Ermənilərin milli arxivlərimizdə mənəvi terroru

 
       Şahsuvar Haşımov: "30-cu illərdə arxivlərdə əsas işləri ermənilər görürdülər"

 

Tarixən ermənilər bu torpaqlarda guya ki, "qədimdən məskunlaşdıqlarını" sübut etmək üçün müxtəlif üsullara əl atıblar. Onların heç bir tarixi fakta əsaslanmayan iddiasını həmişə türkü sevməyən dövlətlər cani-dildən müdafiə ediblər. XX yüzilin əvvəllərində dünyanın geosiyasi vəziyyətinin dəyişdiyi, Rusiya imperiyasının süqut etdiyi bir zamanda Azərbaycanda, Gürcüstanda müstəqil dövlətlər quruldu. Bu, faktdır ki, Ermənistan adlı qondarma dövlət tarixi türk torpaqlarında bərqərar oldu. Az sonra bu dövlətlər bolşevik Rusiyası tərəfindən yenidən zəbt edildi. Sovetləşmə zamanı ermənilər yenə də özlərini çox rahat hiss etdilər. Onlar imperiyanın tərkibində olduqları müddət ərzində hər vasitə ilə türkləri məhv etməyə, onların tarixi, mədəniyyəti, incəsənəti, elmilə bağlı bütün soraqlarını daha səyli şəkildə aradan götürməyə girişdilər.

Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru, tanınmış arxiv işçisi Şahsuvar Haşımov ermənilərin öz istəklərinə daim antiinsani yolla çatmaq istədiklərini, bunu başqa millətlərin, xüsusən də türklərin məhvi bahasına həyata keçirdiklərini deyir: "Hər bir millətin həyatında arxiv müstəsna rol oynayır. Çünki millətin keçmişi, tarixi, mədəniyyəti, həyatının bütün sahələrilə bağlı soraqların cövhəri məhz arxivdə qorunur, sabaha çatdırılır. Ermənilər həmişə özlərinə yalançı tarix quraşdırdıqları dərəcədə imkan düşdükcə azərbaycanlılarla, türklərlə bağlı bütün soraqları məhv edib, ən azı təhrif ediblər. Onlar XX yüzilin əvvəllərindən başlayaraq murdar istəklərini həyata keçirmək üçün daha da azğınlaşdılar. Məlumdur ki, çar Rusiyasının ermənilərə rəğbəti çox idi. Çünki türklərin minillərdən bəri məskunlaşdıqları ərazilərdə onlara hər mənada yarayan ermənilərə dövlət qurmaqla türkləri mümkün qədər pərən-pərən salmaq istəyirdilər".

 

Ermənilər arxiv sənədlərini məhv ediblər

 

Ermənilər həmçinin ötən yüzilin 20-ci illərindən başlayaraq daha səyli şəkildə Azərbaycanın arxiv soraqlarını məhv etməyə girişiblər. Onlar həmişə bizim arxiv sənədlərimizi məhv etmək üçün xüsusi planlar həyata keçiriblər: "Ermənilər gözəl dərk edirdilər ki, özlərinin bu torpaqda gəlmə deyil, "oturaq, köklü millət" olduqlarını sübut etmək üçün ilk növbədə arxiv sənədləri məhv edilməlidir. Onlar ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpağı olan Zəngəzuru işğal edərkən ilk növbədə həmin ərazinin arxiv sənədlərini məhv edir, tarixi yerlərin adlarını erməniləşdirirdilər. 1918-20-ci illərdə ermənilər cəmi 23 ay yaşamış ADR-in məhv edilməsi üçün əllərindən gələni etdilər. Onlar Bakıda, Şamaxıda, Qubada, həmçinin Zəngəzurda və başqa yerlərdə törətdikləri soyqırımları zamanı ilk növbədə arxiv sənədlərini məhv edirdilər. Bu və başqa hadisələrin üstü Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra açıldı. Aydın oldu ki, Şaumyan Bakıya sadəcə Qafqaz İşləri üzrə Fövqəladə Komissar yox, ilk növbədə Azərbaycan türklərini məhv etmək üçün göndərilmiş bir şəxsdir. Bolşevik libasına bürünmüş ermənilər hətta Azərbayan türklərini fiziki cəhətdən məhv etməzdən qabaq ilk növbədə əllərinə keçən bütün arxiv sənədələrini yandırmağı hər şeydən üstün tuturdular. O zaman ermənilər artıq Azərbaycanın bir neçə regionunda hakimiyyəti ələ keçirmişdilər, həyata keçirilən qırğınlara siyasi don geyindirməyə çalışırdılar. Həmin dövrün arxiv sənədlərində türkə qarşı soyqırımı törədənlərin əsas bəhanələri bu idi ki, guya onlar hər yerdə müsavatçılara qarşı mübarizə aparırlar. Guya ki, hamı bolşevizmə qarşı mübarizə aparan müsavatçı imiş. Sonradan belə bir rəy formalaşdı ki, kim azərbaycanlıdırsa, ümumiyyətlə, o, müsavatçıdır. Əslində ermənilər soydaşlarımızı məhv etmək üçün həmişə bir bəhanə axtarırdılar".

