Qanlı deportasiya illəri...
1948-53-cü illərdə Ermənistandan
100 mindən çox soydaşımız qovulub
Ataxan Paşayev: "Kür-Araz
ovalığına köçürülmüş azərbaycanlılar
dədə-baba torpaqlarına qayıdanda Ermənistanın rəhbərləri
hay-küy salırdılar"
Azərbaycan türklərinin 1948-1953-cü illərdə Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasının ilk araşdırıcılarından biri kimi tanınmış Azərbaycan Milli Arxivinin rəisi Ataxan Paşayev azərbaycanlıların başına gətirilən köçürülmə fəlakətindən danışaraq bildirir ki, "Ellər atası" Stalinin 1947-ci il dekabrın 23-də imzaladığı SSRİ Nazirlər Sovetinin 4083 saylı qərarına əsasən 1948-1953-cü illərdə yüz min soydaşımızın Kür-Araz ovalığına köçürülməsi planlaşdırılmışdı.
I yazı
Azərbaycan Türkləri
yüzillər boyu ömür sürdükləri doğma vətənlərindən,
dədə-baba yurdlarından - Göyçə, Zəngəzur,
Zəngibasar, Vedibasar
mahallarından zorla Azərbaycanın
Kür-Araz ovalığının ilan mələyən
düzlərinə səpələndilər."Tam
könüllülük" pərdəsi altında
köçürülən bu əhali səfalı
yaylaqları, bağ-bağçaları, doğma ev-eşiklərini,
dədə-baba yurdlarını gözü yaşlı tərk
etdilər. Uzun illər azərbaycanlıların dədə-
baba torpaqlarından deportasiya olunmasının öyrənilməsi
sovet dövründə qəti şəkildə qadağan
olunan mövzulardan idi. Bütün bu illər ərzində
zülmə düçar olanlar için-için
yanmış, qovrulmuş, qorxudan dərdlərini belə
açıb-ağarda bilməmişlər. Xalqın müsibəti
haqqında heç nə deyilməmiş,
yazılmamışdı. Bu haqda ilk dəfə 1988-ci il hadisələrindən
sonra danışılmağa başlandı. Ancaq yenə də
köçürülənlərin sayı,
köçürülmənin səbəbləri və s.
haqqında bir-birinə zidd məlumatlar verilir, rəylər
söylənilirdi.
Tariximizin qaranlıq səhifələrindən
olan bu məsələlərə dair əsl həqiqəti
üzə çıxarmaq məqsədilə ilk dəfə
Ataxan Paşayev arxivlərdə geniş araşdırma
işi aparıb: "Azərbaycanlılar üçün
yurd itirməkdən ağır dərd ola bilməz. Deportasiya
zamanı onlar yeni şəraitə çətinliklə
alışır, çox vaxt isə alışa bilməyərək
məhv olurdular. Nankor qonşularımız ermənilər isə
əksinə, pərpətöyün toxumu kimi hara
düşürsə, dərhal kök salır, artıb
törəyirlər. 1918-ci ilədək demək olar ki, faktiki
ərazisi olmayan Ermənistan 1920-ci ildən, yəni Zaqafqaziya
sovetləşəndən bəri əsasən Azərbaycan
torpaqlarının hesabına öz ərazisini
addım-addım genişləndirdi. 1920-ci ildə Zəngəzur
kimi yağlı bir loxmaya sahib olan ermənilər bu
torpaqların əsil sahiblərini öz doğma
yurd-yuvalarından sıxışdırıb
çıxardılar. 1921-ci ildə Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi
haqqındakı planları baş tutmayan ermənilər
1923-cü ildə ona muxtariyyat verilməsinə nail oldular.
1929-cu ildə Nüvədi, Exnadzor və Tuqut kəndləri
Ermənistanın Mehri rayonuna verildi. Elə həmin ildə azərbaycanlılar
yaşayan 9 kənd əlavə olaraq Ermənistana birləşdirildi.
70 ildə Azərbaycan və azərbaycanlılar yaşayan ərazi
ilə bağlı məsələlərdə Ermənistan rəhbərliyi
qarşısında başlıca olaraq iki məsələni
qoymuşdu: əvvəla, Ermənistan ərazisindəki azərbaycanlı
əhalini nə yolla olursa-olsun oradan
sıxışdırıb çıxarmaq, ikincisi isə Azərbaycan
Respublikasının torpaqları hesabına öz ərazisini
genişləndirmək. Bu illər ərzində Ermənistanda
rəhbərliyə kimin gəlməsindən asılı
olmayaraq bu vəzifələr dönmədən və
ardıcıl şəkildə yerinə yetirilib."
