Tapqaraqoyunlu: düşmənlə üz-üzə

 

 Tapqaraqoyunlu Goranboyun illərdir ermənilərin azğın hücumuna məruz qalan kəndlərindəndir. Oxucular bu kəndin ardıcıl olaraq müxtəlif silahlardan atəşə tutulduğunu kütləvi informasiya vasitələrindən eşidirlər: tez-tez televiziya-radio kanallarının xəbər xəttindən bu kəndin adı keçir.

 

I yazı

 

Çətin durumdadır Tapqaraqoyunlu. Bəs kəndin camaatını bu yerlərdə qalmağa məcbur edən nədir? Yurd sevgisi! İnsan torpağa o səviyyədə bağlanır ki, torpaq gözündə artıq müqəddəslik səviyyəsinə qalxır. Bir kəndin ərazisindəki torpağa sevgi artıq bölgəvi təəssübkeşlik münasibəti olmur, təbii, qarşısıalınmaz şəkildə Vətən təəssübkeşliyi səviyyəsinə qalxır. Anlayırsan ki, Vətən sevgisi qarşısıalınmazdır.

Goranboyun Tapqaraqoyunlu kəndi beləcə illərlə düşmənə mətanətlə sinə gərib durmaqdadır. Düşmənlə cəmisi 500 metr məsafədə az qala ölüm sükutunda qalan bu kənddə son illərdə çağdaş səviyyədə tikilmiş evlər gördüm, sevindim. Deməli, yurd yaşayır, yurd yiyəsiz deyil!

Tapqaraqoyunlu camaatının hünəri haqqında çox eşitmişdim.

Onları erməni hücumu, tez-tez pozulan atəşkəs qətiyyən qorxutmur - desəm, qətiyyən burada şişirtmə yoxdur. Bu elin adamları düşmənə torpaq verməyiblər. Bu gün həmin eşqdədirlər. Düzdür, hazırda ərazisi cəbhə xəttinə

düşən kəndin erməni ilə gecə-gündüz göz-gözə, üz-üzə duran camaatını Milli Ordunun əsgərləri qoruyur. Ancaq camaat bütün məqamlarda yenə döyüşə hazırdır.

Di gəl ki, belə döyüşkən, gecəsi-gündüzü daim təhlükə içərisində keçən camaatın erməni terrorizmi sarıdan təbii problemlərilə yanaşı dövlət qurumlarının köməkliyi ilə aradan qaldırılması mümkün olan problemləri bəs deyincədir. Bu barədə bir az sonra.

Goranboya Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin sorağıyla getmişdim. Onunla görüşmək, 90-cı illərdə erməni ilə ölüm-dirim savaşında olan bu elin döyüşü, erməni məkri, murdarlığı barədə ətraflı söhbət etmək istəyirdim. Ancaq həmin gün Maşallah bəyin vacib işi olduğundan söhbət baş tutmadı. Telefonda razılaşdıq ki, Bakıya gələndə söhbətləşərik. Goranboya çatdığımda isə məni Tapqaraqoyunluya ürəyi daim yurd sevgisiylə döyünən Valeh Eminli İlham Bədəlov müşaiyət edirdilər. Yol boyunca bu elin oğullarının neçə illər ərzində düşmənə sinə gərməsi söhbətimizin əsas mövzusu oldu. Tapqaraqoyunludan bir az bəridə yerləşən Qızılhacılı ondan daha yaxın Naftalan kurort şəhərinin durumu, dünyada nadir müalicəvi neftinə görə məşhurlaşan Naftalanın hələ erməni terrorizmi təhlükəsi sarıdan istənilən səviyyədə qurula bilməməsi barədə danışırıq. Valeh bəy Qızılhacılının qəhrəman şəhid oğulları barədə qürurla danışır. Deyir, ermənilər Qızılhacılıların adını eşidəndə həmişə dəhşətə gəlirmiş.

Nəhayət, rayon mərkəzindən təxminən 1 saata yaxın məsafədə olan Tapqaraqoyunluya çatırıq. Valeh bəy 1992-ci ildə

qapısında erməni qradına tuş gələrək 3 balasını itirmiş Alim Qarayevin qapısına sürür. Onun həyətinin tuşundakı hasara alınmış boş torpaqda meydan sulayan it bizi görcək bərk həşir salır. Valeh bəy bir azdan qayıdır, təəssüflə bildirir ki, Alim müəllim axşam gec gələcək, əgər evdə olsaydı, o, sinədəftər idi, ümumiyyətlə, bu bölgənin qəhrəmanlıq tarixini gözəl bilir. Mən təəsüf edirəm ki, sinəsi dağlı, 3 balasını bir andaca itirmiş ata ilə söhbət edə bilmirəm.

