"Türk dünyasında Türkiyəyə ən yaxın olan Azərbaycandır"
Seyfəddin Altaylı: "Azərbaycan
mədəniyyətinin Türkiyədə daha geniş səviyyədə
tanıdılmasına ehtiyac var"
20 ildən çoxdur
ki, "Türkiyənin səsi" radiosunun Azərbaycan
türkcəsi verilişləri redaksiyasında
çalışan Seyfəddin Altaylı Türkiyənin
İqdır vilayətində anadan olub. Artıq 60
yaşını haqlamaqda olan S.Altaylı əslən Azərbaycan
türküdür. Onun Azərbaycan türkcəsini təmiz
bilməsi dil mütəxəssisi, ana dilimizlə bağlı
kitabların müəllifi olmasıyla bağlı deyil. Deyir
İqdırda yaşayan nəsli də ana dilimizi, adət-ənənələrimizi
olduğu kimi qoruyub saxlayıb. Onun "Azərbaycan türkcəsi
deyimlər sözlüyü" Azərbaycan ictimaiyyətinə,
xüsusən dilçi və ədəbiyyatşünaslarımıza
yaxşı tanışdır. Azərbaycana ilk dəfə
1988-ci ildə gəlib. O vaxtdan S.Altaylı yurdumuzun dil, mədəniyyət
xüsusiyyətlərini ardıcıl olaraq öyrənməkdədir.
S.Aytaylı Güney Azərbaycanda yaşayan
soydaşlarımızın dil xüsusiyyətlərilə
bağlı araşdırmalarını da davam etdirir. O,
ümumtürk mədəniyyəti və tarixi ilə
bağlı maraqlı məqalələrin, Xocalı faciəsilə
əlaqədar iki hissəli "Azərbaycan faciəsi" və
"Qafqaz ulduzu" adlı filmlərin ssenari müəllifidir.
O, türk dilinin qədimliyini və bəşəri ruha malik
xislətini belə ifadə edir: "Dil tarixi həmişə
insanlıq tarixi ilə baş-başa olub. Türk milləti bəşəriyyətin
ən qədim millətlərindən biri olduğu kimi,
türk dili də tarixin qədim dövrlərindən bəri
geniş coğrafiyada işlədilən dillərdəndir.
Türk dillərinin öyrənilməsi ilə bağlı
ilkin elmi sistemli çalışmalara 11-ci yüzildə Mahmud
Kaşğarlı dövründə başlanılıb. Amma
bu sahədə daha ciddi çalışmalar 19-cu yüzilin
ikinci yarısından sonraya təsadüf edilir. 1933-cü ildə
Atatürkün müraciətlə dediyi "Türkiyənin
xaricində yaşayan türklərə sahib
çıxmağa hazır olmalıyıq" fikrini daim ağlımda,
ürəyimdə yaşatmışam. İllərlə
İqdırda, Qarsda yaşayan soydaşlarımızın dil
xüsusiyyətlərini öyrənmişəm. 27 mindən
çox söz toplamışam, sonra bunları
sanalamışam".
Yeri gəlmişkən,
deyək ki, son dərəcə maraqlı bir əsər olan
Seyfəddin Altaylının "Azərbaycan Türkcəsi
deyimlər sözlüyü" kitabında ifadələr,
sözlər latın qrafikalı Azərbaycan əlifbasına
əsasən düzülüb. Müəllif Azərbaycan
türkcəsinin özəllikləri haqqında da
yığcam, mənalı bilgilər verib.
Tədqiqatçı Əli
Şamil yazır ki, peşəsi qəzetçilik olan, filoloji
və tarix təhsili alan S.Altaylı çətin işi asana
çevirmək üçün meydana atılıb: "O,
dilçi araşdırmaçıların görməli
olduğu işi görməyi bacarıb. 8 il aramsız işləyərək
2 cilddə Azərbaycan türkcəsində işlədilən
söz və frazeoloji birləşmələri əhatə edən
"Azərbaycan türkcəsində sözlər"i
tamamlayıb, 20 min tirajla çap etdirib. Kitab qısa müddətdə
satılıb. Yazar çoxcildlik "Azərbaycan türkcəsi
ensiklopediyası"nı çapa hazırlamaqla
yanaşı, "Azərbaycan türkcəsində işlədilən
deyimlər sözlüyü"nü də tərtib edib. O, təkcə
Azərbaycanda, Türkiyənin İqdır-Qars bölgələrində
işlədilən Azərbaycan türkcəsindəki
frazeoloji ifadələri toplamaqla kifayətlənməyib,
Güney Azərbaycandan olan materialları da toplayaraq kitaba daxil
edib".
