Azərbaycan folklorunun Şilyan səhifələri
Xalq ölmür,
itmir. Sovet dövründə millət
kapitalizm dövründə
yaranan, sonradan ötüb keçəcək
bir hadisə kimi təbliğ olunurdu. Qəribə bir vəziyyət yaranmışdı: bir tərəfdən millətlərin
ölüb gedəcəyindən
danışırdılar, digər
tərəfdən də
millətləri "çiçəkləndirirdilər".
Folklor-xalqın ilkin ruhundan yetkin soraqlardır. Sovetçiliyin
ilk dövründə folklor
soraqlarının toplanılmasına
imkan verildisə də, az sonra
- 37-ci ildə qanlı
terrora məruz qalanların bir qismi məhz folklorçular idi. İmperiya bilirdi ki, bir xalqın
var olması, ayaqda qalması üçün folklorun yenilməz gücü var.
Bu güc heç zaman ölmür...
Folklorçuluq həmişə
ağır iş olub. Hər kəs xalqın ruh
yaddaşını oturub səbirlə varaqlaya bilmir. Bu,
folklorçuluq aqibətinə bağlanan şəxsdən
güclü fitrət işi tələb edir. Sovet
dövründə folklorçularımız yetişdi, xeyli
sayda kitablar ərsəyə gəldi. Lakin 90-cı illərdən
sonra təkcə postsovet məkanında deyil, ümumən
dünyanın əhvalında, gedişində əvvəlkindən
fərqli məqamlar müşahidə olunmağa
başlandı. Keçmiş SSRİ-nin hər yerinə, o
cümlədən də Azərbaycana Qərbdən gələn
özgə əhvallar ilk növbədə xalqın folkloruna
- ruh yaddaşına zərbə vurmağa başladı. Bu
gün folklor söyləyicilərimiz hədsiz dərəcədə
azalıb.
Professor Nizami Tağısoy
məhz belə bir zamanda xalq ruhunun soraqlarını bir yerə
toplamaq, sabaha çatdırmaq qərarına gəlib. Olduqca gərəkli
işdir. Mən deyərdim, bu, neçə-neçə
kitablıq araşdırmaya bərabərdir. O, doğulub
boya-başa çatdığı Şilyan kəndinin
folklorunu böyük bir şövqlə toplayıb. Deyir bu
toplayıcılıq işində şilyanlıların
alqışları və qarğışları, andları,
sınamaları və inam yerləri, ayamaları və ləqəbləri,
Şilyanda uşaq oyunları, Şilyan bayatıları,
Şilyan lətifələri, Şilyan şivəsinin - Azəri
türkcəsi yerli dialektdə işlənən söz və
ifadələrin özəlliyi, Şilyanın təpərli
kişilərinin həyatından və Şilyan şairlərinin
yaradıcılığından səhifələr ilk dəfə
verilib: "Toplamalarımı el-oba gözündə
kişiliyi, mərdliyi, dəyanətilə tanınan
Şilyanın müdrik ağsaqqalarına, dili bayatılı,
sinəsi nağıllı ağbirçəklərinə
oğul sevgisilə ithaf etmişəm".
Bakı Slavyan Universiteti
"Folklor araşdırmaları" elmi-tədqiqat
laboratoriyasının müdiri Rüstəm Kamal
N.Tağısoyun folklor toplayıcılığı işini
belə dəyərləndirir: "Nizami Tağısoy
türk xalq təhkiyəsinin, söyləmə ənənəsinin
daşıyıcısıdır. Şəhər mədəniyyəti,
kitab yazı ənənəsi, iki dil (rus-Azərbaycan) konteksti
onun genetik təhkiyə yaddaşını qətiyyən zədələyə
bilməyib. Onun müəllif - toplayıcı -
araşdırmaçı kimi üstünlüyü
ondadır ki, eşitdiyi, özünün söylədiyi əhvalatları
olduğu kimi, ya da az itkilərlə yazıya gətirə
bilir. Nizami müəllim dolamaları, lətifələri adi
gündəlik nitq axarından seçilən bədii sistem
kimi təqdim edir, bu mətnlərin başqa keyfiyyətlərini
- kompoziyasını, süjetin nisbi sabitliyini, üslub vasitələrini
qoruyub saxlaya bilir".
N.Tağısoy
doğulduğu elin türk ruhu ilə
bağlılığını böyük bir şövqlə
açır: "Qədim Şirvan torpağının aran
zonası Ucarda bağ-bağatlı, toy-büsatlı bir el var
- Yuxarı Şilyan kəndi. Bu kəndin tarixi keçmişi
ilə bağlı ağsaqqal və ağbirçəklərin
xatirələrində çoxlu söz-söhbətlər
yaşamaqda, araşdırmaçıların əsərlərində
özünə yer tutmaqdadır. Şilyan - türkdilli
şiryan (şilyan) tayfasının adı ilə
bağlıdır. Keçmişdə mövcud olan və
toponimik cərgə əmələ gətirən Şilyan kəndlərini
bir-birindən fərqləndirmək üçün
Yuxarı Şilyan, Göyərçin Şilyan və
Müsüslü Şilyan adlandırmışlar".