, onu da deyim ki, biz Tapqaraqoyunluya günortadan keçmiş

çatdıq. Alim müəllimin evi kəndin şərq tərəfindədir. Buradan erməni snayperinin hədəfinə asanlıqla tuş gəlmək olar. Kənd camaatı ümmumiyyətlə, buralarda dolaşmır. Hər halda boşuna ölmək olmaz. Vətən üçün yaşamaq Vətən üçün ölməkdən çox çətindir. Valeh bəy deyir, bir dəfə bilməyib, maşını düz sürüb qəbristanlığın yanına ki, oradan Alim müəllimin evinin qabağına keçsin. Azca qalıb ki, snayper gülləsinə tuş gəlsin.

... İndi həmin əraziyə yaxınlaşırıq. Qəbristanlığın cənub-şərq tərəfi işğal altındakı yerlərimizdən ovuc içi kimi görünür. Valeh bəy vəziyyət barəsində ətraflı danışır. Qəbristanlığın giriş hissəsinin şəklini çəkirəm, həmin ərazidən uzaqlaşırıq.

Uzaqdan kiminsə mal-heyvanı görünür. Camaatla söhbətdə məlum oldu ki, oralara çıxan mal-qaranın dalınca getmək çox təhlükəlidir. Heyvan özü qayıtdı, qayıtdı, qayıtmadı, deməli, onun dalınca getsən, mütləq gülləyə guş gələcəksən. Kənddən neçə nəfər beləcə qəfil gülləyə tuş gəlib. Bu barədə bir az sonra.

Valeh bəy Naftalanda yaşamış, əslən Tapqaraqoyunludan olan məktəb direktorunun dəfninə ermənilərin imkan vermədiklərini belə təsvir edir: "Tapqaraqoyunlu qəbristanlığında erməni snayperindən qorunmaq üçün neçə iri traktor qabaqda gedir ki, camaat duruş gətirə bilib ölünü dəfn etsin.

Ancaq ermənilər saatlarla atəş açır, ölünü basdıra bilmirlər. Adətən ölünü basdırmağa adam çox gedir, o deməkdir ki, belə məqamda ora bomba, mərmi düşəndə çoxlu itkilər ola bilər. Atəşin kəsilmədiyini görüb məcbur olurlar ki, ölünü axşam dəfn eləsinlər. Ümumiyyətlə, Tapqaraqoyunluda ölünü, ancaq qaranlıqda basdırırlar.

Qəbristanlığa yaxın durduğumuz yerdə kənddən bizə tərəf gələn Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin görürəm. Deyir, səngərə gedir. Onunla qısa söhbət edirəm. Soruşuram ki, tez-tezmi atırlar? Deyir, , erməni atır, biz cavabını veririk. Əsgərə səngərdə möhkəm dayanmağı arzulayıram. Valeh bəylə birgə şəkillərini çəkirəm.

Kəndin mərkəzinə gəlirik. Bu arada bayaqdan məni müşayiət edən İlham bəylə söhbət edirəm. Fitri vətənpərvər olan İlham bəy qanlı-qadalı müharibə dönəmində burada döyüşənlərə əlindən gələn köməkliyi edib.

... Kəndin mərkəzindən arx kimi axan İncəçayın qolu hədsiz bulanıqdır. Az sonra kənd sakinlərindən eşidəndə ki,

onlar elə bu sudan içirlər, dəhşətə gəldim. Kənd camaatı bizi görcək, başımıza yığışır. Erməniylə üz-üzə durması məlum; belə bir vəziyyətdə qayğılarına məhrəmlik istəyirlər.

Tapqaraqoyunlu erməniylə sərhəddə yerləşir. Əhalisi 2 min nəfərdən çoxdur. Kənddə 700 təsərrüfat, məktəb, xəstəxana var. Kəndin əksər yolları asfaltdır.

Qeys İsmayılov: "Kəndə bircə su xətti gəlir. Bu xətt suvarma üçündür. Ancaq camaat içmək üçün bu xətdən istifadə edir. İncəçay Murov tərəfdən gəlir. Bir görürsən, su tamam azalır. İncəçaydan kəndin içinə gələn arxımız bir görürsən, yaxşı işləmir. Arxı əllə işləyib kəndə döndəririk. Güclü yağış arxı dağıdanda ora 3-4 yüz kisə qum lazımdır ki, gedək gecədə, dumanlı havada bir zülmlə suyu gətirək. Sudan istədiyimiz kimi istifadə edə bilmirik. O arx əllə, fiziki əməklə əmələ gələn deyil. İncəçayından Tapqaraqoyunlu kəndinə gələn qolu daim təmizləmək lazımdır. Erməni ki,

imkan vermir. Təsəvvür edin ki, erməni ərazi üstünlüyü sarıdan başımızın üstündədir, biz məcbur oluruq, onun ayağının altında görək. Ancaq nazirliyin texnikası olsa, sürətlə işləyər, problemi həll edər".

 

 

(Davamı sabahkı sayımızda)

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 23 oktyabr.- S.5.