Ermənistanın işğalçılıq terrorçuluq siyasətinin ifşası

 

"Xalq Cəbhəsi" qəzetində bu mövzuda jurnalistlər üçün treninq keçirildi

 

Dünən KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə "Xalq Cəbhəsi" qəzetinin reallaşdırdığı "Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin ifşası" layihəsi çərçivəsində jurnalistlər üçün treninq keçirildi. Müxtəlif nəşrlərdə çalışan jurnalistlərin və bu mövzuda araşdırmalar aparan mütəxəssislərin qatıldığı tədbirdə Ermənistanın Azərbaycana qarşı işğal və terror siyasəti haqda məruzələr dinlənilib.

Xalq Cəbhəsi" qəzetinin redaksiyasında keçirilən treninqi giriş sözüylə açan "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli öncə diqqəti layihənin əhəmiyyətinə yönəltdi: "Azərbaycan uzun illərdir ki, Ermənistanın işğal və terror siyasətinin əziyyətini çəkir. Amma ermənilər dünyada apardıqları təbliğatda özlərini qurban kimi göstərməklə, Azərbaycanın təcavüzkar obrazını yaratmağa çalışırlar. Təəssüf ki, müəyyən hallarda onların siyasəti öz nəticəsini verir. Ona görə də, Azərbaycanın bu tendensiyanı dayandırmaq, dünyanın diqqətini mövcud reallıqlara yönəltmək istiqamətində səylərini artırmasına ciddi ehtiyac var. Belə işlərin gerçəkləşməsində mətbuatın böyük rolu var və çalışmaq lazımdır ki, Ermənistanın işğalçılıq və terror siyasətinin ifşasında ölkə mediası öz imkanlarından maksimum istifadə etsin. Bu treninq də həmin siyasətin ifşasında jurnalistlərin məlumatlarının və bacarıqlarının artırılması məqsədi daşıyır. Treninqə dəvət olunmuş mütəxəssislərin üç istiqamət üzrə məruzələri dinləniləniləcək. Daha sonra isə treninq iştirakçılarını maraqlandıran məqamlar ətrafında diskussiya aparılacaq. Ümid edirəm ki, qəzetimizin bu layihə çərçivəsində həyata keçirdiyi işlər Ermənistanın işğalçılıq və terror siyasətinin ifşasında jurnalistlər üçün kifayət qədər faydalı olacaq".

Ermənistanın informasiya siyasətinin istiqamətlərinə həsr olunmuş ilk məruzəni təqdim edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı düşmən ölkənin bu işləri dövlət səviyyəsində və sistemli qaydada həyata keçirdiyini vurğuladı: "Bizim təşkilat Azərbaycanın yazılı və elektron mətbuatının Qarabağ mövzusunu hansı səviyyədə diqqətdə saxladığını müntəzəm qaydada araşdırır və hətta bununla bağlı müsabiqələr də keçiririk. Eyni zamanda, Ermənistan mətbuatında da bu mövzunu necə işıqlandırılmasını da daim izləyirik. Təəssüf ki, erməni mətbuatı Qarabağ mövzusuna daha çox yer ayırır. Mən bunun səbəblərilə bağlı bağlı bəzi baş redaktorlarla söhbətləşəndə onlar daha çox oxucu marağını önə çəkdiklərini əsas gətiribilər. Məlumdur ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin səviyyəsilə əlaqədar hər zaman müzakirə və mübahisələr aparılıb. Xüsusilə də, televiziyaların fəaliyyəti daha çox müzakirə olunub. Bu günlərdə isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə telekanallarının fəaliyyətinə dair böyük bir məqalə yazdı. Həmin məqalədə telekanalların hansı mövzuda neçə faiz veriliş hazırladıqları haqda rəqəmlər vəziyyətin nə yerdə olduğunu açıq göstərirdi. Yəni rəsmi səviyyədə də buna irad bildirildi ki, telekanalların efirində əsas yeri şou proqramlar tutur. Belə bir şəraitdə isə Qarabağ mövzusunun prioritetə çevrilməsi mümkün deyil. Ermənistanda isə medianın əsas mövzusu Qarabağla bağlıdır. Erməni mediası üçün əsas "haqlı olduqlarını" hansı yolla olursa-olsun "sübut etməkdir". Belədə isə təbii ki, dezinformasiyaları dövriyyəyə buraxırlar. Məsələn, bu yaxınlarda erməni mətbuatında getmiş bir məlumat bizim mediada da əksini tapdı. Ermənilər iddia edirdilər ki, guya İrəvanda keçirilmiş "Sevgi çiçəyi" adlı böyük bir tədbirə azərbaycanlılar da qatılıblar və öz mahnılarını səsləndiriblər. Guya tamaşaçılar da onları çox hərarətlə qarşılayıb. Guya İrəvana getmiş azərbaycanlı ifaçılardan biri hərbi geyimdə olub və münsiflərin sırasında yer alıb. Amma araşdırmalardan sonra aydın oldu ki, həmin azərbaycanlı ifaçılardan heç biri İrəvana getməyib. Görürsünüz, erməni mətbuatı belə yalan məlumatı elə detallı şəkildə yayır ki, oxucu ona inanır. Sonra mətbuatımızda təkzib verilsə də, fakt budur ki, həmin informasiya təsirsiz qalmadı. Ermənilər nəinki yüz, hətta iyirmi il əvvəlki hadisələri də təhrif olunmuş formada ortaya gətirirlər. Ermənilər hazırda belə bir təbliğata start veriblər ki, guya 1988-ci ildən bəri, Azərbaycanda iki milyon erməni öldürülüb və didərgin salınıb. İndidən buna qarşı ciddi fəaliyyətə başlamaq lazımdır. Əks halda, bir neçə ildən sonra belə təbliğatın nəticələrini aradan qaldırmaq çox çətin olacaq. Ermənilərin bu siyasətləri haqda çox danışa bilərik. Bütün hallarda qeyd olunmalıdır ki, həmin siyasət Ermənistanda dövlət səviyyəsində həyata keçirilir. Yəni yuxarılardan başladılan və idarə olunan proses aşağıların dəstəyilə icra olunur. Bu baxımdan, Azərbaycanda da deyilən istiqamətdə sistemli və ardıcıl işlər aparılmalıdır. Həmin işlərdə isə mətbuatın imkanlarından geniş istifadə olunmalıdır".

