Azərbaycan ədəbiyyatı kommunizmə qarşı döyüşüb

 

        1937-ci il qanlı repressiyalarından 72 il ötür...

 

 (Əvvəli ötən sayımızda)

 

Mikayıl Müşviq 37-ci ildə qurban getməklə bəlkə də Süleyman Rüstəmlikdən qurtuldu. Onun son dövr yaradıcılığında partiyalı notlar çoxdur. Araşdırmaçı, şair Rəhman Babaxanlı deyir: "Onun bir poeması var, adını çəkmək istəmirəm. Orada Müşviq səhv edib. Hər halda ucalmaq ehtirası ilə yaşayanlar da səhv edirlər. 1937-ci ilin aprel plenumunda Mərkəzi Komitənin ideoloji şöbəsinin müdiri Hökumə Sultanova deyir ki, biz Müşviqləri Cavidlərə, Cavadlara verə bilmərik. 2 ay sonra iyunun 3-dən 4-nə keçən gecə Müşviqi Cavid və Cavadla bir gecədə həbs edirlər. Hökumə Sultanovanın həmin sözündən sonra səhərisi Müşviqi Sabir bağında Cavid və Əhməd Cavadın əhatəsində görüblərmiş.

Səməd Vurğun deyirdi ki, mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam. Ə.Cavad deyirdi ki, əyil Kürüm, əyil keç, dövran sənin deyil keç, o birilər də yazırdılar ki, əyilmə, Kürüm, əyilmə, dövran sənindir. Bununla yuxarı təşkilatların qabağında hesabat verirdilər ki, biz onlara yadıq, düşmənik. Əslində S.Vurğunun Cavadla, Sanılı ilə nə işi vardı? Mən o nəslin səmimiyyətinə heç cür inana bilmirəm. Sənədlərdə də bunu gördüm. Məsələn, 1918-ci ildə Bakıda ermənilər minlərlə soydaşımızı qanına qəltan edəndə Qazaxda yaşayan Səməd Vurğunun 12 yaşı vardı. Şübhəsiz, baş verən faciələrdən xəbəri vardı. Bundan sonra o, heç vaxt səmimiyyətlə deyə bilməzdi ki, "Mənim babam olmuş 26-lar". Çünki bilirdi 26-ların başında Şaumyan dururdu. Stalin mahiyyətcə 19-cu yüzildə doğulmuş ağıllı adamları məhv edirdi. Əslində 1900-cü illərdən bəri doğulmuş nəsil yaranmışdı. Köhnələr, yaşlılar etibarsız sayılırdı. Bu qənaətin ən tutarlı təsdiqi kimi Məmməd Əmin Rəsulzadənin "Çağdaş Azərbaycan ədəbiyyatı tarixi" əsərində yazır ki, bolşeviklərin Azərbaycanda rastlaşdıqları ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Çünki ədəbiyyatda nüfuz sahiblərinin hamısı yaşlılar idi. Bu şəxslər dünyanın müxtəlif şəhərlərində təhsil almış, yüksək səviyyəli ziyalılar idilər. Digərləri isə komsomolçular idi ki, əksəriyyəti diplom almadılar. Hətta Cavid "Azər" poeması ilə sosializm prinsiplərinə rəğbətini ifadə edirdi. Yəni biz sosializmə düşmən deyilik, yaxşını-pisi görürük. Yeri gəlmişkən deyim ki, Əhməd Cavadın bütün hallarda Azərbaycanı tərk etmək imkanı vardı. Onun qayınatası Süleyman Böyükbəy demək olar ki, Acarıstanın yarımpadşahı idi. Əhməd Cavad özü Mirzə Bala Məmmədzadənin qaçmasına kömək etmişdi. Bunlar barədə sənədlər də var. Qayınatası Əhməd Cavada Azərbaycanı tərk etmək barədə köməyini təklif edir. Oğlu Yılmaz Axundzadə atasının bu məsələ ilə bağlı fikrini tez-tez xatırladırdı ki, M.Ə.Rəsulzadə məcburiyyətdən getdi, H.Yusifbəylini, F.X.Xoyskini, Həsən bəy Ağayevi öldürdülər. Ona görə Ə.Cavad vətəndə qalıb mümkün qədər iş görmək istəyirdi. 1926-cı ildə Cavid müalicə üçün Almaniyaya göndərilmişdi, orada qalmaq üçün yaxşı şans yaranmışdı, ancaq qalmadı.

Y.V.Çəmənzəminli də xaricdə qalmadı. Bunlar Azərbaycan ziyalısının başsız qalmaması üçün Azərbaycanı tərk etmədilər. Hətta o vaxtın komsomolçularından biri Çəmənzəminlinin Yazıçılar İttifaqının üzvü vəsiqəsini tələb edəndə onu hətta belə ittiham edir ki, sən fransız dilini fransızlara casusluq etmək üçün öyrənmişdin. Görəsən, Çəmənzəminli bu ittihamları eşitmək üçünmü Azərbaycana gəlirdi? Təbii ki, dövran çox qarışıq, mürəkkəb idi, bu şəxsiyyətlər həm də çox gözəl anlayırdılar ki, hər an hər şey ola bilər."

