Ceyhun Hacıbəylinin müxtəlif dillərdəki irsi
istənilən səviyyədə araşdırılmayıb
Maarif Teymur: "O, həyatını tərəddüdsüz
olaraq Azərbaycan uğrunda mübarizəyə həsr
edib"
Dünən tanınmış
ictimai xadim, istedadlı publisist Ceyhun Hacıbəylinin xatirə
günü idi. Etiraf edək ki, hələ də Azərbaycan
ictimaiyyətinin bu kimi şəxslərlə bağlı ətraflı
bilgisi yoxdur. Bunun da müəyyən səbəbləri var. Gerçəklik ondan ibarətdir ki, Azərbaycan
müstəqilliyini qazanarkən ilk mərhələdə
rastlaşdığımız çoxsaylı qayğılar
səbəbindən 70 il ərzində bizə məlum olmayan,
səsi-sədası daha çox xarici ölkələrdən
gələn bir çox soydaşlarımızın
ömrü, yaradıcılığı, xəlqi əməllərilə bağlı
soraqları kifayət qədər çap edib yaymaq
mümkün olmadı. Digər tərəfdən də əhalinin
başı gündəlik çörək qazanmağa
qarışdığından ötən yüzilin 80-ci illərinin
axırları, 90-cı illərinin əvvələrindəki
xəlqi soraqlara olan ehtiraslı, təşnəli meyl təəssüf
ki, sonralar soyumağa başladı.
Salman Mümtaz adına Dövlət
Ədəbiyyat və İncəsənət arxivində Ceyhun
Hacıbəylinin həyat və
yaradıcılığını özündə əks
etdirən zəngin soraqlar qorunub saxlanılır. Arxivin
direktoru, tanınmış araşdırmaçı Maarif
Teymur Ceyhun Hacıbəylinin
yaradıcılığının köklü bir təmələ
əsaslandığını bildirir: "Azərbaycan
tarixinin özünəməxsusluğunun qorunub
saxlanmasında şübhəsiz, fədakar, təmənnasız
insanların müstəsna rolu olub. Azərbaycan mədəniyyətinin,
incəsənətinin, musiqisinin inkişafında Hacıbəyovlar
nəslinin böyük xidmətləri var. Azərbaycan
tarixində nəsil, şəcərə məsələsi
yaradıcılıq baxımından hələ bundan sonra
araşdırılmaya ehtiyac duyur."
Bu nəsildən olan Ceyhun
Hacıbəylinin gördüyü işlərin qiyməti, dəyəri
bundan sonra daha aydın şəkildə bilinəcək:
"Ceyhun Hacıbəyli ədəbiyyatşünas,
folklorşünas, politoloq, musiqi nəzəriyyəçisi,
istedadlı fəlsəfəçi kimi Azərbaycan mədəniyyətinin
inkişafında xidmətlər göstərib. Təəssüf
ki, zamanın gərdişindən, 70 illik Sovet
imperiyasının ideoloji mübarizəsinin nəticəsində
Ceyhun Hacıbəyli kimi şəxsiyyətlərin əməlləri
barədə bilgilər almaq yasaq olunmuşdu. Təbiidir ki,
sovet dövründə hakim ideologiyaya qarşı
çıxanların ictimaiyyətə müsbət mənada
təqdimindən söhbət belə gedə bilməzdi.
Bunlar daim öz vətənlərində xain kimi təqdim
edilirdilər. Çünki bu şəxslər sovet
ideologiyasını qətiyyən qəbul etmir, gec-tez onun
süqutuna inanırdılar".
Ümumiyyətlə, Hacıbəylilər
20-ci yüzilin əvvəllərindən başlayaraq Azərbaycan
mədəniyyətinin, ictimai-siyasi fikrinin sistemli halda
formalaşmasında mühüm xidmətlər göstəriblər:
"Ceyhun Hacıbəyli bu dövrlərdə qələmini
jurnalistikada sınayıb. O dövrdə "Şərqi
Rus", ondan sonra çıxan digər qəzetlərdə
çalışıb. Ceyhun Hacıbəyli Azərbaycan
Demokratik Cümhuriyəti dövründə nəşr edilən
rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın
baş redaktoru olub. Az sonra Azərbaycanı tərk etməyə
məcbur olan Ceyhun Hacıbəyli ta ömrünün sonunadək
qürbətdə yaşamalı və bütün
yaradıcılığı, ruhuyla Azərbaycanın
azadlığı uğrunda mübarizə aparıb. O zaman Azərbaycanda
artıq məşhur bəstəkar kimi tanınan Üzeyir
Hacıbəyli Ceyhun Hacıbəylinin Azərbaycana
dönüşü, onun haqqındakı təəssüratların
dəyişilməsinə nail olmaq istəyir. Onların
arasındakı məktublaşmalar həmin dövrün
ziddiyyətli məqamlarının təmin edilməsində
mühüm əhəmiyyətə malikdir. Üzeyir Hacıbəyli
qardaşına yazdığı məktubların birində
qeyd edir ki, Mustafa Quliyevlə danışıb, gəlişində
onun üçün problemlər yaradılmayacaq, burada iş
tapmaq məsələsi də həll ediləcək.
