Elm və Texnika Sənədləri arxivi laqeydsizlikdən gileylənir

 

        Şahsuvar Haşımov: "Həyatlarını dəyişmiş tanınmışların qohumları qiymətli sənədləri arxivə vermək barədə düşünmürlər"

 

"Dənizneftqazlayihə" 50 il, "Başdövlətlayihə" və Bakı Dövlət Layihə İnstitutu isə 30 ildir ki, layihə sənədlərini dövlət arxivinə vermirlər

 

Arxivin xalqın, dövlətçiliyin tarixindəki əvəzsiz yeri hər kəsə bəllidir. Ancaq təəssüf ki, başqa xalqlarla müqayisədə yaratdıqlarımız qorumaqənənəmiz gec formalaşdı. Bu gün xalq həyatı və yaradıcılığının, elmin bütün sahələrilə bağlı soraqların toplanılaraq sabaha çatdırılması, məsuliyyətlə qorunması xalqımızın, dövlətçiliyimizin təməlinin güclənməsində qarşıdakı mərhələdə daha böyük rol oynayacaq. Azərbaycanda təşəkkül tapmış elm və texnikanın zəngin tarixinə aid nadir və qiymətli sənədlərin min bir əziyyətlə toplanması, qorunması, dövlət mənafeyi naminə hərtərəfli istifadə olunmasında müstəsna rol oynayan Dövlət Elm və Texnika Sənədləri Arxivi 40 ildir yaradılıb. O vaxtdan bəri arxivə rəhbərlik edən əməkdar mədəniyyət işçisi Şahsuvar Haşımov deyir: "Qırx il əvvəl sabiq sovetlər ölkəsində Rusiya və Belarusiyadan sonra 3-cü olaraq yaradılan arxiv elm və texnika tariximizin vahid şəkildə mərkəzləşdirilməsi, tələb olunan qaydada işlənilməsi və istifadəsi kimi mürəkkəb problemin həll olunmasında əməli addım atan dövlət müəssisəsi oldu".

Ötən illər ərzində sərf olunan gərgin axtarışların və səbirli əməyin nəticəsi göz qabağındadır. Hazırda dövlət arxivinin mühafizə otaqlarında 160 fond üzrə 200 minə kimi qovluqda toplanmış on milyondan çox qiymətli və nadir sənəd var. Bu sənədlərin böyük bir qismi neft hasilatı, neft-maşınqayırma, neftkimiya sənayesi üzrə avadanlıqların, texniki qurğuların, dəzgahların, irəli sürülmüş elmi təkliflərin istehsalatda tətbiqolma tarixi, səmərəliliyi, tikinti, memarlıq, müasir şəhərsalma, bərpa-quruculuq işləri, energetika, suvarma təsərrüfatı, ərzaq sənayesindəki işlərin tarixini əks etdirir: "Neft sənayesilə bağlı sənədlərdən aydın olur ki, ötən 20-ci illərin sonuna kimi neft sənayesində işlədilən əksər avadanlıqlar çox baha qiymətə xaricdən alınırdı. Bu sahədə həmin illərdə formalaşmış elmi araşdırma və layihə institutlarının fəaliyyəti nəticəsində artıq 50-ci illərdən sonra vəziyyət köklü olaraq dəyişdi. Yəni Azərbaycan elmi potensialının gücüylə neft avadanlıqları hazırlayan ölkədən eyni zamanda Yaxın və Orta Şərq ölkələrinə bu avadanlıqları ixrac edən ölkəyə çevrildi".

