Erməni əsirliyində intihar etmiş qadının
acı hekayəsi
Səma Kərimova: "...Mən əsirlikdə olan
qadın kimi yoldaşımın, qardaşlarımın,
camaatın üzünə baxa bilmərəm. Məni
bağışlayın!"
Sevda Kərimova: "Ermənilər bir aydan sonra
qızımın cəsədini bizə verdilər"
Nurlanə Kərimova: "Mən anamla əsir düşəndə
bir yaşım var idi. İki ay əsir qaldığım
müddətdə görmə qabiliyyətini itirdim"
Ötən
yazılarımızda Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının ermənilərin
əsir və girovlara qarşı həyata keçirdiyi
işgəncələrlə bağlı aşkara
çıxardığı faktları vermişdik. Eyni zamanda üç ilə
yaxın erməni əsirliyində olmuş Laçın
rayonu sakinləri, bacı-qardaş Yeganə və
Müşfiq Əliyevlərin əsir həyatlarını
öz dillərindən diqqətinizə çatdırmışdıq.
Müsahiblərimizin də təsdiqlədiyi kimi ermənilər əsirlikdə olan soydaşlarımıza qarşı amansız münasibət göstərərək, onları ağır işgəncələrə və təhqirlərə məruz qoyublar. Nəticədə bəzi əsirlər bu cür təzyiqlərə dözməyərək intihara əl atıb, yaşadıqları məşəqqətə son qoymaq üçün müxtəlif vasitələrlə canlarına qəsd ediblər. Bu fakt Dövlət Komissiyasının məlumatlarında da qeyd olunub. Dövlət Komissiyasının araşdırmalarına əsasən, əsirlikdə intihar hadisəsini təsdiqləyən bir çox şahid ifadələri və sənədlər var. Əsirləri intiharetmə dərəcəsinə çatdırmaq erməni terrorunu isbatlayan faktlardan biridir. Odur ki, bu dəfə əsirlikdəki intihar hadisələrini araşdırmağı qərara aldıq. Apardığımız jurnalist araşdırmaları nəticəsində qızını əsirlikdə itirən bir ana ilə tanış olduq. Övladının faciəsindən 16 il ötsə də, gözünün yaşı hələ qurumayan Sevda Kərimova başına gələn övlad müsibətini bizimlə bölüşdü.
IV yazı
"Öz el-obanı, ata-ananın qəbirini qoyub getmək
çox ağır hadisədir"
Laçın rayonu
sakini Sevda Kərimova: "Laçının
işğalı zamanı digər sakinlər kimi biz də
rayonu tərk etmək məcburiyyətində qaldıq. Sözlə
demək asan olsa da, öz el-obanı, ata-ananın qəbirini
qoyub getmək çox ağır hadisədir. Kim isti
ev-eşiyindən məhrum olmaq istəyər? Amma vəziyyət
çox ağır idi, güllə, qranat səslərindən
yatmaq olmurdu. Hər tərəfdə əsgərlər, hərbi
sursatlar, tanklar var idi. Elə bil müharibənin içində
yaşayırdıq. Laçının işğalı ərəfəsində
(Laçın rayonu 1993-cü il mayın 18-də işğal
olunub - R.C.) vəziyyət daha da ağırlaşdı. Sağ
qalmaq, ermənilərə əsir düşməmək
üçün Laçın camaatı da rayondan
çıxmaq məcburiyyətində qaldı. Bəziləri
öz avtomobili ilə, kimiləri isə yük
maşınlarına "doluşub" canını qurtarmaq
üçün hara gəldi qaçırdı".
"Qızım Səma və nəvəm Nurlanə
2 ay erməni əsirliyində qaldılar"
Sağ qalmaq ümidi ilə
qonşu rayonlara pənah aparan Laçın rayonu sakinlərinin
sırasında müsahibimizin qızı Səma və onun
bir yaşlı övladı Nurlanə də var idi. Digər vətəndaşlarımızla
eyni aqibəti yaşayan bu ana-bala Laçın dəhlizini
keçərkən ermənilərə əsir
düşür. Onların mindiyi maşını ermənilər
atəşə tutaraq sərnişinləri güllələyirlər.
Sağ qalan yaralıları isə əsir götürürlər.
Beləcə Səma və balaca Nurlanə 1993-cü ildə
ermənilərə əsir düşürlər.
