Azərbaycan ədəbiyyatı
kommunizmə qarşı
döyüşüb
1937-ci il qanlı repressiyalarından
72 il ötür...
1920-ci ildə
xalqımızın azadlığı əlindən
alındı. Min bir əzab-əziyyət bahasına
qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. 1937-ci
ildə isə xalqın ürəyini parçaladılar. Bu dəfə
zərbə daha çox xalqın ədəbiyyat adamlarına
dəydi. İmperiya əlindən gələn etdi ki,
xalqın ruhunu tamamilə sarsıtsın. Ədəbiyyat
mahiyyətcə əbədiliyi ifadə edir. Ümumən sənət
görünənin arxasındakı görünməzlikdən
soraq verir. Zaman-zaman məşhur sənət əsərləri
məhz zamanı aşdığına, əbədiliyi bu və
ya digər səviyyədə təsdiq etdiyinə görə
mövcud olub, bu gün də yaşayır.
30-cu illərdən
başlayaraq Moskva ədəbiyyat adamları arasında
özünə carçılar axtarmağa başladı. Bu
ideyaya tabe olmayanların məhvi planını məharətlə
hazırladı və həyata keçirdi. Ancaq heç bir
zaman əsl ədəbiyyat zamana tabe olmayıb. Məgər
ilahi dastan şairi, bədiyyat ustası dahi Nizaminin İsgəndəri
tarixi reallıqdakı İsgəndərdirmi? İsgəndər
surəti məhz Nizaminin yaratdığıdır. Məgər
Füzulinin Məcnunu səviyyəsində gerçəklikdə
Məcnun olubmu? Məcnun, eləcə də Leyli surətləri
məhz Füzulinin yaratdığı Leyli və Məcnundur.
Bu mənada ədəbiyyatın indən sonra
ömrümüzdə, bəşəri istəklərin
gerçəkləşməsinə doğru cəhdlərdə
yeri daim görünəcək, bilinəcək. Təəssüf
ki, insanların hakimiyyət ehtiraslarının təkmilləşdiyi,
ağalığın tüğyan etdiyi vaxtlardan bəri ədəbiyyatın
buxovlanmasına, hakimiyyətin əsiri olmasına cəhdlər
də artıb. Orta yüzillər Şərq, eləcə də
Azərbaycan ədəbiyyatında mədhiyyə şeirləri
kifayət qədərdir. Bu şeirlərin qəhrəmanları
padşahlar, müxtəlif rütbəli saray əyanları,
eləcə də varlı adamlardır. Amma qəribədir
ki, 19-cu yüzil dünya ədəbiyyatının Balzak,
Drayzer və başqa çoxsaylı tanınmış
simaları qətiyyən kapitalizmi qəbul etmədilər,
daim onun antiinsani xislətini qamçıladılar. Di gəl
ki, 1917-ci ildən sonra Rusiya imperiyasının varisi olan
SSRİ sosializm adı altında yeni imperiyaçılıq
siyasəti yürütməklə əslində
yazıçıların "saqqızını oğurlaya
bildi". Hətta zaman səviyyəsini aşmağa qüdrəti
çatacaq nəhəng simalar belə sovet ideyalarının
"vurğunu" oldular.
Azərbaycanda sovet
hakimiyyəti qələbə çaldıqdan sonra
yazıçıları kütləvi şəkildə sovet
ideologiyası mövzusunda yazmağa məcbur etdilər. Hər
halda 37-ci il yaradıcı adamların ürəyində və
ağlında elə dəhşətli xof yaratdı ki... Nə
qədər acı səslənsə də, bu, gerçəklikdir.
