Qədim tarixə malik müasir Misir

 

 Hər il bu ölkəyə milyonlarla turist axışır...

 

(Əvvəli ötən saylarımızda)

 

Azərbaycan jurnalistləri Misirə 14 günlük səfər proqramı çərçivəsində bu ölkənin mətbuatı və televiziyası ilə də yaxından tanış olmaq imkanı qazandı. Har halda bu qədim Afrika ölkəsində təsəvvür etdiyimizdən fərqli media ilə rastlaşdıq. Əvvəlcə onu xatırladaq ki, Qahirə universitetinin "Jurnalistika və informasiya" fakültəsində 3 minə yaxın tələbə oxuyur ki, onların da 90%-ə qədərini qızlar təşkil edir. Fakültənin dərs labaratoriyaları ən müasir avadanlıqlarla, texnologiylarla zəngindir. Burada ayrıca televiziya, radio studiyası yaradılıb, fakültənin özünün çap sexi fəaliyyət göstərir. Yəni, tələbələrə daha yaxşı praktiki dərs keçmək üçün bütün əyani vəsaitlər var. Hansı ki, Azərbaycanın jurnalictika ixtisası verən ali məktəbləri üçün belə şərait hələlik yalnız arzu olaraq qalır.

 

Müasir Misir mətbuatı

 

"Jurnalistika və informasiya" fakültəsinin professoru Samiyə Əhmədin sözlərinə görə, artıq Misirdə də informasiyaya, xəbərə bir məhsul kimi yanaşırlar. Əvvəllər xəbərlərə senzura olsa da, sonradan ləğv edilib. Misirdə də peşəkar jurnalist problemi var. Bu həm də maliyyə məsələləriylə bağlıdır. Məsələn, Misirdə müxbir postu yaradan xarici agentliklər evi olan, Qahirədə yaşayan har hansı birini işə götürür ki, ona çəkdiyi xərclər az olsun. Ancaq peşəkarları seçmək üçün Qahirədə daha çox vəsait xərcləmək, jurnalistə yüksək qonorar vermək lazım gəlir. Bunlarla belə, yerli mətbuatda peşəkarlar var, lakin onlar çox vaxt dövlətdən ehtiyat etdiklərindən heç də hər şeyi yaza bilmirlər. Bəlkə də elə buna görədir ki, Misir mətbuatında xəbərlərin böyük əksəriyyətini xarici informasiyalar təşkil edir.

Misirdə 600-dək qəzet çıxır. Onlardan 35-i partiya yönümlü və ya müxalifət qəzetidir. 60-a qədər gündəlik qəzet çap olunur. Cəmi bir neçə dövlət qəzeti var ki, onların da tirajı 50 minə yaxındır. Lakin ən çox oxunan müstəqil qəzetlərdən birinin gündəlik tirajı 350-400 mindir. Bu ölkənin jürnalistləri müxtəlif təşkilatlarda birləşib. 6 minə yaxın jurnalist Həmkarlar Təşkilatının üzvüdür. 2 minə yaxın jurnalist isə həmin quruma üzv olmadan da işləyir. Bunlarla belə, jurnalistlərin 60%-i dövlət qəzetlərində işləyir. Mediada çalışanların çoxu qanunları, öz hüquqlarını mükəmməl bilmir. Bu sahədə onlara kömək etmək məqsədilə xüsusi kurslar təşki olunur ki, yazarların da 22%-i artıq belə kurslardan keçib. Ölkədə regional qəzetlər də fəaliyyət göstərir. Çox maraqlı məsələdir ki, Misirdə çap olunan müstəqil qəzetlərin yarıya qədəri sarı mətbuatdır. Hər halda islam ölkəsində belə bir məqam Azərbaycan jurnalistlərini bəlkə də bir qədər təəccübləndirdi. Çünki etiraf edək ki, bizim ölkədə sarı mətbuat papulyar deyil.

 

Misir İnformasiya Akademiyası

 

Misirdə partiya qəzetləri və müstəqil mətbuat prinsipcə istədiklərini yazır, hökumətin fəaliyyətini açıq tənqid edirlər. Hökumət isə öz işindədir. Misirdə Jurnalistlərin Həmkarlar Təşkilatları ilə Dövlət Ali Mətbuat Şurası arasında jurnalist hüquqları uğrunda sivil mübarizə gedir. Misir qanunlarında jurnalistlərin həbsinə imkan verən kodeks var. Media bir ilə yaxın buna etiraz etsə də hələlik qüvvədə qalır. Lakin adətən yazı və məqalələrə görə jurnalistlərin həbsinə yol verilmir.

