"Bu ucalığa hər qələm yetişməz"

 

 Musa Yaqub: "Hüseyn Cavidin bənzərsiz romantikasından doğulmuş əsərləri daim ucalığını, əlçatmazlığını saxlayır"

 

Hüseyn Cavid -127

 

II yazı

 

"Mənim tanrım gözəllikdir, sevgidir"- deyən Cavidin yaradıcılığı hər zaman aktualdır. Tanınmış şair Musa Yaqub özünün həyata, dünyaya, insana münasibətinin formalaşmasında Hüseyn Cavidin əvəzsiz təsirindən danışdı: "Əslində bizim nəslin yaddaşında, yəni həm poeziya, həm də ömür nümunəsi sarıdan Hüseyn Cavid obrazı abidələşib. Zamanın gərdişindən idi, bizim vaxtımızda Cavidin dərsliklərə salınması qadağan olunmuşdu. Həmişə müəllimlərimdən, eləcə də professor Abbas Zamanovdan və başqa ədəbiyyatşünaslardan Hüseyn Cavid, onun şeirləri barədə eşidirdim. "İblis", "Şeyx Sənan", "Peyğəmbər", "Uçurum", "Səyavuş" və başqa əsərlərinin adı gələndə yerimizdən diksinirdik ki, görəsən, indi bəzilərinin haqqında heyrətlə danışdıqları bu əsərlər necə olub? Cavid bəraət aldıqdan sonra onun əsərləri çap olunmağa başladı. Yadımdadır, "Şeyx Sənan"ı böyük bir məhəbbətlə oxuyurdum. Əsərin şeriyyətinə vurulmuşdum, tamaşasına da dəfələrlə baxdım. Birdən-birə bizim nəslin gözləri qarşısında möcüzəli aləm açıldı. Şərq şeriyyətinin əhvalını özündə yaşadan Cavid yaradıcılığı məni həmişə məftun edib. Dünyəvi, bir az sentimental, bir az da qanadlı olan bu poeziya ölməzdir. Hüseyn Cavid mənim üçün həmişə böyük sənətkardır. O, ilk növbədə məhəbbət şairidir. Onun şeirlərində fəlsəfilik güclüdür. Eyni zamanda onun yaradıcılığının mayasında mürəkkəblik olduğu dərəcədə ifadəsi çox sadədir. Məsələn, hazırda dərsliklərə salınmış "Gülbahar" şeri uşaqların anlaya biləcəyi bir dildə yazılıb. Azərbaycan maarifçilərinin dəyərini qətiyyən azaltmaq istəmirəm, sanki Cavid onları üstələyib. Cavid həmişə bizim nəslin ürəyində nisgilli, ağır məşəqqətlər çəkmiş, dəhşətli sınaqlardan çıxmış, təqib olunmuş nəhəng bir yaradıcı obrazı ilə qərarlaşıb. Bolşevizm Cavidin yenilməzliyini hər vasitə ilə sarsıtmağa, məhv etməyə çalışırdı. Hüseyn Cavidin yadigarı Turan Cavidlə həmişə rastlaşanda onun gözlərindəki nisgili kədərlə seyr edirdim. Onun atasına ruhən bağlılığı, Cavid irsinin toplanması, nəşri yönündə çabaları məni heyrətləndirirdi. Turan xanım ömrünün axırına kimi atasının ideallarına sadiq qaldı. Cavid kimi bir insan sürgünün soyuğunda-sazağında məhv edildi, sənətindən, duyğusundan, məhəbbətindən ayırdılar onu. Cavidin nəşinin Vətəninə gətirilərək dəfn edilməsi onun gec də olsa, Azərbaycana qovuşması idi. Hüseyn Cavidin bənzərsiz romantikasından doğulmuş əsərləri daim ucalığını, əlçatmazlığını saxlayır. Bu ucalığa hər qələm yetişməz.

Heç olmasa, Cavidimizin ruhunu yaşadaq. Zaman-zaman ədəbiyyatımızda Füzuliyanə şeirlər çox yazılıb. Ancaq nəsə, Hüseyn Cavid yaradıcılığından təsirlənmə Füzuli ilə müqayisədə azdır. Sanki Cavid ruhu o qədər ucadır ki, bəziləri ona çata bilməməkdən ehtiyat edirlər. Sanki Cavidə bu mənada yanaşmaqdan qorxuruq. Cavidin əsərləri dilimizə doğma, yaxın olan türk söz tərkiblərilə zəngindir. O, Türkiyədə təhsil almışdı, şübhəsiz, bu da yaradıcılığına təsirsiz ötüşməmişdi. Osmanlı dövrünün türkcəsindən fərqli olaraq indiki Türkiyə türkcəsi daha aydındır. Bu sahədə aydınlığı yaradanlardan biri əslində Hüseyn Cavid oldu. Cavidin əsərləri ortaq türkcə ruhuna daha yaxındır".