"Türkiyənin səsi"
radiosu haqqında danışan S.Altaylı bildirir ki, 1981-ci ildə
burada Azərbaycan türkcəsində verilişlər efirə
çıxıb. Bu radionun verilişlərinə Güney Azərbaycanda
da qulaq asılır. Radioda Azərbaycanın tarixi, qədim
keçmişi, çağdaş dövrü ilə
bağlı məlumatlar dinləyicilərə
çatdırılır: "Təmsil elədiyim radioda əsas
prinsip Mustafa Kamal Atatürkün qoyduğu "Yurdda sülh,
cahanda sülh" prinsipidir. Fəaliyyətimizdə daim bunu nəzərə
alırıq. Bizim radio daha çox mədəni verilişlər
yayımlayır. Siyasi xəbərlər də sırf
informasiya biçimində verilir. Azərbaycan türklərinin
yaşam coğrafiyası haqqında danışarkən
deyirik ki, onlar təkcə Quzey Azərbaycanda yaşamırlar,
həmçinin Güney Azərbaycanda, Türkiyədə,
Amerikada və başqa yerlərdə yaşayırlar. Azərbaycan
türklərinin dili, özünəməxsus mədəniyyəti,
inancı, adət-ənənəsi, başına gələn
fəlakətlər, tarixi keçmişi barədə ciddi,
dolğun məlumatlar veririk. Bütün bu məlumatlar
sırf elmi şəkildə çatdırılılır.
Bir soydaş olaraq belə hesab edirəm ki, Azərbaycan vahid
bir coğrafiyanın adıdır. Bunun coğrafi ərazisi 500
min kvadrat kilometrə çatır. Hazırda Azərbaycanın
tarixi ərazilərinin 86 min kvadrat kilometri Quzey Azərbaycanın
ərazisidir. 1918-ci ildə Azərbaycanın ərazisi 114 min
kvadrat kilometr idi. Ruslar Azərbaycanın əlindən Zəngəzuru,
Göyçəni, Dilicanı, Dərbəndi alıb; son
15-20 il ərzində Quzey Azərbaycanın daha 20 faiz
torpaqları əlindən gedib".
S.Altaylı deyir ki,
Anadolu coğrafiyası ilə Azərbaycan coğrafiyası
vaxtilə vahid olub: "Çox sonralar dəqiq siyasi sərhədlər
meydana gəlib. Ulu babam Zəngibasarın Seyidkənd
mahalında yaşayıb. Biz əslən oradanıq. 19-cu
yüzilin axırlarında, bəlkə də ondan daha əvvəl
oradan nəslimizin bir hissəsi indi məskunlaşdığımız
İqdır vilayətinin Dizə kəndinə gəliblər.
Həslimizin bir hissəsi burada qalıb. 20-ci yüzilin əvvəllərində
sərhəd məsələsi tamam qətiləşdikdən
sonra nəslimiz paralanıb-parçalanıb. Atamın iki əmisi
Dizədə, babam, babamın bibisi Seyidkənddə
qalıblar. 1988-ci ildə soydaşlarımız indiki Ermənistan
ərazisindən deportasiya olunarkən qohumlarımı
axtardım. Bir nəfər gəldi ki, biz qohumuq. Adları
dedi, düz çıxdı".