Hər halda dəhşətli 37-ci il hadisələri zamanı soydaşlarımızı qətl edənlərin, ittiham edərək sürgünə göndərənlərin içərisində "Sapı özümüzdən olan baltalar" az olmayıb. Faciəvi gedişatın məntiqi bunu deyir: tarixin əksər dönəmlərində olduğu kimi indi də türk türkü qırırdı. Türkə qənim kəsilən öz qatil soydaşlarımız özgələri özlərinə məmnuniyyətlə havadar, qəyyum kimi qəbul edir, onların göstərişlərini can-başla yerinə yetirirdilər. İmperiyanın vəhşi taktikasının mənası bu idi: daha çox xalqın ziyalıları, düşünənləri məhv edilirdi ki, bir daha bu xalq özünə gəlməsin. Bu fəlakətli tarix bizə dərs olmalıdır. Yəni Azərbaycan ziyalısı bütün məqamlarda özü olaraq qalmalı, sifətini itirməməlidir. Bu yöndə danışan Rəhman Babaxanlı deyir: "Azərbaycanda bolşevik rejimi ilə əlaqəyə girənlər 3 yerə bölünür: məsələn, Böyükağa Talıblı; istedadlı yızıçı, ədliyyə naziri, baş prokuror olub. Təəssüf ki, bu məsələlər hələ kifayət qədər tədqiq olunmayıb. B.Talıblı 1920-ci ilin oktyabrında Azərbaycan Kommunist Bolşeviklər Partiyasının II qurultayında deyir: "Əgər Qırmızı Ordu Azərbaycanda sovet hakimiyyəti qurmaq istəyirdisə, buna nail olub. Bəs onda niyə çıxıb getmir? Ordu getməlidir, əvəzinə Azərbaycanı öz ordusu, dövləti qorumalıdır. Əgər Mirzəyanlar və başqaları sanırlar ki, Azərbaycana rəhbərlik etmək üçün Bakının Xəzər sahilində yerləşdiyini bilmək kifayətdir; səhv edirlər. Azərbaycana Azərbaycan mədəniyyətini, tarixini bilən insanlar rəhbərlik etməlidir". B.Talıblı kimilər fanatik bolşeviklər olmaqla bir dəstə idilər, Nərimanovu müdafiə edirdilər. Ruhulla Axundov kimiləri isə Moskvaya tam inanır, onun bütün göstərişlərini qeyd-şərtsiz yerinə yetirirdilər. Yazıçı repressiya qurbanlarını birincisi Ruhulla Axundovdur- 1936-cı il dekabrın 17-də həbs olunub. Bağırovun məşhur nitqi var, guya sonradan həbs olunanlar R.Axundovun göstərişlərini yerinə yetirirmişlər. Bağırov deyirdi: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdilər: hazırda ifşa edilmiş Cavid, Cavad, Müşviq, Böyükağa Talıblı, Əli Nazim və başqa əclaflar. Ruhulla Axundov öz nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdı". O zaman Moskvada oturan Stalin hakimi-mütləq idi: hər respublikada kölgələri vardı. Bundan əvvəl iki qrup haqda danışdım, üçüncünü də deyim; bunlar erməni, rus, yəhudi və başqa millətlərdən olan bolşeviklər idi. Nərimanov bu barədə Leninə yazmışdı. R.Axundov üçüncü qrupun tərəfində idi. Hətta əlbəyaxa səhnələr də olub: bir dəfə R.Axundov Nərimanovun yaxasından tutanda B.Talıblı onları aralayır, R.Axundovu yerində oturdur. Məlumdur ki, Stalin sərt nizam-intizam yaratmışdı. Tutalım ki, ailə timsalında ata üçün övladlarını onlar hələ körpə ikən daim cəzalandıraraq gözüqıpıq vəziyyətə salması çox asandır. Belədə ata içəri girərkən uşaqlar qorxurlar ki, cəllad gəldi. Dövlətin rəhbəri üçün də əhalisini qul vəziyyətinə salandan sonra idarə etmək çətin deyil. Stalin bütün SSRİ-də, Bağırov isə Azərbaycanda bu yolla mütləq hakim obrazı yaratmışdılar. Hələ uşaq vaxtı fikirləşirdim, necə oldu ki, bir nəfər Stalin milyonlarla insanın iradəsini zorlaya bildi. Ümumiləşdirsək, repressiya fəlakətini bir daha diqqətlə öyrənməli, bizdən asılı olan məqamlarda bir daha səhv etməməliyik".