Cavidin poeziyasında dərin həyat fəlsəfəsi, güclü, poetik məntiq, romantik xəyalpərvərliklə üzvi surətdə qovuşan realizm özünü göstərməkdədir. Cavidin son dram əsərləri olan "Səyavuş" və "Xəyyam"da hadisələr İranda və Turanda baş versə də, onların qəhrəmanları bütün bəşəriyyətin taleyi üçün narahatlıq keçirən və məsuliyyət daşıyan insanlardır.

AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun araşdırmalarında Cavidin yaradıcılığına münasibət belə ifadə olunur: "Cavidin "günahı" o idi ki, Türkiyədə təhsil almışdı, sovet ideologiyasının əsiri olmamış, bu siyasi rejim içərisində yaşasa da, onun diktəsilə heç nə yazmamışdı. Azərbaycanın fanatik bolşevik liderlərinin tələblərinə məhəl qoymayaraq gələcəksiz sosialist tematikasından vaz keçmiş, mövzularını tarixdən almışdı. Cavidin "günahı" o idi ki, böyük ağıl və cəmiyyət içərisində yüksək nüfuz sahibi idi. O, çağdaşı olduğu quruluşun və hakimiyyətin puçluğunu, qondarmalığını başa düşürdü, bunları bütün senzura yasaqlarına baxmayaraq əsərlərində ifşa edirdi. O, Azərbaycanın ən üstün ziyalılarından biri idi. Dar sovet qəliblərinə sığmırdı və öz tələblərinə uyğun nəsillər yetişdirmək istəyən yeni sovet sisteminə belə aydın zəkalı insanlar qətiyyən gərək deyildi. Ona görə də 1937-ci il iyulun 4-də Cavid "xalq düşməni" elan edilərək həbs olundu. Həmin gün əslində yaradıcı Cavidin ömrünün bitən günüdür. O, yazı masasından, ailəsindən, şerdən, teatrdan zorla ayrı salınanda artıq 22 pyesi vardı, 55 yaşında idi. "Cavid" - "əbədi", "həmişəyaşar" deməkdir. O, bu gün Bakıda ucalan abidəsi, Naxçıvandakı məqbərəsilə dillərdə, ürəklərdə, beyinlərdə sayrışan şerlərilə, səhnələrdəki pyeslərilə canlıdır, yaşayır. Cavid həyatı bitəcəksiz bir ömürdür. O, böyük əsərlərini yaradarkən bilirdi ki, qarşıda gözlənilən təhlükələr bir gün qapısını döyəcək. Ancaq buna baxmayaraq haqq sözü yazmaqdan əl çəkmədi. Cavidə övladlıq borcunu qaytaranlara, ona sədaqət və məhəbbətlərini böyük əməkləri ilə sübut edənlərə bu əbədiyyətdən pay düşür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olmuş Zivər bəy Əhmədbəyov Cavidlə görüşü zamanı onun yazıb-yaratdığı otağa işarə edərək soruşur ki, bu balaca otaqda necə işləyirsiniz, pəncərəsi belə yoxdur. Cavid cavab verir ki, ehtiyac yoxdur, mənim öz pəncərəm var. Cavid dünyaya daim öz pəncərəsindən baxırdı".

