"Gülüstan müqaviləsi" faciəsindən 196 il ötdü

 

      1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycan torpaqları Rusiya və İran arasında bölüşdürüldü

 

Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində artıq 200 ilə yaxın müddətdə xalqımızı iki yerə ayıran "Gülüstan müqaviləsi" dəhşətli hadisəyə şahidlik edib. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsinin, xalqımızın iki yerə parçalanmasının müqaviləylə təsdiqindən 196 il ötür. Bugünkü tarix Azərbaycan türklərinin taleyində ən kədərli günlərdən biridir. Məhz o gün imzalanan "Gülüstan sülh müqaviləsi" torpaqlarımızın parçalanmasına gətirib çıxardı.

12 oktyabr dövlətçilik tariximizdə, xalqımızın həyatında ən faciəli gündür. Fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən doğma ulusumuzun aqibətinə hələlik davam edən əbədi ayrılıq, parçalanma yazıldı. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətimiz əlimizdən çıxdı. Düz 196 ildir ki, o müqavilədən sonra ardıcıl olaraq Azərbaycan böyük faciələrə tuş gəlir.

"Gülüstan müqaviləsi"ndə bircə dəfə də olsun "Azərbaycan" adına rast gəlinmir. "Türkmənçay müqaviləsi"ndə də Azərbaycanın adı göstərilməyib. Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra "əbədi dostluq şəraitində yaşayacaqlarına" söz verdilər. Abbasqulu Bakıxanov "Gülüstani-İrəm"də faciəni belə xatırlayır (sonradan özü də "Türkmənçay" faciəsini dəstəkləyənlərdən biri oldu): "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdüd olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin".

1806-cı ilin sonlarında Türkiyə Rusiya əleyhinə müharibəyə başladı. Hərbi əməliyyatlar Balkan yarımadasında və Qafqazda gedirdi. 1810-11-ci illərdə Rusiya Balkan və Qafqaz hərbi əməliyyat meydanlarında qələbələr qazanaraq sultanı 1812-ci il mayın 16-da Buxarestdə Rusiya ilə müqavilə imzalamağa məcbur etdi. Həmin müqaviləyə əsasən, Türkiyə Qafqazın böyük hissəsinin Rusiyanın işğal etməsini təsdiqləməli oldu. 1812-ci ilin yayında rus xalqı Napoleon ordusuna qarşı Vətən müharibəsinə qalxdı. Napoleon yalnız fransız qoşunlarını deyil, ona tabe olan bir sıra dövlətlərin hərbi qüvvələrini də Rusiya üzərinə yeritmişdi. Rusiya-Fransa müharibəsindən istifadə edən İran ordusu Qafqazda fəal hərbi əməliyyatlara başlayaraq, 1812-ci ilin iyununda Xudafərindən keçib Qarabağa soxulmuş və Şahbulağı tutmuşdu. Amma P.Kotlyarevskinin qoşunu Abbas Mirzənin 20 minlik qoşununu geri çəkilməyə məcbur etmişdi. Həmin ilin iyulunda 2 minlik İran süvarisi Gəncəyə basqın etsə də, yerli əhali tərəfindən məğlubiyyətə uğradılmışdı. Bunun aradınca 4 minlik İran qoşunu Şəki xanlığına soxulub, ancaq oktyabrın 19-dan 20-nə keçən gecə general P.Kotlyarevski 2 minlik ordu ilə Aslandüz təpəsində Abbas Mirzənin böyük ordusuna hücum edib qələbə qazanıb. Rus ordusundan da xeyli ölən və yaralanan var idi. 1813-cü il yanvarın 1-də Lənkəran qalasını ruslar aldı. Rusların bölgədəki hərbi-siyasi müvəffəqiyyətlərindən və İranın içərilərinə doğru irəliləməsindən qorxuya düşən ingilis məsləhətçiləri şahı sülh bağlamağa təhrik etdilər. Beləliklə, birinci Rusiya-İran müharibəsi İranın tam məğlubiyyətilə qurtardı.

