Qədim tarixə malik müasir Misir
Bu
ölkə öz keçmişi ilə fəxr edə bilər...
Misirin Azərbaycandakı
səfirliyinin və Azərbaycan Mətbuat Şurasının
təşkilatçılığı ilə ölkəmizin
bir qrup media təmsilçisinin ("Xalq Cəbhəsi",
"Azərbaycan", "Respublika", "Xalq Qəzeti",
"Mövqe", "İki sahil", "Həftə
içi", "Üç nöqtə", "525-ci qəzet",
"Paritet", "Paralel" qəzetləri, "ARA",
"Trend" və "Turan" informasiya agentlikləri) oktyabrın 11-dən 24-dək
Misirə maraqlı səfəri oldu. Səfər
proqramını Misirin MDB ölkələriylə Əməkdaşlıq
Fondu maliyyələşdirdi. Bu fond keçmiş Sovetlər
İttifaqı dağıldıqdan sonra - 1992-ci ildə
dövlət tərəfindən yaradılıb. Fondun rəhbəri
Misirin xarici işlər naziri, icraçı katibi isə
xarici işlər nazirinin müavini Səməh Sutuhidir. Məqsəd
MDB ölkələri ilə mədəni-texniki əməkdaşlığı
genişləndirməkdir.
1500-ə yaxın azərbaycanlı Misir fondundan
yararlanıb
Əvvəl fond 12 MDB ölkəsiylə
əməkdaşlıq edib. Sonradan başqa ölkələrin
də bu siyahıya əlavə olunması nəticəsində
indi bu say 19-dur. Təşkilatın ilk büdcəsi 17 milyon
Misir funtu olub. Qrumun icraçı katibi Səməh Sutuhinin
sözlərinə görə, fondun xətti ilə indiyədək
müxtəlif sahələri əhatə edən 10 min kurs təşkil
olunub, 20 min nəfər kurs keçib. Azərbaycandan olan
nümayəndələr üçün ayrı-ayrı
vaxtlarda 195 kurs təşkil olunub, 1500-ə yaxın azərbaycanlı
həmin kurslara qatılıb. Onlar müxtəlif sahələrin
- polis sistemi, kənd təsərrüfatı (fermerlər),
bank sahəsi, mətbuat və s. mütəxəssisləri
kimi Misirin oxşar sektorlarının təcrübəsini
öyrəniblər. Bu yerdə çoxlarında belə bir
sual yarana bilər ki, Misir dövlətinin həmin kurslara bu qədər
pul xərcləməsində və səfərlərin təşkilində
hansı marağı, məqsədi ola bilər? Etiraf edək
ki, bu məsələ bizim də diqqətimizi çəkdi. Lakin bu ölkədə olduğumuz iki həftə ərzində
bu qənaətə gəldik ki, Misir dövlətinin əsas
məqsədi onunla maraqlananlara özünü daha yaxından
tanıtmaq, qədim tarixə malik bu sirli diyarın müasir
simasını dünyaya təqdim etməkdir. Bu məqsədlə
ayrı-ayrı ölkələrdən hər hansı bir sahəni
(məsələn, bank işçiləri) təmsil edən
16-18 nəfərlik nümayəndə heyəti ölkəyə
dəvət olunur və onlar üçün kurslar təşkil
edilir. Həm Misirin müvafiq sahədəki təcrübəsi,
mövcud vəziyyət öyrənilir, həm də əməkdaşlıq
əlaqələri genişləndirilir.
Bu dəfə Azərbaycanı 17
mətbuat orqanını təmsil edən jurnalist qrupu təmsil
edirdi. Bakı-İstambul-Qəhirə marşurutu ilə
uçan media təmsilçilərimizi elə Qahirə
aeroportundan başlayaraq hörmətlə
qarşıladılar. Hətta son vaxtlar bütün
dünyanı qorxuya salan donuz qripi ilə bağlı
yoxlamalardan və peyvəndlərdən də yan keçə
bildik. Misir Xarici İşlər Nazirliyinin
protokol idarəsinin işçisi bizi otelə yerləşdikdikdən
sonra insan sivilizasiyanın ilk yaşayış məskənlərindən
olan Misirin müasir həyatı, tarixi və zəngin mədəniyyəti
ilə tanışlıq başlandı. Jurnalist həmkarlarım
kimi yalnız kitablardan və filmlərdən tanıdığım
Misiri görmək arzularım reallaşdı.