Arxiv kollektivinin illər ərzində topladığı sənədlər, o cümlədən 70-ə qədər dünya şöhrətli və tanınmış alimlərin nadir sənədləri Azərbaycanda elm və texnikanın yüz ildən artıq bir dövrü üzrə zəngin inkişaf tarixinin öyrənilməsində əvəzsiz rol oynayır. Şahsuvar Haşımov deyir ki, hazırkı dövlət və özəl müəssisələrin, xarici ölkə şirkətlərinin işlərinin səmərəli təşkilində arxivdəki sənədlər müsbət rol oynaya bilər. Çünki neftayırma və neftkimiya sənayesi elmi-araşdırma, layihə institutlarının və bu vacib sahədə mühüm işlər aparmış tanınmış alimlərin şəxsi fondları ötən yüzilin 20-ci illərindən başlayaraq 70-80 il ərzində elm və texnika sahəsində əldə olunmuş naliyyətlərin çoxşaxəli tarixini özündə cəmləşdirib: "Keçən yüzilin ilk qərinəsində öz işlərinin səmərəli təşkilinə görə dünyanın ən güclü neft institutlarının və neftayırma mütəxəssislərinin diqqətini cəlb etmiş, Neftayırma Sənayesi üzrə Elmi-Tədqiqat İnstitutunun, 30-cu illərdə dünya şöhrəti qazanmış Mərkəzi Təcrübə Mübadiləsi İnstitutunun, Neft Maşınqayırma İnstitutunun, Aşağı Molekuliyarlı Olefinlərin alınması və emalı üzrə Elmi-Tədqiqat İnstitutunun sənədləri müasir tələblər baxımından müstəsna rol oynayır. Həmin illərdə belə institutlarda aparılmış nəhəng işlər haqda elmi hesabatlar, çoxsayli xarici mütəxəssis rəyləri, dünya standartlarına cavab verən və ağır texnikada işlədilən sürtgü yağlarının alınmasını, benzinin keyfiyyətinin dünya standartları səviyyəsinə qaldırılmasını, ABŞ-dan alınmış Kreginq neftayırma qurğularının istehsalatda yüksək səmərə verməsini xatırladan sənədlər sanballı araşdırma və təcrübə materialı sayıla bilər. Arxivin çoxsayli sənədləri arasında Azərbaycana dünya şöhrəti gətirmiş 70-ə qədər elm və texnika xadiminin şəxsi fondları mühafizə olunur. Elm və texnika tariximizin olduqca maraqlı məqamlarını əks etdirən bu sənədlər 1890-2006-cı illəri əhatə edir. Arxivin qiymətli fondları arasında texnika elmləri sahəsində İsrafil Quliyevin, Məmmədpaşa Quluzadənin, neft geologiyası sahəsində Əşrəf Əlizadənin, ilk neftçi geoloq Baxış Sultanovun, Mir Kazım Məmmədovun şəxsi fondlarına, dünya şöhrətli mühəndis Əyyub Tağıyevin, görkəmli alim Yusif Məmmədəliyevin şəxsi sənədlərinə, neftayırma, neftkimiya elmləri sahəsində Məcid Mərdanovun, Sahib Əliyevin, Seyid Rzanın, Baba Babazadənin, fizika-riyaziyyat elimləri sahəsində Ramiz Əliquluzadənin, tibb elimləri sahəsində Məhbubə Mahmudbəyovanın, Məmməd Əmin Əfəndiyevin, Bala Məcidovun, Talışınski və İmaməliyev ailəsinin, Umnisə Musabəyovanın, Mir Məmməd Cavadzadənin, Şükür Həsənovun, Adilə Namazovanın, Nazim Əfəndiyevin, seleksiyaçı alim Əhməd Rəcəblinin, onlarla başqalarının şəxsi fondlarına, tanınmış təşkilatçı alim Əziz Əliyevin şəxsi sənədləri bu arxivdə qorunur".

O qədər də asan başa gəlməyən şəxsi fondlar toplanarkən ilk növbədə alim və mühəndisin çalışdığı peşə sahəsində tutduğu müsbət mövqeyi, elm və texnikaya verdiyi töhfəni əsas ölçü kimi götürülür: "Elmi dərəcəsindən daha çox onun gördüyü işləri nəzərə almışıq. Məsələn, sənədləri dövlət arxivinin şəxsi fondları sırasında başlıca yer tutmuş Məmməd Paşa Quluzadə qazma işləri sahəsində dünyanın güclü mütəxəssislərindən biri olmaqla ölkədə maili qazma üzrə tam müstəqil bir məktəb yaradıb, habelə ona rəhbərlik edib. Onun gərgin elmi axtarışları nəticəsində yaratdığı bu məktəbin sorağı xaricdə hələ çoxdan məlum idi. Məmməd Paşa Quluzadənin araşdırmalarının 21 istiqamətdə yaratdığı nəzəriyyələr və buradan alınmış əməli nəticələr dünyanın bütün neft ölkələrində yüksək qiymətləndirilib. Onun Almaniya Demokratik Respublikasında, Hindistanda, Meksikada keçirilmiş beynəlxalq neft konqreslərindəki məruzələri dünya neft elminə yeni nailiyyətlər bəxş edib. 30-cu illərin sonunda 30 yaşlı Əyyub Tağıyev kimi cavan mühəndisin və onun rəhbərlik etdiyi Sınaq-Qazma Kontorunun şöhrəti dünyaya yayılıb. Çox keçmədən dünyanın neft ölkələri, o cümlədən ABŞ və Meksikanın iri neft şirkətləri Əyyub Tağıyevin rəhbərliyi ilə Bakıda hazırlanmış qazma turbinini almaq üçün lisenziyalar əldə ediblər. O, belə nəhəng işləri apararkən elmlər namizədi də deyildi. Əyyub Tağıyev ömrünün bir hissəsini Hindistanda və Braziliyada keçirib, hind xalqına neft bəxş edib".

