“Ermənilər əsirləri diri-diri
yandırdılar...”
I yazı
Yeganə Əliyeva: “Bir dəfə 2 əsirin
ayağından asıb, altında tonqal qaladılar”
Müşfiq Əliyev: “Əsirlərə tək erməni
əsgərləri yox, “həkimlər” də işgəncə
verirdilər”
Ötən
saylarımızdan birində ermənilərin əsirlərimizə
qarşı həyata keçirdiyi terrordan ümumi şəkildə
bəhs olunub. Bu sayımızdakı yazımızda isə
Laçın rayonundan əsir düşmüş
Müşfiq və onun bacısı Yeganə Əliyevanın
öz dilindən faktları sizlərə təqdim edirik.
Ümumiyyətlə, Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının məlumatına görə,
erməni təcavüzü nəticəsində əsir, itkin
düşmüş və girov götürülmüş
şəxslərin sayı 4166 nəfərdir. İndiyədək
əsir və girovluqdan 1396 nəfər azad olunub. Onlardan 343 nəfər
qadın, 1053 nəfəri kişidir. 104 qadın, 447 kişi
olmaqla 552 nəfər əsir və girovu ermənilər
xüsusi amansızlıqla qətlə yetiriblər. Ağlasığmaz
işgəncələrə məruz qalan əsirlər tarixin
canlı şahidləridir. Odur ki, erməni terrorunun ən dəhşətli
üzünü onlar bizdən daha yaxşı bilir. 1993-cü
ildə əsir götürülən müsahiblərimiz 2
ildən çox erməni əsirliyində qalıb.
Yeganə Əliyeva:
“Laçın rayonu işğal olunanda 1993-cü il martın
28-də ailəliklə Kəlbəcərə getdik. Orada da vəziyyət
gərgin idi. Ona görə də Kəlbəcəri də tərk
etməli olduq. Məcbur qalıb atam, anam, 2 qardaşım, mən
və digər qohumlarımız bir “KamAZ”a mindik. Hamımız
birgə təxminən 30 nəfər olardıq. Yolboyu ermənilərin
güllələdiyi, yandırdığı 3-4 maşın
gördük. İçərisi qadın, uşaq və
qocayla dolu maşınlara atəş açıb
hamısını öldürmüşdülər. Kənddən
çıxıb “tunel” deyilən yerdən keçəndə
ermənilər bizim maşını da hər iki tərəfdən
atəşə tutdular və nəticədə
sürücü “KamAZ”ı dayandırdı. Anam, atam və
digər qohumlarım öldürüldü. Mən və
qardaşlarım isə ağır yarlandıq. Mənə 8
güllə dəymişdi. Ermənilər (aralarında bir
qadın da var idi) mənim və o biri yaralıların
saçından tutaraq “KamAZ”dan yerə atdılar. Sonra da
maşını yandırdılar. 11 yaşlı balaca
qardaşım yaralansa da, hələ sağ idi. Onu erməni əsgərləri
təpiklə döydülər, sonra da “KamAZ”a atıb
diri-diri yandırdılar. Digər qardaşım Müşfiq
ayağından yaralanmışdı. Bizimlə bərabər,
Səma adlı bir hamilə qadın və onun 2 balaca
qızı da yaralı idi. Ermənilər hamilə
qadının qarnından gülləylə vurmuşdular. Bir
“KamAZ” adamdan cəmi 5 nəfər sağ qalmışdıq. Bizi
sırayla yerə düzdülər. Əvvəl tankla
üstümüzdən keçmək istədilər, ancaq
sonra fikirlərini dəyişərək bizi bir maşına
“yığıb” Ağdərəyə apardılar. Mart
ayı olsa da, hələ qar əriməmişdi. Bizi qarın
üstünə atdılar. Səmanın 3 yaşlı
qızı da ağır yaralı idi, güllə sinəsinə
dəymişdi. Ermənilər onu zibil vedrəsinə
atdılar. Bizi ac-susuz, yaralı halda bir neçə gün
saxladılar. Erməni əsgərləri bizi döyür, təhqir
edirdilər. Səmanın yaraları çirk verdiyindən
ayağının və bədəninin əti
çürüyürdü. Sonra məni meşəlikdəki
hərbi hissəyə apardılar. Orada çoxlu rus var idi. Demək
olar tibb bacılarının hamısı ruslar idi. Meşədə
məndən başqa da Arzu adlı bir nəfər Şəmkirdən
əsir oğlan vardı. O, hərbi əsir idi. Bizi erməni əsirlərilə
dəyişmək üçün sağ saxlayaraq Xankəndinə
apardılar. Orada 100-dən çox əsir uşaq
gördüm. Onları da ac saxlayırdılar. Orada
qardaşım Müşfiqi tapdım. Çox ağır vəziyyətdə
idi, ayağındakı güllə yarası çirk
vermişdi. Ermənilər onun ayağını kəsmək
istəyəndə mən bunu etməmələri
üçün çox yalvardım”.
