"Ürəyim istəyəni yazmışam"

 

      "Daha çox və daha yaxşı yaza bilərdim"

 

Əlibala Hacızadənin xatirəsinə...

 

Tanınmış yazıçı, Azərbaycan oxucusuna daha çox "İtkin gəlin", "Ayrılığın sonu yoxmuş", "Əfsanəsiz illər" adlı trilogiyadan imzası yaxşı tanış olan Əlibala Hacızadə bir neçə gün əvvəl vəfat etdi. Onunla yaradıcı yöndə söhbətlərim yaxşı yadımdadır. Xarakterində həlimlik vardı. Son illər qocalıqdan şikayətlənirdi. Əlbəttə, yaş öz işini görür, qocalıq sözünü deyirdi. Ancaq Əlibala müəllimin yaddaşı, dünyaya, həyata, insanları yaşatmağa köklənmiş ürəyi əvəlki tək ruhluydu, ümidliydi...

Maraqlı həmsöhbət idi. Bir dəfə iş stolunun üstündə çərçivəyə salınmış körpə uşaq şəkli diqqətimi cəlb etdi. Soruşdum, dedi ki, bu, onun yeganə uşaqlıq xatirəsidir: "Şəkil 2 yaşım olanda çəkilib. Ailəmiz otuzuncu illərdə Biləsuvarda yaşayıb. Atam, anam hər ikisi müəllim idilər. Pedaqoji İnstitutu qurtarandan sonra burada işləyirdilər. Mən ailənin ilk övladı olmuşam. Bu şəkli çox sonralar tapdım. Ta 17 yaşıma kimi bundan savayı bir şəklim qalmayıb. Ona görə bu, mənim üçün əvəzsiz xatirədir".

Danışardı ki, ulu babası Ərdəbillidir: "Hacı Xanəli və Hacı Ağabala iki qardaş olublar. XIX yüzilin sonlarında dolanışıq ucbatından Muğana gəliblər. Salyanda kök salıblar, zirək olduqlarından tez varlanıblar. Babam Xanəlinin dəyirmanı, qoyun sürüləri olub. Azərbaycanda sovet hökuməti qurulanda qərara gəliblər ki, kiçik qardaş Ağabala Ərdəbilə getsin, orada ev-eşik alsın, sonra qardaşlar buradan ailəvi köçsünlər. Onun ailəsi burada qalıb. Lakin sərhədlər qəfil bağlanıb, Ağabala qalıb o tayda. Sovet hökuməti babamın bütün varidatını əlindən alıb. Babam öləndən sonra əlində qalan bircə evini də məktəbə çevirdilər. Ağabala buradan gedəndə özü ilə iki xurcun qızıl aparıbmış. Ata əmimin nəvəsi indi də sağdır. Çoxdan eşitmişəm ki, Ağabala burada qoyub getdiyi oğlu Bahadırın adına İranda banka çoxlu pul qoyub. Neçə dəfə yolum düşsə də, bu işlə hələ məşğul ola bilməmişəm. Gərək sübut oluna ki, doğrudan da Hacı Ağabalanın nəvəsi filankəsdir. Bunu sübut edə bilərik. Xanəlinin oğlu Məşədi Əlibalanın 4 uşağı olub: Ceyran, Qüdrət, Mədinə, Ənvər. Mən Qüdrətin oğluyam. Məşədi Əlibala 4-cü uşağı dünyaya gələndə bir il üç aydan sonra 35 yaşında ölüb. Babam Əlibalanın adını daşıyıram. Atam Qüdrət də dördüncü uşağı doğulandan sonra o sayaq vəfat edib. Şəcərə tariximizi ağlım kəsəndən sonra araşdırdım, diqqətlə öyrəndim. Universiteti qurtarandan sonra ailə qurdum, üç uşağım dünyaya gəldi. Dördüncü uşaq məsələsi gələndə bu hadisə yadıma düşdü. Nəsə, sövq-təbii babamın, atamın faciəli talelərini yadıma saldım. Zarafatla qadınıma dedim ki, əgər dördüncü uşaq olsa, mənim də aqibətim onlarınkı kimi olacaq. Fikirləşirəm ki, bəlkə də babamın, atamın yarımçıq qalmış ömürlərini yaşamaq qismətim imiş. Hər halda bu, bir inamdır. Ata-anam şeirə meylli olublar, ancaq yazdıqlarından nəsə qalmayıb".