XX əsrin 20-30-cu illərinə aid nadir məzmunlu sənədlərdə həm o dövr, həm də bu gün üçün maraqlı olan məqamlarla rastlaşırıq. ABŞ-ın Pitsburq Universitetinin professoru Roland Abelin rəhbərlik etdiyi alimlər qrupu Azərbaycanın yerli mütəxəssislərilə birlikdə Suraxanı nefti üzərində apardıqları ikillik axtarışdan sonra dünya standartlarına cavab verən sürtgü yağlarının alınmasına nail olunub. O illərdə dünyanın ən güclü neftayırma mütəxəssisi sayılan Çarlz Holland yazır: "Asfalt və naften əsaslı sürtgü yağlarının alınması və sənaye istehsalı sahəsində tətbiqinə görə Bakı dünyanın pioneridir".

Digər görkəmli alim L.Yuren ABŞ-da çıxan "Neft Mühəndisi" jurnalında yazırdı: "Bu (Azərbaycanın-red.) institutlarda çox işlər aparılır. Amerikanın heç bir elmi-tədqiqat müəssisəsi avadanlıq, iş şəraiti və işçilərinin sayına görə həmin institutlarla müqayisədə tab gətirə bilməz".

Elm və Texnika Sənədləri Arxivi Azərbaycanda yeganə arxivdir ki, sənədlərindən ölkədə geniş miqyasda həyata keçirilən dövlət əhəmiyyətli binaların yenidən qurulmasında, əsaslı bərpasında istifadə olunur. Şahsuvar Haşımov bildirir ki, arxivin qarşısına çıxan problemlər bugünün özündə də az deyil: "Belə problemlər sırasında işimizə daha çox mane olan aparıcı elmi-tədqiqat və layihə institutlarının tarixi elmi və əməli əhəmiyyətli sənədləri dövlət mühafizəsinə verməkdən imtina etmələrilə bağlıdır. Ölkə prezidentinin 27 iyul 1999-cu il tarixdə imzaladığı "Dövlət Arxiv Fondu haqqında" qanuna və iş üçün rəhbər tutulan arxiv-normativ təlimatlarına əsasən layihə, konstruktor, texnoloji işlər aparan institutlar hər 15 ilədək olan müddət ərzində, elmi-tədqiqat institutları isə 5 ildən sonra fəaliyyətləri prosesində yaranmış sənədlərini öz vəsaitləri hesabına tam qaydaya salıb dövlət arxivlərinə verməlidirlər. Bu qanunun tələblərinə əməl etməyən "Dənizneftqazlayihə" institutu düz 50 ildən bəri, "Başdövlətlayihə" və Bakı Dövlət Layihə İnstitutu isə 30 ildən bəri özlərində toplanmış layihə sənədlərini hazırlayıb dövlət arxivinə verməkdən imtina edirlər. Əksər elmi-tədqiqat tibb institutları da xalqımız üçün daha çox vacib olan sağlamlıq tariximizin inkişafı ilə bağlı qiymətli sənədləri dövlət mühafizəsinə vermək barədə heç düşünmək belə istəmirlər. Həyatlarını dəyişmiş bir çox tanınmış şəxsi sənəd sahiblərinin övladları, yaxud digər qohumları da bəzən belə mövqe tuturlar".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 16 oktyabr.- S.14.