"İsmayıl Şəms canlı tarix idi"

 

 Onun anadan olmasından 95 il keçir

 

Güney Azərbaycanda 1945-46-cı illərdəki məşhur Pişəvəri hərəkatının fəallarından biri, araşdırmaçı, tərcüməçi İsmayıl Şəms haqqında təəssüf ki, ictimaiyyətin məlumatı azdır. Təxminən 2 il əvvəl yaşadığı bağ evində faciəli şəkildə ölmüşdü. Yaşasaydı, indi 95 yaşı olacaqdı. Onu son illər görənlər yaşına görə gümrah olduğunu söyləyirdilər.

İsmayıl Şəmsin həyatı olduqca əzablı keçmişdi. Azərbaycan mətbuatında bu yaradıcı şəxslə bağlı az yazılar çap olunub.

İsmayıl Şəms 1914-cü ildə Təbrizdə həkim ailəsində anadan olub. 1938-ci İran ordusuna hərbi xidmətə çağırılıb.

İkinci Cahan savaşı milyonlarla insanın həyatını dəyişirdiyi kimi İsmayıl Şəmsin də taleyinə təsir edib. 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə hücumundan sonra SSRİ qoşunlarını İrana yeritdi. Artıq İranda sovetizmin təsiri açıq şəkildə hiss olunmağa başladı. Belə bir zamanda həbsdən çıxan Seyid Cəfər Pişəvərinin Azərbaycan Demokrat Firqəsi Güney Azərbaycanda geniş təsir yaratdı. İsmayıl Şəms firqənin fəallarından olub. 1945-ci ildə Güney Azərbaycanda qurulan Milli Hökumətin yaşaması üçün bir soydaş olaraq əlindən gələn edib. "Azərbaycan" qəzetinin redaktoru olaraq ictimai-siyasi məzmunlu yazılar yazıb.

1946-cı ildə Güney Azərbaycanda bir il ərzində fəaliyyət göstərən Milli Hökumət amansızlıqla yatırıldıqdan sonra İsmayıl Şəms Orta Asiyaya mühacirət edir. Stalinin ölümündən sonra 1954-cü ildə Bakıya qayıdır. Bir müddət "Azərnəşr"də redaktor işləyir. 1960-cı ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb dilindən dərs deyir. Ədəbiyyat və İncəsənət arxivinin direktoru Maarif Teymur onu belə xatırlayır: "İsmayıl Şəms geniş, hərtərəfli biliyə, zəngin həyat təcrübəsinə malik idi. Sifətindəki işıq adamı həmişə ovsunlayırdı. Onun Şeyx Məhəmməd Xiyabani haqqındakı araşdırmaları, bu böyük inqilab mücahidi haqqındakı yazıları bir yerə yığması gərəkli hadisədir.

İsmayıl Şəmsin taleyi qəribəliklərlə doludur. Atası ona "Şəms" adını oğlunun sabahına böyük inamdan verib. Tehran Universitetinin hüquq fakültəsində təhsil alıb. İsmayıl müəllim olduqca etikalı idi: əxlaq onun üçün hər şeyin ölçüsü idi. 8 dil bilirdi. Bu, ona müxtəlif dillərdəki mənbələri araşdırmağa, dəqiq qənaətlərə gəlməyə imkan verirdi. Sovet dövründə uzun müddət Tacikistanda yaşadı. Güney Azərbaycanda "Azərbaycan" qəzetinin redaktoru olub. Milli Hökumətin süqutundan sonra İsmayıl Şəms SSRİ-yə gəlir, ömrünün ilk illəri Tacikistanda keçir. Burada ədəbi fəaliyyətlə məşğul our, tərcümələr edir. 1948-ci ildə Bakıya qayıdır, bir müddət burada çalışır, az sonra yenidən Tacikistana gedir. Artıq 1954-cü ildən birdəfəlik Bakıya qayıdır. Vaxtilə soruşdum ki, İsmayıl müəllim, nədən Tacikistanda bu qədər yaşadığınız halda sonda Bakını seçdiniz? Yadımdadır, İsmayıl müəllimi bu sual sanki uzaqlara apardı, haçandan sonra ağır-ağır dilləndi: "Bakıya gəldim ki, Təbrizə, Savalana tez çatım".

M.Teymur deyir ki, İsmayıl Şəmslə ilk tanışlığı 1966-cı ilə təsadüf edir: "O zaman mən universitetin ikinci kursunda oxuyurdum. Bu dövrdən başlayaraq mərhum İsmayıl müəllimlə tez-tez görüşürdüm. O zaman İsmayıl Şəms Nərimanov prospektindəki 528-ci məhəllədə yaşayırdı. Ondan 3 il ərzində ərəb qrafikalı əlifbanı öyrəndim. Həftədə mənə 3 dəfə dərs deyirdi. Onun ruhu qarşısında baş əyirəm ki, nə yaxşı o zaman bu əlifbanı öyrəndim. Deyirdi ki, bu əlifbanı bilmək çox gərəyin olacaq, karına gələcək. Onun arxivdə fondunu açdıq. Əlyazmalarını, tərcümələrini verdi: təkcə Xiyabani haqqında topladığı materialların həcmi 500 səhifə olardı. Xiyabani haqqında Güney və Quzey Azərbaycanda yazılmış materialları ilk dəfə bir yerə toplayaraq araşdıran İsmayıl müəllim olub. Deyirdi ki, məndə zəngin arxiv sənədləri var, hamısını sizə verəcəyəm, ancaq hələ vaxtı deyil. İsmayıl müəllim məni Əli Fəhmi ilə də tanış etdi. Fikir verirdim ki, bir-birlərilə farsca gözəl danışırlar. Sonra tale elə gətirdi ki, Azərbaycan ədəbiyyatının qədim dövründən Əli Fəhmi bizə dərs dedi".

