"Bilən də, bilməyən də sənətə qaçır"

 

 Hüseynağa Atakişiyev həmişə teatr haqqıda düşünürdü...

 

O, teatrın fanatı idi, teatrla nəfəs alırdı. Bu yaxınlarda 60 yaşı tamam olmuş aktyor-rejissor Hüseynağa Atakişiyev beləcə sənətsevərlərin yaddaşında yaşayır. Həyatın hər bir sahəsində irəliləyiş daha çox fanatların hesabına olur. Digər tərəfdən də özünü həyatın bu və ya digər sahəsində fəda edən insanlar əslində ağıllarda, ürəklərdə yaşamaqla ölümü öldürmüş olurlar. Xalq artisti, mərhum Hüseynağa Atatkişiyev mənim xatirimdə həmişə bir tetatr fanatı olaraq qalacaq. Onunla olan söhbətlər zamanı bütün çətinliklərə baxmayaraq teatr üçün əlindən gələni həmişə etməyə hazır olan bir sənət fədaisini görürdüm. Yadımdadır, növbəti söhbətlərimizin biri qışa təsadüf etmişdi. Soyuq otaqda paltosuna bürünərək oturmuş Hüseynağa Atakişiyev yenə də əvvəlki halındaydı. Söhbət boyunca Azərbaycan teatrının qayğılarından danışırdı. Həmişə də bir cəhəti vurğulayırdı ki, milli teatrımızın qayğıları bütövlükdə Azərbaycanın qayğılarından kənarda ola bilməz. Ölkənin qayğıları istər-istəməz teatrda əksini tapır.

Keçid dövründə teatrların mütləq dövlət himayəsində olmasını gərəkli sayırdı. Teatrı insanların mənəviyyatını tərbiyələndirən əsas tribuna hesab edirdi. Deyirdi ki, əgər istəyiriksə gələcək nəsillərimiz mənəviyyatca yüksək olsunlar, o zaman ilk növbədə incəsənət sahəsinə ciddi fikir verməliyik: "Bizdə həmişə balans məsələsi itir. Bir də görürsən, məscidlərin tikilməsinə daha çox fikir verilir. Musiqiyə fikir veriləndə başqa sahələr yaddan çıxır. Əslində məsələlərə kompleks şəkildə yanaşılmalıdır. Moskvanı dünyaya tanıdan onun teatrı, incəsənətidir".

Hərdən küskünləşib deyirdi ki, biz bu məsələni həll etməliyik: Azərbaycana teatr lazımdır, ya yox. Gülürdü ki, Şərq ölkələrində demək olar, teatr yoxdur: "Biz də şərqliyik axı? Qəribə xüsusiyyətlərimizdən biri kimi faciəmizə meyxana qoşmağımıza acıyırdı: "Bizə elə gəlirdi həmişə gülə-gülə gedəcəyik. Bizim xalq ancaq yaslarda ağlamağı sevir. Ermənilər ağlaya-ağlaya çox şeyə çatdılar. Biz isə ağlamırıq, gülürük. Ancaq hər şey əlimizdən gedəndən sonra başlayırıq ağlamağa. Buna da deyirlər, "müsəlmanın sonrakı ağlı". Bu sonrakı ağıl da çox güclü olur. Biz adi şeyi bilməliyik: bu sənəti bilirik, ya bilmirik. Bizdə meyar yoxdur. Bilən də, bilməyən də sənətə qaçır. Küçədə alver edən də incəsənətdən danışır".

Zamanımızda həyat komiklərinin səhnə komiklərini geridə qoyması ona pis təsir edirdi. Deyirdi ki, adamda nəyisə təqlid etmək xüsusiyyəti güclü olur, amma bunu peşəyə çevirmək olduqca çətindir: "Çox adam bu çətinliyə baş qoşmaq istəmir. Elə bilirlər, səhnəyə çıxıb ağız əyməklə, hoppanıb düşməklə aktyor olmaq mümkündür. Ona görə sənət ucuzlaşır. Kənardan baxan da fikirləşir ki, əgər təpik atmaq, söyüş söymək aktyorluq hesab olunursa, bunu ondan da yaxşı bacararam. Beləlilə də əslində mənəviyyata zərbə dəyir. Fitrətən aktyor olmayanın səhnədə nə işi var? O, gedib alverini eləsə yaxşıdır. Bizim obyektimiz canlı insandır. Biz canlı insanı beyninə, mənəviyyatına təsir edirik. Əgər bunu yaxşı bacarmırıqsa, deməli, insanlara ziyan veririk".