Böyük şairin məzarı Azərbaycana 1982-ci ildə gətirilib. Həmin vaxt Cavidin məzarının uzaq Sibirdən gətirilməsində başı müsibətlər çəkmiş Həmid Cəfərov Cavidin cənazəsinin Vətəninə gətirilməsilə bağlı bunları xatırlayır: "Caviddən son məktub 1941-ci ilin mayında Maqadandan gəlib. Bu səbəbdən də hamı elə bilirdi ki, Cavid Maqadanda vəfat edib. Camaatın canında xof vardı, hər şeyi danışa bilmirdilər. Oradan gələn əsirlərdən deyənlər varmış ki, Cavidi öz əlimizlə basdırmışıq. Təbii ki, qorxudan belə deyirdilər. Məsələni dəqiqləşdirmək lazım idi. 1982-ci ildə Maqadandan gələn rəsmi məktub bütün qaranlıq mətləblərə işıq saçdı. Məlum olurdu ki, Hüseyn Cavid 1941-ci ilin mayınadək burada saxlanılmış, oktyabrda isə İrkutsk Vilayətinin Tayşet rayonunun Şevçenko kəndində yerləşən əlillər evinə göndərilib. Məktubumuza olan reaksiyadan çox ruhlandıq, bu dəfə növbəti məktubu İrkutsk vilayətinin DİN-nə gəndərdik. Xahişimizə əsasən Cavidin 13133 saylı şəxsi işini bizə göndərdilər. Şəxsi işdən məlum oldu ki, Cavid 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə DTK tərəfindən evindən aparılıb. 1937-1939-cu illərdə Bakıda - Bayıl, Keşlə və DTK kameralarında görünməmiş əzab-əziyyətə, hər cür təzyiqlərə məruz qalıb. Məqsəd o olub ki, Cavidin "günahını" üzünə sübut etsinlər: sən İran casususan, sən pantürkistsən, sən alman casususan... Xatırladaq ki, Cavidi Müşviq və Əhməd Cavadla bir gecədə tutublar. Müşviqlə Cavadı 1938-ci ildə güllələyiblər. 1939-cu ilin iyulunda Cavidin sənədləri xüsusi şöbəyə göndərilir. Məsələ burasındadır ki, onun boynuna heç bir günah qoyub sübut edə bilməyiblər. HKVD-nin xüsusi idarəsi iyunun 9-da guya ki, gizli antisovet fəaliyyətinə görə Cavidə 8 il iş kəsir. Həbs müddəti 4 iyun 1937-ci ildən hesablanır. 1939-cu ilin 26 avqustunda sənədlə tanış olaraq qol çəkən Cavidin soyuq, şaxtalı Sibir həyatı başlanır. Gəmi ilə Həştərxana, oradan Xabarovskiyə qatarla, Vladivostoka, sonda Maqadana gəlib çatır. 1939-cu ilin sentyabrından 1941-ci ilin sentyabrınadək yüzlərlə məhbus kimi ağır işlərdə işlədilir. Şəxsi işində iş qaydası ətraflı olaraq yazılıb. O, ardıcıl olaraq işə çıxıb. 1940-cı ildə artıq qeydlər başlayır. 41-ci ildə işə çıxmalar tam azalır. Hazırda bu şəxsi iş Naxçıvandakı Tarix Arxivində qorunur.

Ömrünün qocalıq dövrünü yaşayan, ruhu güclü, fəqət cismi zəif olan Cavidimizin ayaqlarını Sibir şaxtası aparır, bir yandan da gözləri xeyli zəifləyir. Onu İrkutsk vilayətinin Tayşet rayonundan 75 km aralıda yerləşən tayqa meşələrinin içindəki Şevçenko kəndində olan 21 saylı əlillər evinə gətirirlər. 1941-ci ildə Maqadandan çıxarılan Cavid yalnız 17 noyabrda bura çatdırılır. Ancaq burda Cavidin ömrü uzun sürmür. Həmin ilin 5 dekabrında İrkutsk vaxtilə gecə saat 10.30-da vəfat edir. Cəsədi iki gün əlillər evində qalır. Məsələ burasındaydı ki, həmin kəshakəsdə siyasi məhbusları birdən-birə basdırmaq olmazdı. Gərək tam sübut olunaydı ki, ölən həqiqətən Caviddir. Dekabrın 7-də Cavidin cəsədini qara adyala bükərək palıddan düzəldilmiş taxta tabutda dəfn edirlər. 59 nömrəli aktda deyilir ki, başı Şərqə tərəf qoyulan Cavid 2 metr dərinlikdə basdırılıb: 59 yaşında, 59 nömrəli aktla, 59 nömrəli məzarda.

Tayşet rayon İK-nin 14 saylı qərarına əsasən Cavidin məzarının aparılmasına icazə verildi. 50 nəfərədək adam 10 nəfərədək silahlı ilə birlikdə Şevçenkoya getdik. Burada 40 min qəbir vardı. İki saatlıq axtarışdan sonra qəbri tapdıq. Növbə ilə qazdıq. 2 metrlik məzardan tabut çıxdı. Faktlar, dəlillər qəbrin Cavidin olduğunu təsdiqləyirdi. 50 adam şahidlik edərək kağıza qol çəkdi. Həmin kağızı butulkaya qoyub qəbrin yerində basdırdıq. Sonra mitinq keçirildi. Əsgərlər Cavidin şərəfinə 100 yaylım atəşi açdılar. Ayın 26-sı Bakıya çatdıq. Aeroportda mitinq oldu. Oradan böyük insan axınıyla Cavidin 1919-1937-ci illərdə yaşadığı indiki Əlyazmalar İnstitutunda yerləşən evinin qarşısından ötüb Qoşaqala qapısından İçərişəhərə - Şirvanşahlar sarayına gəldik. Noyabrın 2-si Cavidin nəşi Əlyazmalar İnstitutuna gətirildi. Noyabrın 2-də xalq Cavidlə vidalaşdı. Həmin gün cənazəni Naxçıvana apardıq. O gecə Cavid öz ata evində qaldı. Ayın 3-də sevdiyi tut ağacının altında basdırıldı

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 22 oktyabr.- S.14.