O, İstanbul
Universitetində "Qədim ön Asiya dilləri və mədəniyyətləri
bölməsi"ni bitirib. Şumerlərlə bağlı
araşdırmalar aparıb: "Yaşadığım
bölgədə bizim soydan olanlar Azərbaycan türkcəsində
olduqca təmiz danışırlar. Bu saat Azərbaycanda
mövcud olan adət-ənənələri orada eynilə
yaşadırıq. Novruz bayramında ənənəvi olaraq
tonqal yandırırıq, qonşularımız
yığışıb gəlirlər, onlar da bizim kimi
tonqalın üstündən atlanırlar. Novruz
türkündür. Çalışdığım radioda
Novruzla bağlı ardıcıl olaraq proqramlar
hazırlamışam. Həmin mətn "Türkiyənin səsi"
radiosunun bütün dillərində yayımlanıb. "Azərbaycan
türkcəsinin deyimlər sözlüyü" kitabı
asan başa gəlmədi. Bu kitabı yazmazdan əvvəl Azərbaycan
türkcəsində olan deyimlərin toplandığı
kitabları nəzərdən keçirdim, bir yerə
yığdım. Gördüm variantsız 23 min deyim var. Bu, o
deməkdir ki, Azərbaycan türkcəmiz çox zəngin
irsə malikdir. Tədqiqatlarım dilimizin imkanlarını hələ
tam əhatə etmir. Həmin o kitabda 27500 variantlı deyim var.
Məncə, Azərbaycan türkcəsində işlədilən
deyimlərin sayı 40 mindən artıqdır. Bu iş bitməyib,
davam edir. Hər halda bu, tədqiqatçılarımızın
əlində gözəl bir imkandır. Türk
dünyasında Türkiyəyə ən yaxın olan Azərbaycandır.
Azərbaycan mədəniyyəti Türkiyədə
yaxşı tanınır, amma daha geniş səviyyədə
tanıdılmasına ehtiyac var. Şübhəsiz ki,
Türkiyə aydınları Quzey Azərbaycanı gözəl
tanıyırlar".
Ortaq türkcə ilə
bağlı qənaətlərini bölüşən Seyfəddin
Altaylı deyir: "Ortaq türkcə ədəbi dili
başqa, ortaq ünsiyyət dili başqadır. Ünsiyyət
dili odur ki, hər hansı bir türkcəni götürəsən,
onu bütün türk xalqları üçün zəruri
anlaşma dili elan edəsən. Amma ədəbi dil məsələsi
üzərində xüsusi düşünmək
lazımdır. Təki istək olsun. Bu məsələlərin
gerçəkləşməsi böyük maliyyə tələb
edir. Hazırda Azərbaycanda və Türkiyədə
latın qrafikalı əlifbadan istifadə edilir. Digər
türk xalqları da bunu qəbul edirlər. Latın əlifbası
bizim olmasa da, dilimizi normal ifadə edir. Ortaq türkcənin
yaradılması üçün ardıcıl cəhdlər
lazımdır".
Bu yaxınlardan etibarən
Azərbaycan radiosu ilə "Türkiyənin səsi"
radiosu arasında "Qorqud Ata" adlı ortaq canlı proqram
yayımlanacaq. S.Altaylı bunun səbəbini belə
açıqlayır: "Azərbaycanın coğrafiyası
ilə Anadolunun coğrafiyası birdir. Buradakı türk
xalqları eyni mədəniyyətə, dilə, ruha malikdir. Hər
gün bir saat bu veriliş yayımlanacaq. Gələcəkdə
verilişin müddətinin artırılması nəzərdə
tutulub. İlk növbədə Azərbaycan türklərinə,
ümumən bütün türklərə bu veriliş vasitəsilə
arzularımızı çatdırmaq istəyirik. Türk
xalqının həmrəyliyinin yaranmasında, güclənməsində,
həmçinin də milli şüurun formalaşmasında
köməklik göstərməyi
düşünürük. "Türkiyənin səsi"
radiosunun imkanlarından istifadə edib Azərbaycanın haqq səsini
bütün dünyaya çatdırmağı
özümüzün əsas məqsədimiz hesab edirik.
Qarabağ problemi bütün Türk Dünyasının
problemidir. Dünyaya Qarabağ problemində Azərbaycanın
daim haqlı olduğunu çatdırırıq".
Qaliboğlu E.
Xalq Cəbhəsi.-
2009.- 7 yanvar.- S. 14.