"Təbiət özünü biz istəyən kimi idarə edə bilməyəcək"

 
       Professor Qara Mustafayev: "İndi təbiəti məhv edənlər onu öyənlərdən qat-qat çoxdur"

 

Son həftələrdə Azərbaycanda da qlobal iqlim dəyişkənliyinin fəsadlarını ciddi şəkildə gördük. Gerçək durum bizə onu deyir ki, sözügedən sahədə problemlər bundan sonra daha da artacaq. Bu sahədə maarifləndirici söhbətlərə isə indi əvvəlkindən də çox gərək var. Qlobal iqlim dəyişkənliyindən qurtulmağın yeganə yolu insanın təbiətə münasibətinin ciddi olmasıdır. Azərbaycan ictimaiyyəti professor Qara Mustafayevin imzasını yaxşı tanıyır. Uzun illər Azərbaycan televiziyasında "Təbiəti sevənlər" adlı maraqlı verilişin aparıcısı olub. Təbiətin qorunmasına dair çoxsaylı kitabların müəllifidir.

Bu gün sosializmdən tamam fərqli bir quruluşda yaşayırıq. Həmişə insan təbiəti vəsf edib, lakin bu gün həm də onun fəlakəti daha aydın görünməkdədir. Görəsən, zamanımızda insanın yeri haradadır, onun təbiətə münasibəti necədir? Qara müəllim hesab edir ki, bazar iqtisadiyyatı olan yerdə təbii şəkildə həyatın maddi tələbi, istəkləri mənəvi tərəfinə üstün gəlir: "Nə qədər acı səslənsə də, gerçəkdir ki, insanın təbiətində ikilik var. O, özündə biolojilik daşıyır. Bax, bazar iqtisadiyyatı insandakı bu cəhətləri təəssüf ki, alışdırır. Uzun müddət ərzində ictimai mülkiyyət ideyası insanı başqa cür yaşamağa sövq və məcbur etdi. Hər halda bunun yaxşı və pis tərəfləri vardı. Mənə belə gəlir ki, kommunistlər idarə etdiklərinə nisbətən insanı daha yaxşı anlayıblar. O mənada ki, insanın xislətindəki heyvaniliyi görüblər. Biliblər ki, insanlar biri-birlərini maddi nemətlər uğrunda didməyə həmişə hazır olacaqlar. Belə bir ifadəm vardı, marksistlər insanın nəfsini qıfılladılar, açarını da qoydular Kremlə, Stalinin cibinə. Ancaq nəsə, adamlar özlərini çox narahat hiss edirdilər, məsələn, biri istəyirdi ki, qızıldan avtomobil düzəltsin, di gəl, imkanı yox idi".

Sovet dövründə də insan tam mənası ilə qiymətləndirilmirdi, ümumilikdə fərdilik tamamilə itirdi. Əslində sosializm ideyası Stalinin yaratdığı dəmir pərdə yox olandan sonra zəifləməyə başladı. Qara müəllimin məsələyə münasibəti belədir: "SSRİ dağılandan sonra hamı tamamilə sərbəstləşdi, adamların ağzı artıq "akulanın ağzına" döndü. Akula burada yerinə düşən məsəldir. Fakt var ki, bir akula gəmidən düşən 60 kiloqramlıq mismar qutusunu suyun dibinə düşməmiş udubmuş. Onu tutandan sonra mədəsində təsadüfən bunu tapıblar. Heyvanda nəfsə bax ki, nə oldu, udur. Adam xislətinin bu cəhətini görəndə çox kədərlənirəm".

Burada ortaya maraqlı bir məsələ çıxır. Təbiətin qoynundan cəmiyyətə gələn insan xilas olmaq istədi. Ancaq o, bu gün daha çox cəmiyyətin əsirinə çevrilib: "İnsan özünü anladığı vaxtdan çalışıb ki, təbiətdən az asılı olsun. Lakin təəssüf ki, əksər hallarda cəmiyyətdə maşın yerində fırlanan kimi, bu da fırlanıb. İndi bu, daha qabarıq görünür. İnsan fikirləşir ki, təbiəti özünə daha artıq təslim eləsin, ancaq özü təbiətin əsirinə çevrilir. Artıq bir azdan təbiət özünü biz istəyən kimi idarə edə bilməyəcək, onun nizamlanması daha çox bizim imkanlarımızdan kənar olacaq. Bu gün Yer kürəsini dəfələrlə məhv etməyə qadir olan silahlar daha da təkmilləşib. İnsan cəmiyyəti tarix boyunca dalğalı inkişaf edib. O, zirvəyə qalxıb, sanki orada qalmaq istəməyib, nəticədə enib. İnsan çalışıb ki, insanı özünə tabe etsin, lakin sonda bu, tabe edənin də, tabe olunanın da faciəsi ilə başa çatıb. Bütün tarix boyu insan əsas iki işlə məşğul olub: doğub-törəyib artmaqla, sonra da müharibə eləyib biri-birini qırmaqla. İnsan bu instinktiv keyfiyyətindən primitiv dövründə qurtula bilməyib, indiki səviyyəsində də əl çəkmək istəmir".

