyanalıqla yanaşmağımız əvvəlcə "Türksüz Ermənistan" adlı planın heç bir müqavimətə, hətta adicə bir etiraz bəyanatına belə rast gəlmədən asanlıqla başa gəlməsinə, az sonra da Azərbaycan torpaqlarının ən azı 20-25 faizinin göz görə-görə zəbt edilməsinə zəmin yaratdı, yol açdı. Təkzibedilməz, yaşana-yaşana adiləşmiş bu acı həqiqət indi məni xalqımızın sabahı baxımından son dərəcə vacib və gərəkli bildiyim bir məsələ barəsində daha dərin təlaş, daha ciddi həyəcan siqnalı ilə iqtidara və müxalifətə, din-iman adamları və canında milli qan olan bütün imkanlı soydaşlarımıza müraciət etməyə səsləyir. Ermənilərlə biz kiminsə arzusu, kiminsə fərmanı ilə deyil, tarixi taleyimizin hökmü ilə qonşu olmuşuq. Qarşılıqlı münasibətlərimizin tənzimlənməsini də hökmən taleyüklü məsələ hesab etmək, dönə-dönə götür-qoy etdikdən sonra bu barədə müstəsna uzaqgörənliklə işlənib hazırlanmış çox bitkin bir siyasətin zərgər dəqiqliyi ilə həyata keçirilməsini sözün əsl mənasında ümumxalq işi, ümumdövlət vəzifəsi səviyyəsinə yüksəltmək gərəkdir. Minlərlə şəhidlərimizin müqəddəs ruhundan, ana-bacılarımızın göz yaşlarından, qürbətdə qalan sönmüş ocaqlar, tüstüsüz bacalar, nisgilli lal dağlarımızın həsrət harayından qopan zamanın bu təkidli tələbinə əməl olunmayınca amansız təcavüz hədəsi, dəhşətli faciə təhlükəsi xalqımızın başı üstündə qara kabus kimi ara vermədən hərlənəcək. Qərinələr boyu xalqımıza qarşı yönəldilən gizli və aşkar təcavüzləri, mənəvi və fiziki soyqırımların tarixini, səbəb və nəticələri dərindən, yaxşıca öyrənib bilməyimiz, bu vacib həyati mövzunu daha dolğun və bitkin tədqiq etməyimiz lazımdır. Zaman-zaman azərbaycanlıların başına gətirilən amansız vəhşiliklərin, müsibət və dəhşətlərin mənzərəsini dünya xalqlarının gözləri qarşısında nümayiş etdirməyə qadir olan "Yaddaş muzeyi" təşkil edilməlidir. Erməni təcavüzü, qaçqınlıq tarixi, soyqırımı, "Türksüz Ermənistan" və "etnik təmizləmə" siyasəti və onun acı nəticələri mövzusunu ali və orta məktəblərin tədris proqramlarına fakultətiv kurs kimi daxil etmək bu günümüzün, yaranmış mühit və şəraitin, tale və tariximizin təkidli tələbidir. Bu tələbə vaxt itirmədən əsl vətənpərvərlik və millətsevərlik əzmi ilə əməl etməyimiz gərəkdir. Azərbaycan həqiqətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq, digər tərəfdən qürbətdə qalan ata-baba yurdumuza vəfadarlıq, didərgin soydaşlarımızın həsrət, nisgil dolu könlünə təsəlli, vətən yolunda canlarından keçən minlərlə şəhidlərimizin əziz xatirəsinə dərin hörmət əlaməti və ehtiram rəmzi kimi bu tarixi borcun ödənməsi hər birimizə aiddir".

 

Abidələrimizi kütləvi şəkildə məhv ediblər

 

Tanınmış epiqrafist-alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemət bildirir ki, ermənilər Azərbaycanın torpaqlarında tarix boyunca məskunlaşdıqca əllərindən gələni ediblər ki, həmin ərazilərdə olan çoxlu sayda türklükdən xəbər verən soraqların izini itirsinlər: "Hələ 1961-ci ildə indi Ermənistan ərazisində qalan tarixi Urud kəndində yaddan çıxıb qalmış, qeydə alınmamış tarixi türk abidələrini, həmçinin türk qəbirlərini qeydə aldım. Və bu barədə məlumatı elmi ictimaiyyətə təqdim etdim. Erməni alimlər Akopyan, Xaçaturyan, Papazyan və başqaları ardıcıl olaraq əleyhimə yazmağa başladılar. Onlar sübut etməyə çalışırdılar ki, guya bu abidələrin türkə aidiyyatı yoxdur. Sonda isə məğlub oldular, çünki elmi əsasları yox idi. Elm fakt sevir. Ermənilər görəndə ki, indiki Ermənistan ərazisində mövcud olan çoxsaylı türk abidələrinin özlərinə məxsus olduğunu sübut edə bilmirlər, o zaman bu abidələri kütləvi şəkildə məhv etməyə başladılar. Onlar 1988-ci ilə qədər bu yöndə istəklərini aşkar, ya gizli şəkildə tədricən həyata keçirirdilər".

Urud abidələri 15-16-cı yüzillər türk ruhundan yadigardır: "Həmin zonada İpək yolunun üstündə böyük bir karvansara vardı. Həmin abidə başdan-başa türk ruhundan soraq verir. Ermənilər isə həyasızcasına deyirlər ki, yox, bu, erməni abidəsidir. Qarabağ torpağında olan tarixi türk abidələrinin hamısını öyrənmişəm, yazıya almışam. Erməni alimləri mənə qarşı tutarlı faktlar gətirməyə çalışdılarsa da, "həqiqətlərini" sübuta yetirə bilmədilər".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 1 oktyabr.- S.11.