Misirdə 60-a yaxın televiziya şirkəti var. Lakin onlardan 30-a qədəri daimi fəaliyyət göstərir. Telekanallar üçün 300 hektar sahədə ayrıca bir şəhərcik salınıb, Misir İnformasiya Akademiyası adlanır. Mərkəz 300 milyon dollara tikilib. Mərkəzin tərkibində Misir Elm və İnformasiya Akademiyası da yerləşir. Mərkəzdə 30-a qədər telekanal məskunlaşıb. Onlar üçün ümumi bir inzibati bina ayrılıb. Studiyalar isə ümumidir və çox böyük, müsair standartlara uyğundur. Teleşirkətlər burada müqavilə əsasında məskunlaşıblar. Telekanallar Avropa kanallarına bənzəyir. Yəni, orada olduğumuz müddətdə başı bağlı və ya çarşaplı teleaparıcılar gözümüzə dəymədi. Hətta Qahirədə izlədiyimiz telekanallarda yayımlanan musiqi klipləri Azərbaycan kliplərindən də açıq-saçıqdır. Sanki bura bir müsəlman ərəb respublikası deyil, elə bil İtaliyadır. Lakin ərəb musiqisinin öz yeri və gözəlliyi var. Efirə verilən kliplərin isə peşəkarcasına hazırlandığı o dəqiqə diqqəti cəlb edir. Hətta dili başa düşməsən belə, sujetlərdən məsələnin mahiyyətini anlamaq mümkündür. Telekanallar arasında rəqabət də hiss olunur.

 

Turizm - başlıca gəlir mənbəyi

 

80 milyon əhalisi olan Misirin əsas gəlir mənbələrindən biri turizm sektorudur. Burada turizm mövsümü sentyabr-oktyabr aylarından başlayır. Çünki yayda 45-55 dərəcə isti olduğundan qonaqların yerli şəraitə uyğunlaşması çətindir. Sonrakı aylarda isə havanın temperaturu 30-35 dərəcəyə qədər düşür. Fevral-mart aylarında Misirdə çox güclü küləkli günlər olduğundan həmin vaxt da səyahət etmək məsləhət deyil. Ümumiyyətlə isə qədim tarixə malik Misiri görmək, onun tarixi abidələrini ziyarət etmək, muzeylərini gəzmək, müasir istirahət mərkəzlərində dincəlmək çoxlarının arzusudur. Hər halda hər il Misirə gələn 10 milyondan artıq turist bu arzularını reallaşdırır, öz gözləri ilə dünyanın yeddi möcüzəsindən biri olan Misir ehramlarını görmək xoşbəxtliyinə yiyələnir. Bir haşiyəyə çıxaraq qeyd edim ki, Misirdə səfərdə olmuş həmkarlarım başqa mətbu orqanlarda ehramlarla bağlı ətraflı yazdıqlarından bu məsələyə çox yer ayırmadım.

Bunlarla belə qeyd edim ki, Misir dövləti turistlərin xüsusi qayğısını çəkir. Qahirədə turistlər üçün ayrıca polis xidməti yaradılıb. Onları ağ geyimindən asanlıqla seçmək mümkündür. Hər hansı bir problemlə üzləşən turist polisə müraciət etməklə çıxış yolu tapa bilir. Hər halda Qahirə böyük şəhərdir və burada 18-20 milyon əhali yaşayır. Təkcə paytaxtda 8 milyon avtomobil var. Burada maşın tıxacları adi haldır. Hətta şəhərdəki 2-3 mərtəbəli körpülər də problemi tam həll edə bilmir. Şəhərin hər yerində dünyanın bir çox ölkələrindən gəlmiş turistlərlə rastlaşmaq mümkündür. Bütün Avropa ölkələrindən, Asiyadan, Rusiyadan, hətta Yaponiyadan bura böyük axı var. Məqsəd sadədir: Qədim və müasir Misirlə yaxından tanış olmaq, hər şeyi öz gözləriylə görmək. Bunun üçün çoxları 5-10 min dollarından keçir. Azərbaycanlılar bu ölkəyə 1500-2000 dollarla səyahət edə bilərlər. Türk hava yollarının xidmət göstərdiyi Bakı-İstambul-Qahirə təyyarə reysi çox əlverişlidir. 7-8 saata Qahirədəsən. Ancaq Misirə səfər etmək istəyənlərin turist şirkətlərinə müraciət etməsi məsləhətdir. Çünki əks halda bu, çox baha başa gəlir. Adətən şirkətlər Misirdə hər şeyi əvvəlcədən danışmaqla yoluna qoyurlar, gediləcək yerlər proqram üzrə nəzərdə tutulur, vaxt və maliyyə itkisinə yol verilmir. Həm da Misirin gəzməli-görməli yerlərini tanımaq məsələsi də var ki, bunu turist şirkətlərinə həvalə etsəniz, daha düzgün olar.

