Əliağa Vahid poeziyası

 

Şair-qəzəlxanın vəfatından 44 il ötür

 

Onun qəzəllərinə xanəndələr daha çox müraciət edirlər. Səbəbi çox sadədir: Vahidin qəzəllərinin dili aydın, yaddaqalandır. Ancaq nədənsə Azərbaycan xanəndələri Nəsimiyə elə çox müraciət etmirlər. Hər xanəndə Füzulidən oxumur. Bütün bunlarla yanaşı Azərbaycanda qədimdən gələn şeriyyət ənənəsi var Vahid ötən yüzildə bu ənənənin istedadlı davamçısı kimi özünü təsdiq edə bildi...

Tanınmış qəzəlxan Əliağa Vahidin vəfatından 44 il ötür. Hələ sağlığında - neçə onillər ərzində insanların yaddaşında bir şair olaraq dərin kök salmasının səbəbləri vardı: əvvəla, Əliağa Vahid az qala hamının qəzəldən, klassik Azərbaycan şeirinin o dövrədək populyar janrlarından əl çəkdiyi, xüsusən qəzəlin sovet ideologiyasına demək olar, tamamilə tabe etdirildiyi bir vaxtda bu janrdan möhkəm yapışdı, onun qədim ənənələr əsasında yaşaması üçün əlindən gələni etdi. Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin halını özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir. Vahidin Füzulidən bəhrələnməsi, son dərəcə sadə həyat tərzi sürməsi, meyxanada orijinal dəst-xətti onu sevdirdi. Vahid əksər çağdaşları kimi dəbdəbə, tarixdə qalmaq həşirində deyildi. çox zaman könlünün səsini eşidənlər, bunu vəsf edənlər sabahda yaşayırlar.

Danışırlar ki, Vahid bir gün Üzeyir Hacıbəylini "kaşanəsinə" dəvət edir. Üzeyir bəy onun yarıqaranlıq bir otaqda yaşadığını görüncə burada necə yazıb-yaratdığına təəccüblənir. Əliağa Vahid ona deyir ki, doğrudan da bura mənim üçün kaşanədir. Bundan sonra Üzeyir bəyin Məmməd Səid Ordubadinin səyilə Mircəfər Bağırov Vahidə iki otaqlı ev verir... Vahidin həyatının idealizə edilməsi düzgün deyil. Onun içkiyə aludəliyi barədə bu gün danışılır. Hər halda bu, Vahidin dövrana etirazı kimi qələmə verilərsə belə, səmimi səslənməz.

Onun son dərəcə kədərli həyatı olub. Şəxsi həyatı ilə yaradıcılığının daim təzad təşkil etməsi, şəxsi ailə həyatındakı uğursuzluq həyatında faciəvi notlar yaradıb. Deyilənə görə, 37-ci ildən təsadüf nəticəsində sağ çıxa bilib. Onun talantının hüdudsuzluğu, fitri şairliyi, meyxana janrının qaydalarından məharətli baş çıxara bilməsi XX yüzilin əvvəllərindən başlayaraq onillər ərzində "Vahid" imzasının Azərbaycan ictimaiyyəti arasında daim populyar qalmasına səbəb olub. Xalq arasında şəxsiyyətiylə bağlı müxtəlif söhbətlər olsa da, populyarlığını saxlaya bildi. Əliağa Vahiddən bəhs edən "Qəzəlxan" filmində onun meyxanaçılığı xüsusi şəkildə qabardılır. Əslində Vahid meyxanaçı deyildi, qəzəl şairi idi. Hər halda meyxana camaat arasında rəğbət qazanmış bir janrdır. Meyxana demək əlbəttə, asan deyil.

Onu hamıdan yaxşı tanıyan Həkim Qəni idi. vaxt Vahidlə bağlı danışırdısa, sifətinin əhvalı dəyişilərdi. Vahidi çox sevirdi: danışardı ki, Vahid həmişə şer aləmində olardı. Onun kədərli həyatı yaradıcılığına təsir etməyib. Vahidin hünəri idi ki, bütün əzablara sinə gərə bildi, şairlik aqibətinə sadiq qaldı. Əsil ədəbiyyat adamı idi. Onu heç hamı sevmirdi. Yaradıcı adamlar içərisində kifayət qədər paxıllığını çəkənlər vardı. Siqaret qabının üstündə qəzəllərini yazırdı, aparıb evdə üzünü köçürürdü. Qəzəllərinin bir qismi "Vışka" siqaretinin qutularının üstündə yaranıb: "Onun gözəl tərcüməçilik qabiliyyəti bir neçə məqamda mənim üçün tamamilə aydın oldu. Füzulinin farsca əsərlərinin tərcüməsi ilə bağlı keçirilən müsabiqədə birinci yer tutmasının səbəbi həm fars dilini gözəl bilməsi idi".

Həkim Qəni Vahidin şəxsi həkimi olduğu dövrdə bütünlüklə xarakterinə dərindən bələd olmuşdu: "Müharibə vaxtı Vahidi müharibəyə göndərmişdilər; o zaman təsadüfən həkim işlədiyim yerdə rastlaşdıq, Vahidin xəstə olduğunu sübut etdim, nəticədə o, davaya göndərilməkdən xilas oldu. Sonradan Bakıya gələndə məclislərdə tez-tez deyirdi ki, əgər Həkim Qəni olmasaydı, mən indi kim bilir, harada ölüb qalmışdım. Təəssüf ki, onun nəslindən heç kəs Vahidin yolunu davam etdirmədi. Ümumiyyətlə, Vahidin nəslində yaradıcı adamlar olmayıb. Əliağa Vahidi həmişə müəllimim ustadım olaraq xatırlamışam, yaşatmışam. Onun kimi şairlər həmişə doğulmur.