Hazırda Azərbaycanda Ucarla yanaşı, Yevlax, Kürdəmir
rayonlarında da türkdilli şiryan tayfasının adı
ilə bağlı Şilyan kəndi var. Şilyanlılar bəzi
mənbələrə görə şiryan (şilyan)
türk tayfaları lək, ossalu, armalu, zəngənə və
s. ilə birlikdə ağ hunların kai (qayı) qəbiləsinə
mənsubdurlar". Bununla belə "Şilyan" toponimi hələ
də nə dil, nə coğrafi, nə folklor, nə
etnoqrafik-tarixi yönlərdən öyrənilib tədqiq
olunmayıb. Qeyd edək ki, "Şilyan" toponiminə
yalnız Ucarda "Yuxarı Şilyan" adında rast gəlinmir,
Ucarda "Təzə Şilyan", Kürdəmirdə
"Şilyan", Yevlaxda "Şilyan" və s. yerlərdə
də təsadüf edilir. Şilyanların nə
üçün belə geniş ərazilərdə
yayılmasının tarixi-etnoqrafik, sosial-iqtisadi, mədəni-mənəvi
səbəblərini də öyrənməyə,
şübhəsiz, böyük ehtiyac var. Ağsaqqal və
ağbirçəklərin dediklərinə görə,
keçmişdə bu kəndlər hamısı bir yerdə
olub, lakin zaman keçdikcə Şilyanda yaşayanlar müxtəlif
rayonların ərazilərinə səpələnmiş,
öz "Şilyan"larını formalaşdırıb
inkişaf etdirmişlər.
Şilyanların
bir-birindən ayrılması təxminən 110 ildən
yuxarıdır. "Şilyan" adı ilə bağlı
olan versiyalardan biri fikrimizcə, maraq doğurur. Bunlardan biri mərhum,
istedadlı şair-publisist Rəhim Rəvanın eşitdikləri
üzərində qurduğu versiyadır. Deyirlər
"Şilyan"a vaxtı ilə də "Altıöylər"
demişlər. Nağıl edirlər ki, bir gün
Şamaxıdan altı atlı Kür üstdən keçib
Qarabağa getməliymiş. Qaranlıqda mənzil
başına yetişə bilməyəcəklərini yəqin
edib, atlıların ağsaqqalı bu yerin ağsaqqalı
Soltan kişiyə onların evində gecələmələrilə
bağlı müraciət edir. Soltan kişi bildirir ki, onlardan
hər biri bir evdə gecələməli olacaq. O, hər bir
evin kişisinə tapşırır ki, bu axşam onlardan hər
birinin evində mütləq aş qazanı qoyulmalı və
atlıların hamısı ləzzətli aşa qonaq edilməlidir.
Belə də edirlər. Qonaqlar yeyib-içib rahatlanırlar,
gecəni dincəlib, səhər qalxırlar, səhər yeməyində
isə qonaqlara ağsaqqalın tapşırığına
görə hər evdə camış nehrəsi yağı
ilə bal yedizdirirlər. Atlılar mənzil başına yola
düşürlər. Atlıların ağsaqqalı
yoldaşlarından onları bu obada necə qəbul etdiklərini,
axşam nə, səhər nə yediklərini soruşur.
Atlıların hamısı bir ağızdan "Axşam
aş, səhər nehrə yağı ilə bal" yediklərini
deyirlər. Yeməklərin hər bir evdə eyni olması
onları təəccübləndirir. Atlıların hər
biri deyir, burda var-dövlət "şilan"dır,
"şülən"dir, yəni həddən artıq
çoxdur. Beləliklə, də buradan "Şilyan"
adı, toponimi formalaşmağa başlayıb".
Nizami Tağısoy daha
sonra deyir ki, keçmiş zamanlarda olduğu kimi bu gün də
Şilyanda maraqlı folklor-etnoqrafik sənət nümunələri,
abidələr, deyimli-duyumlu sözlər, düzgülər,
söyləmələr və s. yaranır: "Yuxarı
Şilyanlıların toyunun elə səciyyəvi cəhətləri
var ki, digər bölgələrimizin toylarında, həm də
başqa Şilyan ellərində görə bilmirik.
Düzdür, qonaqpərvərlik bütün türk
uluslarının səciyyəvi xüsusiyyəti, danılmaz
tərəfidir. Lakin qonaqpərvərlik bir etik dəyər
kimi Yuxarı Şilyanlılarda özünü daha parlaq
şəkildə göstərir. Hətta
şilyanlının evində bir loxma çörəyi olmasa
belə, o, qonağı elə böyük təmtəraq, elə
böyük sevinclə qarşılayıb yola salar ki, qonaq
belə yüksək münasibətdən öz elinə Bu kənddə
lap əvvəllərdən əvəzsiz söz ustaları,
söz sərrafları, söz xiridarları çox olub, bu
gün də var. 20 ildən artıqdır ki, Şilyanın
adət-ənənələrini, folklorunu,
etnoqrafiyasını, ilmə-tikməsini,
xalçalarının naxışlarını, toy mərasimlərininin
fərqli cəhətlərini, xalq oyunlarını (məsələn,
"Zopu"nu), uşaq oyunlarını ("Turna vurdu",
"Eşşəyim qalx", "Ənzəli", "Mıxca-mıxca",
"Aşıq-aşıq" və s.) yığır, ipə-sapa
düzür, sistemləşdirirəm".
Qaliboğlu E.
Xalq Cəbhəsi.-
2009.- 8 yanvar.- S.14.