Orxon kitabələri
sırf dilçilik baxımından çox nəhəng abidədir
Professor İsmayıl Məmmədov:
"Dilimiz tariximizin bütün dönəmlərində
baş vermiş hadisələrlə bağlı
bizə zəngin faktlar verir"
Dilimizin dünyanın zəngin
dillərindən biri olduğu barədə müxtəlif qənaətlər
mövcuddur. Hərdən deyirlər ki, bu, pafosdan başqa bir
şey deyil; ancaq doğrudan da Azərbaycan türkcəsinin zənginliyi
barədə danışmağa tam haqqımız var.
Professor Elməddin Əlibəyzadənin
bu barədə qənaətləri maraqlıdır. Türk
xalqının mədəniyyətinin qədimliyinə diqqəti
çəkən araşdırmaçı deyir: "Adətən
12-ci yüzili Azərbaycan xalqının mədəni
inkişafı və mənəvi fikri tarixində intibah
dövrü adlandırırlar. Bu fikirdə həqiqət var.
"Orxon - Yenisey" kitabələrinin məşhur tədqiqatçısı
P.Melioranski yazır ki, 8-ci yüzil türklərinin yüksək
mədəniyyətini təqdim etmək üçün Orxon
kitabələrinin özü də kifayətdir. Üç-dörd
yüzillik bir dövrü əhatə edən yazılarda imla
xətası tapmayan tədqiqatçı belə nəticəyə
gəlir: "Yeri gəlmişkən deyək ki, tam səlis
türk əlifbası ilə, imla qaydaları tam gözlənilməklə,
tam səlis türk dilində yazılmış Orxon kitabələri
sırf dilçilik baxımından çox nəhəng abidədir.
Lakin söhbət onda deyil, sadəcə, onu göstərmək
istəyirik ki, 7-ci yüzil türklərinin yüksək səviyyədə
"savadlılığına" iki mühüm Orxon
yazısı şahidlik edir". Bu fikirləri P.M.Melioranski hələ
kitabələr yenicə oxunmağa başlarkən demişdi.
Sonrakı tədqiqadlarda aşkar olundu ki, kitabələrin
Yenisey qolu daha qədimdir, 5-ci yüzildən başlayır. Deməli,
P.M.Melioranskinin bu fikri bütövlükdə 5-8-ci
yüzilliklər türklərinə aid edilə bilər. Söz
yox, bu "yüksək mədəniyyət", bu
"yüksək səviyyədə savadlılıq"
türklərin əsas qollarından biri olan Azərbaycan
xalqına da aiddir. Bu "yüksək mədəniyyət",
"yüksək səviyyədə savadlılıq" təkcə
ümumtürk yazı mədəniyyəti nümunəsi olan
"Orxan-Yenisey" kitabələri və ya Mahmud
Kaşğarlının "Divan"ı ilə məhdudlaşmırdı,
eyni zamanda dünya mədəniyyəti xəzinəsinə
öz dilində "Dədə Qorqud", fars dilində
Nizami "Xəmsə"sini bəxş etmişdi".
