Azərbaycanda erməni terrorunun xronologiyası
10 mart 1988-ci il:
Daşnak terror qrupu Zəngibasarın Mehmandar kəndinə
basqın etmiş, evini tərk etmək istəməyən
beş nəfər əliyalın kənd sakini qətlə
yetirilib;
25 mart 1988-ci il: Daşnak
terrorçuları tərəfindən Vedibasarın el
ağsaqqalı Seyid Ağabal amansızcasına qətlə
yetirilib;
8 aprel 1988-ci il: 5 daşnak
terrorçusu "Jiquli" maşınında Sarvanlar (Zəngibasar)
kəndinə girib camaatdan kəndi boşaltmağı tələb
ediblər. Qəti etiraz cavabı alan terrorçular
maşını camaatın üstə sürərək
üç nəfərə ağır bədən xəsarəti
yetiriblər;
VIII yazı
03 may 1988-ci il: DQMV-nin Tuğ kəndində
yuva qurmuş daşnak terrorçuları yerli hökumət
binası üstə Ermənistan SSR-in bayrağını
qaldıraraq iğtişaş törədiblər. Daxili
qoşun hissələri qan tökülməsinin
qarşısını alıblar;
11 may 1988-ci il: Daşnak terror birləşməsi
Vedibasarın Şirazlı kəndinə basqın ediblər,
2 nəfər öldürülüb, 80 nəfərə xəsarət
yetirilib, 8 ev yandırılıb, 64 ev dağıdılıb,
330 ailənin əmlakı talan edilib, kənd adamları
Türkiyə sərhədinə yığılıb, 4 ay
çadırlarda yaşamaq məcburiyyətində
qalıblar;
11 may 1988-ci il: Daşnak
terrorçuları İrəvanda M.Əzizbəyovun abidəsi
uçurub. M.F.Axundov adına şəhər orta məktəbinə,
C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına
hücumlar edilib, hər iki müəssisənin fəaliyyəti
dayandırılıb;
13 may 1988-ci il: Daşnak
terrorçuları Xankəndinin azərbaycanlılar
yaşayan məhəlləsinə basqın ediblər. 6 nəfərə
ağır bədən xəsarəti yetiriblər;
16 may 1988-ci il: Daşnak
terrorçuları Xankəndindəki Pedaqoji instituta basqın
edib, azərbaycanlı tələbələri institutdan qovub
çıxarıblar;
23 may 1988-ci il: Vedibasarın azərbaycanlılar
yaşayan kəndlərinə daşnak terror qruplarının
basqınları ara verməyib. Aydın olub ki, Ermənistan
SSR-in hakimiyyət orqanlarının didərginlərin
doğma yurd-yuvalarına qayıtdıqdan sonra təhlükəsizliklərini
təmin edəcəkləri haqda verdikləri vədlər
boş sözlərdən ibarətdir, əslində, terror
qruplarının başında özlərinin durduqları
şərtlənir;
11 iyun 1988-ci il: Krasnodardan gəlmiş
daşnak terrorçusu Aleksandr Ağabekyan Bakı şəhərinin
Varovski qəsəbəsində milis serjantı Fazil
İsmayılovu qətlə yetirib. Göz altına
alınmış terrorçu gizli əllərin köməyilə
qaçırılıb;
19-20 iyun 1988-ci il: Zəngibasarın
Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar
kəndinə hücum edən daşnak terror qrupları fiziki
güc tətbiq edərək əhalini döyüb, əmlaklarını
talan ediblər. Dinc, əliyalın əhali Türkiyə sərhədinə
qaçmağa məcbur olub;
* 04-05 iyul 1988-ci il:
Daşnak terror qrupları İrəvanın "Zvartnos" təyyarə
limanını ələ keçiriblər, onlarla hərbçi
yaralanır, uçuşların dayandırılması nəticəsində
blokadaya alınmış aerovağzalın yüzlərlə
sərnişini təhqir və məhrumiyyətlərə
dözməli olur;
21 iyul 1988-ci il: Daşnak
terrorçuları Kalinino qəsəbəsində qəssab
işləyən Qaraboğaz Məhəmmədi qətlə
yetiriblər;
03 sentyabr 1988-ci il: Daşnak
terrorçuları Xankəndinin azərbaycanlılar
yaşayan Kərkicahan qəsəbəsinə həmlə
ediblər. Ov tüfənglərindən kəndi atəşə
tutublar. Küçələrdə "Azərbaycanlılar!