Müşfiq Əliyev:
“Ayağımın yarasından qan axırdı. Qanı kəsmək
üçün buz kimi soyuq suyu yaramın üstünə
tökürdülər. Əsirlərə tək erməni əsgərləri
yox, “həkimlər” də işgəncə verirdilər. Bir gənc
“həkim” arabir gəlib yaramı bərk-bərk sıxaraq mənə
əziyyət edirdi. Bir gün yanıma əlində
qayçıyıa başqa bir “həkim” gəldi. Tibb
bacıları tərpənə bilməməyim
üçün qollarımdan tutdular (o zaman 16 yaşım var
idi). Keyidici, ağrıkəsici olmadan “həkim” yara olan
ayağımın ətini doğramağa başladı. Ağrıdan
qışqıranda isə məni möhkəm döyür və
nəfəsim kəsilənədək boğurdu. Beləcə
ayağımın ətini doğrayıb sümüyümə
keçdi. Sümüyümü sındırıb hissə-hissə
qoparırdı. İndi də ayaq sümüyümdə 5
santimetr (sm) əksikdir. Sümüyümü qoparandan sonra iynəylə
ətimi tikdi. Bir az keçmiş erməni əsgərləri
gəlib məni və başqa yaralı əsirləri işlətmək
üçün apardılar. Mənim yaram çox pis vəziyyətdə
idi, çirk verirdi. İşləyə bilməyəndə
döyürdülər, ona görə də məcbur
qalıb odun daşımağa başladım”.
Yeganə Əliyeva: “Əsirləri
aylarla ac saxlayırdılar. Ölməmələri
üçün bəzən bir neçə buğda dənəsini
suda qaynadıb damcı-damcı əsirlərə verirdilər.
Vəziyyət o qədər dəhşətli idi ki...
Buğda suda qaynayıb soyuyanda onu içmək olmurdu. Yalnız
qaynar halda içmək mümkün idi. Qaynar içəndə
isə dodağımızın dərisi qaba
yapışıb yanırdı. Amma həftələrlə
ac qalandan sonra dodağımız yansa da buğda
qaynamasını içməli olurduq”.
Müşfiq Əliyev:
“Əsirləri sırayla düzüb sonra təlim
keçmiş itləri onların üstünə
buraxırdılar. İtlər əsirləri
parça-parça edirdi. Əsirləri döyür, ən
ağır işləri gördürür, işgəncələr
verirdilər. Bəziləri dözmür özlərini
elektrik cərəyanına verərək
öldürürdülər”.
Yeganə Əliyeva: “Əsirlərin
bir çoxu işgəncələr altında
dünyasını dəyişirdilər. Ermənilər
onların damarlarına iynə ilə benzin yeridir, bədənlərinə
qaynar alətlərlə dağ basırdılar. Dəhşətli
günlər idi... Hamısı da gözlərimizin
qarşısında baş verirdi. Bir dəfə 2 əsirin
ayağından asıb, altında tonqal qaladılar. Diri-diri
yandırdılar... Belə işgəncləri seyr etmək
üçün adi ermənilər (mülki insanlar) də gəlib
qəddarlıqla baxırdılar. Əsirləri erməni evlərində
boğazlarına ip bağlayıb it yerinə
saxlayırdılar. İp dərilərini yara edirdi. Harasa
işlətməyə aparanda da boğazlarındakı ipdən
tuturdular.”
Müşfiq Əliyev:
“Mənə bir müddət 300 əsgərin qabını
yumağı tapşırdılar. Onlar əsirləri həftələrlə
ac saxlayırdılar. İmkan olanda ermənilərin
qabından artıq qalan yeməkləri xəlvətcə
zibil torbalarının altına qoyub əsirlərə
aparırdım. Bunu etdiyimi bilsəydilər məni güllələyərdilər”.
Yeganə Əliyeva: “Bizə
ermənilər “azərbaycanlı” yox, həmişə
“türk” deyirdilər. Övladlarını da lap körpəlikdən
türkə qarşı nifrət hissi ilə
böyüdürdülər. Erməni uşaqları
tabaşirlə divara bir adam rəsmi çəkib deyirdilər
ki, bu türkdür, türkün isə gülləni
başından vurmaq lazımdır”.
Müşfiq Əliyev:
“Hansı gün ermənilərdən birinin qohumu müharibədə
öldürülürsə, həmin gün əsirlərə
lap çox divan tuturdular. Tək hərbçilər yox,
sıravı ermənilər də işgəncə vermək
üçün əsirlərin yanına gəlirdilər”.
Yeganə Əliyeva:
“Beynəlxalq Qırmızı Xaç Komitəsi həftədə
bir dəfə əsirlər üçün yemək və dərman
gətirirdi. Amma onlar gedən kimi gətirilənləri əlimizdən
alırdılar”.
Ermənilər Yeganə
Əliyevanı Azərbaycanda əsir olan erməni hərbçisi
ilə dəyişmək niyyətinə düşürlər.
Bunun üçün ona saxta sənəd hazırlayaraq Rusiya
Federasiyasının Rostov vilayətinə aparırmağı
qərara alırlar.
