Terror qurbanı Füzuli

 

Və ya böyük şairin dərdin adında və özündə yaşadan rayon

 

Erməni təcavüzkarlığı və terroru haqda çox yazılıb, çox deyilib, hətta terrorun rəsmi belə çəkilib. XXI əsrin ən vəhşi aktı olan erməni vəhşiliyinin həm yazılı, həm də tablo şəkilləri bütün dünyaya göstərilib. Amma bu da yetərli deyil. Bu faciəni gərək yaşayasan, görəsən, duyasan...

Bu sətirlərin müəllifi olaraq, biz öz yurd yuvasın itirən bir vətəndəaş kimi bunu yaşadıq, gördük, duyduq... Amma bu da azdır. İnsanlıq tarixinə ləkə olan bir işğalçılığı, terrorizmi, vandalizmi... həm də başqalarına yaşatmaq, göstərmək və duydurmaq lazımdır. Həm də bu ermənisayağı ağlaşma deyil. Haqqı demək zərurətidir bu... Haqqı deməyin əvəzində İsa Məsih çarmıxa çəkilməyi, Məhəmməd (s.ə.s.) daşa basılıb vətənindən qovulmağı, İmadədəddin Nəsimi dərisini soyulmağı göz önünə alıb susmayıbsa demək lazımdır!...

Həm də ona görə yox ki, bu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun bir layihəsidir. Həm də ona görə ki, gördüklərini yazmaq hər bir jurnalistin borcudur....

 

Yolumuz Füzuliyədir

 

O Füzuliyə ki, ora gedib çatmaq mümkün deyil...

O Füzuliyə ki, burda hər addımbaşı erməni terrorunun, qeyri insaniliyinin təzahürləri var...

O Füzuliyə ki, bu yurdun adamları vətənsiz qalıb...

... Və nəhayət o Füzuliyə ki, təcavüzün, terrorun gerçək mənzərəsini və gerçək qurbanlarını görmək istəyən varsa bura gəlməlidir. Elə buradaca kiçik bir statistikaya müraciət edək:

- İşğaldan qabaq rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 75 kənd var idi. İndi 13 qəsəbə (bunların 12-i yeni salınmış qəsəbədir) və 20 kənd Azərbaycan respublikasının nəzarəti altındadır. Füzuli əhalisi Qarabağ müharibəsində ölkə üzrə ən çox itkin və şəhid verən bölgə kimi fərqlənir. Rəsmi statistikada çox quru görünən bu siyahıya 1100-dən çox adamın adı şəhid və itkin düşən kimi salınıb. 113 nəfər girovluqda, 1450 nəfər müxtəlif dərəcəli əlilliklə torpaqlarına qayıtmaq ümidi ilə qovrulmaqdadır. Bütün bu sadalanan rəqəmləri bir yerə toplasaq söhbət Azərbaycanın bir şəhərindən, 50-dən artıq kəndindən və 3 minə yaxın insanın taleyindən gedir. Bu bir rayonun timsalında olan faktlardır. Həm də o rayonun ki, tarixin qəribə təsadüfidən Azərbaycan ədəbiyyatının və fəlsəfi fikir tarixinin dərd təcəssümü olan bir rayon bu gün həm də özü bir yurd yeri olaraq faciə, dərd simvoluna çevrilib. Və elə bu çağdaş tariximizə

 

Füzuli dərdi

 

Minlərlə insanın, onlarla yurd yerinin, yüzlərlə tarixi abidənin faciəsini yaşadan və üstündən illər keçəndən sonra belə bunları unutdurmayacaq bir faciə. Yenə də oxucunu yorub bir tarixi ekskurs etsək:

- 1514-cü il 23 avqust Çaldıran döyüşü

- 2000-ci il 23 avqust Əbülfəz Elçibəyin ölüm günü

və 1993-cü il 23 avqust Füzulinin işğal günü...