İnsan gənclik dövründən fərqli olaraq qocalıq dövründə həyata, dünyaya, özünə daha aydın və açıq gözlə baxır, ömrünü ciddi təhlil edə bilir. Əlibala müəllim deyirdi ki, yaşlaşdıqca təbii olaraq ömrünü saf-çürük etməyi xoşlayırsan: "Elədiklərimi təhlillə yanaşı, eləmədiklərimi də fikirləşir, peşimançılığını çəkirəm. Lap cavanlığımdan şöhrət hissinə qapılmamışam. Başımı aşağı salıb işimlə məşğul olmuşam. Əsasən ürəyim istəyəni yazmışam. Boğazdan yuxarı heç nə yazmamışam. Məncə, yazıçı, şair, alim o zaman əlinə qələm götürməlidir ki, onun sənə, mənə, ona, ümumən xalqa deməyə nəsə sözü var. Yoxsa ki, məzmunsuz söhbətlərə necə qulaq asasan? Yaradıcılıq da elə bir şeydir".

Yaradıcılıq sarıdan içində bir rahatlıq vardı: "Mən kolxoz, sovxoz, traktor-zavoddan yazmamışam. Baxmayaraq ki, o direktiv mənim də qabağımda qoyulmuşdu. Sovet dövrünün o kəshakəs vaxtında hər birimizin beynində bir "Qlavlit" (senzura-red.) oturmuşdu. Həmçinin "Qlavlit"in biri isə nəşriyyatda idi. Cəsarət edib nəyi yazırdınsa da, bilirdin ki, bunu buraxmayacaqlar. Fikirləşirdin ki, necə yazasan keçsin, ürək narahatlığın oxucuya çatsın, onu ayıltsın. "Neftimizi aparırlar" fikrini oxucuya çatdırmaq üçün çox fikirləşməli oldum. O zaman gənc idim, yaradıcılığa yenicə başlamışdım. 1958-ci il idi, Natəvan adına klubda "Böyük dərd" adlı hekayəmi Mehdi Hüseynin və xeyli yazıçının qarşısında oxudum. Orada təsvir olunurdu ki, doktor Nərimanov təsadüfən İçərişəhərdə ölüm ayağında olan bir qadına dava-dərman verir, görür ki, otaqdakı çıraq neft olmadığından yanmır. Bayıra çıxanda görür Xəzərdə neftlə dolu gəmilər uzaqlara gedirlər. Deyir ki, biz iynəyik, hamını bəzər, özümüz lüt gəzərik. Biz çırağıq, dibimizə kölgə salmarıq. Mehdi Hüseyn məni barmağı ilə yanına çağırdı. Soruşdu ki, o hekayədə təsvir elədiyin dövr haçandır, nefti aparan gəmilər kimindir? Dedi ki, oğlum, get, hekayənin sonuna bir "ingilis" sözünü əlavə elə, tapşıraram çap edərlər. Onun dediyi kimi də etdim".

Deyərdi ki, gərək yazıçı xalqın dərdini hamıdan tez görsün, yazsın və desin: "Bu, o deməkdir ki, yazıçı oxucusunun səviyyəsindən ən azı bir qarış yuxarıda durmalıdır. Yadımdadır, 1965-ci ildə "Rüşvət" adlı bir hekayə yazmışdım. Burada cəmiyyətin imkanlısı ilə imkansızının dialoqunu vermişdim. Rüşvət almaq üstündə tutulan adam rüşvət verib vəziyyətdən çıxdığını şəstlə bəyanlayırdı. "Azərbaycan" jurnalının baş redaktoru mərhum Yusif Səmədoğlu hekayəni oxudu, güldü, dedi ki, Əlibala, məni bağışla, bunu çap edə bilmərəm. Etsəm də "Qlavlit" qoymayacaq. 1966-cı ildə Əfqanıstana gedəndə bu tipli başqa yazılarımı da özümlə apardım. Orada hadisələrin Kabildə cərəyan etdiyini yazdım, "Ədəbiyyat" qəzetinə göndərdim, çap olundu. O dövr yaradıcılığımda cəmiyyətdəki bu və ya digər neqativ halların daha anlaşıqlı çatdırılması üçün çox düşünürdüm, əksər hallarda bunu əsərlərimdə ifadə etməyə nail olurdum. Başqa yol yox idi. "Təyyarə kölgəsi" romanımda bütün pullarını kitaba verən Gülalı adlı bir obraz yaratmışam. Kitab fanatının arzusunu yerinə yetirməyə məcbur olan nadir əlyazmalara məsul qadın obrazının keçirdiyi stresləri, həyəcanları o dövrün şəxsiyyətə, insana qarşı basqısının ifadəsi kimi oxucuya çatdırmağa çalışmışam. Əsərdə qadının dililə o dövrün səciyyəsini açan belə bir qənaət vermişəm: "Gör nə zəmanədir ki, adamı yaxşı olmağa, yaxşılıq eləməyə qoymurlar. Deyirlər, get, pis ol, əclaf ol, yaramaz ol".