Bu məruzədən sonra Elçin Mirzəbəyli Ermənistan informasiya siyasətinin əsasları haqda bəzi məqamları diqqətə çatdırdı: "Bu siyasətin üç istiqamətdə həyata keçirildiyi xüsusi qeyd olunmalıdır. Birincisi, Ermənistan hakimiyyətinin nəzarətində olan KİV, ikincisi, müxalifətə, xüsusilə də, Daşnakstyun Partiyasına bağlı media və üçüncüsüsü, diaspora xəttilə stimullaşdıran mətbuat. Ermənistan müxalifətinin nəzarətində olan media orqanlarının sayı xeyli azalıb. Əvvəl "A1+" telekanalı fəaliyyət göstərsə də, hazırda onun yalnız veb-saytı mövcuddur. Eyni zamanda, daha bir neçə kiçik qəzet və agentliyi göstərmək mümkündür. Ermənilər xaricdə daha çox Rusiya, Fransa, Birləşmiş Ştatlar kimi ölkələrin dövlət dillərində və ya həmin ölkələrdəki ikinci böyük etnik qrupun dilində materiallar dərc etdirirlər.

Öz siyasətlərində erməni faktorundan istifadə edən dövlətlərin sırasında isə əsasən, üç ölkənin adını çəkə bilərik: Rusiya, İran və Fransa. Birləşmiş Ştatlarda dövlət səviyyəsində belə layihələr dəstəklənmir. Orada erməni təbliğatını aparan nəşrləri diaspora qurumları maliyyələşdirir. Rusiyada isə erməni maraqlarına xidmət edən nəşrləri konkretləşdirməyə ehtiyac varsa, o zaman diqqət ilk növbədə, "Reqnum" agentliyinə yönəlir. Daha sonra isə birbaşa Kremldən maliyyələşdirilən və Sankt-Peterburqda yerləşən "Rosbalt" agentliyi gəlir. Bundan başqa, xeyli sayda regional - əsasən, Krasnodar və Rostov vilayətlərində - agentlik və nəşrləri də nümunə gətirmək mümkündür".

