"Düzgün
ifaçı olmaq çox çətindir"
Tarzən Vamiq Məmmədəliyev: "Çox hallarda
klassik qaydalarda yenilik bayağı alınır"
Azərbaycan musiqisinin
özünəməxsusluğu, bəşər musiqisi
tarixindəki əvəzsiz yeri danılmazdır. Muğamda
insanın pillə-pillə həqiqətə doğru yol getməsi,
sonda həqiqətinə qovuşması ilahi şəkildə
ifadə olunur. Əsasən kədərin ifadəsi olan
muğamlarımıza qulaq asdıqca ümidlənirik. Azərbaycan
muğamlarının ifasını xanəndənin canlı
ifası ilə yanaşı həm də tarda və
kamançada dinləməyi xüsusən yaşlılar, orta
yaşlılar çox sevirlər. Azərbaycanda tar sənətinin
inkişafında tanınmış tarzən Vamiq Məmmədəliyevin
xüsusi xidmətləri var. Onun
çalğısındakı sanbal ilk növbədə diqqəti
cəlb edir. Həm də pedaqoq olan V.Məmmədəliyev
tarzənliyi aqibəti hesab edir. Deyir ki, tarzən olmaya bilərdi,
əgər gözünü açıb evdə tar görməsəydi:
"Atam muğamlara gözəl bələd idi. Uzun müddət Tibb
Universitetində latın dilindən dərs deyib, can həkimi
idi. Yadımdadır, hər bazar günü radioda muğam
konserti veriləndə bizi çağırardı ki, gəlin
diqqətlə qulaq asın, bu, filan muğamdır. O zaman mən
balaca idim. Kürdəxanıda tar məktəbi
açılmışdı. 1958-ci ildə tar məktəbinə
getdim. Əvvəl solaxay idim, sonra sağa keçdim. Tar ruhuma
necə hakim kəsildisə, ömürlük ona
bağlandım. Atamın köhnə plastinkaları vardı,
onları oxudub öyrənirdim. Üç dəqiqəlik
vallara dəfələrlə qulaq asırdım...
Əsgərlikdən gələndən
rəhmətlik Hacıbaba Hüseynov məni Əhməd
Bakıxanovun yanına gətirdi. Onun tarda "Xaric
Segah"ını öyrənmişdim. Çaldım,
çox xoşuna gəldi, nəticədə 1972-ci ildə
A.Zeynallı adına Musiqi Texnikumuna qəbul olundum. Buranı
da qurtardım, 34 yaşımda qərara gəldim ki,
Konservatoriyada da təhsil alım. Mən girən ili
kamançaçı Elman Bədəlov 50 yaşda
Konservatoriyanı bitirdi. Ona baxanda təsəlli tapırdım
ki, hələ cavanam. Mənə "əməkdar tələbə"
deyirdilər. 12 il tələbə kimi tar gəzdirmişəm".
Vamiq müəllim
tanınmış tarzənlərdən Bəhram Mansurov, Əhsən
Dadaşov, Hacı Məmmədov, Sərvər İbrahimov və
başqa tarzənlərlə olan söhbətləri
xatırlayır: "Kəndimizə gələn xanəndələrə
diqqətlə qulaq asardım. Kənd camaatı muğamatdan
başı çıxanlara belə həmişə hörmət
edirdi. Tarixən Bakı kəndlərində muğama ciddi
münasibət olub. Bu gün toylarda meyxanadan da istifadə
olunur. Meyxana həmişə adətən Bakı
toylarında olub. 60-70-ci illərdə meyxanada Hacı
Kazım, Nəcəfqulu, Ağahüseyn vardı. Əliağa
Vahidi görməmişəm. Bunların camaat arasında
hörməti vardı, həm də yaşlıydılar, əxlaq
prinsiplərinə əməl edirdilər. Düzdür, qulaq
dəyişmək üçün onlar bədiyyə də
deyirdilər. İndiki meyxanaçılar arasında bu sənəti
gəlir mənbəyinə çevirənlər təəssüf
ki, az deyil. Həm də daha çox əzbərçiliyə
meydan verildi. Qabaq meyxana deyiləndə çırtma vurulurdu.
Sonra meyxanada oxumaya keçdilər. İndikilər oxuyurlar.
Meyxana əslində kişinin dediyi hökmlü sözlərdir.
Amma meyxanaçılar bizim sənətə həmişə
sayğı ilə yanaşırlar. Həmişə xanəndə,
tarzən, kamançaçı məclislərin
başında oturub. Qabaqlar kəndə məşhur xanəndələr
gələndə bayram olurdu".