Turistlər Qahirənin mərkəzində yerləşən ehramlarla yanaşı antik əşyaların saxlandığı muzeylərə (o cümlədən, Misirin Mərkəzi Muzeyinə), məscidlərə və kilsələrə, Məhəmməd Əli qalasına baş çəkirlər. Habelə regionlara səfərlər təşkil olunur.

 

İsgəndəriyyə kitabxanasında Azərbaycan dilində "Quran"

 

Elə jurnalist qrupumuzun bir neçə saat qonağı olduğu İsgəndəriyyə şəhəri çox cəlbedicidir, sanki Avropanı xatırladır. Buranı ziyarət etməyə dəyər. Əsl keyfiyyətli balığı buradakı restoranlarda dadmaq mümkündür. Habelə Roma imperiyası dövründə tikilmiş amfiteatr hələ də tarixi abidə kimi qorunub saxlanılır. Bura hər gün yüzlərlə turist gəlir. Jurnalist qrupumuza həmin amfiteatrı da ziyarət etmək qismət oldu. İsgəndəriyyədə daha çox diqqətimizi çəkən isə bütün dünyada məşhur olan İsgəndəriyyə kitabxanası idi. Bu kitabxananın əsası eramızdan əvvəl qoyulub. İki dəfə böyük yanğına məruz qalıb və sonuncu dəfə Makedoniyalı İsgəndərin dövründə atışma zamanı ora düşən top mərmisi onu yerlə-yeksan edib. Deyilənlərə görə, Zərdüştə məxsus məşhur "Avesta"nın əlyazmaları da həmin vaxt orada məhv olub. Sonradan bərpa edilən İsgəndəriyyə kitabxanası son dövrlərdə o qədər müasirləşdirilib ki, baxanda sadəcə heyran olursan. Kitabxana ən müsair kompüter texnologiyaları ilə təchiz edilib. Təsəvvür edin ki, burada kömpüterə bir komanda verməklə 7-8 dəqiqəyə kitab çap etmək mümkündür. Dünyanın ən müasir bu çap maşını jurnalist həmkarlarımın da diqqətini çəkdi. Bununla yanaşı, kitabxanada böyük və işıqlı oxucu zalları var. Kitabxanada 600 min adda 8 milyona yaxın kitab toplanıb. Onların hər biri kompüterləşdirilib. Yəni, oxucu burada birbaşa kompüterin monitorundan həmin kitabları mütaliə etmək imkanına malikdir. Kitabxanada qədim və maraqlı eksponatlar da saxlanılır. Məsələn, onların içərisində diqqətimizi çəkən indiyədək müxtəlif dillərdə çap olunmuş "Quran" nüsxələridir. Onların arasında Azərbaycan dilində çap olunmuş "Quran" da sərgiyə qoyulub. Habelə Məhəmməd peyğəmbərin imzası olan dörd məktub maraqlı tarixi-dini eksponatdır. Lakin həmin məktubların əsl nüsxələri İstambulda saxlanılır.

Bir sözlə, Misir təəssüratlarımız o qədər zəngindir ki, onu yazmaqla da bitirmək mümkün deyil. Bizə sadəcə olaraq çoxlarına bu qədim və zəngin diyarı öz gözüylə görməsini, oranı ziyarət etməsini arzulamaq qalır...

 

 

Mahir Həmzəoğlu,

Bakı-Qahirə- Bakı

 

Xalq Cəbhəsi.- 2009.- 30 oktyabr.- S.11.