Ermənilər Azərbaycanın sovetləşməsindən sonra mühüm əhəmiyyətli dövlət postlarını ələ keçirməyə nail oldular. Onlar müxtəlif vasitələrdən daha səyli şəkildə istifadə edərək mümkün qədər arxiv sənədlərini məhv etməyə çalışır, bu, baş tutmadıqda isə sənədlərdə təhriflər aparırdılar: "O zaman Bakıda hakimiyyətdə Mikoyan və Mirzoyan idilər. Onlar həmin vaxt burada Xalq Komissarları Sovetində çalışan N.Nərimanovu Azərbaycandan uzaqlaşdırmaq, beləliklə də real hakimiyyəti tamamilə ələ keçirmək iddiasında idilər. Ermənilər məhz belə bir zamanda mümkün qədər arxiv sənədlərini məhv etdilər. Hakimiyyətdə olan ermənilər əllərindən gələni edirdilər ki, Azərbaycanda yaşayan ermənilərin sayı və onların cəmiyyətdəki mövqeyi günü-gündən güclənsin. Ermənilər o dövrdə bütün daxili işlər orqanları strukturunda nəzarəti ələ keçirmişdilər. Azərbaycanın o dövrdə 55 rayonunda milis komissarı ermənilər idi. Bu, elə-belə məsələ deyildi. Bir cəhətə fikir verək ki, həmin dövrdə arxivlər həmin daxili işlər komissarlıqlarının tabeliyində idi. Təbiidir ki, həmin komissarlıqlar mümkün qədər arxivdə işləyənlərin ermənilər olmasına çalışırdılar. Bu, xalqın tarixinə qəsd idi".

 

Ermənilər sənədləri Ermənistan arxivinə ötürüblər

 

Ermənilər 30-cu illərdə xalqımızın tarixinə, mədəniyyətinə qarşı geniş planlı bir mübarizəyə başladılar. Əksər sənədlərin, tarixi soraqların əski əlifbada mövcudluğu sovet dövründə ideologiyanın təsiri nəticəsində ikrahla qarşılanırdı. Bu və başqa faktorlar onsuz da xalqımızın tarixi soraqlarını, arxiv sənədlərini hər an məhv etmək istəyən ermənilər üçün göydəndüşmə bir fürsət idi. Digər tərəfdən də 37-ci ildə baş verən repressiyalar sözün əsil mənasında camaatın canına vəlvələ salmışdı. Çox zaman adamlar həyatları üçün təhlükə yaranmasın deyə, bu soraqları özləri məhv edirdilər.
Ş.Haşımov daha sonra deyir ki, o dövrdə Azərbaycanın arxiv sənədlərinin sistemli şəkildə məhv edilməsi ilə bağlı müxtəlif səbəblər var. Bunun ən başlıca iştirakçıları ermənilər olub: "O dövrdə arxivlər qaydaya görə qapalı idi, ora kənar adamları buraxmırdılar. Ermənilər arxivlərin başına istədikləri oyunu gətirirdilər. Təbiidir ki, arxivə gediş-gəliş qadağan olunduğu üçün kimsə bundan xəbər tuta bilmirdi. Ermənilər istədikləri sənədi Ermənistan arxivinə ötürür, buradakı sənədləri təhrif edir, özlərini zorla tarixi sənədlərə pərçim edirdilər".

Ermənilərin milli arxivlərimizə hər mənada vurduqları ziyan sonralar da davam edib. İkinci Cahan Savaşı dövründə ermənilər bu istəklərini daha səyli şəkildə həyata keçirməyə başladılar. Bu dövrdə artıq hakimiyyətdə xüsusi mövqeyi olan Mikoyan Azərbaycan türklərinə qarşı daha ardıcıl şəkildə hərəkət etməyə başladı. 1947-52-ci illərdə soydaşlarımızın indi Ermənistan adlandırılan, əslində dədə-baba torpaqlarımız olan qədim türk məskənlərindən zorla köçürülməsi - deportasiyası həyata keçirildi: "Həmin dövrdə 100 min nəfər soydaşımızın Azərbaycanın aran yerlərinə köçürülməsinə qərar verildi. Arxivimizdə o dövrdə soydaşlarımızın başına gətirilən deportasiya ilə bağlı tükürpədən faktlar var. Bu sənədlərdə zorla köçürülən soydaşlarımızın taleyi ilə bağlı xüsusi təhlil edilməli məqamlar yer alıb. O dövrün faktlarından aydın olur ki, soydaşlarımızı Bakıda böyük təmtəraqla qarşılayıb, onları heç vaxt yaşamadıqları aran yerlərinə göndərirdilər. Deportasiya olunan soydaşlarımız nəsilliklə dağ yerlərində yaşamışdılar. O zaman Nazirlər Kabinetinin nəzdində Köçürmə İdarəsi təşkil olunmuşdu. Arxivimizdə o zaman Bərdə rayonunun Kərimbəyli kəndində məskunlaşması nəzərdə tutulmuş soydaşlarımız üçün salınacaq yeni yaşayış məntəqəsinin layihəsi saxlanılır. Təsəvvür edin, deportasiya olunanları elə inandırmışdılar ki, onlar çıxarıldıqları yerlərə məktub yazaraq bu yerlərin çox gözəl olduğunu, digərlərinin də köçüb gəlməsini arzuladıqlarını bildirirdilər. Amma çox az sonra bütün bu deyilənlərin sözdən başqa bir şey olmadığı məlum oldu. Soydaşlarımız dəfələrlə cəhd ediblər ki, yüzillər boyu yaşadıqları iqlimə uyğun zonada məskunlaşsınlar. Amma Moskvadan gələn qərar qəti idi: köçürülən Azərbaycan türkləri məhz Kür-Araz ovalığında məskunlaşdırılmalı idi. Guya ki, soydaşlarımız Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü gəlirdilər. Bu da "qardaşlıq köməyi" kimi qələmə verilirdi. Köçürmə prosesi hətta 1956-57-ci illərdə də davam etdirilmişdi. O dövrdə xeyli soydaşımız yollarda köç zamanı məhv oldu, ağır xəstəliklərə tutuldu, ömürlük şikəst oldu".