Yeri gəlmişkən,
bu məqamda E.Əlibəyzadənin Nizami
dünyabaxışının türk mədəniyyəti,
düşüncəsi təməlində yetişməsi barədə
qənaətləri maraqlıdır:
"Nizamişünaslıqda hələ də belə bir səhv
fikir yürüdülür ki, Nizamini, onun
dünyagörüşünü bu xəlqi ənənə,
bu milli zəmin yox, guya antik dünyanın ənənələri
formalaşdırıb, bu isə ancaq iki yolla - Suriya - ərəb
və Vizantiya - gürcü mədəniyyətlərinin vasitəçiliyi
ilə mümkün olub. Nizaminin
dünyagörüşünün formalaşması və
"təşəkkül etməsində", əlbəttə,
antik dünya nəzəriyyələrinin, Suriya-ərəb
elmi -nəzəri fikirlərinin də rolu vardı, bunu inkar
etmək olmaz. Lakin bu, əsas deyildi. 12-ci yüzildə Nizamini
yetirən xalq, onun qədim tarixi və mövcud ictimai-siyasi
mövqeyi, mədəni -elmi səviyyəsi, güclü əbədi
zəmini, dünyəvi elmlərə maraq dairəsi geniş
və əhatəli olmasaydı, dünya elmi və mədəniyyətini
öyrənmək, əxz edə bilmək ənənələrinə
və imkanına malik olmasaydı, Nizami kimi şəxsiyyət
yetişə bilməzdi. "Xəmsə"nin məzmunundan,
habelə Nizaminin özü barədə dediyi və verdiyi məlumatlardan
anlaşılır ki, şair Gəncədən kənara
çıxmayıb, oxumaq, təhsil almaq üçün
başqa şəhərə, ölkəyə getməyib. Ciddi
mütaliə yolu ilə dövrünün tarix, fəlsəfə,
məntiq, poetika, astronomiya, həndəsə, coğrafiya, fiqh
(şəriət) və başqa elmlərini mükəmməl
öyrənə bilib; memarlıq, musiqişünaslıq, rəssamlıq
kimi sənət növlərinə yaxşı bələd
olub. Azərbaycan, fars, ərəb, pəhləvi, yunan dillərini
dərindən bilməsi ona qədim dünya və orta
yüzillərin əsas elmi və ədəbi məxəzlərilə
tanış olmaq imkanı vermişdi. O zaman sual olunur: Gəncədən
kənara çıxmayan şair bütün bu elmlərin əsaslarına
necə yiyələnmiş, indi belə öz qiymətini, dəyərini
saxlayan elmi bilikləri necə öyrənmiş, necə mənimsəmişdi?
Bunun üçün ən azı iki mühüm amil zəruri
idi: əvvəla, Nizaminin atadan qalma zəngin kitabxanası
olmalı imiş ki, bu elmləri mənimsəmək, əxz
etmək mümkün olsun; ikincisi, 12-ci yüzil Gəncəsi
Şərqin qədim və zəngin elmi-mədəni mərkəzlərindən
biri olmalı idi. Azərbaycan çoxdan qüdrətli
dövlət idi. Müəyyən etik-əxlaqi normalar
xalqın ruhuna, canına hopmuşdu. İndi dünyada məşhur
olan memarlıq məktəbi yaranırdı, dilçilik
lüğətləri tərtib edilirdi; musiqi, incəsənət,
təbabət, muğam inkişaf etmişdi. Nizami əsərlərini
fars dilində yazsa da, onun əsrlərindəki elmilik, tarixilik
Azərbaycan ictimai mühitinin məhsuludur, o zamankı mənəvi
təkamülün bəhrəsidir. Digər mədəniyyətlər
də Nizamiyə müsbət təsir göstərə bilərdi.
Əsas özül isə milli zəmin idi. Dühanın
yetişməsində milli-xəlqi zəmin ilkin şərtdir:
Nizami dühasının parlamasında Azərbaycan
xalqının zəngin mənəvi aləmi, estetik fikir
dünyası, zəkası məhz ilkin mənbə və
daxili amillər kimi mühüm əhəmiyyət kəsb
edir. Nizamini, Nizami dühasını məhz bu ilkin xəlqi zəmin,
ana dilində zəngin mənəvi fikir, düşüncə
aləmi, bir sözlə, Azərbaycan xalqının öz
dühası, daxili məzmunu yetirmişdi". Professor E.Əlibəyzadənin
bu qənaətləri Nizamini fars sayanlara,
farsçılığa, türk ruhuna zərbə vurmaq
üçün Nizamini fars şairi hesab edənlərə
tutarlı cavabdır.
