Müstəqilliyə aparan yol

 

Hürriyyət hər bir millətin ən böyük sərvətidir. Hürriyyət heç nəylə müqayisə edilə bilməz. Millət azaddırsa, yaşayacaq və tarixdə öz layiqli yerini tutacaq.

...XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi hadisələr Azərbaycan milli demokratlarını da millətin gələcəyi naminə gərəkli fəaliyyətə sövq etdi. Yeganə qurtuluş yolunun müstəqillik olduğunu dərk edənlər Məhəmməd Əmin Rəsulzadənin öndəri olduğu istiqlal yolunu seçdilər. Rəsulzadə millətin özünə dönməsini istəyirdi, yalnız bu yolla hürriyətə qovuşmağın mümkünlüyünü anlayırdı. "Ümmət birliyi deyil, millət birliyi istiqlalı gətirər"-deyirdi, Cumhuriyyətin qurucusu. Bütün əsərlərində "Azərbaycan istiqlala çatacaq" yazırdı. Rəsulzadə bütün varlığı ilə inanırdı buna. Artıq inandığı yolda qələbə qazanmaq anı gəlmişdi.

1918-ci il may ayının 28-də Azərbaycan xalqı müstəqillik qazandı, cümhuriyyətini qurdu. Qanlı olaylara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratiya prinsipləri üzərində formalaşdı. Artıq xalqımızın mənəvi dəyərlərini əks etdirən dövlət bayrağı, dövlət gerbi, dövlət himnimiz vardı. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan bayrağına ən böyük dəyəri verdi: "Bir daha yüksələn bayraq, bir daha enməz!"

Cümhuriyyətin qurucuları idarəçilikdə, hərb sahəsində, təhsildə yeniliklərə imza atdılar.

Nə yazıq ki, o, gözəl günlərin ömrü çox qısa oldu. 23 aylıq Cümhuriyyətimizə rus imperiyası asi düşdü, müstəqilliyimizi əlimizdən aldı. Dövlətçilik ənənələrimizi məhv etməyə çalışdı. İmperiyanın varımızı-yoxumuzu əlimizdən almaq, milli kimliyimizi məhv etmək istəyirdi. Azərbaycanı represiyalar bürüdü. Millətin düşünən beyinlərinə "xalq düşməni" damğası vurdular. Bizi çox aldatdılar, çox dəyərlərimizi aşındırdılar. Ancaq bir şeyi unutmuşdular-"Su gələn arxa bir də gələr".

Yetmiş ildən sonra xalq müstəqillik uğrunda ayağa qalxdı. Xalq Cəbhəsinin öndərliyilə meydanlara axanların mübarizə əzmi dünyaya nümunə oldu. Azərbaycan Milli Azadlıq Hərəkatı keçmiş SSRİ ərazisindəki milli hərəkatların ən güclüsü idi. Bu mücadilə müstəqil dövlətin elanına doğru irəliləyirdi. 1991-ci ilin avqustunda Azərbaycanın Müstəqillik Bəyannaməsi qəbul edildi. 1991-ci ilin 18 oktyabında isə Azərbaycan Respublikasının Müstəqillik haqqında Konstitusiya Aktının elan olundu.

Azərbaycan xalqı tarixi torpaqlarının kiçik bir hissəsində öz müstəqil dövlətçiliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğumuzu Konstitusiya Aktında göstərdik. Üçrəngli bayrağımız yenə göylərimizin ən nazlı gözəli oldu.

Unutduq ki, düşmən çox qəddar, amansızdır, qaniçəndir, saxtakardır, Türk düşmənidir. İnana bilmədik ki, dünənə kimi "böyük qardaş" dediyimiz bu qədər əzazil, ədalətsiz, işğalçıdır. Dünən qədər payımızı verdiklərimiz bizə düşmən oldu, meydanda tək qaldıq. Torpaqlarımız işğal olundu, bir milyon soydaşımız yurd-yuvasından didərgin düşdü.

...Milli Azadlıq Hərəkatımız hələ bitməyib, yekunlaşmayıb. Bu gün işğal olunmuş torpaqlarımızın, Qarabağımızın azadlığı uğrunda mübarizə aparırıq. İnanırıq ki, bu müqəddəs mübarizəmiz qələbəylə sonuclanacaq...    "Biz hərbi gücümüzü artırırıq"

 Prezident İlham Əliyev: "Düzdür, bu, böyük vəsait tələb edir, ancaq bunu etməliyik

Azərbaycan prezidenti İlham Əliyev Hövsan qəsəbəsində ikinci Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, eyni zamanda minik avtomobillərinin təqdim olunması mərasimində çıxış edərkən bir sıra məsələlərdən danışıb.

 

 

Gülsüm Cəlilsoy

 

Xalq Cəbhəsi.- 2009.- 17 oktyabr.- S.14.