Sizə Ərsak torpağında yer yoxdur!" sözləri
yazılmış vərəqələr yayıblar;
12 sentyabr 1988-ci il:
Azğınlaşmış 3000 nəfərlik daşnak təxribat
qrupu Xankəndində vilayət prokurorluğuna basqın edərək
həbs olunmuş daşnak terrorçularının
azadlığa buraxılmasını tələb ediblər;
18 sentyabr 1988-ci il: Xankəndində
yuva salmış daşnak terror qrupu Xocalıya basqın edib,
bir nəfər qətlə yetirilib, 25 nəfər isə
güllə yarası alıb;
18-23 sentyabr 1988-ci il: Daşnak terror
qrupları Xankəndi şəhərində Azərbaycan
türkləri üzərinə açıq basqınlara
keçiblər. Azərbaycanlılar yaşayan məhəllələrə
hücumlar edib, fərdi evlərdə, mülklərdə,
ictimai binalardakı mənzillərdə yanğınlar
törədib, əhalini daşa basıb, atəş
açıb, sakinlər arasında vahimə yaradıb,
onları ev-eşiyindən didərgin salıblar. Bu minvalla
şəhərin 16 minlik Azərbaycan-türk əhalisi
döyülərək, söyülərək, təhqir edilərək
şəhərdən qovulub. Onların adları 1989-cu ildə
əhalinin siyahıya alınmasına daxil edilmir. Adları
şəhər qeydiyyatından biryolluq silinir;
12 noyabr 1988-ci il: Hamamlı (Spitak)
rayonunun daşnak xislətli kommunist rəhbərləri -
raykomun birinci katibi N.Muradyan, RİK-in sədri F.Abuçyan,
milis rəisi V.Sərkisyan, prokuror Araksiyan, xalq hakimi V.Sərkisyan,
rayonun baş həkimi R.Bağdasaryan başda olmaqla və
onların fitvasıyla daşnak terror qrupları evlərini,
yer-yurdlarını tərk etmək üçün azərbaycanlılara
dözülməzlik şəraiti yaradıblar. Onlarca uşaq
itkin düşüb, oğurlanıb, işgəncələrə
dözməyən 36 nəfər Azərbaycan türkü həyatını
itirib;
17 noyabr 1988-ci il: Daşnak
terrorçusu Xocavənd rayonunun Tuğ kənd sakini Teyyub
Süleymanov vəhşicəsinə qətlə yetirilib;
19 noyabr 1988-ci il: Daşnak terror
qrupları Vedibasarın Yersax kəndinə basqın ediblər.
Xeyli sayda dinc kənd sakinlərinə bədən xəsarəti
yetiriblər. Yaralıları Naxçıvana aparan
maşınlar gülləbaran olunub. Bir həftə ərzində
Vedibasardan 24 min Azərbaycan-Türkü yurd-yuvasından
qovulub;
20 noyabr 1988-ci il: Daşnak terror qrupu
Ermənistan SSR Sisian rayonunun Şəki kənd sakinləri -
1914-cü il təvəllüdlü Sadıqova Xatirə Əmrullah
qızı və 1922-ci il təvəllüdlü Namazova
Şahnisə Əziz qızı kənddən qaçqın
salıb. Ağbirçək qadınların hər ikisi yolda
çovğuna düşüb, məşəqqətli havada
donub həlak olublar;
24 noyabr 1988-ci il: Daşnak terror
qrupları Qubadlı rayonunun Eyvazlı, Qədirli, Davudlu kimi
Ermənistan SSR ilə sərhəd kəndlərinə həmlə
ediblər. Eyvazlı kəndi tamamilə yandırılıb;
25 noyabr 1988-ci il: Kalinino rayonunun 87
yaşlı sakini Məhəmməd Sadıqov isti
ocağını tərk etmədiyinə görə
daşnak terrorçuları onu vəhşicəsinə qətlə
yetirib;
27 noyabr 1988-ci il: Kirovakan şəhərində
at oynadan daşnak terror qrupu Vartana kəndinə soxulub. Daşnak
Qazanstyan Samvelin terror qrupu Bayramov Qaranı (evindən
çıxmadığına görə) vəhşicəsinə
qətlə yetiriblər. Lyova və Lendrum Xaçaturyan
qardaşları Hüseynova Leylini əzabla qətlə yetirirlər.
