Canlı terror tarixi-Quba məzarlığı
Qubadakı
soyqırım məzarlığıyla bağlı çox
tez-tez həyəcanlı xəbərlər eşidirik. Yəqin
yadınızdadır, bir müddət öncə
sümüklərin qorunması üçün xüsusi kimyəvi
maddənin alınmaması səbəbindən məzarlığın
məhv olma təhlükəsi haqqında da
yazmışdıq.
Təxminən 10-15
gün bundan qabaq isə yerli internet saytlarının birində
təxminən belə bir xəbərə rast gəlmişdim:
"Erməni vandallarının Qubada xalqımıza
qarşı törətdikləri soyqırmın canlı
sübutu olan kütləvi məzarlıq yox olmaq təhlükəsindədir.
Məzarlıq Qudyalçayın sahilində yerləşdiyindən
ərazi demək olar ki, bütünlüklə nəmişlikdir.
Bu da təbii ki, oradakı sümükləri tam sıradan
çıxara bilər. Mütəxəssislər də bu
fikirdədirlər. Artıq bu barədə Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı
Qəhraman Ağayev də həyəcan təbili
çalıb. O bildirib ki, belə davam etsə, bir ildən
sonra soyqırım məzarlığından bir əlamət
qalmayacaq. Belə ki, nəmişlik məzarlığın 2
metrlik ərazisində hər şeyi məhv edib".
Bir daha yada salaq ki, məzarlıq
1918-ci ildə ermənilərin yerli dinc əhaliyə
qarşı törətdikləri soyqırımın
danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi
514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində
burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx
aşkarlanıb. İnsanların hamısının soyuq silah
və küt alətlərlə xüsusi qəddarlıqla qətlə
yetirildiyi müəyyənləşdirilib. Ermənilər
Qubada Azərbaycan türkləriylə yanaşı ləzgiləri,
yəhudiləri, tatları, avarları və digər etnik
qrupların nümayəndələrini də
amansızlıqla öldürüblər. Tədqiqat
zamanı məzarlıqda 400-dən çox insan cəsədinin
qalıqları tapılıb. Onlardan 50-dən çoxu
uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən
yaşlı kişilərdir.
Kütləvi məzarlıq
2007-ci ilin aprelində ərazidə torpaq işləri
görülərkən təsadüfən aşkarlanıb. Azərbaycan
Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları tədqiqatı nəticəsində
məzarlığın 1918-ci ildə ermənilərin yerli
dinc əhaliyə qarşı törətdikləri
soyqırımla bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən
məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər
təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə
yetirib, 122 kəndi tamamilə dağıdıb.
Gənclər Təşkilatları
Milli Şurasının Jurnalistlər üçün Təlim
Düşərgə Proqramının son günündə
Quba məzarlığına ziyarətin nəzərdə
tutulması həm ziyarət borcumuzu yerinə yetirmək, həm
də yayılan həyəcanlı xəbərləri yerindəcə
dəqiqləşdirmək baxımından çox əhəmiyyətli
oldu. Ancaq əvvəlcə onu deyim ki, həyəcanlı xəbərlərin
təsirilə tədbirin ilk günündəcə Qubanın
icra başçısı Rauf Həbibovun başının
üstünü kəsdirdik və bəzi məsələləri
dəqiqləşdirmək istədik.
İcra
başçısı dedi ki, narahatçılığa
ciddi əsas yoxdur. Yaxın günlərdə Qubadakı
soyqırımı məzarlığında abidə
kompleksinin inşasına başlanılacaq. Rauf Həbibovun
sözlərinə görə, soyqırım muzeyinin
tikintisilə bağlı təcrübənin öyrənilməsi
üçün Moskva və Kiyevdə səfərdə
olublar. Quba soyqırımı məzarlığında tikiləcək
abidə kompleksinin layihəsi hazırlanarkən səfərdə
əldə olunan təcrübədən də istifadə
edilib. Rauf Həbibov söylədi ki, bir müddət öncə
prezident İlham Əliyev də məzarlıqda inşa
olunacaq abidə kompleksinin layihəsilə tanış olub və
onun daha da təkmilləşdirilməsinə dair göstərişlər
verib. Məzarlığın yaxınlığında yerləşən
13 evdən 2-si artıq başqa yerə
köçürülüb, tezliklə daha 6 ev, ardınca
qalanlar köçürüləcək. O, məsələnin
prezidentin nəzarətində olduğunu vurğuladı:
"Ölkə başçısı Quba məzarlığında
muzeyin tikilməsi ə bağlı sərəncam verəcək,
bundan sonra maliyyə məsələsi də öz həllini
tapmış olacaq. Muzey tikilərkən bu
işə təcrübəli
mütəxəssislər cəlb
ediləcək".