Bu, onu deyir ki, insan əslində özü ilə bacara bilmədiyindən bütün bu fəlakətlər başına gəlib. İnsan təbiəti bu dərəcədə vəsf edir, görəsən, həm də niyə onu məhv etmək istəyindən əl çəkmir? Q.Mustafayev düşünür ki, təbiətin vəsfi elə də çox olmayıb: "Təbiəti məhv edənlər onu öyənlərdən qat-qat çoxdur. Əslində təbiəti öyənlərin çoxu daxildə onu qıranlardır. Bu, mənim ümidsizliyim deyil. Həyata, təbiətə baxışım etibarilə təkamülçüyəm. Təbiəti, onun daxili aləmini gözəl tanıyıram. Bütün həyatımı buna sərf eləmişəm. Son illərdə isə insanı hərtərəfli şəkildə öyrənməyə, dərk etməyə çalışmışam. Əldə etdiyim faktları həmişə müqayisə etməyi, məntiqi nəticə çıxarmağı xoşlayıram".

İnsanın biolojiliyi öyrənildiyi dərəcədə təəssüf ki, hələ mənəvi tərəfi, imkanları tam öyrənilməyib. Q.Mustafayev fikrimizlə razılaşır: "Bunlar öyrənilsə də, hesab edirəm ki, kütləvi xarakter almayacaq. Hazırda Yer kürəsində 8 milyard insan yaşayır. İnsan heyvandan fərqli olaraq təbiətin qanunlarından uzaqdır. Hesab edirəm ki, insan cəmiyyətləri həmişə düz olmayan qanunlarla yaşayıb. Bu qanunlar da insanları çətinliklərdən azad edə bilmir. İnsan balası dünyaya gələrkən onu bağrına basıb böyüdür. Baxmır ki, bu, normaldır, şikəstdir, ya şizofrenikdir. Baxırsan ki, xəstə adamlarla sağlam adamlar ailə qururlar, nəticədə yeni nikahlardan çoxlu şikəst uşaqlar doğulur. Belə-belə şikəst, xəstə nəsillərin yaranması davam edir, cəmiyyətimiz isə bu səbəbdən daim problemlərdən qurtula bilmir. Qəribədir ki, cəmiyyət bu sarıdan problemlərini artırdığı dərəcədə təbiətin inkişafı daim özünü təmizləməklə müşaiyət olunur".

Qlobal istiləşmə təhlükəsi ötən yüzilin sonlarında özünü daha aşkar göstərəndən sonra dövlətlər qərara aldılar ki, bu problemə qarşı hamılıqla durmaq lazımdır. Amma xüsusən iri dövlətlər vədlərinə demək olar, əməl etmirlər. Qara müəllimi bu məsələ daha çox qayğılandırır: "Səhv etmirəmsə, bir müddət əvvəl Norveçdə "Mersedesdən velosipedə" adlı bir cəmiyyət yaratdılar. Bu cəmiyyəti yaradanların məqsədi o olub ki, təbiətin, həyatın qorunması məqsədilə camaat tədricən avtomobildən imtina edib velosipedə keçsin. Təsisçilərin sayı 15-dən çox olmayıb. Bir müddətdən sonra bunlara dəstək olaraq 2 nəfər də qoşulub, lakin imtinaçıların sayı bundan o yana artmayıb. Təəssüf ki, insan xislətində belə bir cəhət var, o, gördüyündən geri qala bilmir. O deməkdir ki, insana vərdiş etdiyindən əl çəkmək çətin olur. İstərdim ki, bu gün Azərbaycanda bir ağac belə kəsilməsin. Əlbəttə, insanın tələbatı var, onu ödəməlidir. Lakin elə ki, bütün bunlara gücüm çatmır, çox kədərlənirəm. Təsəvvür edin, bir qoca ağacla söhbət edirəm. Bu zaman bir nəfər gəlib onu kəsir. Görənlər də deyir ki, bu Qara müəllim dəli olub. Mən isə dəli-zad olmamışam, ağacın fəlakətini anlayıram. Ağaca üzrxahlıq edirəm ki, bağışla, sənə kömək edə bilmədim".

Q.Mustafayev "Poeziya və Həyat" adlı kitabında insanın xisləti, özünəməxsusluğu, yaxşı-pis cəhətləri xarakterizə edilib. Müəllifin insanın, təbiətin halının elmi cəhətdən açılması ilə yanaşı poeziyaya da müraciət etməsinin səbəbi belə açılır: "Çalışdım ki, bu kitabda qənaətlərimi həm də şeirlərin müşayəti ilə deyəm. Kitablarımı daha çox gələcək üçün ünvanlayıram. Başqa cür səslənməsin, daxilən zəngin olmayanlar etiraf etməyi bacarmırlar. Çünki daxili kasıb olanlar qorxurlar ki, etiraf etsələr, içəriləri tamamilə boş qalacaq. Fikirləşirlər ki, birdən deyərəm, mənə gülərlər.

Bu gün insan təbiətdən ayrıldığı dərəcədə daha çox xəstəliklərə tuş gəlir, dərmanlar insanı sağaltdığı dərəcədə həm də ona yeni-yeni xəstəliklər bəxş edir. İnsanın təbiətlə yeni səviyyədə doğmalığının yaranması onun təbii dərmanlara, türkəçarəyə qayıtmasına səbəb olar. Hər bir daxili orqanın özünün biotokları var. Qədim insanlar bunu indiki heyvanlar kimi duyublar. Biz isə texniki vulqarlaşma nəticəsində o hissiyyatı itirmişik. Ümumiyyətlə, insan, təbiət haqqında təsəvvürlərimiz hələ də istənilən səviyyədə deyil".                                                                                    

 

                                                                                                   

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 29 sentyabr.- S.14.