"Hər
qaranlıqda çırpınır bir nur, Hər həqiqətdə
bir xəyal uyuyur"
Professor Kamran Əliyev:
"Cavid bənzərsiz əsərlər, qürurlu qəhrəmanlar
yaradıb"
Hüseyn Cavidin anadan olmasından
127 il ötür
I yazı
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasından 127 il ötür. O, təkcə 20-ci yüzilin deyil, ümumən bəşər mədəniyyətinin uca imzalarından biridir. Onun "Şeyx Sənan", "Uçurum", "Peyğəmbər", "İblis" kimi əsərləri mövzu aktuallığına, problemə özünəməxsus yanaşmasına görə ədəbiyyatın əbədiyyət məqamına yetir. Yüzillər ötəcək, dahi Hüseyn Cavidin yaradıcılığı yenə də araşdırılacaq, insanların mənəvi dünyasını zənginləşdirəcək. Qısaca Cavidin ömrü haqda bilgiyə nəzər yetirək. Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində anadan olub. İlk təhsilini mollaxanada alıb, sonra isə dövrünün tanınmış aydınlarından olan Məhəmməd Tağı Sidqinin məktəbində davam etdirib. İlk şerlərini "Gülçin" və "Salik" təxəllüslərilə yazıb. 1898-1903-cü illərdə Təbrizdəki "Talibiyyə" məktəbində oxuyub. 1903-cü ildən Məhəmmədağa Şahtaxtlının nəşr etdiyi "Şərqi-Rus" qəzetində məqalələrlə çıxış edib. 1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində oxuyub. Buradan "İrşad" qəzetinə və "Füyuzat" jurnalına şerlər göndərib. 1909-10-cu illərdə Naxçıvanda müəllimliklə, 1911-1917-ci illərdə Tiflisdə bədii və pedaqoji yaradıcılıqla məşğul olub. 1913-cü ildə Tiflisdə "Keçmiş günlər", 1917-ci ildə "Bahar şəbnəmləri" adlı kitabları işıq üzü görüb. 1918-1919-cu illərdə Naxçıvana qayıdaraq "Rüşdiyyə" məktəbində dərs deyib. 1920-ci ildən sonra Müəllimlər İnstitutunda və Bakı Teatr Texnikumunda tədrislə məşğul olub. 1926-cı ildə gözlərini müalicə etdirmək üçün dövlət tərəfindən Almaniyaya göndərilib. 1937-ci il iyunun 4-də həbs edilib, Uzaq Sibirə sürgün olunub. 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat edib. 1956-cı il martın 6-da bəraət verilib.
Hüseyn Cavidin həyat və yaradıcılığının tanınmış araşdırıcısı professor Kamran Əliyev bu qənaətdədir ki, dahi şairin yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə, ictimai həyat salnaməsinə əbədiyyət qələmilə həkk olunub: "O, bütün ömrü boyu məsuliyyətlə yaşayıb. Şair, dramaturq, publisist, müəllim, ən başlıcası isə ziyalı kimi tanınan Hüseyn Cavid həmişə məsləkinə sadiq olub, bədii əsərlərilə əqidəsinin daşıyıcısına çevrilib. İlk qələm təcrübələrindən ədəbi ictimaiyyətin və ədəbi tənqidin diqqətini cəlb edib, əsərləri yüksək səviyyədə dəyərləndirilib. Çünki o, kimdən və nədən necə yazmağın sirrini bilirdi, öz istək və arzularının poeziyasını yaradırdı. Bu mənada onun ilk kitabını "Keçmiş günlər" adlandırması təsadüfi deyil. Əslində keçmiş günlər geniş mənada tarixi yaddaş və hətta uzaq gələcəyin də əsası olan bir yaddaşdır. Cavid bir az tanındıqdan sonra 1915-ci ildə "Yeni iqbal" qəzeti şairi "Qafqazın ən dərin düşüncəli və incə duyğulu əməlpərvər, həqiqi şairi" kimi qiymətləndirirdi. Hətta 1918-ci ildə Cavidin ölümü haqqında yalan məlumat, şaiyə yayılanda "Bəsirət" qəzeti onu "Qafqazın məşhur ədiblərindən" biri kimi yad etdi".