Yeganə Əliyeva: “Mənə
erməni kimlikli saxta sənəd hazırladılar. Sonra bir ermənilə hava limanına getdik. Erməni dilini bilmədiyimdən mənə
danışmamağı tapşırdı. Oradakılara da məni lal bacısı kimi təqdim
edirdi. Təyyarəyə minəndə sənədləri
yoxlayan kişi məni saxladı.
Üzümə diqqətlə baxdıqdan sonra Azərbaycan
türkcəsində “Sən türksən!” dedi. Məni aparan
kişi erməni olduğuma
inandırmağa çalışsa da, o, inadından əl
çəkmədi: “Bu sima, bu gözlər ermənidə ola
bilməz. Sən türk qızısan!” Bizi hava limanından geri qaytardılar. Həmin erməni başqa yollarla məni yenidən
aeroporta apardı. Bu dəfə təyyarəyə
minə bildik. Təyyarə havaya qalxanda dedi: “Artıq
azadsan! Amma Rostova gedəndə qaçmaq fikrinə
düşmə. Çünki
qardaşın əlimizdədir”. Biz onun
Rostovda yaşayan qohumlarının evinə getdik. Təxminən 2 ay orada qaldıq. Mənə dedilər ki, səninlə dəyişməyə
bir erməni hərbi əsir tapmaları üçün Azərbaycandakı
qohumlarınla əlaqə saxla!”
Lakin Yeganə Əliyeva
Azərbaycandakı qohumları ilə əlaqə yarada bilmir.
Bunu görən erməni onunla başqa bir şərt kəsməli
olur.
Yeganə Əliyeva: “Mənim
ata-anam, qohumlarımın çoxu
öldürülmüşdü. Sağ qalan
yaxınlarımdan isə bir xəbər ala bilmədim. Odur
ki, mənimlə dəyişmək üçün erməni
əsir tapa biləcək qohumum olmadı. Bu zaman ermənilər
mənə səni azad edəcəyik dedilər. Amma bunun
üçün mən Azərbaycana qayıdıb onlara erməni
hərbi əsir tapmalıydım. Əvəzində də
qardaşımı azad edəcəkdilər. Əks təqdirdə
Müşfiqi öldürəcəkdilər. Öz
qohumlarımdan əlim üzüldüyündən əsir
yoldaşım Arzunun ailəsi ilə əlaqə saxlamaq istədim.
Onun ailəsi Bakının Suraxanı rayonunda
yaşayırdı. O mənə evlərinin telefon nömrəsini
vermişdi.”
Rostovda Arzunun ailəsilə
əlaqə saxlayan Yeganə Əliyeva bir müddət sonra
onlarla Rusiyada görüşür. Onların köməyilə
bir erməni əsir tapılaraq Arzu ilə dəyişdirilir.
Beləliklə, bir çox çətinliklərdən və
işgəncəylə dolu əsir həyatından sonra Arzu
Azərbaycana qaytarılır.
Yeganə Əliyeva:
“Beynəlxalq Qırmızı Xaç Komitəsi əsirlərin
siyahısını tərtib edirdi. Amma ermənilər əsirlərin
hamısın adlarını onlara vermirdilər. Ona görə
də Azərbaycanda əsirlərin çoxunu itkin
düşmüş güman edirdilər. Arzunun və
Müşfiqin adları da əsir siyahısında yox idi. Amma
elə ki, dəyişmək üçün erməni əsir
tapıldl, onlar Arzunun adını da siyahıya saldılar və
həmin cəmiyyətin xəttilə Azərbaycana gətirilidi”.
Yeganə Əliyeva
qardaşını dəyişmək üçün erməni
əsir tapa bilmir. Lakin ermənilərin pul
qarşılığında da əsirləri azad etdiklərini
öyrənir.
Yeganə Əliyeva: “Mən
bir neçə insanın maddi yardımıyla 8000 ABŞ
dolları pul topladım və yenidən Rostov vilayətinə,
həmin ermənilərin yanına qayıtdım. Pul
qarşılığında Müşfiq də 2 il 8 aydan
sonra əsirlikdən azad oldu”.
Müşfiq Əliyev:
“Ermənilər Azərbaycana qayıdandan sonra
yaşamamaları üçün azadlığa
buraxdıqları əsirlərin venasına benzin və
başqa maye vururdular. Amma bizi dəyişdirən erməni mənə,
bacıma və Arzuya iynə vurulmasına icazə verməmişdi”
Yeganə Əliyeva
hazırda Bakı şəhərində yaşayır. Keçmiş
əsir yoldaşı Arzu ilə ailə həyatı qurub. Hazırda
onların iki övladı var. Əsirlik həyatları geridə
qalsa da, yaşadıqları əzablar yaddaşlarında
silinməz izlər, hər yada düşəndə qanayan,
ağrısı xatirələrə hopan dərin yaralar
buraxıb...
İndi də erməni əsirliyində
olan Azərbaycan türkləri var. Kim bilir elə bu gün, bu
saat, bu dəqiqə onlar hansı işgəncələrə,
terrora məruz qalırlar?!
Müsahibəni qələmə aldı:
Real CƏFƏRLİ
Xalq Cəbhəsi.- 2009.- 13 oktyabr.- S.7.