Nizami Gəncəvi XII əsr
"Türk yüzili"nin dahisidir
Bu günlərdə (26
sentyabr) böyük Azərbaycan şairi Nizami Gəncəvinin
anadan olmasından 868 il ötdü. Bu gün də
böyük şairimiz Nizami Gəncəvinin türkü sevməyənlər
tərəfindən farslaşdırılmasına edilən cəhdlər
səngimək bilmir. Azərbaycan müstəqilliyə
çıxandan sonra Nizami yaradıcılığında
türklük məsələsilə bağlı aparılan
elmi araşdırmaların sayı artdı. Bu yöndə
istedadlı araşdırmaçı Xədicə İskəndərlinin
araşdırmaları diqqəti cəlb edir. O, bu qənaətdədir
ki, Nizami Gəncəvinin az qala tən yarısını
yaradıcılıqla məşğul olduğu XII yüzil
Yaxın və Orta Şərq regionlarında sözün əsil
mənasında bir "Türk yüzili" kimi xarakterizə
edilə bilər. Həm də türk deyərkən burada
oğuzların nəzərdə tutulduğu aydındır:
"XI yüzildən etibarən bütövlükdə islam
dünyasının inkişafı, eləcə də islam
dininin intişarı türklərin adına bağlanır,
islam tarixində türk mərhələsi başlanır.
Doğrudur, bu dövrdə hələ 150 ilə yaxın
istisnasız olaraq fars dilindən istifadə edilir, ancaq türk
ruhu qəti şəkildə ədəbi-mədəni
mühitə daxil olur. Üstəlik, Orta Asiyada hələ
Malazgirt döyüşündən 2 il öncə - 1069-cu ildə
böyük türk şairi Yusif Xas Hacib "Türk
Şahnaməsi" adı ilə məşhur olan "Kutaqdu
bilik" əsərini yazıb bitirmişdi".
XII yüzildən
başlayaraq isə türk obrazı ədəbiyyatda epizodik
xarakter daşımaqdan çıxır, xeyli qüvvətlənir,
mövqelərini möhkəmləndirir: "Bu, hər
şeydən əvvəl türk hökmdarlarının siyasi
mövqelərinin güclənməsi nəticəsində əhalinin
etnik tərkibinin də türklərin xeyrinə dəyişməsi
ilə bağlı idi. Hər halda bizə gəlib
çatmış yazılı qaynaqlarda, ədəbi əsərlərdə
türk ruhunun 11-12-ci yüzillərdən hədsiz dərəcədə
gücləndiyini görürük. "Şiniyyə" qəsidəsində
Xaqani simvolik baxımdan türkləri ayıq olmağa, əlində
pusquda durmuş farslardan qorunmağa çağırır.
11-12-ci yüzillər Azərbaycan ədəbi mühitində
türk ruhu, türk obrazı özünü müxtəlif
rakurslardan göstərir. Ancaq həmişə bu, müsbət
yöndən qiymətəndirilir. Türkün gözəl, cəsur,
azad, ədalətli, səmimi, mərd olması bu
dövrün farsdilli şairlərində aparıcı motivlərdən
biri kimi səslənir".
Araşdırmaçı
bu qənaətdədir ki, Nizami sənəti, Nizami humanizmi,
Nizami dühası məhz türklükdən, azərbaycançılıqdan
keçərək bəşəriliyə qovuşur. Elə
buna görə də şairin
yaradıcılığında bu problemlərin öyrənilməsi
çox böyük əhəmiyyət kəsb edir. Nizaminin
türkə və türklüyə məhəbbətinə
diqqəti çəkən Məhəmməd Əmin Rəsulzadə
yazır ki, Gəncəli Nizami əsərlərini nə qədər
farsca yazmış olsa da, əslən türkdür. Gəncə
12-ci yüzildə türk dünyasının mühüm bir
mədəniyyət mərkəzi olub: "Gözələ və
böyüyə türk, gözəlliklə
böyüklüyə türklük, gözəl və
böyük ifadəyə türkcə, gözəllik və
böyüklük diyarına Türküstan deyən bir
şairə "sırf farsca yazmışdır" deyə
türk deməmək düzgündürmü? Əsla!"
Xədicə Murad bu
fikirdədir ki, Nizaminin öz əsərlərində türkə
və tüklüyə bu qədər böyük önəm
verməsinin əsası var. Nizami kimi dünya səviyyəli
bir dahi yaxından tanımadığı, müsbət insani
keyfiyyətlərinə dərindən bələd
olmadığı, nəhayət, özünün də mənsub
olmadığı bir toplum, bir xalq haqqında heç vaxt bu qədər
məhəbbət və hörmətlə danışa bilməzdi:
"Buna görə də şübhə yoxdur ki, şairin
yaşayıb-yaratdığı 12-ci yüzildə Gəncədə
nəinki cüzi miqdarda köçəri və ya oturaq
türklər olmayıb, əksinə, şəhərin əksəriyyətini
türklərin təşkil etməsi daha
ağlabatadır".
O, bu qənaətə gəlir
ki, Nizami sənəti sırf bir türk ideoloji hadisəsi kimi
qiymətləndirilməli və təqdim edilməliir. Həmçinin
Nizami sənəti və onun ideya-estetik dəyəri
türklükdən kənarda qətiyyən anlaşılmaz
və yanlış təqdim oluna bilər. Bu baxımdan Nizami
yaradıcılığına başdan-başa bir
türklük, bir azərbaycançılıq xüsusiyyəti
hopub".
"Xəmsə"nin
dördüncü poeması olan "Yeddi gözəl"də
Nizaminin türkə və türklüyə sonsuz məhəbbət
və ehtiramının şahidi olmamaq mümkün deyil:
"Şairin qlobal mövzuda qələmə
aldığı poemada yeddi ölkənin sırasında
üç türk ölkəsini təsvir etməsi onun milli
mənsubiyyəti və türk xalqına məhəbbəti
haqqında əyani təsəvvür yaratmaqdadır. Əsərdə
gözəllərin dilindən danışılan əhvalatların
ən yaxşıları da məhz Nizaminin türk gözəllərinin
diliylə təqdim olunur. "İskədərnamə" də
İskəndərin xilaskarlıq missiyasını təsvir edərkən
Nizami onu hər zaman türklərin tərəfində
göstərir ki, bu da şairin öz xalqına məhəbətindən
irəli gəlir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 30 sentyabr.- S.14.