Kamran Əliyev bildirir ki, bütün bunlar iki cəhətdən təbii idi: "Bir tərəfdən Cavid o dövr sənətkarları içərisində özünəməxsus mövqe qazanmış, digər tərəfdən də Qafqaz həyatının bilicilərindən olmuş, bu həyatın ən gərəkli problemlərini teatr səhnəsinə gətirmişdi. Məsələn, "Ana" pyesində Dağıstan həyatını göstərir, burada böyüyən ananın müdrikliyini mənalandırır. "Maral" pyesində "Qafqaz şəhərlərinin birində vaqe olan" hadisələri təsvir edir, Barjominin füsunkar təbiəti qoynunda əzilən və öz arzuları uğrunda çarpışaraq məhv olan məsum insanların faciəsini qələmə alır. Bir müddət Tiflisdə yaşayan Rza Təhmasib və Əziz Şəriflə tez-tez Şeyx Sənan dağına gəzməyə gedən Hüseyn Cavid üçün bunlar adi gəzintilər olmadı. Cavid əvvəlcə "Şeyx Sənan" şerini, sonra "Şeyx Sənan" faciəsini yazdı və bununla da şairin həyatı və dünyanı duymaq istedadı yeni zirvəyə çatdı. Şair-dramaturq qarşısına qoyduğu fikir və ideyanın oxuculara və tamaşaçılara çatdırılması üçün ən mükəmməl bədii formalar axtarır və bunları canlı şəkildə verməyi üstün tuturdu. O, yaxşı bilirdi ki, hərəkətlər vasitəsilə tamaşaçıya çatdırılan ideya hafizələrdə daha tez iz salar, daha çox yaşaya bilər. Cavidin "Şeyx Sənan"dan sonra qələmə aldığı "İblis" əsəri Azərbaycan ədəbiyyatında və teatr səhnəsində hadisəyə çevrildi. Təsadüfi deyil ki, Azərbaycan teatrının səhnəsi 1920-ci ildə məhz "İblis" tamaşası ilə açıldı. Beləliklə, "Cavid teatrı" yaranaraq inkişaf etdi. İki il istisna olmaqla 1930-cu ilə kimi bütün teatr mövsümləri Cavidin müxtəlif səhnə əsərləri ilə açıldı.
Azərbaycan teatr tarixində Cavidin obrazları ilə məktəb keçən və məşhurlaşan aktyorlar nəsli yetişdi. Böyük şəxsiyyətlər kimi tanınan A.Şərifzadə (İblis), K.Ziya (Arif), R.Darablı (Şeyx Sənan), Mərziyə xanım (Xavər) kimi qüdrətli aktyorların ənənələri indi də yaşamaqdadır.
Cavid həmişə əsərlərini öz şəxsiyyəti kimi qoruyan, hər misrasında yenilməz şəxsiyyətini yaşadan, Rza Təhmasibin təbirincə desək, insanı heyrətə gətirən bir qürura malik idi. Cavid orijinal, bənzərsiz əsərlər, qürurlu qəhrəmanlar yaradıb: Peyğəmbər, Topal Teymur. Knyaz, Səyavuş, Xəyyam, Afət lazım gələrsə, gözəlliyə xəyanət edəni də, özünü də öldürə bilir. Peyğəmbər bütün insanlığı haqq yola dəvət edir. Tarixi qələbə və tarixi məğlubiyyət üzərində qurulmuş "Topal Teymur" dramındakı baş qəhrəman - "Topal Teymur" duyğu və düşüncənin, narahatlıq və təəssüfün, həyəcan və heyrətin mənbəyi olur. Teymur və Yıldırımın daxilində yaşayan məğrurluq və təəssüf qoşa hiss kimi aparıcı amilə çevrilir. Əsərin sonunda ortaya çıxan ideya ilə bütün yaradıcılığı boyu qan və ədalətsiz döyüşlər əleyhinə olan Cavid "Kəssə hər kimi tökülən qan izini, qurtaran dahi odur yer üzünü" - deyir".
Araşdırmaçı Cavidin şəxsiyyətcə ağır və səbirli olmasını bir daha təsdiqləyən məqamlardan birini danışır: "Azərbaycan ziyalılarının 1927-ci ildə Bakıya gəlmiş rus şairi Vladimr Mayakovski ilə birgə şəkil çəkdirmək mərasimini xatırlayan Süleyman Rüstəm yazır: "Mayakovski zarafata başladı. O, boş bir araq şüşəsi tapıb dedi ki, bu şüşə mütləq şəkildə görünməlidir, çünki bir para şairlərin ilham mənbəyidir. Biz gülüşdük. Hüseyn Cavid bir az pərt olub dedi: "Əgər bu araq şüşəsi şəkildə çıxacaqsa, onda mən şəkil çəkdirmək istəmirəm".