Professor İsmayıl Məmmədov
deyir ki, dilimiz daha çox işləndikcə, tədqiq
edildikcə onun sambalı, qiyməti daha artıq səviyyədə
görünür, bilinir: "Dilimizi ardıcıl şəkildə
tədqiq etdikcə onun zənginliyinin dönə-dönə
şahidi oluram. Dilimizin qrammatik quruluşu sabitdir. Dədə
Qorqud zamanındakı dilə varaq: "Əski pambıq bez
olmaz", "Kül təpəcik olmaz",
"Çıxan can geri dönməz" və s. Həmçinin
dilimizin o zamandan bəri leksik tərkibinin də aydın, sabit
olduğuna əminliyim daha da artır. İngilislər 4 əsr
o yana - Şekspir dövründəki dillərini yaxşı
başa düşmürlər. Amma Həsiminin, Qazi Bürhanəddinin
və başqalarının dilinin
aydınlığını görməmək olmur. Dilimiz
tariximizin bütün dönəmlərində baş
vermiş hadisələrlə bağlı bizə zəngin
faktlar verir. Bəziləri belə deyirlər ki, XI yüzildə
oğuzlar gəliblər, o vaxtadək burada guya başqa dildə
danışanlar olub, türklər gələndən sonra
buradakıları türkləşdiriblər. Ümumiyyətlə,
həmişə hakim dövlətlər, xalqlar
çalışıblar ki, işğal etdikləri
xalqların tarixini müasirləşdirələr,
"sübut edələr" ki, siz qədim deyilsiniz, buralara
dünən gəlmisiniz. Bizdə məsəl var ki, ərəb
öldü, qan düşdü. Bu, o deməkdir ki, ərəb
bura islam dininə sahib olduqdan sonra gəlib. Tarixən dilimiz ən
mübariz dillərdən olub. Şah İsmayıl Xətainin
vaxtında dilimiz sarayda, orduda, ədəbiyyatda güclü
mövqeyə malik idi. Xanlıqlar dövründə də
dilimizin mövqeyi pis olmayıb. Azərbaycanın Rusiya və
İran arasında parçalanmasından sonra dilimizə zərbə
dəydi, amma, o, yenə də məhv olmadı, dəyanətlə
varlığını qoruyub saxlaya bildi".
Dilimizin əlvanlığı
gözəldir, amma müəyyən hallarda çoxmənalılıq
dilə ziyan da verir. Çox zaman soydaşlarımız bu
çoxmənalılıqdan qurtulmaq məqsədilə
"türkün sözü" ifadəsindən istifadə
edirlər. Amma bu da aydınlıq, müəyyənlik
yaratmır, əksinə, çox hallarda dilimizə həqarət
gətirir, hər ruhsuz anlamın birbaşa "türk"
adı ilə "damğalanmasına" imkan yaradır. İ.Məmmədov
deyir ki, çoxmənalılıq dilin təbii cəhətidir:
"Elə dil var ki, orada bizdəki qədər çoxmənalılıq
yoxdur. C.Cabbarlının "Sevil" pyesində Babakişi
ilə Atakişi həmişə biri-biri ilə rastlaşanda
"türkün sözü" ifadəsini işlədirlər.
Bizdə sözü müxtəlif mənalarda yozmaq məsələsi
var".
Bu gün qloballaşma
dalğası Azərbaycan türkcəsinin üzərinə
inadla yeriməkdədir. Çox dil bilmək, başqa xalqlar,
dövlətlərlə ünsiyyət qurmaq yaxşı cəhətdir,
amma bu, doğma dilimizin zəifləməsi, mövqeyini itirməsi
bahasına olmamalıdır. Birdəfəlik bilməliyik ki,
dilimiz ruhumuzdan ən kamil, qeyri-adi soraqdır. İ.Məmmədov
bununla bağlı deyir: "Ötən əsrin əvvəllərində
xalq dilinə yaxın məşhur "Molla Nəsrəddin"lə
yanaşı dili əcnəbi kəlmələrlə dolu olan
"Füyuzat"da çıxırdı. Dil məsələsilə
bağlı ziyalılarımız arasında
anlaşılmazlıq çox idi. Amma bu proses uzun sürmədi".
Bu gün
balalarını ingilis dilini bilmək yönündə
oxudanlara Azərbaycanın tanınmış
ziyalılarının içərisində də rast gəlinir.
Onlar dil öyrənməkdən söhbət düşəndə
bunu balaları üçün "çörək
ağacı" kimi xarakterizə edirlər. İ.Məmmədov
deyir: "Belələrinə cavabımız o
olmalıdır ki, ilk növbədə ana dilimizə daha
çox sayğı göstərməliyik, balalarımıza
dilimizi cani-dildən sevdirməliyik. Radio-televiziya kanalları ana
dilimizdə daha çox millilikdən soraq verən verilişlər
hazırlamalı, dilimizin hər mənada başqa dillərdən
üstünlüyünü göstərməlidirlər".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi .-2009 .-10-12 yanvar.-S.14.