Salmasda erməni terroru
"Ermənilər
öldürdükləri Salmas sakinlərinin bədən
üzvlərini kəsir, tonqal qalayaraq od içində yandırırdılar"
"Osmanlı əsgərlərinin yardıma gəlməsini eşidən şəhər sakinləri öz xilaskarlarının gəlişinə sevincdən ağlayırdılar"
Ötən yazımızda XX əsrin
əvvəllərində ermənilərin Güney Azərbaycanın
Urmiya şəhərində törətdiyi terror barədə
bəhs etdik. Bu dəfə isə ermənilərin Salmas şəhərində
həyata keçirdiyi soyqırım hadisəsini diqqətinizə
çatdırırıq.
IV yazı
Belə ki, Urmiya
qırğınlarından sonra ermənlərin hədəfi
Salmasa yönəldi. Güney Azərbaycanda ermənilərin
törətdiyi soyqırımla bağlı geniş təqdiqat
aparan görkəmli tarixçi-alim Səməd Sərdarinianın
araşdırmalarına əsasən, Salmasa silahlı
basqın edən dəstələrə ermənilərlə
yanaşı, assurilər də qoşulmuşdu. Həmin
erməni-assurilərdən ibarət xristian ordusuna Petros
adlı bir quldur başçılıq edirdi.
"Salması tərk etməyə məcbur qalan minlərlə
soydaşımız şaxtadan qırıldı"
Güneyli tədqiqatçı Məhəmməd
Əmin Riyahi "Xoy tarixi" adlı kitabında yazır:
"Silahlı xristian ordusunun (erməni və assurilər -
R.C.) dini-siyasi rəhbəri Benyamin Marşimon idi. Xristian
komandanı isə macəraçı və şübhəli
bir şəxs kimi tanınan Petros idi. O, olmayanda isə həyat
yoldaşı Zərifə xanım (Marşımonun
bacısı) onun vəzifəsini yerinə yetirirdi".
Marşimonun ölümündən sonra bütün hərbi
məsələlərə Petros rəhbərlik edirdi. Hətta
Salmasa hücumlar da onun başçılığı ilə
həyata keçirilirdi. Təcavüzkar quldur dəstələrinin
ilk basqınları yerli əhali tərəfindən ciddi
müqavimətlə qarşılandı. Salmas sakinləri
müdafiə məqsədilə silahlara sarılaraq təcavüzkarlara
qarşı döyüşür, var gücüylə
hücumları dəf etməyə
çalışırdı. Lakin bir müddət sonra qonşu şəhərlərdən yardım ala bilməyən
əhalinin müdafiə gücü zəifləməyə
başladı. Nəticədə qarşı tərəfdən
ciddi müqavimət görməyən ermənilər 1918-ci
il aprelin 13-də Salmasa daxil ola bildilər. Şəhərə
soxulan ermənilər Urmiyada olduğu kimi, burada da yerli əhalini
soymağa başladı. Onlar dinc sakinlərə hədə-qorxu
gələrək, qiymətli zinət əşyalarını,
hətta əyinlərindəki paltarları da qəsb edirdilər.
Fars əsilli
tarixçi alim və tədqiqatçı Əhməd Kəsrəvi
bu barədə yazır: "Şəhər ermənilərin
əlinə keçdikdən sonra əhali birinci günü
evlərə qapandı. Lakin məişətlə
bağlı zəruri tələbatı təmin etmək
üçün ikinci gündən evdən bayıra
çıxmaq məcburiyyətində
qaldılar. Ermənilər küçəyə
çıxan hər kəsin qabağını kəsir,
pulunu, saatını və digər dəyərli əşyalarını
əllərindən alırdılar. Soyğunçuluqla
üzləşən dinc əhali həm də ağır təhqirlərə
məruz qalırdılar. Hətta yaranmış dözülməz
vəziyyətdən xilas olmaq üçün bəzi sakinlər
şəhərdən baş götürüb
qaçmağa çalışırdı. Salması tərk
etməyə məcbur qalanların bir çoxu ailəli idi. Bu səbəbdən də bir az yol qət etdikdən
sonra qadın və uşaqlar taqətdən düşür və
yeriməyə gücləri qalmırdı. Nəticədə
qaçqınlar qar içində hərəkətsız
qalaraq şaxtadan qırılırdı. Sağ olanları isə
çarəsiz qalaraq yenidən şəhərə
qayıdır, bir qismi isə hər cür təhlükə
və əziyyəti göz önünə alıb, Xoya
üz tuturdular. Xoy əhalisi qaçqınları
mehribanlıqla qarşılayıb, onları şəhərdə
yerləşdirir, paltar və çörəklə təmin
edirdilər.
