Erməni vəhşiliyinin təsdiqi
Əsir və girovlar vəhşicəsinə
döyülüb, qəsdən şikəst vəziyyətinə
salınıb, sinələrinə
qızdırılmış xaç nişanları ilə
damğa basılıb, dırnaqları və dişləri
çıxarılıb, yaralarına duz basılıb,
damarlarına benzin yeridilib
Ötən
yazımızda ermənilərin azərbaycanlı əsirlərə
qarşı həyata keçirdiyi terroru Laçın
rayonundan əsir düşmüş Müşfiq və onun
bacısı Yeganə Əliyevanın dilindən qələmə
almışdıq. Bu yazımızda isə Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının şahid ifadələrinə
və araşdırmalara əsasən əldə etdiyi faktlar
sizlərə təqdim olunur. Dövlət Komissiyasının
verdiyi məlumata əsasən, ermənilər əsir və
girov götürülmüş uşaq, qadın, qoca olmaqla
yüzlərlə Azərbaycan vətəndaşını
dözülməz işgəncələrə məruz qoyub. Çoxsaylı
faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli
işgəncələr verilib, onlar vəhşicəsinə
döyülüb, qəsdən şikəst vəziyyətinə
salınıb, sinələrinə
qızdırılmış xaç nişanları ilə
damğa basılıb, dırnaqları və dişləri
çıxarılıb, yaralarına duz basılıb, ölənə
qədər rezin və dəmir dəyənəklərlə
döyülüb, damarlarına benzin yeridilib.
II yazı
- Erməni silahlı
birləşmələri Xocavənd rayonunun işğalı
zamanı (17.02.1992) Qaradağlı kəndindən girov
götürdükləri 117 nəfər kənd sakinindən
80-ə yaxınını yerindəcə güllələyiblər.
Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu
Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri
şahidlik edi,lər.
- Xocavənd rayonu
Qaradağlı kənd sakini Həqiqət Yusif qızı
Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər
həmkəndlisini diri-diri yandırmalarının şahidi
olub.
- 1993-cü il aprelin 1-də
Ermənistan silahlı birləşmələrinin Kəlbəcər
rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın
Vardenis rayonundakı qərargah radiostansiyasından
("QSM-7") Kəlbəcər döyüş bölgəsindəki
baş radiostansiyaya ("Uraqan") bölgədəki
bütün səyyar radiostansiyalara çatdırmaq
üçün təcili əmr verilib. Əmrdə əsir və
girov götürülmüş Azərbaycan vətəndaşlarını,
o cümlədən qocaları, qadınları və
uşaqları təcili məhv edib basdırmaq tələb
olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar
barəsində törətdikləri vəhşiliklərin
izlərinin həmin vaxt döyüş bölgəsinə gələn
beynəlxalq nümayəndə heyətindən, o cümlədən
jurnalistlərdən gizlətmək olub. Erməni hərbi birləşmələri
komandirlərinin efirdəki bu radiodanışığının
mətni Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat
xidməti 1993-cü il aprelin 6-7-də lentə alıb.
- Kəlbəcər
rayonunun işğalı zamanı Başlıbel kəndinin 15
dinc sakinini ermənilər yerindəcə qətlə yetirib. Bunların
arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev,
Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova
və Çiçək Həsənova da olub. Bu barədə
Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət
Abduləli oğlu Əhmədov şahidlik ediblər.
- İmarət Məmişovanın
ifadəsinə görə, o, Kəlbəcər rayonunun
işğalı zamanı iki azyaşlı uşağıyla
birlikdə girov götürülüb. İmarət Məmişovanın
gözləri qarşısında ermənilər 8 mülki
şəxsi, o cümlədən, onun səkkiz yaşlı
oğlu Talehi güllələyərək meyidlərini
yandırıb. Bundan sonra ermənilər onu, 10 yaşlı
oğlu Yadigarı, digər qadın, uşaq və qocaları
Xankəndinə apararaq dəhşətli işgəncələrə
məruz qoyub.
- Erməni girovluğundan 1994-cü ildə azad olunmuş Əhmədovlar
ailəsi 17 avqust 1993-cü ildə ermənilərin Füzuli
rayonu Qacar kəndinin 25-dək dinc sakinini gözləri
qarşısında güllələdiklərinə şahidlik
ediblər.
- Erməni
girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov
1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalini
ermənilərin öldürdüyünü bildirib.
- 16 fevral 1994-cü ildə
Ermənistan Xarici İşlər Nazirliyi guya qaçmağa
cəhd göstərərkən atışma zamanı 8 azərbaycanlı
hərbi əsirin öldürüldüyünü bəyanlayıb.
Bakıda meyidlər üzərində keçirilən məhkəmə
tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət
Akademiyası Rəyasət Heyətinin və Böyük
Britaniyanın "Həkimlər insan hüquqları
uğrunda" təşkilatının üzvü, professor
Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni
silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən
açılan atəş nəticəsində qətlə
yetirildiyini bildirib və əsirlərin guya
"qaçmağa cəhd göstərərkən"
öldürülməsi fikrini rədd edib.
- Girovluqdan
qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər
girov götürdükləri Şuşa rayonu
Quşçular kənd sakinləri, 1910-cu il təvəllüdlü
Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü
Yeganə Dadaş qızı Mədətovanı və
Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11
fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə
yetiriblər.