Vanesyan Samvelin terror qrupu İsgəndərov Mehralını,
arvadı Xanımı və 17 yaşlı Alimi
öldürülməzdən əvvəl Xanımı
soyunduraraq ərinin gözləri qarşısında
lüt-üryan rəqs etməyə məcbur ediblər. Bundan
sonra hər üçünü parça-parça
doğrayıblar. Qriqori Çavuşyanla Hamlet Qasparyanın
terror qrupu 1924-cü il təvəllüdlü Əliyev
Abdullanı öldürüblər. Evlərini tərk etmədiklərinə
görə Məmmədov Süleymanı Yosmedyan Surenin,
Alıyev Əhmədi isə Vazgenin terror qrupu qətlə
yetirib. Terrorçu Zehranyan Suren Əliyeva Fatmanı
"Niva" markalı minik maşınının təkərləri
altına salıb əzib. Beləliklə, kənd əhalisini
ölümlə təhdid edərək doğma ev-eşiyini tərk
etməyə məcbur qoyublar;
27 noyabr 1988-ci il: Daşnak
terrorçuları Masis rayonunun Zəhmət kəndinə
basqın ediblər. 5 nəfər, o cümlədən 10
yaşlı qız uşağı, 60 yaşlı qadın və
3 yeniyetmə gənc qətlə yetirilib;
27 noyabr - 7 dekabr 1988-ci il: Daşnak
terror qrupları son məqsədə çatmaq, Qərbi Azərbaycanda
türksüz Ermənistan yaratmaq üçün
ayrı-ayrı bölgələrin şəhər və kəndlərinə
kütləvi basqınlar ediblər. Bu sayaq çoxsaylı
insan tələfatı ilə nəticələnən
çoxlu terror aktları törədiblər: Allahverdi
(Tumanyan) rayonunda 4 nəfər, Amasiyada 13 nəfər (5
qadın, 1 uşaq), Axtada (Hrazdan) 3 nəfər (1 qadın),
Baranada (Noyemberyan) 3 nəfər (1 uşaq), Basarkeçərdə
(Vardenis) 43 nəfər (8 qadın, 4 uşaq), Böyük
Qarakilsədə (Quqark) 23 nəfər (6 qadın, 1 uşaq),
Vedidə (Ararat) 6 nəfər (1 qadın), Kalininoda 12 nəfər
(5 qadın), Qarakilsədə (Sisian) 5 nəfər (4
qadın), Qafanda 7 nəfər (3 qadın, 1 uşaq), Zəngibasarda
(Masis) 22 nəfər (4 qadın, 3 uşaq), Karvansarayda
(İcevan) 7 nəfər (1 qadın), Keşişkənddə
(Yexeqnadzor) 2 nəfər, Gorusda 2 nəfər,
Mığrıda (Meqri) 1 nəfər, Soylanda (Vayk) 15 nəfər
(4 qadın, 2 uşaq), Hamamlıda (Spitak) 15 nəfər (5
qadın, 1 uşaq), Çəmbərəkdə (Krasnoselski)
18 nəfər (7 qadın, 2 uşaq), Calaloğluda (Stepanovan) 8
nəfər (2 qadın) günahsız, əliyalın, köməksiz,
evini tərk etmək istəməyən dinc azərbaycanlılar-türklər
müxtəlif cür vəhşiliklərlə qətlə
yetiriliblər. Şəhid düşənlərdən 41 nəfəri
döyülməklə öldürülüb, 2 nəfərin
başı kəsilib, 11 nəfər diri-diri
yandırılıb, 1 nəfər asılıb, 3 nəfər
doğranıb, 29 nəfər maşınların təkəri
altına atılıb, 1 nəfər toka verilib, 16 nəfər
isə güllələnib. Qətlə yetirilən 216 nəfərin
57-si qadın, 23-ü isə uşaq olub. Bu amansız qətl
hadisələrini törədənlərin böyük bir
qisminin şəxsiyyəti məlum olsa da, onlardan heç
birini nə İrəvanın, nə də Moskvanın
hüquq-mühafizə orqanları cinayət məsuliyyətinə
cəlb etməyiblər;
28 noyabr 1988-ci il: Zəngibasar kəndinin
22 yaşlı sakini Müşfiq Tağıyev
köçünü Azərbaycana gətirərkən
Çubuqlu kəndi yaxınlığında daşnak
terrorçularının basqınına məruz qalıb. Özü
xüsusi qəddarlıqla qətlə yetirilərək cəsədi
tanınmaz hala salınıb. Əmlakı isə talan edilib;
28 noyabr 1988-ci il: Daşnak terror
qrupları Basarkeçər rayonunun Çaxırlı,
Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə
basqınlar ediblər. Nəqliyyat vasitəsi olmayan
imkansız, əliyalın əhalidən 34 nəfər
döyülərək işgəncə ilə qətlə
yetiriiblər. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə
adlamaq üçün Sarınər, Urumbasar gədiklərindən
aşmalı olublar. Qarda-çovğunda borana düşən
qaçqınlardan 12 nəfər donvurmadan tələf olub;
28 noyabr 1988-ci il: Zəngibasar
mahalının Nizami kənd sakini Mehdiyev Sabir və oğlu
daşnak terrorçularının təcavüzünə məruz
qalırlar. Hər ikisi vəhşicəsinə döyülərək
xəstəxanaya düşüblər. Daşnak xislətli
şəfqət bacıları Mehdiyev Sabiri qətlə
yetirilib, oğlu isə şikəst edilib. Milis forması
geymiş daşnaklar isə onun sol qulağını kəsiblər.
Yazıçı-publisist
Əlisahib Əroğulun araşdırmaları əsasında
təqdim etdi:
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 15 oktyabr.- S.11.