Azərbaycanda erməni terrorunun xronologiyası

 

 25 avqust 1990-cı il: daşnakların "Amaras" adlandırdıqları terror qrupu Şuşanın Göytəpə yaşayış məntəqəsinə basqın edib. Valideynləri qətlə yetirilən və evləri yandırılan 5 yaşlı Elçin Allahverdiyev yetim və evsiz qalıb.

 28 avqust 1990-cı il: daşnak terrorçusu Şəmkir avtovağzalında sərnişin yığmağa dayanmış avtobusda partlayış törədib. Nəticədə ağır dərəcədə yanıq xəsarəti almış Elnarə Məhərrəmova görmə qabiliyyətini itirib, hər iki gözdən kor olub;

 

12-ci yazı

 

 05 sentyabr 1990-cı il: Ağdərə rayonunun Çıldıran kəndində yuva qurmuş daşnak terror qrupu qonşu Güneypəyə kəndinə basqın edib. Nəticədə 13 yaşlı kənd sakini G.Novruzov ağır bədən xəsarəti alıb;

 07 sentyabr 1990-cı il: Gorus rayonunun Xazanvar kəndində yuva qurmuş daşnak terrorçuları Laçın rayonunun Hacılar kəndinə və Qaydulaq örüşünə basqın edərək 156 baş mal-qaranı sürüb aparmışlar;

 08 sentyabr 1990-cı il: Laçın rayonunun Köhnəkənd sovetliyinin mərkəzi malikanəsindən yük maşınlarında Alcana kəndinə gedən üç qardaşdan ikisi - Elman və Xanoğlan Süleyman oğlu Süleymanov qardaşları daşnak terrorçuları tərəfindən atılan güllə atəşləri ilə yarı yolda qətlə yetirilirlər. Üçüncü qardaş Elxan Süleymanov isə ağır bədən xəsarəti alır;

 09 sentyabr 1990-cı il: daşnak terrorçuları Xankəndində Sahib İmanovu əsir götürməyə çalışmışlar. Məqsədlərinə nail olmasalar da, onu yaralamışlar. Yaralı özünü şəhər xəstəxanasına çatdırsa da, daşnak xislətli erməni həkimləri ona ilk tibbi yardım göstərməkdən imtina etmişlər;

 10 sentyabr 1990-cı il: Martuni rayonunda yuva salmış daşnak terrorçuları qrup halında rayon Daxili İşlər Şöbəsinə basqın edərək şöbənin rəis müavini M.Bəylərovu, əməliyyat müvəkkili A.Məmmədovu və milis serjantı F.Mirzəyevi girov götürmüşlər;

 10 sentyabr 1990-cı il: daşnak terrorçuları uzun müddət Ağdərə Rayon Partiya Komitəsinin 2-ci katibi işləyən Arif Əliyevi girov götürüblər. Onun dişlərini sökür, 12 gün işgəncə altında saxlayırlar. Onu əsir düşmüş terrorçulara dəyişdirirlər;

 11 sentyabr 1990-cı il: Xocavənd rayonunda məskən salmış daşnak terrorçuları Əmiralılar kəndinə basqın edirlər. Odlu silahlardan açdıqları atəşlə kənd sovetinin sədrinə, onun 14 yaşlı oğlu Vüqara və iki qadına bədən xəsarəti yetirirlər;

 12 sentyabr 1990-cı il: daşnakların təxribat qrupu Əsgəran rayonu ərazisində Xocalıya gedən sərnişin avtobusunu daşqalaq edərək 5 nəfər sərnişinə ağır bədən xəsarəti yetirib;

 13 sentyabr 1990-cı il: Əsgəran şəhərində məskən salmış daşnak terrorçuları Məhərrəmov soyadlı Azərbaycan türkünü vəhşicəsinə döymüşlər. Sonra isə Ağdam-Şuşa sərnişin avtobusuna basqın edərək bir neçə sərnişinə bədən xəsarəti yetirmişlər;

 14 sentyabr 1990-cı il: Əsgəran rayon DİŞ-nin daşnak xislətli əməkdaşları Fərrux və Ağbulaq kəndlərində yuva qurmuş daşnak terrorçuları ilə birləşərək Ağdam rayonunun Cinli və Gülablı kəndlərini aramsız güllə yağışı altında saxlamışlar;

 15 sentyabr 1990-cı il: daşnak terrorçusu tərəfindən Xankəndi şəhərində DQMV-nin radio-televiziya mərkəzi partladılır. İmkan olmasına baxmayaraq, terrorçunun şəxsiyyəti müəyyən edilmir;