Cavidin sənətə münasibəti məsələsindən danışan araşdırmaçı deyir ki, Cavid bütün yaradıcılığı boyu sənətkara böyük məhəbbətini ifadə edib: "O, hələ "Uçurum" əsərində rəssamlığa xəyanət edən Cəlalın faciəsini verib. "Şeyda" əsərində də rəssam obrazı canlandırılıb. Bir az sonra isə "Topal Teymur"da ittihamçı Şair Kirmani surəti yaradılıb. Cavidin sənətə və sənətkar şəxsiyyətinə məhəbbəti "Xəyyam" əsərilə ən yüksək zirvəyə çatır. Belə bir zirvədə isə Xəyyamı özü kimi - necə varsa, o cür göstərmək, onun yaradıcılığını və şəxsiyyətini vəhdətdə təqdim etmək nəinki vəzifə, eyni zamanda borc idi. Ötən yüzilin 20-30-cu illərində yazdığı əsərlər Cavidi yenidən məşhurlaşdırdı. Hətta 1936-cı ildə Moskvada Yazıçılar İttifaqının 3-cü plenumunda Əli Nazim Hüseyn Cavidi görkəmli yazıçılarla bir sırada təqdim etdi və "böyük dramatik əsərlər yaratmış" sənətkar kimi səciyyələndirdi. Artıq bütün bunlar təsdiq edirdi ki, Cavid həmişə vəhdətdə olan şəxsiyyəti və yaradıcılığı ilə dünyanın böyük sənətkarları səviyyəsinə ucalıb".
"Yüksələn fəqət enməz", bu ifadə Hüseyn Cavidin məşhur "Şeyx Sənan"ındandır. İnsanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, sirli-sehrli, bənzərsiz sevgisini, daim yüksəlmək, həqiqətə qovuşmaq ehtirasını özündə təsdiq edən bu əsər bütün hallarda ağıllı tamaşaçını ovsunlayır. Mübaliğəsiz demək olar, dünya dramaturgiyasında "Şeyx Sənan" ruhlu ikinci bir əsər tapmaq çox çətindir. Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışları bənzərsiz ifadəsini tapıb. Hələ ki, hadisələr başlanmayıb. Amma bu, tamaşaçını qarşıda gərgin bir həqiqət axtarışına təkcə tamaşaçı olmağa yox, həm də daxilən, ruhən hadisələrin içində olmağa səsləyir. Zəhra daxilən, ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə olduğunu anlayır. Anlayır ki, Şeyx Sənanın hüsnünün gözəlliyi, elmi-kamalının ucalığı ruhunun qeyri-adiliyindəndir. O, Sənanın əhvalını sorur: indi sevdiyi Sənan əvvəlki deyil. Hər vəchlə Sənan Zəhranı başından eləməyə çalışır. Bu an Sənanın gözünə Xumarın qayibanə səsi gəlir: "Şeyx, gəl-gəl! Sevimli Sənan gəl-gəl! Sənə layiq deyil o yer, o yüksəl!"
Bu, artıq Sənanın həqiqətin səsini eşitməsidir. O, günlərlə dalınca sürünən Zəhraya gözucu baxır, əslində bu, Sənanın yüksək həqiqət məqamına yetməsi səbəbindən deyil. Sənan indi bir mürşiddir deyə, daha şəstli görünür, ancaq daxilən kamilliyinə inanmır.
Şeyx Sənan Qafqazda dərvişlə rastlaşır. Dərviş onun gözlərindəki kədərin səbəbini açır. Müridlər çaşırlar, onlar sərsəm dərvişə uymamaqdan ötrü Sənana yalvarırlar. Ancaq artıq gecdir. Bu məqamdan başlayaraq Sənanın gərgin halı yenidən alışmağa başlayır. Sənan bütün fikirlərinin məhv olduğunu, içində böyük bir boşluğun yarandığını bildirir. Şeyx Sənan qəti şəkildə müridləri rədd edir. Artıq onun üçün Xumar yoxdur, yalnız mələk var. Sinəsindən xaç asır, tərəddüd etmir. Bu, onun xristianlığı qəbul etməsi deyil. Onun üçün eşqdən başqa nə varsa, yalandır. O, Xumarı Kəbəsi sayır. Platonun şərtinə görə, Sənan iki il donuz otarır. O, Xumarla bağlı hər nə əmr olsa, qəbul edir, tərəddüdü ağlına belə gətirmir. Müridlər Şeyx Sənanı anlamaq qüdrətində deyillər. Onlar "Şeyx satdı dini-imanı"- deyirlər. Ancaq tamaşa boyunca Şeyxin ardınca sürünürlər, ümid edirlər ki, bəlkə Şeyx yenidən onlara doğru gəlsin. Amma Şeyx Sənan aqibətində qətidir. O, aqibət yolçusudur. Antonun Şeyx Sənanı öldürmək istəyi, Şeyxin bir təsadüf nəticəsində ölümdən qurtulması tamaşaçını həyəcanlara qərq edir. Xumar Şeyxin halını çox gözəl duyur. Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Hətta Sənan əsərin sonuna yaxın əvvəlki dövrdə qadına münasibətindəki duyğularına qayıdan kimi görünür. Lakin Xumarın onunla birgə ölümə belə getmək istəməsi Şeyx Sənanın Xumarla ruhən birliyini təsdiq edir. Qarşıda ucalıq, göylük aqibəti var...
Cavid isə öz qəhrəmanının ömrünü gerçəkdə yaşadı: zamana boyun əymədi, gerçəkliyi ötdü.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 21 oktyabr.- S.14.