Sevda Kərimova: "Ermənilər
qızımı və nəvəmi erməni əsiri ilə
dəyişmək üçün sağ saxlayaraq Xankəndinə
aparırlar. Səma və Nurlanəni orada 2 ay dözülməz
şəraitdə saxlayırlar. Qızımın və nəvəmin
əsir düşdüyünü bildikdən sonra onlarla dəyişmək
üçün çox çətinliklə erməni əsiri
tapdıq".
İntihardan xəbər verən sonuncu məktub
Ancaq ermənilərlə
danışıqlar aparan zavallı ana qızı ilə
bağlı kədərli xəbərlər eşidir. Ermənilər
ona qızının bir neçə dəfə intihara cəhd
göstərdiyini bildirirlər.
Sevda Kərimova: "Əsirlərin
nə müsibətlər yaşadığını
hamımız bilirik. Əsirlik həyatı əsasən də
qadınlar üçün çox dözülməz olur.
Çünki namus Azərbaycan qadını üçün
həyatından da önəmlidir. Ona görə də əksər
qadınlar əsirlikdə namuslarını qorumaq
üçün həyatlarına belə qıyırlar. Səma
da özünü öldürmək fikrinə
düşür. Lakin ermənilər onu dəyişmək
üçün sağ qalmasını istəyirlər. Ona
görə də Səmaya yanında kəsici alətlər
saxlamağa icazə vermirlər".
Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) xətti ilə
qızı anasıyla məktublaşa bilir. Əsirlikdə
yaşamağın çox dözülməz olduğunu yazan
Səma sonuncu məktubunda qəti qərarını bu
sözlərlə bildirir: "...Mən əsirlikdə olan
qadın kimi yoldaşımın, qardaşlarımın,
camaatın üzünə baxa bilmərəm. Məni
bağışlayın!"
Səma saç sancağı ilə damarını deşərək
canına qıyır
Bu sətirlərdən artıq hər
şey aydın idi. İlk cəhddə Səma
özünü öldürərək adını "əsir
qadın" ləkəsindən təmizləmək niyyətində
olur. Halbuki Səmanın və Nurlanəninin geri
qaytarılması üçün ermənilərlə
danışıqlar başa çatmışdı. Yəni
qarşılıqlı dəyişilmə üçün
erməni əsir tapılmış və prosesin həyata
keçirilməsi günü təyin olunmuşdu. Sevda xanımın da övladına və nəvəsinə
qovuşması üçün cəmi bir neçə
gün qalırdı. Lakin ana qızının yolunu həsrətlə
gözləyərkən Səmanın özündən əvvəl
onun bəd xəbəri gəlir.
Sevda Kərimova: "Ana
üçün balasının ölüm xəbərindən
ağır
heç nə ola bilməz. Mənə
dedilər ki, qızın özünü öldürüb.
Başqa bir kəsici alət tapa bilmədiyindən Səma
saç sancağı ilə damarını deşərək,
çox çətinliklə də olsa canına
qıyıb. Bunu eşidəndə lap havalandım. Mən də
özümü asmaqla intihara cəhd göstərmək istədim.
Amma alınmadı".
"Elə bilirdim ki, bu saat qapı açılacaq və
Səma gələcək"
Bu arada Səmanın qızı
Nurlanə də əsirlikdə ağır şəraitdə
saxlanılaraq, təzyiqlərə məruz qalır və nəticədə
bir yaşlı balaca qız görmə qabiliyyətini itirir.
Qızının sağ canından əli üzülən
ana nəvəsi Nurlanə ilə birgə Səmanın cəsədini
ermənilərdən geri almaq qərarına gəlir.
Sevda Kərimova: "Balama
qovuşmaq üçün günləri, saatları
sayırdım. Gözüm qapıda qalırdı. Elə
bilirdim ki, bu saat qapı açılacaq və Səma gələcək.
Bircə dəfə qızımı doyunca bağrıma
basmağı necə arzu edərdim. Amma qismət olmadı...
Öldüyünü biləndən sonra cəsədini ermənilərdən
almağı düşündüm. Sağ canını
görə bilməsəm də, heç olmasa ziyarət etmək
üçün qəbrinin olmağını istədim.
Axı bala dağı çəkilən ürək çox
kövrək olur. Düşündüm ki, heç olmazsa qəbrini
ziyarət edib ürəyimdə qalan sözləri, qəlbimi
yara edən həsrətini qara daşına deyərəm. Bəlkə
ürəyim bir az dinclik tapar"
"Erməni əsirliyində nə əzablar çəkdin..."