Ataxan Paşayev daha sonra bildirir
ki, 1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q.Arutyunov
Stalinə məktubunda yenidən Qarabağın Ermənistan
SSR-ə verilməsi məsələsini qaldırdı.
Özü də həyasızlıq o yerə çatır
ki, əgər həmin məsələ müsbət həll
olunarsa, onda Qarabağın keçmiş mərkəzi və
1920-ci ildə dağıdılmış Şuşanın bərpası
haqqında hazırlanmış əlavə təkliflərin
də Mərkəzi hökumətə təqdim
olunacağı bildirilirdi. Stalin həmin məktubu Malenkovun
üstünə, o da cavab üçün onu Azərbaycan rəhbərliyinə
göndərir. Mir Cəfər Bağırov məktuba
cavabında bildirir ki, həmin təklifə etiraz etmir, bu
şərtlə Ermənistan SSR, Gürcüstan SSR,
Dağıstan SSR-də əsasən azərbaycanlılar
yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən
Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər
də onun özünə qaytarılsın. Belə bir şəraitdə
məsələnin arzuolunmaz istiqamət ala biləcəyini
başa düşən Stalin bu təklifin gələcək
inkişafına nöqtə qoyur: "Moskvada mikoyanların,
tevosyanların rəhbərlik etdiyi erməni lobbisi təbii
ki, bununla barışa bilməzdi. Onlar manevr etməli olurlar: əgər
Azərbaycan Dağlıq Qarabağ müqabilində öz sərhədlərinə
yaxın rayonlardakı azərbaycanlılar yaşayan
torpaqları tələb edirsə, onda niyə tezliklə
taktika dəyişdirilməsin? Belə də edirlər. Azərbaycanda
heç kəsin gözləmədiyi bir halda 1947-ci il dekabr
ayının 23-də "Ermənistan SSR-dən
kolxozçuların və başqa azərbaycanlı əhalinin
Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında" SSRİ Nazirlər
Sovetinin qərarı çıxır. Stalinin
imzaladığı heç bir girişsiz, izahsız,
yalnız birdən-birə qərar hissəsindən
başlayan bu sənəd məzmunundan da
göründüyü kimi çox tələsik
hazırlanmışdı. 1948-ci ilin mart ayının 10-da
SSRİ Nazirlər Soveti həmin qərara əlavə olaraq
ikinci bir qərar qəbul edir. Özü də
köçürmə ilə əlaqədar tədbirlər
planı ikinci qərarda ətraflı şərh olunur."
SSRİ Nazirlər Sovetinin 1947-ci
il 23 dekabr tarixli qərarında göstərilirdi ki,
1948-1950-ci illərdə "könüllülük prinsipləri
əsasında" Ermənistan SSR-də yaşayan 100 min
kolxozçu və digər əhali Azərobaycan SSR-nin
Kür-Araz ovalığına köçürülsün.
Onlardan 1948-ci ildə 10 min nəfərin, 1949-cu ildə 40 min nəfərin
və 1950-ci ildə isə 50 min nəfərin
köçürülməsi nəzərdə tutulurdu. Qərarda
daha sonra Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərinə
tapşırılırdı ki, köçürüləcək
əhali arasında köçürmənin şərtləri
və köçürülənlərə dövlət tərəfindən
güzəştlər haqqında geniş izahat işləri
aparılsın. Köçürülənlərlə
onların yola salınmasından ən geci 10 gün qabaq
bütün hesablar aparılsın, qazandıqları əmək
günlərinin haqqı ödənilsin, köçənlərin
şəxsi istifadəsində olan bütün əmlakın,
o cümlədən heyvan və quşların
aparılmasına da şərait yaradılsın. Amma qərara
bu cür əməl edilmədi".
Ataxan Paşayev daha sonra bildirir
ki, qərarın belə təcili hazırlanmasının
mahiyyətini onun axırıncı 11-ci maddəsi
açır: "Orada deyilir:"Ermənistan SSR Nazirlər
Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi
ilə əlaqədar onların boşaltdıqları tikililəri
və yaşayış evlərini xaricdən Ermənistana gələn
erməniləri yerləşdirmək üçün istifadə
etsinlər". Əksərən dağ kəndlərindən
köçürülən azərbaycanlıların yerinə
xaricdən gələn ermənilər getmədi. Onlar Ermənistanın
dağ kəndlərini abad etmək üçün deyil,
"Böyük Ermənistan "yaratmaq xülyası ilə
gəlirdilər. Azərbaycanlıların
köçürüldüyü dağ kəndləri az
sonra ermənilərin ora gəlməməsi səbəbindən
sonralar xarabazarlığa çevrildi".