37-ci il repressiyaları zamanı biri-birlərini satanlar, xəyanətlər
selində insanların halsızlığı, imperiyanın
mütləq hakimliyi bütün aydınlığı ilə
göründü, bilindi. Mikayıl Müşviqlərin Məmməd
Rahimlər tərəfindən basqılara məruz qalması,
müxtəlif adlarla çağırılması, bunun
ictimaiyyətə hay-küylə təqdim edilməsi
onların həbsi üçün imkan yaratmış oldu. Ədəbiyyat
adamlarının 1937-c ilin oktyabrında başlanan kütləvi
həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi
oldu.
1937-ci il oktyabrın 12-dən
13-nə keçən gecə Azərbaycanın
tanınmış yaradıcı adamları Əhməd Cavad,
Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli
Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi
Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildi.
Vətən tariximiz
keşməkeşlərlə doludur. XX yüzilin əvvəllərində
dövlətsizlik fəlakətini yaşayan Azərbaycanın
bu fəlakətə son qoyması üçün tarixi
şans yaranmışdı. Azərbaycanın uca millətçi
ziyalıları - M.Ə.Rəsulzadə, F.X.Xoyski, M.Topçubaşov
və başqaları belə bir gərgin zamanda milli
mücadilənin önündə dayanır, xalqı dövlətçilik
ruhunda kökləməyə çalışırdılar. Onların
bütün cəhdlərinə baxmayaraq dövran Azərbaycanın
müstəqilliyinə qarşı idi. Azərbaycan hərtərəfli
şəkildə ölüm halqasına alınmışdı.
1920-ci il 28 aprel işğalından sonra Rusiya Azərbaycanda
illərlə kütləvi həbslər apardı, dəhşətli
qətllər, qarətlər törətdi. Azərbaycanın
işğalından sonra müxtəlif ölkələrdə
ağır mühacirət həyatı yaşamağa məcbur
olan Məhəmməd Əmin Rəsulzadə yazırdı:
"Bolşeviklərin qarşılaşdığı ən
böyük çətinlik ədəbiyyat sahəsində
idi. Onlar Azərbaycanda "proletar mədəniyyəti"ni
bərqərar etmək istəyirdilər. Qısaca
"proletkul" adlandırılan bu formulun mənası
"formaca milli, məzmunca kommunist" olan bir ədəbiyyatdır.
Lakin bolşeviklər bu arzularına heç cür çata
bilmirdilər. Çünki bu iş üçün
hazırlanmış kadrlar yox idi. Məktəb kimi ədəbiyyat
da uzun müddət kommunizmə yabançı olan
ideoloqların təsiri altında qaldı. 1937-ci ilə qədər
bu sahədəki əsl hakimiyyət "inqilabdan" əvvəlki
qələm sahiblərinin əlində idi. Bu iddianı təsdiq
edən dəlil və hadisələr "Çağdaş
Azərbaycan ədəbiyyatı" mövzusunda oxuduğumuz
məruzədə danışıldığından burada təfsilata
varmayaraq yalnız sovet ədəbiyyatından mövzuya aid
olan bir neçə sətri nümunə gətirəcəyik..."
M.Ə.Rəsulzadə daha sonra yazır ki, 1929-cu ilin 5 oktyabr
tarixli Bakıda çıxan "Kommunist" qəzetində
o zamankı maarif nazirinin yazıçıların
qurultayındakı çıxışında belə məqama
rast gəlinir: "Azərbaycan işçiləri
arasından çıxan şair və yazıçıların
sayı gündən-günə artmaqdadır. Yazıçıların
bu nəslinin "Müsavat" dövründə xəbəri
yoxsa da, yenə Cavadın (milli şair Əhməd Cavad nəzərdə
tutulur - M.Ə.Rəsulzadə) milli məktəbi təsirinə
düşür və milli Azərbaycan ruhunda ədəbiyyat
yaradırlar. Nəticədə Azərbaycanın gənc
yazıçıları uydurulmuş rus təhlükəsinə
qarşı çıxır və "Bağımsız Azərbaycan"
şüarını idealizə etməyə
başlayırlar. Almas (Almas İldırım - M.Ə.Rəsulzadə),
Əbdül, Müşviq (Mikayıl Müşviq),
Hüseynzadə. Bunlar bir-bir millətçi olaraq proletar Yazıçılar
İttifaqından və Kommunist Partiyasından
çıxırlar. İndi isə Cavadla birlikdə
üçrəngli Azərbaycan bayrağını tərənnüm
edirlər".