Əliağa Vahid vur-tut mollaxana məktəbində üç sinif oxumuşdu, sonra oxumuşdusa, qazanmışdısa, şəxsi qabiliyyəti hesabına əldə etmişdi. Bundan sonra Vahid cavan yaşlarından meyxana deməyə başladı. Buzovnalı Azər vardı, Firdovsidən, Füzulidən tərcümələr etmişdi. Vahidin istedadını görən kimi bunu aparmışdı İçəri şəhərdəki "Məcməüş-şüəra"nın məclisinə. Vahid orada məharətini göstərmiş, imtahandan əla çıxmışdı. Bundan sonra ona "Vahid" ("yeganə, tək") təxəllüsünü vermişdilər".

Bakı kəndlərində bu gün muğama ciddi münasibətin qalması təqdirəlayiq hal hesab edilməlidir. Ancaq meyxanaçılığın ifrat bayağılığa meyl etməsini hər halda yaxşı cəhət hesab etmək olmur. Meyxananın imkanlarından vaxtilə Sabir böyük məharətlə istifadə etdi. Sonradan Əliağa Vahid yaradıcılığında meyxananın təsiri xüsusi hiss olundu. İndi texniki imkanların artdığı bir şəraitdə ümumən bayağılığa meyl edən meyxana janrı əslində insanların zövqlərinin korlanmasına, korşalmasına səbəb olur. Bu mənada əvvəlki ənənələrdən istifadə edilməsi zövqlərin inkişaf etməsinə səbəb olar. Şair Firidun Şahbuzlu deyir ki, şeirə vurğunluğunun qol-qanad açmasında Əliağa Vahidin xüsusi təsiri olub. "Dirili Qurbani" şeir məclisinin rəhbəri Yusif Dirili isə deyir: "Ulu Füzulidən bəri bəlkə çox illər öncədən məhəbbət mövzusu yazılı ədəbiyyatın aparıcı qanadı olub. Amma ədəbiyyat tarixində az şair var ki, yaradıcılıq ünvanı birbaşa məhəbbətlə bağlıdır. Məsələn, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Əliağa Vahid belələrindəndir. Bütün yaradıcı şəxsiyyətlərin fəaliyyət istiqamətində məhəbbətin hərəkətverici qüvvə olduğunu da istisna etmək olmaz. yaxşı ki, sevgi var. İnsanlığa sevgi, vətənə sevgi, dünyaya sevgi, sevdiyinə sevgi..."

Azərbaycanda tar sənətinin inkişafında xidmətləri olan tanınmış tarzən Vamiq Məmmədəliyev Əliağa Vahidin qəzəllərindən Azərbaycan xanəndələrinin daim bəhrələndiyini bildirir: "Bu, Vahidin bir qəzəlxan olaraq xoşbəxtliyidir ki, xanəndələrimiz daim onun qəzəllərinə müraciət edirlər. Vahidin şeir dili çox musiqilidir". Mərhum xanəndə Sabir Novruzov deyirdi: "Mən muğam ifaçılığında özünəməxsusluğu, bənzərsizliyi əsas sayıram. Məsələn, "Mirzə Hüseyn Segahı"nı dəfələrlə tamamilə fərqli şəkildə oxuyaram. İnsanın səsi, nəfəsi başqasınkına qətiyyən oxşamır. Gərək insanın böyüklüyünü muğamatda ifadə etməyi bacarasan. Muğamat başdan-ayağa sirrdir, sehrdir. Xanəndənin muğam oxuyarkən hansı şairlərin qəzəllərindən necə istifadə etməsi məsələsi son dərəcə ciddi, vacib amildir. Görürsən hazırda bəzi xanəndələrin repertuarında daha çox Əliağa Vahiddən oxumaq dəbdədir. Ancaq Füzulidən oxuyanlar çox olsa da, nədənsə Nəsimidən oxuyanlar azdır". Füzuli ilahi aşiqlik rəmzidir, Nəsimidə insana sevgi cəngavərliklə birləşir: "Mən daha çox Füzulidən, Nəbatidən, Sabirdən, Vahiddən başqalarından oxumuşam. Əruz vəznində yazılanları oxumaq həmişə ürəyimcə olub. Xalqımız çox incə qəlblidir. Bu, onun həyatın, mədəniyyətin bütün sahlərində dediyi böyük sözlə bağlıdır". Araşdırmaçı Teyyub Qurban isə deyir: "Pul hesabına vəzifəyə gəlmək olar, ancaq pulla sənətkar, şair, əsil rəssam olmaq mümkün deyil. Hüseyn Cavidin, Əliağa Vahidin şair təbi məgər pulun hesabına mümkün olmuşdu? Yalnız sənətə, yaradıcı aqibətə sadiq olanlar sabahda yaşayırlar. Bu mənada illər ötəcək, Vahidin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər barədə yeni-yeni söz deyiləcək.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 29 oktyabr.- S.14.