Onun yaradıcılığında böyük və kiçik həcmli əsərlərdən kifayət qədər nümunələr var. Bu, bir gerçəklikdir ki, hazırda Azərbaycan oxucusu da əksər hallarda yığcam həcmli əsərlərə meyl edir. Gələcəkdə bəlkə də iri həcmli janrların heç olmasa, müəyyən qədər yığcamlaşması, ya da xüsusən hekayə tipli, biçimli janrlara meylin artacağını daha çox təxmin etmək olur. Əlbəttə ki, oxucu kiçik həcmli janrlarda həm də ciddi, onu yaşadan, qanadlandıran, duyğulandıran böyük fikirlər gözləyir. Əlibala müəllim bu qənaətimlə razılaşırdı: "Bugünkü oxucunun iri həcmli əsərləri oxumağa hövsələsi çatmır, vaxtını itirmək istəmir. Təbiidir ki, söhbət ağıllı adamlardan gedir. Böyük əsərlərin dövranı yavaş-yavaş bitir. Ən çevik janr kimi yığcam və mənalı hekayəni görürəm. Mahmud Teymur adlı bir ərəb yazıçısı var. Onun yığcam, mənalı bir hekayəsi yadımdan çıxmır: "Göz dedi: "Uzaqda dağ görürəm". Əl dedi: "Mən səndən uzunam. Amma barmaqlarım heç ona toxunmur". Qulaq dedi: "Milçək vızıldasa eşidərəm, amma onun hənirtisini eşitmirəm". Burun dedi: "Hər şeyin qoxusunu duyuram, amma o dediyinin qoxusu gəlmir". Əl, burun, qulaq bu qənaətə gəlirlər ki, göz dəli olub". İnsanın bəsirət gözü üzdə olmur, dərindədir. Həm də iri həcmli, özünəməxsus yeni ideyalı əsərlərin də oxucuları olacaq. İri həcmli əsərlərdə sonsuz, sanki bitib-qurtarmayan ifadə, təsvir imkanları olur ki, bunu kiçik həcmli əsərlərdə geniş vermək imkan xaricindədir".

Görəsən, bu gün cəmiyyətimizin daha hansı problemləri var ki, ədəbiyyat bunlara ardıcıl münasibətini bildirməlidir? Əlibala müəlllim deyirdi: "İlk növbədə Vətənə münasibət problemini qeyd edərdim. Demək ki, "Günün harada xoş keçir, ora sənə Vətəndir"; bu, fikir damğalanmalıdır. Əslində bu cür qənaətlə yaşamaq millətimizə xas xüsusiyyət deyil. Bizlər qəriblikdə yaşaya bilmirik. Mən 4 il Əfqanıstanda yaşadım. Yaxşı maaş alırdım, ailəm də yanımda idi. Uzunmüddətli qalmaq imkanım var idi. Çoxlu xahişlər oldu, lakin qala bilmədim. Orada anladım ki, Azərbaycan üçün nə qədər darıxırmışam. Fikirləşirdim, birdən qarşıma biri çıxıb deyə ki, axı sən buralarda nə gəzirsən? Çoxlu qürbət şeirləri yazdım. Qürbət qürbətdir, onun sızıltısı yaman olur. Amma şəxsən son Qarabağ hadisələri, torpaq itkilərimiz, torpağa münasibət mənə pis təsir etdi.

Digər bir problem isə əxlaq problemidir. Cəmiyyətdəki əxlaq aşıntısı ilə ədəbiyyat ardıcıl olaraq döyüşməlidir. İndi xüsusən yaşlı nəsil çaşıb qalır. Küçədə yarıçılpaq gəzənləri gördükcə dəhşətə gəlirəm, biz hara gedirik? Bütün bu hallara qarşı cəmiyyətdə müqavimət yoxdur. Bu minvalla axırımız necə olacaq? Ədəbiyyat bu suallara cavab tapmalıdır. Cəmiyyətdə tez məşhurlaşmaq, var-dövlət sahibi olmaq meylləri lap artıb. Mizan-tərəzinin itməyini onda görürəm ki, 5-6 mahnı oxuyan "korifey sənətkar" adlanır. Haqqımda nə cür danışıb yaradıcılığıma qiymət versələr də, özüm haqqında şəxsi qənaətim var. İnsanı özündən yaxşı tanıyan yoxdur. Nöqsanlarımı, çatışmayan cəhətlərimi həmişə etiraf etmişəm. Yaradıcılıq sarıdan əsas narahatlığım odur ki, daha çox və daha yaxşı yaza bilərdim".                

 

 

Elçin Qaliboğlu

 

Xalq cəbhəsi.- 2009.- 14 oktyabr.- S.14.