Mətbuat Nizamnaməsinin 90 illiyi

 

 Mətbuat Şurasında yubileylə bağlı "dəyirmi masa" təşkil olundu

 

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Mətbuat Nizamnaməsi 90: keçmişdən bu günə dəyişən reallıqlar" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbiri giriş sözü ilə açansədri Əflatun Amaşov Azərbaycan Xalq Cumhuriyyəti dönəmində qəbul olunan Mətbuat Nizamnaməsinin 90 illiyi ilə bağlı ölkənin bir sıra tədris müəssisələrində geniş mərasimlərin keçirildiyinə diqqət çəkib. Nizamnamədə əksini tapan prinsiplərlə bağlı məlumat verən Şura sədri sənədin müasir dövrümüz üçün aktual səciyyə daşıdığını vurğulayıb.

BDU-nun jurnalistika fakultəsinin mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev AXC dövründə qəbul olunan sənədi mühüm tarixi zərurət kimi dəyərləndirib. Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası daxilində baş verən ictimai-siyasi proseslər söz mətbuat azadlığına da təsir göstərib: "Nəticə etibarilə 1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu meyllər daha da güclənmişdi. Amma bu o demək deyil ki, Mətbuat Nizamnaməsi asanlıqla qəbul olunan sənəd idi. Hər fəslinin üzərində ciddi müzakirələr getmişdi. Nizamnamənin demokratik ab-havası dövrün ziyalılarının xarakterinə təsir göstərmişdi".

Daha sonra BDU-nun jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli ilə isə öz çıxışında diqqəti Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etdiyi 1991-ci ildə baş verən proseslərə yönəldib. Onun dediklərinə əsasən, həmin vaxt Azərbaycan jurnalistləri məhz bu Nizamnaməyə güvəndilər ona istinad etdilər. C.Məmmədli sənədin ən mühüm xüsusiyyətlərindən biri kimi orada senzuranın nəzərdə tutulmamasını vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Mətbuat Nizamnaməsinin KİV sahəsindəki mövcud qanunvericilik aktları üçün başlıca mənbə rolu oynadığını bildirib: "Diqqət yetirsəniz, Mətbuat Şurasının Nizamnaməsinin, eyni zamanda ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının müxtəlif prinsip bəndlərində Xalq Cumhuriyyəti dövründə ərsəyə gəlmiş bu mühüm sənədə kifayət qədər istinad edilib".

BDU-nun dosenti Nəsiman Yaqublu öz növbəsində qeyd edib ki, Mətbuat Nizamnaməsinin meydana çıxması cumhuriyyət dövrü istiqlal bəyamnaməsinin 4-cü bəndindən irəli gəlib: "Həmin vaxtadək görkəmli mütəfəkkirlərin çıxışlarında söz mətbuat azadlığı ilə bağlı geniş məqamlar yer alıb. Sənəd məhz onların fikirlərinin məhsulu kimi böyük əhəmiyyətə malikdir".

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxışında həmin vaxtadək Şərqdə belə bir nizamnamənin mövcud olmadığını deyib. Sənədin mütərəqqi xüsusiyyətlərindən söz açan baş redaktor onun yenidən çap edilməsi yayılması təklifini irəli sürüb. "Xalq Cəbhəsi" qezetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Nizamnaməsində əksini tapan məsələlərin sonradan qardaş Türkiyə Cumhuriyyətindəki analoji sənədlərdə özünə geniş yer tapdığını vurğulayıb.

Daha sonra çıxış edənlərdən KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın, eyni zamanda "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlunun başqalarının fikirlərində Mətbuat Nizamnaməsinin müasir dövrümüzdə aktual səciyyə daşıyan xüsusiyyətləri ətraflı təhlil olunub.  

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2009.- 31 oktyabr.- S.11.