Araşdırmaçı,
şair Rəhman Babaxanlı Azərbaycan ədəbiyyatının
repressiya dövründə göstərdiyi hünərlərə
görə onun rəşadətindən daim bəhs edilməli
olduğunu deyir: "İstəyirəm ki, Azərbaycan ədəbiyyatına
qiymət verən hər bir ziyalı repressiya dövrünə
qiymət verəndə M.Ə.Rəsulzadənin fikrini
xatırlasın. Qoy hər kəs, xüsusən də yeni nəsil
bilsin ki, Azərbaycan ədəbiyyatı kommunizmə qarşı
necə sinə gərərək döyüşüb, nə
qədər qurbanlar verib. 10-15 il əvvəl bu cür
yazılar daha çox adama təsir edərdi, amma təəssüf
ki, indi o qədər də təsir eləmir. Sanki bu cür
mövzular insanlardan ötrü soyuyub, adiləşib. Gənc
nəsil o insanların gözlərində, ürəklərində
qalan arzularını böyütməlidirlər. Belə
obrazlar bizə lazımdır. Bu tarixi xüsusən gənclərimiz
yaxşı bilməlidirlər. Hər halda bu tarixə hələ
də laqeydlik var. Təəssüf ki, unutqanlıq davam edir. Özbək
türkü Xalid Səid Xocayev Mahmud Kaşğarlının "Divani-lüğət-it-türk"
əsərini tərcümə etdiyinə görə həmin
gecə güllələnənlər sırasında olub. Həmin
gecə xeyli başqa adamlar güllələnib. Repressiya təbiidir
ki, ilk növbədə alimlərin, aydınların
başında çatlamalıydı. Azərbaycan ruhunu
yaşadan hər bir kəs bizə doğmalarımızdan da əziz
olmalıdır. Bu şəxsiyyətlərin çəkdikləri
millət üçün olub. Bunlar Azərbaycana gələn
fəlakətlərin qabağına çıxan adamlar idilər.
Bu, o zaman idi ki, güllələr hamımıza
açılırdı. Bu adamlar güllə qabağında
durarkən fikirləşirdilər ki, yəqin bu millət bizi
unutmaz, yada salar. O dövrdə hansı müttəfiq
respublikada bu qədər qadın represiyaya məruz qalıb? Güllələnənlərin
hamısının qadınları həbs olunurdu, ancaq erməni
qadınları həbsxanalara, düşərgələrə
göndərilməyib. Yazıçılar İttifaqının
60-a yaxın üzvünün 27 nəfəri represiyaya məruz
qaldı. Əgər Üzeyir bəy axıra qədər
yazıçı olsaydı, hər halda onun taleyi o dövrdə
acı bir sonluqla nəticələnəcəkdi. 1920-ci ilin
aprelində bolşeviklərin gəlişindən bir gün əvvəl
o, "Azərbaycan" qəzetində yazmışdı ki,
ruslar Bakıya meyitimizin üstündən girəcəklər.
Bolşeviklər Üzeyir bəyi güllələyə bilmədilər.
Baxmayaraq ki, onun adı siyahıda ilk yerdə idi. O zaman
Üzeyir bəyin yaxın qohumu Hənəfi Terequlov məlumatı
alan kimi özünü Nəriman Nərimanova
çatdırır. Hər halda bu, həqiqətə
çox oxşayır. Məncə, Üzeyir bəy
özünü xalqdan ötrü qorumaq üçün ədəbiyyatdan,
jurnalistikadan aralanmalı, tamamilə bəstəkarlığa
keçməli oldu. Arzu edirəm ki, başımıza gələnlərdən
dərs alaq. İldə heç olmasa, bir gün bizim cavanlar dəniz
qırağında gəzəndə bir-birlərinə
xatırlatsınlar ki, bax, bu dənizə nə qədər
adamı güllələyib atıblar".