1949-cu ildə Ermənistan SSR-dən
azərbaycanlı əhali kütləvi şəkildə
Kür-Araz ovalığındakı Zərdab, Əli
Bayramlı, Kürdəmir, Göyçay, Mir Bəşir,
Salyan, Sabirabad, Yevlax rayonlarına
köçürülür. Yaşayış evlərinin,
ictimai binaların, içməli suyun və s. olmaması həmin
rayonların rəhbərlərini məcbur edirdi ki,
bütün vasitələrdən yararlanaraq
köçürülənləri yerləşdirməkdən
boyun qaçırsınlar: "Sənədlərdən
aydın olur ki, Ermənistan SSR-dən gəlmiş
eşalonlar günlərlə dəmir yol stansiyalarında
dayanır, yalnız yuxarıdan təzyiq onları məcbur
edirdi ki, köçürülənləri qəbul etsinlər.
Bu zaman köçkünləri yerləşdirməyə yer
tapılmır, onlar yerli kolxozçuların evlərinə
paylanır, bu da həm gəlmələr, həm də yerli əhali
üçün əlavə narahatlıqlar yaradırdı.
Köçürülən mal-qaranın sayı belə dəqiqliklə
qeydiyyatdan keçirildiyi halda 1948-1953-cü illərdə Ermənistandan
Azərbaycana köçürülən azərbaycanlı əhalinin
dəqiq uçotu olmayıb."
Maraqlı bir fakt: "1950-ci ilin
noyabrında Ermənistanın Zəngibasar rayonu Rəşidabad
kəndindəki "Azad" kolxozundan Azərbaycanın
Ağcabədi rayonunun Molotov adına kolxozuna
köçürülmüş Əmir İsmayılov
1951-ci il avqustun əvvəllərində yenidən öz
doğma kəndinə qayıdır. Avqustun 13-də isə
İrəvandan Moskvaya Stalinin adına aşağıdakı
məzmunda teleqram göndərir: "Əziz atamız Stalin!
Sizə məlum edirəm ki, bizi 1950-ci ildə Ermənistan
SSR-dən Azərbaycan SSR-ə köçürdülər.
Yenə də geriyə-Ermənistana qayıtmalı olduq. O səbəbə
ki, Azərbaycanda bizim yaşayışımız
üçün şərait yoxdur. Azərbaycanın iqlim
şəraiti bizə uyğun deyil. Uşaqlarımız orada
tələf oldu, özümüz isə bu günə qədər
xəstəyik. Əziz ata! Sizdən xahiş edirik ki, bizə
imkan verəsiniz, yenə də Ermənistan SSR-də
yaşayaq."
1951-ci ildə SSRİ Nazirlər
Soveti yanında Baş Köçürmə İdarəsi
kollegiya iclaslarında üç dəfə azərbaycanlıların
köçürülməsi vəziyyətini müzakirə
edib. Hər dəfə də köçürmə işinin
qeyri-qənaətbəxş getdiyi qeyd olunub. Kür-Araz
ovalığına köçürülmüş azərbaycanların
öz dədə-baba torpaqlarına qayıtması halları
mühaşidə edilən kimi Ermənistanın rəhbərləri
hay-küy salırdılar: "1953-cü ildə Stalinin
ölümündən sonra Ermənistandan Kür-Araz
ovalığına köçürmənin sürəti
azalır. Bundan sonra isə əks proses gedir. Azərbaycana
köçürülmüş əhali geri qayıtmağa
başlayır. Bu proses 1954-cü ildə daha da sürətlənir.
Ermənistanın rəhbərləri buna qəti olaraq
etirazlarını bildirirlər".
Köçürülməylə
bağlı faktları hərtərəfli araşdıran
Ataxan Paşayev bu qənaətə gəlir ki, 1948-1953-cü
illərdə Ermənistandan 100 min nəfərdən çox
azərbaycanlı köçürülüb və ya
köçməyə məcbur olub. Bu illərdə bir nəfər
də olsun azərbaycanlı Dağlıq Qarabağ ərazisinə
buraxılmayıb, əksinə, "daxili köçürmə"
adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 azərbaycanlı
ailəsi, yəni 549 nəfər Xanlar rayonuna
köçürülüb. Beləliklə də
"Böyük Ermənistan" üçün ərazilərin
boşaldılması işi sürətlə davam etdirilib.
(Davamı var)
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 21 oktyabr.- S.11.