Səməd Sərdariniya
"Arazın hər iki tayında müsəlmanların
soyqırımı" kitabında yazır ki, həmin
dövrdə Güney Azərbaycan şəhərlərinin
çoxunda, o cümlədən Salmasda da aclıq hökm
sürürdü: "Belə bir acınacaqlı vəziyyətdə
bir tərəfdən də xəstəlik geniş
yayılaraq, Təbriz, Urmiya və Salmas şəhərlərində
çox sayda insanın ölümünə səbəb
olurdu. Erməni təcavüzü, aclıq və xəstəlik
ümumi əzginliyə və əhalinin ruh
düşgünlüyünə səbəb olurdu. Lakin
bütün bunlara baxmayaraq, azadlıq uğrunda mübarizə
aparan Azərbaycan türkləri ümidlərini itirməyərək
fəaliyyətə başladılar. Salmasda erməni təcavüzünə
son qoymaq üçün digər şəhərlərdə
yaşayan soydaşlarımız hərəkətə
keçdilər. Həriri, Növbəri və Sərtipzadə
özləri döyüş meydanına getdilər. Əmir Ərşəd
(Samxan) adlı igid 400 Qaradağ atlısı ilə Almasaraya gəlib,
buranı özlərinə səngər etdilər. Digər tərəfdən
də Xoy ordusundakı döyüşçülərin
sayı artmışdı.
"Salmas qısa müddətə yenidən tarixi sakinlərinin
əlinə keçir"
Salmasın ələ
keçirilməsindən sonra Osmanlı qüvvələrinin
bu bölgədə yerbəyer olması xəbərləri
dolaşırdı. Bu səbəbdən də Petros
silahlı dəstələrin bir hissəsini Salmasda qoyub, qalan
hissəsini isə özü ilə şəhərin ətraf
kəndlərindən olan Pekaçik və Qalasərə
apararaq sonrakı müharibələr üçün
hazır vəziyyətdə saxladı. Salmasın ermənilərdən
azad edilməsi üçün fürsət
yaranmışdı. Buna görə də Azərbaycan
türklərindən ibarət dəstələr (Salması
"Petros" ordusundan azad etmək üçün digər
şəhərlərdə yaşayan Azərbaycan
türkləri bir araya gələrək dəstələr
yaratmışdılar - R.C.) bu imkandan yararlanaraq, 1918-ci il
aprelin 19-da gecə hücuma keçib, heç bir ciddi
müqavimət olmadan Salmasa daxil ola bildilər. Beləliklə,
şəhər yenidən öz tarixi sakinlərinin əlinə
keçdi.
Güneyli tarixçi Tohid Məlikzadə
Dilməqani "Azərbaycan Birinci Dünya müharibəsində"
adlı kitabında yazır: "Salmasın ələ
keçirilməsi üçün əvvəl 500 atlı və
piyadadan ibarət bir qüvvə gecə vaxtı qəflətən
şəhərə girib, erməni və assurilərlə
vuruşaraq şəhəri onlardan təmizlədi. Sonra da
yerli əhali ilə birləşib şəhər bürclərində
təhlükəsizliyi qorumaq üçün keşik çəkməyə
başladılar".