 02 oktyabr 1990-cı il: daşnak terrorçularının Kərkicahan kəndində törətdikləri bomba partlayışı nəticəsində birinci sinif şagirdi E.Abbasov həlak olur, qardaşı A.Abbasov isə yaralanır;

 03 oktyabr 1990-cı il: daşnak terrorçuları Kəlbəcər rayonunun Qılınclı kənd sakini Elbrus Rəsulovu Daşkəsən ərazisində girov götürərək Ermənistana aparmışlar;

 05 oktyabr 1990-cı il: Qafan şəhərində yuva salmış daşnak terrorçuları Zəngilan şəhər sakinlərindən üç nəfəri girov götürmüşlər;

 10 oktyabr 1990-cı il: daşnak terrorçuları Gədəbəy rayonunun Rəsullu kəndinə basqın edərək 89 baş mal-qaranı sürüb aparmışlar;

 13 oktyabr 1990-cı il: daşnak terrorçuları Laçın rayonunun Malbinəsi kəndinə həmlə edirlər. 80 yaşlı kənd sakini Cəfərov və onun iki nəvəsi ağır qəlpə yarası alırlar;

 15 oktyabr 1990-cı il: daşnak terrorçuları tərəfindən "Simferopol-Bakı" sərnişin qatarında partlayış törədilir. Qatar qəzaya uğrayır, 11 nəfər ağır bədən xəsarəti alır;

 21 oktyabr 1990-cı il: Laçın rayonunun Ağanus kənd sakini Məhərrəmov Təvəkkül Adil oğlu Qaladərəsi kəndinə sığınmış daşnak terrorçuları tərəfindən kəndin kənarında qətlə yetirilir;

 14 noyabr 1990-cı il: daşnak terrorçuları Cəbrayıl rayonunun Söyüdlü kənd sakini Məcid Allahverdiyevi girov götürmüşlər;

 15 noyabr 1990-cı il: daşnak terrorçuları Ağdamdan Şuşa istiqamətində gedən "QAZ-24" markalı maşına həmlə edirlər. Sürücü R.Məmmədov bıçaqlanır, sərnişin Q.Cümşüdov vəhşicəsinə döyülür, maşının ehtiyat hissələri oğurlanır;

 18 noyabr 1990-cı il: daşnak terrorçuları Şuşanın Göytala kəndinə basqın edirlər. Nəticədə V.Bayramov güllə yarası alır;

 19 noyabr 1990-cı il: daşnak terrorçuları Xankəndində vilayət prokurorluğunun baş müstəntiqi Siyasət Alıyevi işlədiyi binanın qabağında tutaraq üstünə bıçaq çəkmişlər. Müstəntiq bir neçə bıçaq yarası ilə ağır vəziyyətdə xəstəxanaya düşür;

 20 noyabr 1990-cı il: Sumqayıt şəhər sakini Şahlar Cəlil oğlu Nəcəfov Laçın rayonunun Zabux kəndinə tikinti materialı apararkən daşnak terrorçuları tərəfindən qətlə yetirilir. Sərnişin Etibar Məmmədov isə ağır güllə yarası alır;

 21 noyabr 1990-cı il: Laçın rayonunun Seyidlər kənd sakini Elxan Məmmədov Zabux kəndi yaxınlığında daşnak terrorçuları tərəfindən qətlə yetirilir;

 22 noyabr 1990-cı il: daşnak terrorçuları saat 9 radələrində qəflətən Kərkicahan qəsəbəsinə basqın edir, qəsəbə sakini Həsənov Tofiq Bəylər oğlunu qətlə yetirirlər. Mərhumun meyiti tanınmaz hala salınır;

 24 noyabr 1990-cı il: daşnak terrorçuları tərəfindən X.Hüseynovun idarə etdiyi "QAZ-53" markalı maşın Xankəndi-Xocavənd yolunda gülləbaran edilir. X.Hüseynov və iki mülki şəxs qətlə yetirilir;

 26 noyabr 1990-cı il: daşnak terrorçuları vilayət prokurorluğunun müstəntiqi Ö.Əliyevə hücum edərək ona ağır bıçaq yaraları vururlar;

29 noyabr 1990-cı il: Xocalı təyyarə limanına növbə çəkməyə gedən milis işçilərini aparan avtobus daşnak terrorçularının basqınına məruz qalır. Bir milis işçisi həlak olur, 16 nəfər əməkdaş isə güllə yarası alır;