Ancaq biz Quba məzarlığında
olarkən narahatçılıq üçün ciddi əsaslar
olduğunu sezdik. Təəssüf ki, Quba məzarlığındakı
vəziyyət mətbuatın təsvir etdiyi səviyyədədir.
Dərman preparatlarının tapılması problemi tam şəkildə
həllini tapmayıb, eyni zamanda sümüklər demək
olar ki, açıq havadadır, bunun nəticəsində
qar-yağış canlı tariximizi tezliklə məhv edə
bilər. Muzeyin sürüşmə təhlükəsi var;
bu da ən ciddi problemlərdən biridir. Problemlərin
mövcudluğunu Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhraman
Ağayev da etiraf edir. Deyir ki, Milli Elmlər Akademiyası məzarlığın
qorunması məqsədilə tədbirlər planı
hazırlayıb və plan Nazirlər Kabinetinə təqdim
olunub. Tədbirlər planında isə iki bənd xüsusilə
diqqəti çəkir. Birinci sürüşmənin
qarşısını almaq üçün məzarlığın
arxa tərəfində beton divar çəkilməli və bu
sürüşmənin qarşısını
almalıdır: "Bildiyiniz kimi muzeyin müəyyən bir
hissəsi sürüşmə nəticəsində məhv
oldu. Muzeyin qalan hissəsinin də sürüşmə təhlükəsi
var. Qrunt sularının qarşısını almaq
üçün müəyyən tədbirlər
görülməlidir. Əks halda, tam əminliklə deyirəm,
gələn il bu muzeydən əsər-əlamət
qalmayacaq". İkinci əsas məsələ isə
sümüklərin parçalanmasının
qarşısını almaq üçün xüsusi dərman
preparatları hazırlanmasıdır. Qəhraman Ağayev
söylədi ki, bu iki məsələ öz həllini tapmasa
məzarlığı itirəcəyik: "Amma problemin həlli
üçün müəyyən işlər
görülür. Səhiyyə Nazirliyinin Patoloji Anatomiya
Birliyinin sədri Şakir Musayevlə ciddi söhbətlərimiz
olub. Onun dediyinə görə, artıq Səhiyyə Nazirliyi
bu dərmanı hazırlayıb. Biz də bu səbəbdən
üzdə olan sümüklərin demək olar ki, 90 fazini
nazirliyə təhvil vermişik. Onlar sümükləri dərmanlayıb
bizə qaytaracaqlar; proses isə 2-3 ay çəkməlidir.
Onu da deyim ki, sümükləri norma ilə, hissə-hissə
götürmüşük ki, sonradan yerinə qoymaq
mümkün olsun. Amma elə sümüklər də var ki,
onları yerindən tərpətmək olmaz. Bu problemi həll
etmək üçün icra hakimiyyətinin köməkliyilə
burada laborotoriya qurulacaq, sümüklərə yerindəcə
həmin maddələrdən vurulacaq. Məlumat
üçün bildirim ki, sümükləri hər ay, hər
il dərmanlamağa ehtiyac yoxdur. Sümüklər bir dəfə
dərmanladısa, 3-4 il gedəcək".
AMEA-nın elmi
işçisi məzarlığın əvvəlki illərə
nisbətən daha yaxşı mühafizə olunduğunu vurğuladı.
Qəhrəman Ağayevin deməsinə görə, muzeyin
qabağı ona görə açıq saxlanılır ki, təmiz
hava nəmişliyin qarşısını müəyyən
qədər alsın.
İnsanın
soyqırıma məruz qalmış, erməni terrorunun
qurbanı olmuş insanların sümüklərini görəndə
nə hiss etdiyini sözlə ifadə etmək çox çətindir.
Bu sümüklər tarixdir, canlı tarix. Bu sümüklər
qan yaddaşımızdır. Bu sümüklər erməni
xislətini unudanlara, yaddan çıxaranlara bir mesajdır. Öldürülmüş,
qətlə yetirilmiş insanların canlı mesajı. Bu
sümükləri tez-tez ziyarət etməliyik. Ocaqları,
pirləri ziyarət etdiyimizdən daha çox. Belə
olduğu halda biz unutmaq istəsək belə,
unutmayacağıq, unuda bilməyəcəyik. Yuxumuza girən
sümüklər qoymayacaq. Ona da ümid edirik ki,
soyqırım muzeyinin tikilməsi ilə hər şey yoluna
qoyulacaq. Əks halda itirdiklərimizin sırasına daha birini əlavə
etməli olacağıq.
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2009.- 14 oktyabr.- S.5.