Milli Elmlər Akademiyasının əməkdaşı, Tarix İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Vaqif Abışov Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terrorçuluq siyasətinə toxundu: "Eermənilər qondarma iddialarını sistemli qaydada kitab, başqa çap nümunələrinə çevirərək, dünya miqyasında yayırlar. Bu fəaliyyət isə təsirsiz qalmır. Biz bir qrup tarixçi bu yaxınlarda Rusiya paytaxtında ezamiyyətdə olduq. Moskvada bir neçə kitab mağazasına baş çəkdik. Həmin mağazalarda Ermənistan tarixinə aid çoxsaylı kitabların olsa da, Azərbaycana aid ədəbiyyat yox səviyyəsində idi. Demək istəyirəm ki, Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanın həqiqətlərinin dünyaya yayılmasında ölkə mətbuatının da üzərinə böyük vəzifələr düşür. Ona görə də, medianın heç olmasa, müəyyən müddəti əhatə edəcək Qarabağ aylıqlarının keçirilməsinə dair çağırışlar etməsinə ehtiyac var. Bizim şou verilişlərinə geniş yer verən telekanallar, bir çox nəşrlər bu ümummilli məsələyə diqqət ayırmalıdırlar. Etiraf etməliyik ki, Azərbaycanın diaspora təşkilatları da təbliğat mübarizəsində yetərincə fəallıq göstərmirlər. Ona görə də, ermənilər özlərinin yalan təbliğatlarında çox irəli gedə biliblər. Gec də olsa, Azərbaycanda müəyyən addımlar atılmağa başlayıb. Ermənistanın işğalçılıq və terror siyasətinin ifşası yönündə kitabların, xəritələrin nəşrində intensivlik hiss olunur. Ermənilər doxsan ildən çoxdur ki, "qondarma soyqırım" iddiasını dünya miqyasında tanıtmaq və qəbul etdirməklə məşğuldur. Halbuki, məhz ermənilər Türkiyədə və Azərbaycanda türklərə qarşı kütləvi soyqırımlar törədiblər. Təsəvvür edin ki, qondarma iddiaları təbliğ edən ermənilər nə Türkiyə, nə də, Azərbaycanda erməniləri qırılıb basdırıldığı bir dənə də olsun kütləvi məzarlıq tapıb göstərə bilmirlər. Amma ermənilərin həyata keçirdiyi soyqırımlar nəticəsində Türkiyə və Azərbaycanda xeyli kütləvi məzarlıq üzə çıxarılıb. Son olaraq, Qubada tapılmış kütləvi məzarlığı göstərə bilərik. Amma təəssüf ki, həmin məzarlıqda da lazımi işlər görülmədiyindən, tapılmış insan sümükləri erroziyaya uğramağa başlayıb. Yalnız prezidentin oranı ziyarətindən sonra həmin məzarlığın muzeyə çevrilməsi haqda qərar verildi. Ermənilər tarix boyu türklərə qarşı elə fəaliyyət göstəriblər ki, bu barədə saatlarla danışa bilərik. Amma nə qədər gecikmiş olsaq da, lazımi işləri həyata keçirməliyik".

Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizmlə bağlı isə İşğal Olunmuş Ərazilərdə Tarixi və Mədəni Abidələrin Mühafizəsi İctimai Birliyinin rəhbəri Faiq İsmayılov danışdı: "Bu gün Azərbaycanın ictimai düşüncəsində Qarabağ məsələsinin yeri çox daralıb. Nə qədər acınacaqlı olsa da, milli-həyati əhəmiyyət daşıyan bu məsələni çox sürətlə unuduruq. Özü də söhbət əsrlər öncə baş vermiş hadisələrdən deyil, növbəti başlanğıcını cəmi iyirmi il əvvəl götürmüş proseslərdən gedir. Xatırlayırsınızsa, ermənilər 1987-1988-ci illərdə öz iddialarını ortaya gətirəndə iqtisadi faktorları önə çəkirdilər ki, guya pis yaşayırlar. Amma az sonra onlar Azərbaycandan ayrılıb Ermənistanın tərkibinə keçmək, "miatsum" tələbini irəli sürdülər. Bunun ardınca isə mərhələ-mərhələ öz planlarını həyata keçirməyə başladılar. Ona görə də, indi Naxçıvana qarşı iddialarını daha açıq şəkildə qaldırırlar. Bütün bunlar sözsüz ki, bizim unutqanlığımız və biganəliyimiz ucbatından baş verir. Çünki səmərəli əks-təbliğat aparılmır.

Bu gün küçələrdə, yolların kənarında Qarabağı xatırladan bir plakat tapa bilərsinizmi? Təəssüf ki, yox. İşğal olunmuş ərazilərimizdə qalmış abidələr Azərbaycan tarixidir. Ermənilər Azərbaycanın tarixi abidələrinin erməniləşdirilməsi işini sürətlə həyata keçirirlər. İşğal altındakı rayonlarımızın elə bir ucqar yeri yoxdur ki, orada erməni arxeoloqları işləməsinlər. Nəticədə də Azərbaycanın tarixi abidələri erməni abidəsi kimi dünyaya təqdim olunur. İşğal altındakı rayonlarımızdakı abidələrin bizə məxsusluğunu göstərən bütün izlər silinib. İşğal altındakı ərazilərimizdə rəsmən, 780-800 tarix-mədəniyyət nümunəsinin olduğu bildirilir. Bizim araşdırmalarımıza görə, onların sayı 3000 civarındadır. Rəsmi məlumatlara görə, Laçın rayonunda cəmi 74 adda tarix-mədəniyyət nümunəsi var. Bizim tədqiqatlarımız nəticəsində onların sayının 250-dən çox olduğu aşkarlanıb. Yəni işğal olunan ərazilər təkcə bizim torpaqlarımız deyil, həm də tariximiz və mədəniyyətimizdir. Ona görə də, bu itkiləri mümkün olan ən qısa vaxt ərzində geri qaytarmaq üçün bütün addımlar atılmalıdır".

Tədbiri yekunlaşdıran Elçin Mirzəbəyli layihə çərçivəsində hazırlanacaq materialların çap və elektron variantlarının yayılacağını bildirdi.

 

 

Rahid Cəfərli

 

Xalq Cəbhəsi.- 2009.- 8 oktyabr.- S.3.