Folklor nümunələrinin milli reyestrinin strategiyası hazırlanıb

 

 Məqsəd mədəniyyət nümunələrimizin araşdırılması və qorunmasıdır

 

Çağdaş dönəmdə hər bir xalq özünün mənəvi mədəniyyətini daha da inkişaf etdirməyə çalışır. Azərbaycana qlobalizm dalğasının ildən-ilə güclü şəkildə gəldiyi bir zamanda xəlqi imkanlarımızın daha artıq bir səviyyədə aşkarlanmasına ehtiyac böyükdür. Xalqların qədim mədəniyyət soraqlarının sistemli məcmusu folklorda təsdiqini tapır. Folklor xalqın ilkin mədəniyyəti, ilkin düşüncə tərzi, dünyaya, həyata sistemli dünyabaxışıdır. Bu gün kompüter texnologiyalarının yüksək səviyyədə intişar tapdığı bir zamanda dünyada belə qədim ənənələrə meyl təbii olaraq yaşayır. Çünki bəşər yeknəsəqliyin yox, əlvanlığın vəhdəti kimi mövcuddur.

AMEA Folklor İnstitutunun xalqımızın folklor soraqlarının qorunması və yaşadılmasında xidmətləri əvəzsizdir. İnstitutdan aldığımız məlumatda vurğulanır ki, xalqımız çağdaş dönəmdə müstəqil dövlətini bərpa etdikdən sonra bütün sahələrdə öz milli və strateji hədəflərini müəyyən edən bir sıra konsepsiya və qanunvericilik aktları qəbul edib. Bu sıradan Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Elm Strategiyasının əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası xalqımızın milli maraqlarının mühafizəsini və strateji hədəflərini müəyyən edib. Elm Strategiyasının həyata keçirilməsilə bağlı dünyanın nəhəng mədəniyyət təşkilatı YUNESKO nümayəndələri AMEA-nın prezidenti Mahmud Kərimovla görüşlər keçirmişlər. Elm strategiyası bütün sahələrdə olduğu kimi folklorşünaslıq sahəsində də Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən edir. AMEA-nın Folklor İnstitutu bu sahədə ixtisaslaşmış elmi-tədqiqat müəssisəsi kimi dünyada folklor nümunələrinin mühafizəsi və tədqiqilə bağlı aparılmış işlərdən kənarda deyil. İnstitut bu sahədə Azərbaycan elminin naliyyətlərinin dünya elminə inteqrasiya edilməsi və Elm Strategiyasının gerçəkləşdirilməsi üçün elmi potensialını səfərbər etməyi qarşısına məqsəd qoyub. AMEA-nın Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılovun təşəbbüsü və rəhbərliyilə institutun əməkdaşları filologiya elmlər namizədi Seyfəddin Rzasoy və hüquqşünas Səməd Vəkilov tərəfindən "Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması strategiyası" hazırlanıb. Sözügedən sənəd üçün əsas hüquqi baza Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası və YUNESKO-nun konvensiyaları olub. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq, onun mədəniyyətinin araşdırılması və mühafizəsini təmin etməkdir.

"Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması strategiyası"nda vurğulanır: "Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsi onun milli özünəməxsusluğunun ən vacib konponentidir. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərti ilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayır və dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir".

Strategiyada diqqəti cəlb edən əsas məqam "Azərbaycan xalqının mədəni irsinə (folkloruna) yönəlik təhdidlər" bölümüdür. Vurğulanır ki, xalqımız çoxəsrlik zəngin tarixə və mədəniyyətə malikdir. Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələrilə qarşılaşıb. Bu hal xüsusilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəklində həyata keçirilib. Mədəni irsimizə qarşı yönəlmiş təhdidlər isə aşağıdakı kimi qruplaşdırılır: Şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin, o cümlədən dastanlar, nağıllar və s. mənimsənilməsi; xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın mənimsənilməsi; milli musiqi alətlərimizin, o cümlədən balaban, kamança, saz və s. mənimsənilməsi; Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi; Azərbaycan xalçalarının mənimsənilməsi. Bu mədəniyyət nümunələri, o cümlədən "Koroğlu" və "Aşıq Qərib" dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları "İran xalçaları" adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin" beynəlxalq festivallarda "erməni xalq mahnısı" kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəklini alıb.