Ancaq sovet quruluşuna olan qəti münasibətinin nəticəsidir
ki, Ceyhun Hacıbəyli qürbətdə yaşayıb Azərbaycan
uğrunda mübarizə aparmağı hər şeydən
üstün tutur."
Maarif Teymur Ceyhun Hacıbəylinin
mühacirətdə yaşayarkən ardıcıl olaraq Azərbaycanda,
eləcə də keçmiş SSRİ məkanındakı
bütün hadisələri bir politoloq olaraq diqqətlə
öyrəndiyini, ardıcıl, ciddi mübarizə
apardığını bildirir: "Bu müşahidələr
və təhillərdəki aydınlıq ilk növbədə
araşdırmaçını heyran edir. O,
bütün şüurlu həyatını tərəddüdsüz
olaraq Azərbaycan uğrunda mübarizəyə həsr edir.
1990-cı illərdə Ramiz Abutalıbovun Bakıya gətirdiyi
zəngin sənədlər içərisində Ceyhun
Hacıbəyliyə aid xeyli soraqlar vardı. Bu sənədlər
əsasında biz Ceyhun Hacıbəylinin adına
xüsusi fond təşkil etdik. Burada Ceyhun Hacıbəylinin həm
ictimai-siyasi, həm bədii yaradıcılığından
soraqlar toplanıb".
Ceyhun Hacıbəylinin fransız
dilini son dərəcə gözəl bilməsi, bu dildə
ictimai-siyasi gedişatı əks etdirən dərin məzmunlu
yazılar yazması onun siyasi hadisələri yaxşı
bildiyini göstərir: "Onun 30-cu illərdə sovet
rejiminin insanların başına gətirdiyi dəhşətlər
barədə qənaətləri diqqəti xüsusi cəlb
edir. O, staxanovçuluq hərəkatının sovet insanına
mənəvi psixoloji baxımdan nə cür zərbə
endirdiyini açıq-aydın sübutlarla göstərir.
Tarlada işləməyə məhkum edilən hamilə
qadının Stalin rejiminin "bərəkallahına"
görə bətnindəki körpəsini qurban verməsini
bütün acı-ağrısı, yurdunun taleyinə narahatlığı
ilə ifadə edir."
Ceyhun Hacıbəyli fransız
dilində hekayələr də yazıb: "Bu hekayələr
Ceyhun Hacıbəylinin daxili dünyasını, onun narahat təbiətini,
yurda qarşı sevgisini bütün çalarları ilə
ifadə edir. Bu əsərlərdə dövrün,
zamanın girdabına məhkum edilən insanların əzablı
həyatı məharətli şəkildə öz əksini
tapıb".
Maarif Teymur Azərbaycanı birdəfəlik
tərk edən Ceyhun Hacıbəylinin 90-cı illərdə
Vətənə ruhən qayıdışını həmişəlik
qayıdış hesab edir: "O, Azərbaycana tükənməz
sevgisi, böyük mübarizəsilə Vətən
üçün yaşadığını sübut etdi. Onun
arxivimizdə mühafizə edilən yaradıcılıq
soraqları içərisində Qarabağ folkloruna həsr
olunmuş yazıları təəkrarsızdır. Şəxsi
fondundakı əsərlərinin sayca çoxluğu ilə
yanaşı geniş əhatəliliyi, mövzu rəngarəngliyi
diqqəti çəkir. Artıq neçə ildir ki, Ceyhun
Hacıbəylinin şəxsi fonduna
araşdırmaçı kimi müraciət edənlərin
sayı artmaqdadır. Ceyhun bəyin arxivi
sağlığında çox səliqəli formada
imiş".
Ramiz Abutalıbov hələ
1990-cı ildə SSRİ dağılmamış Ceyhun
Hacıbəylini arxivini böyük bir əzabla Parisdən
Moskvaya, oradan da Bakıya gətirməyə müvəffəq
olub: "Ramiz Abutalıbov Azərbaycan mətbuatında nəşr
etdirdiyi "Parisdə keçən günlər" adlı
əsərini kitab halında da nəşr etdirib. Oxunaqlı
dildə yazılmış həmin əsərdə Ceyhun Hacəbəylinin
şəxsiyyəti, yaradıcılığı, mübarizəsilə
bağlı maraqlı məqamlar var. Ceyhun
Hacıbəylinin şəxsi arxivində olan soraqlar içərisində
ötən yüzilin 20-ci illərinə aid fransız qəzetlərindən
nümunələr, həmçinin sonrakı dövrlərdə
Azərbaycanda, keçmiş SSRİ məkanında
çıxan qəzet-jurnallar, kitablar o dövrün
ab-havasının Ceyhun bəy tərəfindən diqqətlə
öyrənildiyini göstərir. 20-ci illərdə Parisdə
çıxan jurnalların birində ermənilərin Azərbaycanla
bağlı soraqları öz adlarına çıxmaq cəhdlərinə
qarşı Ceyhun bəyin mübarizəsini göstərən
məqalə çap edilib. Ceyhun bəyin arxivində belə
məqamlar az deyil."