Hər halda yaxşı aktyoru dəyərləndirən diqqətli tamaşaçının olması həmişə gərəkli olub. Dərinə gedəndə bu gün yüz il əvvəldə olduğu kimi aktyora münasibət məsələsində Azərbaycanda ciddi münasibət hələ də formalaşmayıb. "Ac həriflər" tamaşasında akytor surətini məharətlə yaradan H.Atakişiyev həmişə "aktyor" sözünün anlamına, ümumən sənətin tələbinə ciddi yanaşırdı. Fikrini məşhur ustad aşıqlarla indi çayxanada oturub oyun çıxaran aşıqları müqayisə etməklə əsaslandırırdı. Azərbaycanda ancaq güldürən aktyorların tanınmasını yaxşı hal hesab etmirdi. Səbəbini də belə izah edirdi ki, ciddi aktyora münasibət cəmiyyətdən gəlməlidir. Cəmiyyət çox varlılara və çox kasıblara bölünüb. Çox varlılara isə düşünmək lazım deyil. Kasıb təbəqənin teatra getməyə vaxtı olmur, baxanda da dərdinə gülür: "Baxım, dərdimi o yana ötürüm, çörəkpulu barədə sabah düşünərəm".

Gənc Tamaşaçılar Teatrının direktor müavini Həsən Həsənov H.Atakişiyevlə bağlı xatirələrini bizimlə bölüşür: "Hüseynabğa Atakişiyevlə tanışlığım 1994-cü ildən başlayır. O zaman bu teatrda əvvəlcə direktor müavini, sonra isə sərəncamçı direktor vəzifələrində çalışdım. Hüseynağa Atakişiyev yaradıcılıq, mən isə texniki baxımdan biri-birimizi tamamlayırdıq. Teatr işinin öz xüsusiyyəti var. Tamaşa hazırlamaqda o, çox mahir idi. Onun adı Azərbaycanın məşhur rejissorları ilə bir sırada çəkilməyə layiqdir.

Heyf ki, az yaşadı. Çox arzuları vardı. Aktyorların qayğısını çəkirdi. Bilirdi ki, hansı aktyorla necə rəftar etmək, hansı aktyora hansı rolu vermək gərəkdir.

Gəncləri ruhlandırmağı bacarırdı. Sənət aləmində "Hüseynağa Atakişiyev məktəbi" məfhumu yaranmışdı, bu gün bu ifadə daha da yaşarıdır. O, zəngin həyat təcrübəsi ilə həyat təcrübəsinin vəhdətini yaratmışdı. Yalnız sənətlə nəfəs alırdı. Gənclər Teatrını yaratmaqla sanki özünün yaradıcı imkanlarını daha da artırmış oldu. Aktyor kimi də özünü təsdiq edə bildi. Cahangir Zeynalovla birgə yaradıcı planları vardı. Heyf ki, bu kimi çoxlu istəklərini gerçəkləşdirə bilmədi. Ümumiyyətlə, Hüseynağa Atakişiyev Azərbaycan teatrı üçün bundan sonra çox işlər görə bilərdi".

H.Atakişiyevlə sənətdə illərlə çiyin-çiyinə çalışmış aktyor Ədalət Əbdülsəmədov deyir: "1988-ci ilin sonları idi. Biz o zaman İncəsənət İnstitutunun son kursunda oxuyurduq. Xəbər yayıldı ki, Şəki Teatrı ilə nəinki Azərbaycanda, habelə İttifaq miqyasında tanınmış Hüseynağa Atakişiyev yeni bir teatr açmağa hazırlaşır. O zaman artıq Hüseynağa müəllim Azdramanın baş rejissoru idi. Eşitdik ki, gənc aktyorlarla işləmək istəyir. Tamaşalarında olmuşduq, üslubunu çox bəyənmişdik. Onun yaratdığı Gənclər Teatrına bütün teatrlardan gənc aktyorlar böyük həvəslə gəlməyə başladılar. Məşqlərə başladıq. İlk işimiz Yusif Səmədoğlunun "Qətl günü" tamaşası oldu. 1989-cu ildə martın 27-də "Qətl günü"nün ilk tamaşası göstərilid. İlk dəfə bu əsəri H.Atakişiyev səhnələşdirib. O zaman teatr komsomolun nəzdində açıldı. Tamaşa uğurlu keçdi. Qapıları taybatay açmışdılar, bayırdan içəri boylananlar vardı. Sonradan Həsən Əbluc teatra rejissor kimi gəldi, C.Cabbarlının "Aydın" tamaşasını səhnələşdirdi. Beləcə bir neçə tamaşada oynadım. Hüseynağa müəllimin ölümündən sonra adam bilmir neynəsin? Hər halda onun yoxluğu ilə razılaşmaq şəxsən mənim üçün çox çətindir. Onun bir sözü səhnədə aktyora bəs eləyirdi. O, aktyora mətləbi anlatmağı bacarırdı. Aktyor olaraq özünəməxsus keyfiyyətləri vardı. "Ac həriflər" tamaşasında məharətli obraz yaradıb. H.Aakişiyev özünü bir sənət adamı olaraq tam aşkarlaya bilmədi. Onun böyük arzuları vardı. Ancaq özünün sənət məktəbini yarada bildi. Onunla işləyən hər bir aktyor fəxrlə deyir ki, mən Hüseynağa Atakişiyev məktəbindən keçmişəm. O, heç vaxt institutda dərs demədi. Ancaq teatrda dərs alan tələbələri hara gedirlərsə, ondan dərs aldıqları ilə fəxr edirlər".   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 30 oktyabr.- S.14.