"Dağlıq Qarabağ işğaldan əvvəl sonra"

 

Qarabağ münaqişəsinə həsr olunan kitabın ıə "www.karabakhsonfilikt.com" saytının təqdimat mərasimi keçirildi

 

Oktyabrın 15-də Atatürk Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının (MAJL) həyata keçirdiyi "Azərbaycan Dağlıq Qarabağ bölgəsində yaşayan əhalinin işğala qədərki və işğaldan sonrakı dövrdə sosial-iqtisadi durumu" layihəsi çərçivəsində dəyirmi masa keçirildi.

Eyni zamanda tədbirdə "Dağlıq Qarabağ: işğaldan əvvəl və sonra" kitabının və "Karabakhsonfilikt.com" saytının təqdimat mərasimi də düzənləndi.

Dəyirmi masanı MAJL-ın sədri Qafar Çaxmaqlı açaraq bildirdi ki, layihənin əhatə etdiyi dövrdə çox maraqlı bir erməni avanturasını ifşa edib. Onun sözlərinə görə, ermənilər belə təqdlim edirlər ki, guya Dağlıq Qarabağda yaşayan erməni əhalisi Azərbaycanın tərkibində olərkən daim basqılarla üzləşib, onlar sosial-iqtisadi cəhətdən geridə qalıblar: "Dünya ictimaiyyəti bilərəkdən aldadılıb ki, guya ermənilərin burada heç bir milli-mədəni hüquqları olmayıb. Bununla məqsədi yalnız dünya ictimaiyyətində yanlış fikir formalaşdırmaq idi. Yəni Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar bir arada yaşaya bilməzlər, bir sözlə Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Erməni ideoloqların bu saxta "tezislərinin" tutarlı faktlarla təkzib edib, onların separatçı məqsədlərdən irəli gəldiyini sübut etmək üçün jurnalist araşdırmaları aparılıb. Bu sahənin mütəxəssislərinin iştirakıyla dəyirmi masalar keçirilib. Toplanan materiallar təşkilatın yaratdığı www.karabakhsonfilikt.com saytında yerləşdirilib. Eyni zamanda bu məqsədlə "Dağlıq Qarabağ işğaldan əvvəl və sonra" adlı kitab hazırlanıb çap edilib".

Qafar Çaxmaqlı dedi ki, kitabda Qarabağın tarixinə, ermənilərin bölgəyə köçürülməsindən, bu əraziyə olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə təqdim edilib: "Burada işğaldan əvvəlki dövrlərdəki həyat tərzi, sosial-iqtisadi inkişafın bir sıra aspektlərindən bəhs edilərək ermənilərin DQMV-in 1923-1991-ci illərdə geri qalması barədə fitnəkar bəyanatları ifşa edilir. Bu gün Dağlıq Qarabağın acınacaqlı durumu ilə bağlı inandırıcı dəlillər irəli sürülür, separatçı rejimin bu torpaqların yeraltı və yerüstü sərvətlərini talan etməsindən danışılır".

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının gördüyü işi dəyərləndirərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında atılan addımları təqdir etdi. Millət vəkili "Dağlıq Qarabağ işğaldan əvvəl və sonra" kitabının digər - rus, ingilis, türk, erməni və s. dillərə tərcümə edilməsinın də daha effektli olacağını söylədi: "Qafar Çaxmaqlı artıq bir neçə ildir ki, bizim qələm yoldaşımızdır. Bu kitabda bəlkədə bu gün bir çoxlarımızın unutduğu məqamlar qeydə alınıb. Qarabağ bizim acılı problemimiz olsa da, onu ermənilər özününküləşdirib dünya ictimaiyyətinə öz problemləri kimi tanıdırlar. Bu baxımdan bu sahədə bir sıra tədbirlər həyata keçirilsə də, ermənilərin başımıza gətirdikləri dəhşətləri dünyaya göstərmək, dünya ictimaiyyəini məlumatlandırmaq üçün bununla bağlı bir neçə dildə saytlar yaradılmalı, kitablar dərc olunub xaricdə paylanmalıdır. Bu təkcə Qafar Çaxmaqlının deyil, eyni zamanda hər birimizin vətəndaş borcudur. Bu işləri hamılıqla görməliyik".

Çıxışında Türkiyə-Ermənistan münasibətlərinə toxunan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, ermənilərin işğaldan əvvəl və daha sonra vəziyyətlərinin nə dərəcədə acınacaqlı olması göz qabağındadır: "Ümumiyyətlə, Türkiyə-Ermənistan münasibətinə gəlincə, mən əminəm ki, Türkiyə sərhədləri açacaq. Əlbətdə bu Azərbaycana heç vaxt sərf etməz, amma bu qardış dediyimiz ölkənin bizə olan hörmətsizliyidir. Təbii ki, Qarabağ problemi ilə bağlı biz hər zaman öz informasiya resusrlarımızdan narazı olmalıyıq. Çünki bu sahədə aparılan işləri heç də qənaətbəxş hesab etmək olmaz. Faciə bizim başımıza gətirilsə də, təəssüf ki, yalan olsa belə onlar bizdən daha yaxşı bunu dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, dünya əhalisini bütün bunlara inandırmaq istiqamətində işlərini davam etdirirlər. Bu mövzuda materialların kitab şəklində çap olunmasını mən alqışlayıram. Bu bizim tariximizdir və belə kitabların nəşri ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir".

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2009.- 16 oktyabr.- S.5.