Ceyhun Hacıbəylinin rusca
yazılmış "Batumdan keçərkən"
adlı xatiratı haqqında danışan Maarif Teymur bildirir
ki, bu xatirələrdə maraqlı məqamlar çoxdur.
Onun bir neçə dil bilməsi zamanın gərdişindən
yaxşı baş çıxarmasına kömək edib.
Daim keçmişimizi öyrənməyə səyli idi. Azərbaycanı
tarixi aspektdən öyrənir, bir millət olaraq uğrunu,
uğursuzluqlarını təhlil edirdi: "O,
heç zaman bir mövzuya qapanıb qalmırdı. Ceyhun
Hacıbəylinin əsərlərinin hamısının ana
dilimizə tərcümə edilərək ictimaiyyətə
çatdırılması yaxşı bir hadisə olardı.
1994-cü ildə Ceyhun Hacıbəylinin rusca
"Seçilmiş əsərləri" Bakıda nəşr
olunub."
Arxivdə həmçinin Ceyhun
Hacıbəylinin həyat və
yaradıcılığının müxtəlif məqamlarını
əks etdirən fotoşəkillər qorunur: "Bu şəkillər
onun ömrü, şəxsiyyəti haqqında müəyyən
təəssürat yaradır. Ceyhun Hacıbəylinin milli
geyimlərimizin milli obrazlarda ifadəsi yönündə
çəkdiyi şəkillər də diqqəti cəlb
edir. Bu, Ceyhun Hacıbəylinin bir rəssam olaraq xəlqi
soraqları qorumaq istəyindən irəli gəlir."
Maarif Teymur Ceyhun Hacıbəylinin
jurnalistika fəaliyyətinin Abid Tahir tərəfindən
araşdırıldığını diqqətə çəkir.
O dövrdə Azərbaycanın başına gələn fəlakətlərə
dünyanın münasibəti bütün çalarlarıyla
Ceyhun Hacıbəylinin yaradıcılığında
görünür. Ceyhun Hacıbəylinin qardaşı
Üzeyir Hacıbəyli ilə məktublaşmasına diqqət
çəkən Maarif Teymur bildirir ki, o məktublarda Ceyhun bəyin
ömrünün müxtəlif məqamları ilə
bağlı soraqlar var: "Məlum olur ki, Ceyhun Hacıbəyli
Üzeyir bəyə məktublarında sətiraltı
eyhamlarla müxtəlif məsələlərə işarə
edir, münasibətini bildirir. O, Bakını tərk edərkən
28 yaşında idi. Ceyhun Hacıbəyli Azərbaycanda olarkən
ailə qurduğu həyat yoldaşı ilə
ömrünün axırına qədər yaşayıb. Onun
Timurçin adlı oğlu da olub."
Arxiv materialları içərisində
Ceyhun Hacıbəylinin xaricdə yaşayarkən xəstəliyilə
bağlı həkim tərəfindən yazılan resept
nüsxələri diqqəti cəlb edir: "Mən maraq
üçün fransız dilində yazılmış resept
nüsxələriini tərcümə etdirdim. Məlum oldu
ki, Ceyhun Hacıbəyli daxili xəstəliklərdən və
ürək ağrılarından əziyyət çəkirmiş.
Məktublarda barəsində danışılan Ceyhun Hacıbəylinin
ailə qurduğu qadının əslən qarabağlı
olması aydınlaşır. Məktublarında bu məqamla
bağlı işarələr var."
Sonda Maarif Teymur Hacıbəyovlar
nəslinin xalqımız qırşısında göstərdiyi
xidmətlərin coğrafiyasının geniş şəkildə
öyrənilməsinin gərəkliyini vurğulayır: "Təəssüf ki, sovet dövründə -
xüsusilə 20-30-cu illərdə ermənilər tərəfindən
arxiv sənədlərinin müəyyən mənada yox edilməsi
baş verib ki, nəticədə həmin dövrlərdə
bəzi mənbələrlə bağlı kasadlıq
yaranıb. Bu, bizim bir millət olaraq bundan sonra arxiv sənədlərinə
daha ciddi yanaşmamızı gərəkli edir."
Ceyhun Hacıbəylinin arxivdə saxlanılan ingilis, alman, fransız dillərindəki irsinin bundan sonra daha əhatəli araşdırılmasına gərək var. Xüsusən fransızca yazışmaları bu qəbildəndir.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 24 oktyabr.- S.14.