Beləliklə düşmən
tərəflə yenidən danışıqlar
aparılır və bir aydan sonra razılaşma əldə
olunur. Dəyişilmə üçün təyin olunan
gün Sevda xanım erməni hərbi birləşmələri
ilə təmas xəttinə yollanır. Razılaşmaya əsasən,
dəyişilmə vaxtı hər iki tərəf atəşkəsə
əməl etməli idi. Lakin ermənilər
atışmanı dayandırmadığından dəyişilmə
prosesi baş tutmur. Bu hal dörd dəfə təkrar olunur. Nəhayət,
sonuncu cəhddə dəyişilmə həyata keçirilir.
Böyük çətinliklərdən sonra nəvəsi
Nurlanəyə qovuşan Sevda Kərimova qızının cəsədini
də düşməndən ala bilir. Beləliklə, Səma
Bərdə rayonunda torpağa tapşırılır.
Sevda Kərimova: "Hərdən
çox darıxanda balamla görüşməyə gedirəm.
Qəbri ilə dərdləşirəm. Soruşuram ki, yerin
rahatdırmı, qızım? Erməni əsirliyində nə
əzablar çəkdin. İndi öz torpağında azad
yatırsan"
Sətirlərə köçən ana həsrəti
Balaca Nurlanə sağ qalsa da, əsirlikdə
çox dözülməz şəraitdə
saxlanıldığından sağlamlığını
itirir. Nənə nəvəsini müalicə etdirmək
üçün həkimlərə müraciət etsə də,
heç bir faydası olmur. Anasını çox erkən
yaşda itirən Nurlanənin indi 16 yaşı var. Geridə
isə yalnız əsir həyatının acı nəticəsi
və itirdiyi anasının ağır həsrəti
qalıb. Böyüdükcə qəlbində boy atan ana
nisgili Nurlanənin dilindən düşmür. Söylədiyi
şeirlərlə nisbətən təskinlik tapan qız bizi
də bir parça ana həsrətinə qonaq etdi.
Görməmişəm
üzünü,
Şirin-şəkər
sözünü,
Şəkillərə baxaraq
Sevdim qara gözünü...
"Ermənidən bizə heç vaxt dost olmaz!"
Sevda Kərimova:
"Ölümündən sonra qızımın qoxusunu
balası Nurlanədən alıram. Səmanın yeganə
yadigarıdır. Böyüdükcə məndən
anasını soruşur. İçim yana-yana bütün
baş verənləri danışıram. Gözü
bağlı böyüməsini istəmirəm. Qoy
dostunu-düşmənini tanısın. Bilsin ki, erməni
kimdir. Ermənidən bizə heç vaxt dost olmaz! İllərlə
qapımızda çörəyimizi yedilər, axırda da
fürsət düşən kimi "türksünüz"
deyib başımıza müsibətlər açdılar".
Görmə qabiliyyətini
itirdiyindən Nurlanə anasının qəbrini yalnız nənəsinin
köməyi ilə ziyarət edə bilir. Sevda xanım nəvəsinin
hər cür qayğısını çəkərək,
ona anasızlığını hiss etdirməməyə
çalışır. Amma özünün də söylədiyi
kimi, ana məhəbbəti başqadır. Heç kim ana
boşluğunu doldura bilməz.
Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının məlumatına
görə, erməni təcavüzü nəticəsində əsir,
itkin düşmüş və girov
götürülmüş şəxslərin sayı 4166 nəfərdir.
İndiyədək əsir və girovluqdan 343 nəfər qadın azad olub.
Onlardan bəziləri əsirlikdən azad olunandan sonra intihar
ediblər. Onların əksəriyyəti "əsir
qadın" adından "təmizlənmək"
üçün canlarına qıyıblar. Əslində isə
əsir həyatı yaşayan bacılarımızın
başı aşağı olmamalıdır. Əksinə,
onlar cəmiyyətimiz üçün müqəddəs
sayılmalıdır. Çünki həmin qadınlara zor tətbiq
edilərək namuslarına təcavüz olunub.
Əsir həyatı
yaşamış bacılarımız, istənilən halda
siz təmiz ismətli və alnıaçıq
insanlarsınız. Heç vaxt əsirlikdə olduğunuza
görə xəcalət çəkməyin. Siz yox, hər
alçaqlığa və vəhşiliyə əl atan ermənilər
utansın!
Müsahibəni qələmə aldı: Real CƏFƏRLİ
Xalq Cəbhəsi.- 2009.- 24 oktyabr.- S.11.