İsmayıl Şəmsin başına gələn fəlakətlər onu sarsıda bilməsə də, ömründə silinməz acı izlər buraxıb: "Təxminən 17 il əvvəl yenə İsmayıl müəllimin Nərimanov prospektindəki evinə getdim, gördüm daha orada yaşamır. Başına ev-ailə ilə bağlı çox çətinliklər gəldi. İsmayıl müəllim Maştağadakı bağ evlərindən birində məskunlaşmışdı. 7-8 il əvvəl onu orada soraqladım, axır ki, yaşadığı evi axtarıb tapdım. Balaca bir otaqda yaşayırdı. Onun tərcümələrinin bir qismini yığdım, kitab halında çap olunacağı xəbərini özü ilə bölüşmək, sevindirmək istəyirdim. Lakin qəfil eşitdiyim ölüm xəbərindən sarsıldım. İ.Şəms "Ərəb dilində hal kateqoriyası" adlı tədqiqat əsəri yazıb. Bu əsər o dövrün mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilib. Elmlər namizədi idi. Yaşlaşdıqdan sonra artıq şəhərə gəlib-getmək onun üçün çox çətin idi.

İ.Şəmsin "Avesta"nın farscadan tərcüməsinin taleyi təəssüf ki, qaranlıq qalıb. Bu tərcüməni o, ömrünün son illərində etmişdi. Yaddaşı tamamilə yerində idi. Yaşadığı son ünvanda zəngin kitabxanasının balaca bir hissəsi vardı. "Avesta"nın tərcüməsinin itməsindən çox təəssüflənirəm. O, Güney Azərbaycana hər mənada dərindən bələd idi".

Mərhum yazıçı Əlibala Hacızadə də İsmayıl Şəmsi millətsevər bir ziyalı olaraq xatırlayırdı: "O, istedadlı bir tərcüməçi idi. Mehribanlığı, qayğıkeşliyi ilə yaddaşımda qalıb. Həyatın hər üzünü görmüşdü. Sürgünlərdə başına çox müsibətlər gətirmişdilər. Danışırdı ki, günlərlə ac-susuz qaldım, ancaq bəxtim gətirdim ki, ölmədim, sağ qaldım. Taleyin işinə bax ki, ömrünün bu çağında belə bir faciəvi ölümlə üzləşdi".

Əslən Güney Aərbaycandan olan araşdırmaçı Aqşin Ağkəmərlinin İsmayıl Şəmslə bağlı qənaətləri maraqlıdır: "O, Azərbaycanı dərin məhəbbətlə sevirdi. İnanıram ki, İsmayıl Şəmsin yaradıcılığı müəyyən dövrdən sonra geniş səviyyədə araşdırılacaq. Təəssüf ki, biz həmişə kimisə itirəndən sonra onu axtarmağa, qiymətini bilməyə başlayırıq. Onun Pişəvəri hökumətində qurucu xidmətləri var. İ.Şəms hərəkat süqut etdikdən sonra Güneydəki ailəsini itirdi, burada qurduğu ailəsi də alınmadı. Arzu edirəm ki, onun yaradıcılığı kitablar şəklində üzə çıxsın, xalqımız bundan faydalansın.

İsmayıl Şəms canlı tarix idi. Onun qardaşı İranda tanınmış cərrahdır; bilmirəm indi yaşayırmı? İndi Şəms nəslindən Amerikada yaşayanlar var. İ.Şəmsin Elmlər Akademiyasında Cənubi Azərbaycan şöbəsinin yaradılmasında mühüm xidmətləri olub. Onu ziyarət edib videogörüntüyə almaq istəyirdim, faciəli ölümünü eşidəndə sarsıldım. Özümü də qınadım ki, bir az tez bu istəyi gerçəkləşdirsəydim, bu, sabaha qalan gərəkli bir iş olardı. Təəssüf ki, Güney Azərbaycanda İsmayıl Şəmsi yaxşı tanımırlar. Habelə bu qəbildən çox soydaşlarımız Vətənində yaxşı tanınmır. Necə ki, məsələn, İsmayıl Qaspralı burada və Güneydə yaxşı tanınmır. Bu kimi şəxsiyyətlərin dərindən tanıdılması çox gərəklidir".

İsmayıl Şəmsin fitri tərcüməçiliyi barəsində bu gün də onu tanıyanlar heyranlıqla danışırlar. Onun tərcümələri içərisində Xiyabaninin irsinin ana dilimizə tərcüməsi və habelə yaşadığı dövrün Misir yazıçılarının əsərlərinin tərcüməsi xüsusi yer tutur. Ümumiyyətlə, İsmayıl Şəmsin 300-ə kimi elmi məqaləsi var.

Arxivdə İsmayıl Şəmsin adına açılmış 103 saylı fondda qiymətli soraqlar var. Arxiv materiallarının içərisində Fəthi Xoşginabinin İsmayıl Şəmsə yazdığı məktublar ayrıca diqqəti cəlb edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, M.Teymur İ.Şəmsin iri həcmli əsərlərindən birini nəşrə hazırlayır. M.Teymur inanır ki, bu soraqlar sabah daha geniş şəkildə araşdırılacaq, illər ötdükcə İsmayıl Şəmsin adına olan fond daha da zənginləşəcək.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 27 oktyabr.- S.14.