Jurnalistika fakültəsində tələbələrin
90%-i qızlardır
Səfərin proqramı çox geniş idi. İki həftəlik dərs günləri ərzində bütün dünyada məşhur olan Misirin Qahirə universitetində kurslarda iştirak etdik, ali məktəbin professorlarının mühazirələrini dinlədik. Treninq Mərkəzinin rəhbəri universitetin "İnformasiya və jurnalistika" fakültəsinin professoru xanım Samiyə Əhməd idi. Ümumiyyətlə mühazirələri aparan professorlar məhz həmin fakültəni təmsil edirdilər. "İnformasiya və jurnalistika" fakültəsinin dekanı Leyla Əbdülməcid bizimlə görüşündə bildirdi ki, Qahirə universitetinin 101 yaşı var. Adı çəkilən fakültə 1970-ci ildə yaradılıb. Hazırda fakültənin 3 minə yaxın tələbəsi var ki, onların da 90%-ni qızlar təşkil edir. "İnformasiya və jurnalistika" fakültəsinin müəllim kontingenti zəngindir, burada 130 professor təmsil olunur. Fakültədə ingilis dilində də kadrlar yetişdirilir. Ötən ildən burada elektron media ixtisası da yaradılıb. Habelə fakültədə televiziya, radio, çap mediası, ictimaiyyətlə əlaqələr üzrə də ayrıca mütəxəssislər yetişdirilir. Dünyanın bir çox ali məktəbləri ilə əlaqələr qurulub, o cümlədən Sarbon (Fransa) universiteti ilə əməkdaşlıq edilir. Ancaq tələbələr çox az məbləğdə - vur-tut 15 funt (təxminən 3 ABŞ dolları) təqaüd alırlar.
Gənclər müasirliyə meyillidir
Diqqətimizi daha çox çəkən isə Qahirə universitetində hazırda 500 minə yaxın tələbənin təhsil alması oldu. Universitet böyük bir şəhərciyi əhatə edir. Bəlkə də Azərbaycının bütün ali məktəblərini bir yerə yığsan, yenə ondan kiçik olar. Maraqlıdır ki, Qahirə universitetinin tələbələrinin yarıdan çoxunu qızlar təşkil edir. Əksər qızlar müasir və çox sadə geyimlər geyinir. Cins şalvarlar burada da dəbdədir. Müsəlman qızların başı bağlıdır. Ancaq baş örtükləri qara deyil, müxtəlif rənglərdədir. 200-300 tələbənin içində qara çadra (niqab) geyinmiş tələbəyə də rast gəlmək mümkündür. Lakin universitetin rəhbərliyi belə geyimə qarşı sərt mübarizə aparır. Onlar İslam dinində qadının tamamilə qara geyimlə bütün bədənini örtməsinə dair qaydanın olmamasına əsaslanırlar. Ancaq universitetin professorlarından biri etiraf etdi ki, son vaxtlar onlarda da qara çarşablıların sayı artır və bu səbəbdən həmin geyimə qadağa qoyulub. Xristan ərəb tələbələr isə sərbəst geyimlərə üstünlük verirlər, lap Bakıdakı kimi. Bir sözlə, universitetdə geyim baxımından azadlıqdır, qara çarşabdan başqa hər kəs ürəyi istədiyi kimi geyinib-keçinə bilər. Universitetin müəllim-professor heyəti isə Avropa stilində geyinirlər: hamısı kostyumdadır. Xanımlar haqqında da eyni fikirləri söyləmək olar.
Müasir Misir gəncliyi Türkiyəyə, Avropaya, müasirliyə meyillidir. Gənclər burada Türkiyə seriallarına daha çox baxır və oradakı qəhrəmanlara bənzəmək istəyirlər. Qahirədə gündüz çox isti olduğundan həyat sanki axşamdan başlayır. Gənclər Nil çayının sahilində günlərini şən keçirməyə çalışırlar. Bu ölkədə qadınlar ağır işlərdə işləmirlər.
Qızlar xarici vətəndaşa ərə gedəndə onların uşaqları həm də Misir vətəndaşı sayılırlar.