 30 noyabr 1990-cı il: Çaykəndinə sığınmış daşnak terrorçuları tərəfindən Xanlar rayon sakinləri Məmmədəli Əhmədov, Sənan Ağayarov, Raqub Rzayev, Şərif Məmmədov, Sərhəddin Əliyev, Rafiq Məmmədov qətlə yetirilirlər;

 30 noyabr 1990-cı il: Xanlar rayonunun Martunaşen erməni kəndinə sülh danışığına gedən ictimaiyyət nümayəndələri kəndə sığınmış daşnak terrorçuları tərəfindən atəşlə qarşılanır. Səkkiz nəfərlik elçinin dördü qətlə yetirilir, iki nəfəri yaralanır, iki nəfəri isə girov götürülür. Girov götürülənlərdən biri sonradan işgəncə ilə qətlə yetirilir;

 30 noyabr 1990-cı il: daşnak terrorçuları milis işçilərini Şuşaya aparan avtobusa Ağa körpüsündə basqın edirlər. Milis serjantları R.Yusifov, A.Xıdırov və İ.Yaqubov güllə yarası alırlar;

 02 dekabr 1990-cı il: Xanlar rayonunun Çaykəndi və Kamo kəndlərində məskən salmış daşnak terrorçuları ətraf kəndlərə basqınlar edərək 11 Azərbaycan türkünü qətlə yetirirlər;

 03 dekabr 1990-cı il: daşnak terror qrupu Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndinə basqın edir, əliyalın, dinc kənd sakinlərindən Quliyev Aydın Poladxan oğlu, Rəhimov Mətləb Əvəz oğlu qətlə yetirilir, iki nəfər isə güllə yarası alır;

 04 dekabr 1990-cı il: Əsgəranda məskunlaşmış daşnak terrorçuları 20 maşından ibarət karvana basqın edirlər. 12 sürücüyə ağır bədən xəsarəti yetirirlər;

 05 dekabr 1990-cı il: Xankəndində idarə və müəssisələrin Azərbaycan dilində yazılmış bütün ünvan lövhələri daşnak terrorçuları tərəfindən qoparılıb atılır, 92-41 AQA markalı maşının sürücüsü döyülür, maşın isə qaçırılır;

 06 dekabr 1990-cı il: daşnak terrorçuları Tərtər rayonunun Sarov kəndinin fermasına həmlə edirlər. Çoban Q.Bayramov ağır güllə yarası alır;

 12 dekabr 1990-cı il: Ağdam-Şuşa marşrutu ilə hərəkət edən avtobus Xankəndi ərazisində daşnak terrorçularının həmləsinə məruz qalır. 1964-cü il təvəllüdlü sərnişin A.Mehrəliyev ağır güllə yarası alır;

 14 dekabr 1990-cı il: Tərtər rayonunun Umudlu kəndinə tikinti materialı aparan 6 maşın karvanı daşnak terrorçularının təcavüzünə məruz qalır. Sürücü A.Məmmədov həlak olur, mühafizəçi D.Şakirov və sürücü S.Əmirov yaralanmışlar;

 15 dekabr 1990-cı il: Şuşa rayonunun Cəmilli kənd sakinlərinin oturduğu "ZİL-130" markalı yük maşını Kosalar kəndinə gedərkən "İstisu" adlanan ərazidə daşnak terrorçuları - "Napaleon" ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviçin qrupu tərəfindən atəşə tutulur. Üç nəfər - milis baş leytenantı M.Cəbrayılov, mühafizə şöbəsinin əməkdaşı A.Əliyev, kənd sakini A.Cavadov həlak olur, beş nəfər ağır güllə yarası alır. Hər iki terrorçu cinayət məsuliyyətinə cəlb olunur, 19 iyun 1992-ci il tarixli məhkəmə qərarı ilə onlar ölüm cəzasına məhkum edilirlər. Ancaq bir ay sonra onlar əsir və girovlarla dəyişdirilir. S.Babayan 1993-1999-cu illərdə qondarma DQ Respublikasının müdafiə naziri olur;

 15 dekabr 1990-cı il: Şuşadan Ağdam istiqamətində hərəkət edən 9 avtobus və bir yük maşını daşnak terrorçularının hücumuna məruz qalır, 12 nəfər müxtəlif dərəcəli xəsarət alır.

 

(Ardı var)

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 27 oktyabr.- S.11.