Sovet imperiyası daha da
azmanlaşdıqca məhvini yaradırdı, amma
anlayırdı ki, yerində saymaq daha pis ölümdür. Bütün
imperiyaların axırı yoxdur, ancaq imperiyalar çökərkən
balaca sayılan, yüzillər boyunca qanı sorulan
xalqların üstünə yıxılanda vəziyyət
daha da acınacaqlı olur. Əslində tanınmış
marksist fəlsəfəçisi Heydər Hüseynov da
repressiyaya məruz qalmışdı. Fitrəti ona deyirdi ki, ləyaqəti
məhz zamandan, gedişatdan uca olmaqla qorumaq
mümkündür. Əvvəlcə sürətlə vəzifədən
uzaqlaşdırıldı, sonra isə cəmiyyyətdə
onun gözdən salınma kampaniyasına başlandı. Bütün
bunlar isə Heydər Hüseynovun xarakterindəki problemin daha
da düyünlənməsinə səbəb oldu. Nəticədə
cəmiyyətin gözündən salınan, vəzifəsindən
uzaqlaşdırılan, psixi durumu gərgin vəziyyətdə
olan Heydər Hüseynov 42 yaşında intihar etdi. Sovet
dövründə, xüsusən də 30-cu illər
repressiyası zamanı yazıçıların müstəqilliyinə
hər mənada qadağalar qoyulması onların
yaradıcılıqlarına, hər şeydən əvvəl
isə psixikalarına olduqca mənfi təsir edib. Sovet
dövründə yazıçının nəzarət
altında saxlanması şübhəsiz, onun idraki-bədii
keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə
etməsinə ciddi əngəl törədirdi. Yalnız
Hüseyn Cavid zamanın tələbinə boyun əymədi,
axıradək dəyişməz qaldı. Repressiya
dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
görkəmli simaları məhv edildi. İmperiya
yaradıcı insanları sıradan çıxarırdı,
ancaq Üzeyir Hacıbəylini, Səməd Vurğunu
saxlayırdı. Həmin fərdlərin
yaradıcılığının imperiya yönündə
köklənməsi üçün onların
qarşısında amansız şərtlər qoyulurdu. Bu
tipli yüksək bədii-yaradıcı keyfiyyətləri
özündə daşıyan insanların müəyyən
dövrdən sonra stress, psixoloji gərginliklər
ucbatından rastlaşdıqları xəstəliklər
ictimaiyyətə məlumdur.
Krımtatar ədəbiyyatının
araşdırıcısı Mahmud Allahmanlı deyir ki, 37-ci
ilin ilk məşəqqətlərini yaşayanlardan biri də
Bəkir Çobanzadə olub. Krımda burjua ideoloqu kimi təqib
olunan Bəkir Çobanzadəyə hücumların növbəti
dalğası Bakıda başlandı. Bu ittihamla da
böyük işgəncələrə məruz qaldı, nəticədə
1937-ci il oktyabrın 13-də güllələndi. Eyni zamanda
onun neçə-neçə çap olunmamış əlyazması
təqib olundu, itdi-batdı. Bu da Bəkir Çobanzadənin
güllələnməsinin davamı idi: "Dədə
Qorqudun dili" adlı əsəri, Füzuli, Nəvai, Xətai
haqqında çap olunmamış monoqrafiyaları yox edildi. Bütün
bu fəaliyyəti və taleyilə Bəkir Çobanzadə
araşdırmalara daha çox ehtiyacı olan
araşdırmaçıdır".
(Davamı var)
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 8 oktyabr.- S.14.