Azərbaycan ruhunda, musiqisində
tarın yeri haqqında qənaətlərini bölüşən
Vamiq müəllim yenə də
Yaradıcılıqda iki əsas
cəhət - məsuliyyət və zəhmətsevərlik
son dərəcə vacibdir. Vamiq müəllim deyir: "Bu və
ya digər tarzəndən tələb etmək olmaz ki, Qurban
Pirimov kimi çal: o, məktəbdir. Eləcə də digər
məşhur tarzənlərimiz. O məktəbin
imkanlarını genişləndirmək lazımdır. Gərək
tarzənin özünəməxsusluğu olsun. İndikiləri
çalğısından tanımaq olmur, çünki
hamısı əsasən eyni cür ifa edir". Əslində
V.Məmmədəliyevin bir tarzən olaraq xoşbəxtliyi
tarın siqlətindən gələn ciddiliyi
yaşatmasındadır. Təzə tarzənlərin əksəriyyətinin
elementar oturuş qaydasına səhnədə əməl etməməsi
tamaşaçıda ikrah yaradır. Həmçinin ciddi
muğam oxuyan zaman üçlüyün biri-birinə
baxıb gülüşməsi bağışlanılmaz
haldır. Tarzən bu qənaətdədir ki, səhnə mədəniyyəti
məsələsi son dərəcə vacibdir: "Həmişə
həmkarlarım, eləcə də rejissorlar çəkiliş
zamanı mənə irad tuturdular ki, gül də. Guya güləndə
camaat musiqini yaxşı qəbul edəcək. Tarzən xanəndəni
müşayiət edir. O, ilk növbədə ciddi
olmalıdır. İndikilər yenilik etməyə
çalışırlar, amma təəssüf ki, çox
hallarda klassik qaydalarda yenilik bayağı alınır. Mən
belə şeyləri qəbul edə bilmirəm. Gərək
xanəndə, tarzən və kamançaçı biri-birlərini
çox gözəl anlasınlar. Vahid deyir ki, özünə
güvənən xanəndə qavalsız, tarçalan
kamançasız olmasın". Solo
ifaçılığının çətinliyinə diqqəti
çəkən tarzən deyir ki, soloda müşaiyətdə
tamam başqa forma alırsan: "Gərək
ifaçının hissiyyatı güclü olsun, muğamda təhriflərə
yol verməsin. Muğam əvvəldən-axıra qədər
insanı düşündürür. Tamaşaçını
düşündürən sənətkarın vurduğu
xallardır, xanəndədə nəfəslərdir.
Düzgün ifaçı olmaq çox çətindir".
İran tarı ilə Azərbaycan
tarını muqayisə edən tarzən bunların
arasında fərqlər olduğunu deyir: "İran
tarına "Şiraz tarı" deyirlər, o, diz
üstündə çalınır. Cəmi 6 simi var. Bizdə
əvvəl tar diz üstündə çalınıb.
Sonradan onu məşhur tarzən Sadıqcan tədricən sinəyə
qaldırıb. Tar birdən-birə indiki durumuna yetməyib.
Tarın sinəyə qalxması ilə möcüzə
baş verdi. Tarımız sinəyə qalxandan sonra
muğamdakı gərginliyi daha təkmil şəkildə ifa
etməyə başladı".
Muğam əvvəl səs
kimi yaranıb, tədricən alətlərdə ifa olunub,
sonradan onda qəzəliyyatdan istifadə olunub. Tarzən deyir:
"Bu sənət məndən ardıcıl
axtarışlar, çətinliklərə inamla dözməyi
tələb edir. Gərək sənətinin vurğunu olasan.
Eyni muğamı hər dəfə elə çalmalısan
ki, ilk növbədə özünü heyrətləndirəsən.
Əgər bu, baş verdisə, onda sənə qulaq asanı
da heyrətləndirə və zənginləşdirə biləcəksən.
Tar çalmaq ardıcıl
adətkərdəlik tələb edir. Vamiq müəllim deyir
ki, gərək bir an da olsun, dayanmayasan: "15 gün tar
çalmayanda istər-istəməz barmaqlara təsir edir. Amma
təbin də gəlmə vaxtı var. Üzeyir bəydən
üzübəri bütün bəstəkarlarımız
milli musiqimizi yaxşı öyrəniblər. Bu şəxslər
xalq musiqisini gözəl bildikləri üçün
yaşarı musiqi yarada biliblər. Sevinirəm ki,
döyülə-döyülə, əzilə-əzilə də
olsa muğamlarımız bu formada bizə gəlib
çatıb. Bəziləri tara əlavə pərdələr
bağlayırlar ki, müəyyən səsləri
alsınlar. Onda bu, fars muğamı olur. Tarzənlər iddia
edirlər ki, bu səslər əvvəl olub, indi niyə
olmasın? Mən də deyirəm ki, bu səslər olanda Azərbaycan
muğamı Azərbaycançılıqdan
çıxır.
Məncə, bu sahəyə
yaxşı kadrların ardıcıl şəkildə cəlb
edilməsi və onların səviyyəsinin yüksəldilməsinə
nail olmaq vacib məsələdir. Gərək sənət
adamının zəruri elm sahələrindən xəbəri
olsun. Ümumi dünyagörüşünə malik olmaq vacibdir".
Qaliboğlu E.
Xalq Cəbhəsi.- 2009.- 6 yanvar.- S. 14.