Bu da təsadüfdürmü? Bəlkə də, amma reallıq budur ki, 1988-ci ildən açıq savaşa keçən erməni terrorizminin qarşısında davam gətirən Dağlıq Qarabağ və ona bitişik rayonların ardığıl işğalı da bu təqvimlə-Füzulinin işğalı ilə başladı. Bu ötən əsrin əvvəllərindən başlanan erməni terrorizminin yeni mərhələsinin ilki idi. Bu dəfə açıqdan-açığa Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisi işğal olunur, vətəndaşlarımız öz ölkəmizdə didərgin düşürdülər. Böyük Füzulinin böyük dərdi onun adını daşıyan rayonda beləcə yaşandı.

Deyirlər milyonların taleyi statistika, bir şəxsin həyatı isə faciədir. Biz bu yazımızda yüzlərlə insanın da, bir fərdin də facəsinə toxunacayıq. İlk olaraq bu faciələrin gerçək bir örnəyinə diqqət yetirək:

 

Ümüdün öldüyü yer-Zobucuq

 

Rayona çatanda heç bir rəsmi qurumla təmas qurmadan "Yüz eşitməkdən bir görmək yaxşıdır" prinsipi ilə tək Füzulidə deyil, bütün respublikada geniş təbliğat mövzusuna çevrilən Zobucuq qəsəbəsinə yollanırıq. Bura doğurdan erməni təcavüzünün gerçək nümunəsi sayıla bilər. İnsafən deyək ki, bir 5-6 il öncə ilan mələyən düzəngahlıqda tikilən qəsəbə tərifə layiq idi. Səliqə ilə düzülmüş evlər qəsəbə haqqında yüksək təəssürat yaradır. Qəsəbədə tikilmiş yeni məktəb binası, tibb məntəqəsi və s. vacib obyektlər də diqqətdən yayına bilməz. Amma bütün bunlar ilkin aldadıcı təəssüratdan, arxasında faciə gizlənən gülüşdən başqa bir şey deyil. "Bizi bura niyə yığıblar özümüz də bilmirik. Hərəmiz bir yerdə özümüzə bir təhər şərait qurmuşduq. İndi iş yeri də tapa bilmirik. Çoxu ailəsini burda qoyub, əvvəlki yaşayış yerlərinə qayıdıb, orda işləyir." - bunu da qəsəbədə məskunlaşdırılmış Qacar kəndindən olan müəllim - Səxavət Hüseynov dedi: "Bunu Allah da götürməz. Bu ermənilər dünya tarixinə ləkə, insanlıq aləminə qaradırlar". Səxavət müəllim tikilən evlərin, yaradılan şəraitin nə qədər yaxşı olmasına baxmayaraq yeni salınmış 12 qəsəbənin həmyerlilərinin içində bir narahatçılıq yaratdığını dedi: "Evlər çox yaxşıdır. Çox az sayda insanı çıxmaq şərti ilə əksərinin burdakı mənzil şəraiti əvvəlkindən qat-qat yaxşıdır. Dövlət buna görə pul xərcləyib, zəhmət çəkiblər sağ olsunlar. Amma bizi qorxudan başqa şeydir. Saatlıda, Sabirabadda, İmişlidə olanda fikirləşirdik ki, əbədi olaraq vaqonda, ayrı-ayrı obyektlərdə yaşamaq olmaz. Gec-tez bizi öz yurd-yuvamıza köçürəcəklər. Amma indi dövlət bura bu qədər xərc çəkibsə torpaqlar alınsa bu qəsəbələrin taleyi necə olacaq. Belə çıxır ki, biz heç vaxt öz kəndlərimizə qayıtmayacayıq?". Bu da Vətən həsrəti... İşğalın, terrorun ölüm və fiziki yaralardan daha böyük zərbəsi.