- 61 yaşlı
keçmiş girov Budaq Əli oğlu Alışanov erməni
əsirliyində 5 azərbaycanlının Drmbon kəndində
(Dağlıq Qarabağ) ağır fiziki işlərdə
qul kimi istifadə edilərək
öldürüldüyünün şahidi olub.
- Əsirlikdən azad
olunmuş İsrayıl Sarif oğlu İsmayılov təsdiqləyir
ki, ermənilər girov götürdükləri 3 azərbaycanlının
başını erməni qəbri üstündə kəsib.
- Laçın rayonu
sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə
və özünə verilən işgəncələrə dözməyərək
erməni əsirliyində intihar edib.
- 18 may 1992-ci ildə
Laçın rayonunun işğalı zamanı ailələrilə
birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü
Taleh Mədət oğlu İbişovun bildirdiyinə görə,
ermənilər onun atası Mədət Əvəz oğlu
İbişovu və bacısı, 1967-ci il təvəllüdlü
Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə
öldürüb.
- 1973-cü il təvəllüdlü
İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz
saxlanıldığından 23 noyabr 1993-cü ildə İrəvan
hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat
edib.
- Erməni əsirliyində
ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu
Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi
ekspertizası onun müntəzəm döyülmələr və
ağır işgəncələr nəticəsində qətlə
yetirildiyini isbatlayıb.
- Yardımlı rayonu
sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilərin
verdiyi müntəzəm işgəncələr nəticəsində
ölüb (24.12.1994). Bu barədə keçmiş əsirlər
Həbib Əliyev, Əvəz Muxtarov, Əbülfət
Qasımov və digərləri şahidlik edir.
- Erməni əsirliyində
olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədovu
Gəncə şəhərinin adını "Kirovabad"
demədiyinə görə, erməni hərbçisi güllələyib.
Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd
Cümşüd oğlu Məmmədov və digərləri
şahidlik edir.
- Əsirlikdən azad
olunmuş Abuzər Manafovun, Həsən Hüseynovun və
Aydın Məhərrəmovun ifadəsinə görə, 14
fevral 1994-cü ildə Şuşa həbsxanasında
saxlanılarkən Kolya, Slavik və Qor adlı nəzarətçilər
əslən Beyləqan rayonundan olan İlqar Ənvər
oğlu Qurbanovu müntəzəm işgəncələr verərək
öldürüb.
- 1962-cı il təvəllüdlü
Şəmkir rayon sakini Fikrət Həsən oğlu
Hüseynov müntəzəm döyülmələr və
işgəncələr nəticəsində 28 iyun 1993-cü
ildə erməni əsirliyində vəfat edib. Əsirlikdən
azad olunmuş Bəxtiyar İbrahim oğlu Tağıyev və
Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın
şahidləridir. Bakıda keçirilmiş məhkəmə-tibbi
ekspertizası zamanı Fikrət Həsən oğlu
Hüseynovda qabırğa sınıqları aşkar olunub.
- Əsirlikdən azad
olunmuş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü ildə
Şuşa həbsxanasında 1973-cü il təvəllüdlü
Zahid Nəsibulla oğlu Əmrullayevi erməni nəzarətçilərinin
boğaraq qətlə yetirdiyini bildirib.
- Girovluqdan azad
olunmuş Maşallah Bəndəliyev bildirib ki, 1992-ci ilin
mayında Xankəndində qarajda saxlanılarkən qarajın
sahibi Mero və Sarkisyan Vazqen adlı ermənilər
adını bilmədiyi bir nəfər lal girova əvvəl
müxtəlif dərəcəli işgəncələr
verib, sonra isə onun başını kəsib.
- Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində əsir
götürülmüş şəxslərlə
bağlı Dövlət Komissiyasında toplanmış
materialların təhlili zamanı 1970-ci il təvəllüdlü
Atakişiyev Fərhad Rəhman oğlunun əsirlikdə olarkən
xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə
məlumatlar aşkarlanıb. Müəyyən olunub ki, erməni
hərbçilərinin Fərhad Atakişiyevə
qarşı qəddarlığının əsas səbəbi
onun Kərkicahan qəsəbəsinin sakini kimi
döyüşçülərimizə bələdçilik
etməsi olub. Ermənistan hərbçiləri 1991-ci ilin
dekabrında Kərkicahan qəsəbəsinə hucum
zamanı çoxsaylı itkilərinə bu amilin böyük
təsir etdiyini düşündükləri üçün
ona işgəncələr verib, "Qarabağ ermənilərindir"
ifadəsini deməyə məcbur etmək istəyib. Lakin Fərhad
Atakişiyev işgəncələrdən və ölümdən
qorxmayaraq, "Qarabağ Azərbaycanındır, Azərbaycanın
da olacaq" söyləyib və nəticədə
amansızcasına öldürülüb. Meyitin
ekspertizası zamanı onun bədənində hər biri
ayrı-ayrılıqda insan ölümünə səbəb
ola biləcək 72 müxtəlif işgəncə izi
aşkar olunub. Atakişiyev Fərhad Rəhman oğlu ilə
bağlı toplanmış materialları Dövlət
Komissiyası bu il Azərbaycan prezidentinə təqdim edib və
prezident İlham Əliyevin 28 iyul 2009-cu il tarixli sərəncamıyla
o, "Azərbaycan bayrağı" ordeni (ölümündən
sonra) ilə təltif olunub.
Hazırladı: Real CƏFƏRLİ
Xalq Cəbhəsi.- 2009.- 15 oktyabr.- S.12.