"İndi adamlara sanki böyük sənət lazım deyil"

 

      Elxan Əhədzadə: "Adamlar yaxşı sənəti pisindən ayırmağı bacarmalıdırlar"

 

Xalq mahnılarımızın və professional musiqilərin məşhur ifaçısı Bülbülün vəfatından 48 il ötdü. Onun yaradıcılığı başdan-ayağa millilik üstə idi. Bir sənətkar olaraq Bülbülün yaradıcılığı Üzeyir Hacıbəylinin "Koroğlu" operasındakı Koroğlu obrazı ilə zirvəyə çatmışdı. Habelə onun ifasında Nizaminin sözlərinə Üzeyir bəyin bəstələdiyi "Sənsiz", "Sevgili canan" romansları, xalq mahnıları bu gün də canlıdır. Çox təəssüf ki, bu gün Bülbülün oranjiman oxumalarından yaradıcılıqla bəhrələnmə demək olar, yox dərəcəsindədir. Bülbülün sənətkar olaraq əvəzsizliyi onda idi ki, Qərb musiqisinin, konkret italyan opera musiqisinin təsirində qalmadı, Azərbaycan xalq musiqisini yaradıcılığının təməlinə çevirdi. Habelə baxtına Üzeyir bəylə bir dövrdə yaşamaq düşdü.

Bu gün Bülbülün yaradıcılığına qıvraq münasibət artmaqdadır. Hətta oğlu, bəstəkar-müğənni Polad Bülbüloğlunun məsələn, Bülbülün vaxtilə özünəməxsus ifa etdiyi "Gülə-gülə" adlı xalq mahnısını iti oxuması əslində ənənənin yaşadılması deyil. Ümumən bu gün dünyanın halında bir çaparaqlıq hiss olunur. Musiqinin əhvalındakı qaçaqaçlar millilik təpərimizin, yerişimizin zamanın əhvalına köklənməsi demək olur. Xalq ruhu isə zamandan üstündür. Əgər xalq ruhu zamandan üstün olmasaydı, o zaman indi dinlədiyimiz, bu gün kökündən az qala ayrılaraq oxunan mahnılar belə indiyədək gəlib çata bilməzdi...

Xalq artisti Elxan Əhədzadə Bülbülün yaradıcılığından həmişə bəhrələndiyini deyir: "Azərbaycan opera sənətində iz qoymuş sənətkarlarımızın hərəsi bir məktəbdir. Bu gün adamların zövqünə toy mahnıları daha çox təsir edir. Daim böyük sənət lazımdır. Bayağı sənətdən nə qalacaq? Dəşhətdir ki, bu gün bəziləri Rəşid Behbudovu gerilik sayır. Vokal çox ağır sahədir, insandan zəhmət tələb edir. İndikilər asan yolla gedirlər, kompüterlə mahnı quraşdırırlar. Hansı xalq mahnısına baxırsan, oranjirovka olunur. Camaat da qulaq asır, deyir ki, gözəldir. Bu "zövqün" axırı nə olacaq? Belə getsə, Bülbülün, Rəşid Behbudovun oxuduqlarını kim oxuyacaq?

Adamlar yaxşı sənətlə pisi ayırmağı bacarmalıdırlar. Sənətkarı mindiyi maşınla, geydiyi paltarla saymazlar, ifasıyla, sənətiylə qiymətləndirərlər. İndi adamlara sanki böyük sənət lazım deyil".

Tanınmış sənətkar, ustad balabançı Əli Kərimov Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyov, Əhməd Bakıxanov, Qurban Pirimov, Bülbül kimi musiqiçilərimizlə dostluq edib. Hələ 1930-cu illərdə dahi bəstəçimiz, xalq havalarını nota köçürən, milli operamızın banisi Üzeyir bəyin tapşırığı ilə Bülbül kalvalı Əli kişinin 40-a kimi havasını lentə köçürür. Sonralar araşdırmaçı Bayram Hüseynli bundan ötrü Kalvaya getmiş, bir neçə ay ustadın evində qonaq olmuş, onun zurna, balabanla bağlı yaradıcılıq dünyasını öyrənmişdi. Bu gərəkli təşəbbüs isə Bülbül tərəfindən olmuşdu. Xalqın zəngin irsini öyrənmək, qorumaq ənənəsinə Üzeyir bəylə yanaşı Bülbül də məsuliyyətlə yanaşırdı.                    

             

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 30 sentyabr.- S.14.