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Bu müqaviləni İran şahının vəkili Mirzə Əbdülhəsən xan Şirazi, Rusiyadan isə Qafqazın yeni baş komandanı Ratişev imzaladılar. "Gülüstan" sülhünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatıldı. Beləliklə, tarixi, ruhu bütöv Azərbaycan iki yerə parçalandı. İran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına, həmçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. Amma İrəvan və Naxçıvan xanlıqları hələlik şahın hakimiyyəti altında qalırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus idi. Bu maddə Rusiya-İran ticarəti üçün əlverişli şərait yaradır, rus tacirlərini daxili gömrük vergisindən azad edirdi. Müqavilədə Azərbaycanın adı çəkilməsə də, bölünən, parçalanan Azərbaycan ərazisi idi. Müqavilənin ikinci maddəsində deyilirdi: "Bir halda ki, hər iki yüksək dövlət arasında ilkin əlaqələr vasitəsilə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqlarının Rusiya və İran arasında bölüşdürülən "status quo ad rrezenten", yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması özülündə sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda bu gündən və gələcəkdən bütün Rusiya imperiyası və İran dövləti arasında sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzündən Araz çayında Yeddibulaq keçidinədək, oradan üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə, oradan da xətti Qarabağ və Naxçıvan xanlıqlarının sərhədləri ilə davam etdirərək, Alagöz dağları silsilsilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol (Gəncə) dairəsinin bir hissəsinin sərhədləri birləşən Dərələyəz sərhədinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən, həmçinin Qazax və Şəmşəddil torpaqlarını ayıran sərhədlə Eşşəkmeydan sərhədinə, oradan da dağlar silsiləsilə, çayın sağ tərəfilə, onun arxa yönündə, Həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi ilə Şurakel sərhədinin küncünədək, bu küncdən də qarlı Alagöz dağının başınadək, buradan da Şurakel sərhədi, dağlar silsiləsi ilə, Mastaras və Artkin arasıyla Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan hüdudları daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla seçilmiş komissarlar tərəfindən, bu müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda status quo ad rrezenten əsasında Talış xanlığının sərhəd xətti ilə müəyyənləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki ali dövlətin komissarlarının təhlilindən sonra hər bir tərəf "status quo ad rrezenten" əsasında təminat verəcək".

Hər bir Azərbaycan vətəndaşı yurdumuzun necə tikə-parça olduğunu bilməlidir. 1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi 410 min kv. km olub. 1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Güney Azərbaycanın sahəsi 280 min kv. km, Rusiya əsarəti altındakı Şimali Azərbaycanın sahəsi 130 min kv. km, 1918-ci ildə Rusiyanın təzyiqilə ermənilərə verilmiş İrəvan xanlığı - 9 min kv. km, Rusiya əsarəti altındakı Dərbənd xanlığı - 7 min kv. km, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi - 114 min kv. km, 1920-ci ildə ADR-i işğal edən Rus Sovet İmperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Ermənistan Sovet Sosialist Respublikasına verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Gürcüstan Sovet Sosialist Respublikasına verilən Borçalının birlikdə sahəsi - 27,4 min kv. km, 1920-1991-ci illərdə SSRİ əsarətində qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi - 86,6 min kv. km, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri - 13.210 kv. km, Dağlıq Qarabağın (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə) işğal tarixi: 1988-1994, sahəsi 4400 kv km, Laçın - 1835 kv. km, Kəlbəcər - 1936 kv.km, Ağdam - 1094 kv.km, Cəbrayıl - 1054 kv. km, Füzuli - 1386 kv.km, Qubadlı - 802 kv.km, Zəngilan - 707 kv. km. "Gülüstan" sülhündən sonra 195 il ərzində Azərbaycan 80 faiz ərazisini itirib.

Tarix elmləri namizədi Vaqif Abışov deyir ki, həmişə olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsiz gərgin idi. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətinin olmamasıydı: "Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün xeyli cəhd etmişdilər. Lakin təəssüf ki, onlar biri-birlərinə mane olublar. Məsələn, Pənahəli xana məqsədini reallaşdırmaqda Güneydə Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı mane olublar. Çox təəssüf ki, Azərbaycanın birliyi daxili və xarici səbəblərdən gerçəkləşmədi".

Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı yüzillərdə, xüsusən Səfəvilər dövründə türklərin biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür. Vaqif Abışov qənaətimizlə razılaşır: "Həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimi məkrli bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul olur, rus hərbi hissələrində xidmət edir, bir sözlə, Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr qazanması üçün əllərindən gələni edirdilər".           

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 13 oktyabr.- S.14.