On gün ərzində Xoy və
Təbrizdən də iki minə yaxın
döyüşçü kömək məqsədilə
Salmas sakinlərinin dadına yetişdi. Ermənilərin
fasiləsiz hücumlarını dəf etmək
üçün soydaşlarımız dəstələrini
şəhərin müxtəlif ərazilərində yerləşdirirdilər.
Əsəd Hümayun adlı igid öz silahlı dəstələri
ilə Ləkistanda, Salar Hümayun ilə Hacı Musaxan isə
şəhərdə, Xoy qoşunu isə Muğancuqda
idi. Erməni-assur yaraqlıları öz qüvvələrini
toplayıb, hər gün şəhərə hücum çəkirdilər.
Şəhərdə top və tüfəng səsindən
qulaq batırdı. Tərəflər arasında baş
vermiş qanlı toqquşmalar iki gün davam etdi. Nəhayət,
Əsəd Hümayunun ordusu məğlub oldu və
böyük toplarından biri düşmənin əlinə
keçdi. Quldurlar qənimət kimi əldə etdikləri
böyük topla şəhərə atəş
açır, binaları yıxırdılar. Salmasın Sədiyyə
mədrəsəsi də həmin hücumlar nəticəsində
dağıdıldı. Bununla belə, şəhər əhalisi
basqınçılara qarşı döyüşür,
Salması var güclərilə müdafiə edirdilər.
Axşama doğru qarşıdurmalar daha da kəskinləşirdi.
Şəhərə bir-birinin ardınca top mərmiləri
yağdırılırdı. Minlərlə günahsız
qadın və uşaq ağlar halda münqişənin bitməsini
gözləyirdi. Hər tərəfə hakim olan qeyri-adi qorxu
və həyəcan içində hər kəs
qaçıb öz canını qurtarmaq üçün yol
axtarırdı.
"Ermənilərin Salmasda həyata keçirdiyi
soyqırım gecə-gündüz davam etdi"
Ermənilər
hücumlarının birində yerli müdafiəni qıraraq
Əhrəncan darvazasından şəhərə daxil ola
bildilər. Azğınlaşmış ermənilər evləri
yandırır və heç kimə rəhm etmədən əhalini
kütləvi şəkildə qırırdılar. Beləliklə,
Azərbaycan türklərinin soyqırımı təkrarlanıdı.
Şəhərin dörd bir tərəfi cəsədlərlə
dolmuşdu. Xəndəklərdə də
saysız-hesabsız meyitlər düşüb
qalmışdı. Qadınların bir çoxu öz südəmər
körpələrini arxa ataraq, qətliam səhnəsindən
qaçırdılar. Soyqırım gecəsi
Salmasın hər yerində ucalan uşaq və
qadınların nalə dolu fəryad səsi hər tərəfi
bürümüşdü. Sağ qalmaq üçün
imkanı olan hər kəs şəhərdən
qaçırdı. Çünki ermənilər evlərə
soxulur, qarşılarına keçən hər kəsi
amansızlıqla öldürürdülər. Salmas sakinləri qaçqına çevrilir,
ev-eşikləri isə yandırılırdı. Şəhərdə
əsasən əli hər yerdən üzülmüş
qocalar və xəstələr qalmışdı. Onlar isə
bütün qapıları bağlayaraq evdə oturub bir
addımlıqdakı amansız ölümü gözləyirdilər.
Ermənilər bağlı qapıları sındırıb,
bir-birinə ürək-dirək vermək üçün bir
yerə toplaşmış bir neçə ailəni elə
bir yerdə qırırdılar. Onlar övladı
anasının, qardaşı bacısının gözləri
qarşısında öldürür, bəzən də qətlə
yetirdikdən sonra onların bədən üzvlərini kəsir,
tonqal qalayaraq od içində yandırırdılar. Ermənilərin
Salmasda həyata keçirdikləri Azərbaycan türklərinin
soyqırımı gecə-gündüz sürdü. Əhalinin
bir qismi özlərini qorumaq üçün məscidə
sığınmışdılar. Onlar ermənilərin məscidin
hörmətini saxlayaraq ona toxunmayacaqlarını güman
edirdilər. Lakin quldur dəstələri Dilməqanı
(Salması) işğal etdikdən sonra həmin məscidə
pənah aparmış günahsız dinc əhalinin
hamısını güllələdilər.