Habelə strategiyada mədəni irsin araşdırılması və qorunması qlobal mədəni problem kimi təqdim edilir: "Qeyri-maddi mədəni irsin mühafizəsi son illər BMT-nın elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun diqqətdə saxladığı ən aktual məsələlərdən birinə çevrilib. YUNESKO 1972-ci ildə qəbul edilən "Təbii və Mədəni Dünya İrsinin qorunması" müqaviləsindən başlayaraq qeyri-maddi mədəni irsin qorunması üçün əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarlardan biri 1989-cu ildəki "Ənənəvi və məşhur mədəniyyətin qorunması" tövsiyə qərarıdır. Bu qərar folklorun qorunması istiqamətində YUNESKO tərəfindən qəbul edilmiş ilk əhəmiyyətli sənəddir. Bu mövzuda 1995-1999-cu illər arasında keçirilən regional və alt regional 8 seminar dünyada folklorun qorunması mövzusuna əhəmiyyətli maraq yaradıb. 1999-cu ildə Vaşinqtonda reallaşdırılan konfrans isə "Qeyri-maddi irsin qorunması" haqqında Beynəlxalq Konvensiyanın hazırlanmasına gedən yolda əhəmiyyətli addımlardan biri olub. 1989-cu il tövsiyyə qərarı, 1994-cu il "Yaşayan insan xəzinələri" və 1997-1998-ci illərdə "İnsanlığın şifahi və qeyri-maddi əsas quruluşlarının elan proqramı"nın qəbul edilməsi 17 oktyabr 2003-cü ildə Parisdə YUNESKO-nun Baş Qərargahında "Qeyri-maddi irsin qorunması" haqqında Beynəlxalq Konvensiyanı yaradan üç təməl sənəddən biridir. Qeyd edilir ki, folklorşünaslıqla məşğul olan şəxlər üçün bu sənəd özündə zəngin fikirləri ehtiva edir. Konvensiya çərçivəsində "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərinin elan olunması" proqramı yaradılıb. Habelə epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunub. Hazırda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan əsərlərin formatında dəyişikliklər aparılıb. Qərara alınıb ki, reprezentativ və təhlükə altında olan əsərlər də şah əsərlər sırasında yer alsın. Habelə hər hansı xalqın özünüdərk xüsusiyyətlərini əks etdirən və məhv olmaq təhlükəsi altında olan nümunələr YUNESKO tərəfindən qəbul edilsin".

Qeyd edilir ki, 2003-cü ilin noyabrında Azərbaycan muğamı ÜUNESKO tərəfindən "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" elan olunub. 28 sentyabr-2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycan aşıq sənəti və Novruz bayramı qeyri maddi-mədəni irsin reprezentativ siyahısına daxil edilib. Hazırda isə "Azərbaycan xalçaları"nın həmin siyahıya salınması ilə bağlı iş aparılır.

Strategiyada folklor nümunələrinin araşdırılması, qorunması ilə bağlı YUNESKO-nun tövsiyyələrindən irəli gələn işlər barədə danışılır: "YUNESKO-nun 2003-cü ildə qəbul edilmiş "Qeyri-maddi irsin qorunmasi" haqqında Beynəlxalq Konvensiya dünya və Azərbaycan folklorşünaslığı qarşısinda yeni vəzifələr müəyyən edir. Konvensiya qeyri-maddi mədəni irsin tədqiqi və mühafizəsilə bağlı özündə aşağıdakıları ehtiva edir: qeyri-maddi irsin təqdimatında daşıyıcı funksiyanı yerinə yetirən sözlü ənənə və söyləmələr; təsviri sənətlər; təbiət və kainatla bağlı ənənələr; ictimai adət-ənənələr, rituallar və mərasimlər; xalq sənətləri ənənələri. Konvensiya bu sahələrdə meydana çıxan qeyri-maddi irsin araşdırılmasını, toplanmasını, arxiv və sənədləşdirmə mərkəzlərinin yaradılmasını, muzeylərin qurulmasını, təhsil müəssisələrində dərsliklə tədrisini, kütləvi informasiya vasitələrində müsbət mədəniyyət dəyərləri olaraq təbliğini əsas məqsəd hesab edir".

"Azərbaycan folklor nümunələrinin milli reyesterinin aparılmasına dair vəzifələr" bölümündə isə vurğulanır ki, ölkənin Milli Təhlükəsizlik Konsepsiyası və Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsilə bağlı dövlət proqramı YUNESKO-nun müddəalarını əsas tutaraq Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması üçün aşağıdakı məqsəd və vəzifələrin həyata keçirilməsini gərəkli hesab edir: folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi; folklor nümunələrinin milli siyahıya alınmasına dair fəaliyyətin nazirliklər, agentliklər, ixtisaslaşdırılmış elmi-tədqiqat institutları arasında koordinasiya edilməsi; Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələrlə bağlı elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi; folklorşünaslıq qarşısında yeni vəzifələrin müəyyən edilməsi ilə bağlı AMEA Folklor İnstitutunun strukturunun təkmilləşdirilməsi və yenidən formalaşdırılması; orta təhsil müəssisələlərində folklor dərsliyinin hazırlanması; folklor nümunələrinin dünya dillərinə tərcümə ounması; ÜUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil olunmuş folklor nümunələrinin (muğam və aşıq musiqisi) siyahısının hazırlanması; folklor studiyasının yaradılması və milli adət-ənənə ilə bağlı sənədli filmlərin çəkilişi, Beynəlxalq elmi konfranslar və festivalların keçirilməsi".

"Azərbaycan folklor nümunələrinin milli reyesterinin aparılmasına dair məqsədlər"də isə vurğulanır ki, folklor nümunələrinin əhatə dairəsinin müəyyən edilməsi,

folklorşünaslığın elmi-nəzəri problemlərinə dair konsepsiyanın hazırlanması, folklor nümunələrinin milli siyahıya alınmasının hüquqi bazasının və təminatların yaradılması, Azərbaycan folklor nümunələrinin mühafizəsinin təmin edilməsi, folklor nümunələrinin milli siyahıya alınması və dövlət reyesterinin aparılması, folklor nümunələrinin müasir informasiya texnologiyalarına uyğun qurulması ilə bağlı texniki vasitələrin tətbiqi, Azərbaycan Milli Folklor Arxivinin və Muzeyinin yaradılması nəzərdə tutulur".   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 31 oktyabr.- S.14.