 

"Dərbədər gəzib ürəyi qan olan cocuq"

 

Elə Zobucuqda olarkən 16 yaşlı Elxan Həsənovla danışdıq. Onun da qəribə taleyi var. 1993-cü il avqustun 15-də Füzuli rayonunun Qarğabazar kəndində anadan olub. Rəsmi sənədlərdə belə yazılıb. Dünyaya gəlişindən 8 gün sonra rayon işğal olunduğundan ailəsiylə birgə Beyləqan rayonunda məskunlaşıblar, 1 il burda qaldıqdan sonra, Saatlı rayonunun Qalaqayın kəndində salınmış Fin şəhərciyinə köçüblər. Artıq 2 ilə yaxındır ki, burda - Zobucuqda yaşayırlar. Sabirin dili ilə ifadə etsək "dərbədər gəzib ürəyi qan olan bu cocuq" sözün həqiqi mənasında terror tarixini ömründə yaşayır.

- Elxan, Füzulini xatırlayırsan?

- Hardan, mən Füzuli görmüşəm. Hərdən yuxularıma girir.

- Hə görürsən yuxularında?

- Görürəm ermənilər hamını öldürür, hər yer yanır. Qorxulu şeylər görürəm.

- Sən erməni görməmisən axı...

- Hə bilim. Bütün qorxulu şeylər onlarla bağlıdır....

Burdan o yana Elxanın nə deməsi önəmli deyil. 16 yaşlı bu uşağın dilindəki həqiqət ən böyük gerçəklikdi. Bu xalq adlana bilməyəcək toplumun-ermənilərin gerçək simasıdır. II dünya müharibəsində faşizmin insanlıq tarixinə yazdığı ləkəni erməni terrorizmi daha sərt və şərəfsiz formada təkrarladı. Həm də bu tək bir Füzulidə anadan olsa da Füzulini xatırlamayan uşağın etirafı deyil. Bu həm də həqiqətdir. Artıq tək Füzulidən olan deyil, böyük bir mahaldan olan bütöv bir nəsil belə düşünür. Gözlərinin qabağında atalarının, analarının, ailəsinin, nəslinin faciəsin görən və yaşayan insanlar olaraq.

Bu insanlara nə etmədilər ki?

Evləri, eşikləri, torpaqları, məzar yerləri belə əllərindən alındı. İndi ən yüksək şərait belə onlar üçün heç nəyi əvəzləyə bilməz. Tikilən evlər, salınan şəhərciklər, hətta Horadizdə ən yüksək zirvədə dalğalanan Azərbaycan bayrağı belə, ancaq Azərbaycan dövlətinin və hökumətinin öz vətəndaşlarına qayğısı ola bilər. Təcavüzün nəticələri isə ortadadır.

Bu təcavüzün daha bir örnəyi. Füzuli şəhər 2 saylı kənd orta məktəbinin tarix müəllimi Fəqan Məmmədov deyir: "Son vaxtlara qədər saxlanılan indi isə işğal altında qalan XVII əsrin yadigarı olan Qarğabazar kəndindəki karvansara vaxtı ilə karvanların istirahəti üçün nəzərdə tutulubmuş. Çünki kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Hindistan və s. istiqamətli ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir. Elmi mənbələrdə onun tikilmə tarixi 1681-ci il göstərilsə də, karvansaranın memarı məlum deyil.Bu karvansara kvadrat daşlardan təşkil olunub.Həmin daşların üzərində isə karvansara memarının adı və tikilmə tarixi həkk olunduğu güman edilir. Ancaq tədqiqat zamanı burada heç bir yazıya rast gəlinməmişdi. Lakin yerli yaşlı sakinlərin dediyinə görə burada doğurdan da əski əlifba ilə yazılmış yazı nümunəsi olmuşdu. Ancaq bir gecənin içində iti uclu alətlə kimsə qaşıyıb tökmüşdür. Sonradan bu işə görə Füzuli Rayon Partiya Komitəsində çalışan Samvel Qusanyanın yaxın qohumu həbs olunsa da, dərhal azad olunur" Bu da erməni xislətinin daha bir örnəyi.

 

 

(ardı var)

 

Ağa Cəfərli

 

Xalq Cəbhəsi.- 2009.- 3 oktyabr.- S.3.