Bakıda beynəlxalq tibb sərgiləri başlayır

 

    Bu il 15 illik yubileyini qeyd edən "BİHE" - Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi öz işinə oktyabrın 13-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində başlayacaq. Oktyabrın 12-də sərginin açılışıyla əlaqədar İteca Kaspian Şirkəti Trend Xəbərlər Şirkətinin konfrans zalında mətbuat konfransı keçirdi. Tədbiri Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli açaraq bildirdi ki, sərgi Səhiyyə Nazirliyi, eləcə də Ticarət və Sənaye Palatasının dəstəyilə həyata keçirilir: "Artıq 3 ildir "BİHE" sərgisi "UFİ" - Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülüb: "UFİ tərəfindəq təqdir edilmişdir" nişanı həm tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, həm də sözügedən təşkilatın statistikasının etibarlılığını bir daha təsdiqləyir. Bu kimi tədbirlərin mütamadi olaraq təşkil olunması bu sahələrin inkişafına müsbət təsir göstərir".

İteca Kaspian Şirkətinin direktor müavini Bəhruz Hidayətzadə vurğuladı ki, 15 il ərzində sərgiə dünyanın 25 ölkəsinin 1200-dən yuxarı şirkəti qatılıb. Bu sərgidə iştirakın nəticəsi olaraq imzalanan müqavilələri, təsis olunmuş müştərək müəssisələri, bazarda yeni məhsulların və müasir texnologiyaların meydana çıxmasını göstərmək olar: "Belə ki, 2006-cı ildə keçirilmiş sərginin debütantları - "Akgun Software" (Türkiyə), "Ozgenc Medikal Tekstil" (Türkiyə), "Himedia Laboratories" (Hindistan) şirkətləri Azərbaycanda öz rəsmi nümayəndəliklərini açıblar. İlk dəfə "BİHE 2007" sərgisinə qatılmaqla "Kurt&Kurt" (Türkiyə) şirkəti sərgidə yerli tərəfdaşlar ilə işgüzar əlaqələr qurmağa müvəffəq olub. Belə misallar çoxdur. "BİHE" sərgisinin təcrübəsinə əsasən, sərgilər bazarda məhsul və xidmətlərin təşviqi üçün əsas alətlərdən biri sayılmaqla bərabər, cari mərhələdə hansı məhsul və xidmətlərə tələbatın olmasını anlamağa imkan yaradan özünəməxsus forum rolunu oynayır. Bununla da sərgilər vasitəsilə ölkə bazarına yeni texnologiyalar yeridilir və yerli istehsalatın təkmilləşdirilməsinə yardım göstərən investisiyalar qoyulur".

Səhiyyə Sərgisinin layihə meneceri Elmira Ağayeva dedi ki, bu il sərgiyə dünyanın 13 ölkəsinin 74 şirkəti qatılacaq Onların 50 faizini xarici eksponentlər təşkil edir: "İştirakçılar arasında "Vitta" (Azərbaycan), "Medifarma" (Azərbaycan), "İsomed" (Azərbaycan), "Aitecs" (Litva), "Akgun Software" (Türkiyə), "Belmedpreparati" (Belarus), "Heel" (Azərbaycan), "Kurt&Kurt" (Türkiyə), "Labservis" (Azərbaycan), "Med-tech" (Rusiya) kimi iri şirkətlərin və digərlərinin adını çəkmək olar. Bu il ilk dəfə olaraq sərgidə İranın milli stendi də iştirak edəcək. Sərgi ekspozisiyası ikinci pavilyonda yerləşəcək və farmakologiya, tibb avadanlıqları, tibbi elektronika, aptek və tibb müəssisələri üçün mebel və avadanlıqlar, diaqnostika, gigiyena vasitələri, kosmetologiya, pəhriz və qida əlavələri və s. təqdim edəcək. Ən geniş ekspozisiya tibb texnikasının ən son modellərini nümayiş etdirən tibbi və laboratoriya avadanlıqları bölməsidir. Burada reanimasiya blokları üçün avadanlıqlar, əməliyyat stolları, müasir USM (ultrasəs müayinəsi) - diaqnostika aparatları, müalicə trenajorları, lazer, fotoepilyasiya, terapiya aparatları və s. nümayiş etdirilir". Onun sözlərinə görə, ilk dəfə olaraq sərgi təşkilatçıları Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankı ilə birgə "Qan verək və insan həyatını xilas edək" devizi altında xeyriyyə aksiyası da keçiriləcək: "Hər bir iştirakçıya və ziyarətçiyə birbaşa kompleksin ərazisində qan yığımı üzrə xüsusi avadanlıqlar ilə təchiz edilmiş məntəqədə, könüllü olaraq qan vermək təklif olunur. Donor olmaq istəyən hər kəs qanın rezusunu, hemoqlobinin səviyyəsini və qanın qrupunu müəyyənləşdirmək üçün müayinədən keçəcək. Aksiya sayəsində yığılan qan bütün mümkün viruslara qarşı yoxlanıldıqdan sonra hemofiliya və talassemiya xəstəlikləri, eləcə də donor qanına ehtiyacı olan digər xəstəliklərin müalicəsi üçün istifadə olunacaq. Elmira Ağayeva əlavə etdi ki, "BİHE" sərgisi ilə paralel olaraq iki sərgi layihəsi - 4-cü Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və 3-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi də keçirilir. "Stomatology Azerbaijan" - 4-cü Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisində geniş çeşiddə ağız boşluğunun gigiyenası vasitələri, stomatologiya avadanlıqları və birdəfəlik istehlak materialları təqdim olunur: "Sərgi iştirakçıları sırasında "Vita Stom", "Saf Med", "Caspident" və digər şirkətlər var. Sərginin təşkil olunmasına, ənənəvi olaraq Azərbaycan Stomatologiya Assosiasiyası tərəfindən dəstək verilir. 3-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisinin ekspozisiyasını isə - peşəkar kosmetika, "solyarilər", dərinin qaralması üçün kosmetika, "spa" salonları, estetik klinikalar və gözəllik salonları üçün avadanlıqlar, bədən quruluşunun korreksiya edilməsi üçün avadanlıqlar, dırnaqlar üçün peşəkar qulluq vasitələri və s. təşkil edir. Sərgidə Azərbaycan, Rusiya, ABŞ və digər ölkələrdən şirkətlər iştirak edirlər. Bu il sərgidə ilk dəfə olaraq Azərbaycanda bitki və müalicəvi çaylar istehsalıyla məşğul olan şirkət öz məhsullarını nümayiş etdirəcək". Sərgilərə oktyabrın 15-də yekun vurulacaq.                      

             

 

Ülviyyə Şamilqızı

 

Xalq cəbhəsi.- 2009.- 13 oktyabr.- S.12.