Misir qadınlarının həyatı
Misir qanunlarında qadının bütün hüquqları tanınır. Təbii ki, bu ölkədə də bir çox hallarda qanunlarla reallıqlar bir-birini tamamlamır. Misir qadınının əsas problemi köhnə adət-ənənələr və kasıbçılıqdır. Valideynlər qız uşaqlarının təhsil almasına o qədər diqqət yitirmirlər. Ailədə uşaq çox olanda seçim qarşısında qalan valideyn vəsaiti oğlanın təhsilinə yönəldir. Qızın təhsilinə isə pul xərcləmirlər ki, guya bu səmərəsizdir, yəni qız ərə gedəcək, onu oxutmağın ata-anaya bir xeyri olmayacaq. Bunlarla yanaşı, bu ölkədə geniş yayılmış kasıbçılıq və savadsızlıq qadına öz hüquqlarını tam müdafiə etməyə imkan vermir. Təsəvvür edin ki, 80 milyona yaxın əhalisi olan Misirdə insanların yarıdan çoxu savadsızdır. Hətta bəzi professorlar bu rəqəmin 60-70% olduğunu deyirlər. Bu isə olduqca böyük rəqəmdir. Ölkə qanunlarına görə, ibtidai təhsil məcburidir. Lakin buna əməl edən yoxdur. Çoxuşaqlı ailələrdə valideynlər uşaqlardan işçi qüvvəsi kimi istifdə edir. Polis məsələni yerində araşdırmağa çalışanda isə bir şeyə nail ola bilmir. Çünki valideynlər uşaqlarını belə yoxlamalar zamanı özlərini necə aparmaları barədə əvvəlcədən təlimatlandırırlar.
Misirdə ilk qadın jurnalı olan "Qız" 1892-ci ildə çıxıb. Təsisçisi qadın imiş və o, ərə gedəndən sonra evdə oturmalı olub. Beləliklə də jurnal fəaliyyətini dayandırıb. 1939-cu ildən qızların Qahirə Universitetinin jurnalistika fakültəsində təhsil almasına imkan yaradılıb. Yerli jurnalistər ittifaqının üzvlərinin 32%-i qadınlardır. Müasir Misir qadınları arasında özəl mətbuat orqanlarında baş redaktor vəzifəsində işləyənlər də var. Ancaq hələlik dövlət qəzetlərində belə imkan yoxdur.
Misirdə çoxarvadlılıq
problemi yoxdur
Biz ərəb ölkələri haqqında danışarkən ilk olaraq gözümüzün önünə gələn çoxarvadlılıqdır. Lakin Misirdə çoxarvadlılıq problemi yoxdur. Çünki əhali varlı olmadığından kişinin çox arvad almaq imkanı da yoxdur. Böyük əksəriyyətin bir arvadı var. Kişilər dörd arvad ala bilər. Yeni qanunlara görə, kişi ikinci arvadı alanda bu işi rəsmiləşdirən şəxs - məmur bu barədə kişinin birinci arvadına rəsmi bildiriş göndərir. Ancaq birinci arvadın buna etiraz etmək hüququ yoxdur. Bununla belə, əgər birinci arvad kişinin onu dolandırmadığını, ailəsinə maddi cəhətdən yaxşı baxmadığını sübut edə bilsə, boşanmaq hüququ var. Habelə uşağı olmayan qadın da ərindən məhkəmə yolu ilə boşana bilər. Əksər hallarda boşanma halına rast gəlinmir. Çünki ciddi işsizlik problemi olan Misirdə təhsili olmayan savadsız qadının normal iş tapması çətin məsələdir. Boşanma halında uşaqlar - qızlar ərə gedənədək, oğlanlar 16 yaşınadək ananın himayəsində qalır. Ana olmadıqda uşaqlar nənəyə (ananın anasına) verilir. Nənə bundan imtina etdikdə uşaqlar məcburən atanın himayəsinə qaytarılır, hətta onun başqa arvadı və uşaqları olsa belə. Ancaq ailələrdə orta hesabla 6-7 uşaq olur. Qızlar və oğlanlar yalnız 18 yaşına çatdıqdan sonra ailə qura bilər. Qanunlar bundan aşağı yaşda ailə qurulmasını qadağan edir. Lakin buna baxmayaraq 16-17 yaşlarında ailə qurulması halları bu ölkədə də var. Bunu valideynlərin himayəsi ilə gizli şəkildə həyata keçirirlər. Bəzən hətta müxtəlif vasitələrlə yaş həddini artırırlar.
(Ardı var)
Mahir Həmzəoğlu,
Bakı-Qahirə-Bakı
Xalq Cəbhəsi.- 2009.- 28 oktyabr.- S.11.