 

Arxivlərimizə ermənilər rəhbərlik edib

 

1950-60-cı illərin əvvəllərində Azərbaycanın arxiv işi sahəsində indiki dövrlə müqayisədə az adam işlədiyini, bunların içərisində ermənilərin azlıq təşkil etmədiyini deyən Şahsuvar müəllim daha sonra bunları bildirir: "O dövrdə Oktyabr İnqilabı və Sosializm Quruculuğu Mərkəzi Dövlət Arxivi ən böyük arxiv hesab olunurdu. Həmin arxivin direktoru Amalya Aramovna Şakaryan adlı erməni qadın idi. Öyrəndim ki, Şakaryana qədər bu vəzifədə daha bir erməni - Şahramanyan adlı erməni direktor vəzifəsində işləyib. Çox maraqlıdır, həmin Şahramanyan bir yazısında etiraf edilirdi ki, 30-cu illərdə arxiv sənədlərimiz İmişli bazarında açıq satışa çıxarılmışdı. Ermənilər yenə də ardıcıl şəkildə arxiv işi sahəsində öz millətlərindən olanları yerləşdirirdilər. Təsadüfi deyil ki, arxivlərdə əsas işləri də ermənilər görürdülər. O dövrdə göstəriş verilmişdi ki, rayonlarda uzun müddət sosializm quruculuğu sahəsində fəaliyyət göstərmiş şəxslərin arxiv fondlarını yaratmaq məqsədilə onlar haqqında sənədlər toplayaq. Beyləqan, Qubadlı və başqa rayonlardan sənədlər topladım, Bakıya gətirdim. Amma gördüm ki, sənədlər gec qəbul olunur. Ermənilər müxtəlif bəhanələr gətirməyə başladılar ki, bunlar qəhrəman-zad deyillər. Belə olan vəziyyətdə rayona qayıtdım, həmin şəxslərdə olan ehtiyat sənədlərin surətlərini Şakaryana təqdim etdim, yalnız bundan sonra o, sənədləri qəbul etməyə məcbur oldu. O dövrdə Qubadlıdan Salam Adıgözəlov adlı tanınmış bir şəxsin sənədlərini də topladım. Yenə də gördüm ki, Şakaryan bu sənədələri qəbul etmək istəmir. Bu şəxsin sənədlərini mərkəzi arxivə qəbul etdirə bilmədim. Uzun illər ərzində həmin arxiv sənədləri Qubadlıda qaldı. Qubadlı işğal olunan ərəfədə ürəyimə damdı ki, ermənilər ora hücum edəndə arxiv sənədələrini məhv edəcəklər. Çətinliklə də olsa, o sənədlərin Bakıya gətirilməsinə nail oldum. Salam Adıgözəlov xatirələrində yazırdı ki, həmin bölgədə sovet hakimiyyətinin qələbəsinin təmin edilməsində 80 nəfər erməni iştirak edib. Əslində bunların çoxu sifətlərini dəyişmiş daşnaklar olublar. İlk dəfə o zonada qəza partiya komitəsinin katibi vəzifəsinə Karyagin seçilir. Çox az sonra Karyagin qəza mərkəzini tərk edərək Bakıya yola düşür. Adıgözəlov yazır ki, Karyagin getdi, amma qayıtmadı. Deməli, məsələ aydın olur: ermənilər Nərimanovu tamamilə təkləmək üçün bölgələrdəki erməniləri Azərbaycanın mərkəzinə cəmləşdirirdilər".                       

             

 

Qaliboğlu Elçin

 

Xalq Cəbhəsi.- 2009.- 29 sentyabr.- S.11.