"Salmas yolları meyitlərlə dolmuşdu"
Soyqırımın
üçüncü günündə, yəni 1918-ci il
aprelin 25-də erməni-assuri quldur dəstələri 40 min
müsəlman əsiri bir yerə toplayaraq, Həftvan və
Qalasər kəndlərinə apardılar. Onlar
həmin əsirləri lüt-üryan saxlayaraq ağır
şəkildə təhqir edirdilər. Əsirlərin əksəriyyəti
yollarda aclıqdan qırılırdı. Təbriz və
Xoydan Salmasa gedən yollara hər addımbaşı ermənilərin
kütləvi şəkildə öldürdüyü Salmas
sakinlərinin cəsədləri səpələnmişdi.
Bütün bunlarla yanaşı, quldurlar Xoya gedən yolda
pusqu quraraq, yoldan keçən Azərbaycan türklərini
tutub qarət edir və öldürürdülər.
"Salmasın imdadına yenə də qardaş türklər
çatır"
Güneyli
tarixçi Tohid Məlikzadə Dilməqani "Azərbaycan
Birinci Dünya müharibəsində" adlı kitabında
yazır: "Çox çəkmədən Osmanlı ordu
hissələri Xoya daxil olub yerli əhalinin yardımıyla
ilk növbədə Salmasdan gələn
qaçqınların acınacaqlı durumunun
yaxşılaşdırılması işilə məşğul oldular. Xoya
pənah gətirmiş 40 min Salmas qaçqınından
yalnız on min nəfəri sağ qalmışdı.
Osmanlı qüvvələrinin gəlməsindən xəbər
tutan ermənilər təşviş içində əl-ayağa
düşdülər. Onlar etdikləri iyrənc cinayətlərin
aqibətindən qorxaraq qaçmağa
hazırlaşırdılar. Lakin bu qədər cinayət
törətməklə Salması tərk etmək o qədər
də asan iş deyildi. Bundan başqa, ermənilər və
assurilər burada (işğal etdikləri Salmasda və Urmiyada
- R.C.) ev-eşik və bağ evlərinə sahib olmuşdular.
Bunlardan da vaz keçmək onlar üçün çox
çətin idi. Osmanlı əsgərlərinin yardıma gəlməsi
xəbərini eşidən Salmas sakinləri öz xilaskar
havadarlarının gəlişi üçün sevinclərindən
ağlayırdılar. Onlar bir tərəfdən
yuxuda belə görmədikləri bir arzunun gerçəkləşməsindən,
yəni ermənilərin təşviş içində
qaçmağa can atmasından sevinir, digər tərəfdən
isə qaçmaqda olan ermənilərin son qırğına əl
atmasından qorxurdular. Beləliklə,
altıncı diviziyadan olan Osmanlı əsgərləri Türkiyədəki
istiqlal müharibəsinə və daxili problemlərə
baxmayaraq, Salmas və Urmiyanı düşməndən azad etmək
üçün qardaşlarının imdanına yetişdilər.
İyun ayının ortalarında osmanlılar Salmasa
yaxınlaşıb, ikigünlük döyüşdən
sonra şəhərə daxil oldular. Salmas sakinləri
Osmanlı əsgərlərini qarşılamağa gəlir,
onların qabağında mal və qoyun kəsirdilər. Yerli
sakinlər öz başlarına gələn bir neçə
aylıq müsibətlərdən danışır, onlara
öz təşəkkürlərini bildirirdilər".
Hazırladı: Real CƏFƏRLİ
Xalq Cəbhəsi.- 2009.- 30 oktyabr.- S.5.