Bu yerdə hələ 20-ci ilərdə məhv edilən Nəriman Nərimanovun faciəsi tarixi hadisələrdən dərs almaq üçün bizə kifayət qədər fakt verir. Araşdırmaçı Adgözəl Məmmədov onun halını belə ifadə edir: "O, milli dövlətçiliyi Rusiyanın içərisində mövcudluqda görürdü". Təsadüfi deyil ki, bu gün də Nəriman Nərimanova təzadlı münasibət qalmaqdadır. Tez-tez Nərimanovun millətçiliyindən də danışırlar. Lakin kommunistin sözün əsl mənasında millətçi olması mümkün deyildi. Təbiidir ki, yazıçılıq, həkimlik və siyasətçilik kimi bir neçə gərgin peşənin daşıyıcısı olan Nərimanovun o dövrdə baş verən hadisələrdən qalibiyyətlə çıxa bilməməsini, əksinə, onun gerçək faciəli durumunu şərtləndirən amillər var idi. Hər şeydən əvvəl onun faciəviliyini sosializm ideyalarına fanatcasına bağlılığında, sonra isə yarı tərəddüd, yarı inam səviyyəsində, vəziyyətində qalmasında axtarmaq lazımdır. Digər tərəfdən də Nərimanovun nə qədər acı səslənsə də, fitri siyasətçi ola bilməməsi faciəvi aqibətinin sonluğunu hazırladı.

A.Məmmədov deyir: "Onun bədii, siyasi yaradıcılığı fonunda daxili aləminin təbəddülatları, tərəddüdləri, məhz bolşevik kimi formalaşmasının istiqamətverici amilləri, 11-ci Qızıl Ordunu müşayiət edərək Azərbaycana işğalçılarla birgə gəlməsi, İnqilabi Şuranın sədri kimi Azərbaycanda fəaliyyəti zamanı düşdüyü mühit, sonralar isə Kremldəki fəaliyyəti, ömrünün acı, faciəli sonluğu bizi bu şəxsiyyətin xarakteri haqqında dərindən düşünməyə və onun bu vaxtacan məlum olmayan cəhətlərini, əsil qiymətini verməyə vadar edir. Əgər o dövrdə geopolitik vəziyyət dəyişilməsəydi, bəlkə də Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması da sual altında qalacaqdı. 1920-ci ilin aprelində XI Qızıl Ordunun başında türk övladı Nəriman Nərimanov Bakıya gəlir, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunda və hakimiyyətin bolşeviklərə, Moskvaya təslim edilməsində iştirak edir. Burada Nərimanovun rolundan daha çox o dövrün tarixi şəraiti, faktorlar nəzərə alınmalıdır. Nərimanov bəlkə də taktiki cəhətdən düz fikirləşirdi, lakin strateji səhvi məhz onda idi ki, milli dövlətçiliyimizi Rusiyanın içərisində mövcudluqda görürdü. Hər halda buna tərəddüd etmədən Nərimanovun faciəsi demək olar. Amma Nərimanov millətimizin düşməni olmayıb, o, bu faciəvi səhvini artıq İnqilabi Şuranın sədri olduqdan sonra rastlaşdığı təklənmə məqamında dərk etdi. Ayıldı ki, artıq ətrafında onu anlayacaq bir kəs belə yoxdur. Faciəvi gedişat Əliheydər Qarayevlə Nəriman Nərimanovun münasibətlərinin gərginləşməsi fonunda daha da ziddiyyətli xarakter aldı. Hər iki türk kökənli şəxsin münasibətlərini ətrafdakılar mümkün qədər daha da pozmağa çalışırdılar. Bu zaman Nərimanov artıq şübhəsiz, faciəviliyini aydın dərk edirdi".

Atatürklə Nəriman Nərimanovun münasibətlərinə gəlincə, A.Məmmədov bildirir: "Şübhəsiz, bu şəxslərin arasında əlaqələndiricilər vardı. Bəlkə də Nərimanovun Ankara ilə Moskvanın yaxınlaşmasında böyük rolu olub. Şübhə yoxdur ki, Nərimanov müəyyən dövrdə Moskvanı Ankaraya dəstəkçi, Atatürkə yardımçı olmağa inandıra bilib. Hesab edirəm ki, Nərimanovun bu xidmətini nəzərdən qaçırmaq olmaz. Nərimanov o dövrdə bolşevizmin üzdə olan nüfuzlu fiqurlarından biri idi. Nərimanov məhz müəyyən məqamlarda qətiyyətsizliyi ucbatından Kremldə baş verən intriqalar zamanı güc nisbətini düzgün təyin edə bilmədi. O, Kremldə aparılan oyunların arxasında hansı güclü fiqurların olduğunu aydınlaşdıra, bunu aydın dərk edə bilmədi. Kənara çəkildi, bu zaman onun haradasa lazımsızlığı meydana çıxdı. Sanki Nərimanovu Kremlə aparmaqla onun əlini-qolunu bağladılar. Nərimanov təəssüf ki, fitri siyasətçi deyildi, haradasa praqmatizmdən çox romantizmə meylli idi. Faktiki 1922-ci ildən bəri dövlətin rəhbəri Stalin idi. Leninin şüuru bu dövrdən başlayaraq artıq özündə deyildi: Nərimanov isə Leninə Stalindən şikayət məktubu yazırdı. Onun buraxdığı səhv aydındır. O dövrdə Kremldə olan qafqazlıların - Stalinin, Orconikidzenin, Mikoyanın və başqalarının yəhudi mənşəli kommunistlərə qarşı mübarizəsi başlamışdı".            

 

 

Elçin Qaliboğlu

 

Xalq cəbhəsi.- 2009.- 9 oktyabr.- S.14.