Bir sərgidən doğan təəssürat


       Sənətdə qeyri-adilik yalnız gerçəkliyi ötəndən sonra başlayır

 

Muzey Mərkəzində gənc rəssam Gündüz Ağayevin rəngkarlıq və installyasiya işlərindən ibarət fərdi sərgisi açılıb. Sərginin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin sərgi qalereyası, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət İdarəsi və Azərbaycan Rəssamlar İttifaqıdır. Gündüz Ağayev 1998-2002-ci illərdə Rəssamlıq Akademiyasında təhsil alıb. Respublikada keçirilən bir çox sərgilərdə iştirak edib. Ötən il bir qrup rəssamla "H 2 O" (suyun kimyəvi adı - red.) adlı rəssamlar birliyi yaradıb. Bakıda qrup üzvlərinin əsərlərindən ibarət sərgi təşkil olunub. Bu, onun ikinci fərdi sərgisidir. Ekspozisiyaya rəngkarlıq və installyasiya işlərindən ibarət 80-ə yaxın iş daxildir.

Sənətşünas Ziyadxan Əliyev bildirir ki, "Gündüz Ağayevin yaradıcılığında artıq bizə məlum olan bədii cərəyan və üslublarla səsləşən onlarla anım-assosiasiya yaradan məqamlar olsa da, bu əsərlərin hər biri həyat hadisələrinə, onun sayagəlməz yaşantılarına fərdi və fərqli münasibətin ifadəsi kimi qəbul olunur. Bütünlükdə isə onları mücərrəd sənətin özünəməxsus görüntüləri hesab etmək olar. Lakin rəssam mücərrəd şərhə ona görə tapınmayıb ki, onu çətin başa düşsünlər. Əksinə, o, istəyir ki, tamaşaçı onu əhatə edən gerçəklikdə onunla qoşa addımlayan, ancaq çox vaxt görünməyən duyğulandırıcı mənəvi-estetik qaynaqları rəssam gözü ilə görə və dəyərləndirə bilsin. Bu gözəllik işartıları rənglərin xaotik ritmindən, ekspressiya yaradıcı qarşılaşmasından, plastik deformasiyalardan və onları gerçəkləşdirən təzadlı rəng selindən "boylanır" və istər-istəməz tamaşaçını düşündürür. Odur ki, Gündüzün bilavasitə həyatın fəlsəfəsinin açımına yönəlik əsərləri bir qədər də onlarla üz-üzə, göz-gözə qalanlardan xüsusi diqqət və analitik nüfuz tələb edir. Başqa sözlə desək, tamaşaçını arxasınca apara biləcək sənət nümunələrindən əsil zövq almaq üçün onları duymağa və dəyərləndirməyə həm də hazır olmaq lazımdır. Sərgi müstəqillik dövründə aparılan sənət axtarışlarının təzahürüdür. Əslində burada Gündüz dünyada olan cərəyanlara münasibətini bildirib, özünü bu cərəyanlarda sınayıb".
Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov isə deyir: "Gənc rəssamın əsərləri böyük həcmli olması ilə diqqəti cəlb edir. Həyatı dərk etmək, duymaq hər kəsdə fərqli olur. Rəssamlıqda çoxlu cərəyanlar var. Kompozisiya sarıdan bu əsərlər professionaldır. Rəssamın maraqlı abstrakt əsərləri var. Rəssamlar İttifaqı istedadlı gənclərə daim kömək edir. Bununla belə rəssam daim öyrənməlidir. L.Vinçi deyirdi ki, mən həmişə öyrənmişəm".

Azərbaycan rəssamlığının çağdaş nəslinin əcnəbi yaradıcılıq janrlarına meylinin artmasına münasibət bildirən A.İbrahimov deyir ki, sözün əsil mənasında rəssam olmaq istəyən bütün janrları gözəl bilməlidir: "Ola bilsin, bu rəssam sonradan belə mücərrəd janrlarda işləməsin. Səttar da bu yolu keçib. Səttara impressionist deyəndə deyirdi ki, mən impressionist deyiləm. Sovetlər dövründən çıxandan sonra çərçivələr dağılıb, ona görə belə yaradıcılıq yönləri daha çox meydana çıxır. Sənətkar üçün dünyada ən böyük nemət azad olmaqdır. Sizinlə razıyam, son sərgilərdə ənənəvi janrlarda çəkmək azalıb. İndikilər oldu çəkir. Gündüzdə isə yaradıcılıq məsuliyyəti görürəm". Gündüzün sərgilənən əsərlərinin qiyməti təxminən 200 manatdan 3500 manata qədərdir.

İndi isə sözügedən sərgidə nümayiş etdirilən əsərlərin daxili məzmununa, qayəsinə nəzər salaq. Düzdür, gənc rəssamın rənglərdən məharətli şəkildə istifadə etməsi nəzərə çarpır, amma əsas məsələ əsərin insanilik ölçüsünü dərəcədə təsdiq etməsindədir. Ümumən insan gerçəkliyi yarada bilməyəndə (yəni daxili aləminə insanilik ölçüsündə bələd olmayanda) "həyat fəlsəfəsi" uydurulur. Sənətdə qeyri-adilik məhz gerçəkliyi aşandan, ötəndən sonra başlayır. Təbii, gərək rəssamın gözü gerçəkliyi düzgün görsün ki, onu ötə bilsin, hər adi məqamı xüsusi dərketmə səviyyəsi saymasın. Bu əsərlərin çoxunda gerçəkliyi düzgün görmək yoxdur. Rəssamlıq mahiyyəti əslində təhrifsiz görməlidir. Mahiyyət ala-bula, qarışıq, xaotik təsəvvür olunmamalıdır. Dünyanı düzgün anlama insan ağlında, təsəvvüründə, mənalı təxəyyülündə başlayır.

Əsasən müstəqillikdən sonrakı dönəmdə Azərbaycan rəssamlığında qeyri-ənənəvi janrda əsər yaratmaq dəbləşib. Özü belə rəssamlar başlıca olaraq çoxluğun anlamadığı, anlamayacağı janrlarda çəkməyə üstünlük verirlər. Bu, bir daha göstərir ki, gerçəkliyi, yəni reallığı yaratmaq olduqca çətindir. Qeyri-gerçək avanqard, abstrakt, sürrealist janrlarla bağlı hətta bir lətifə yaranıb. Deyirlər, bir rəssamımızı təbrik edirlər ki, əsərin Amerikada sərgilənib. O isə deyir, nəyi təbrik edirsiniz, əsərimi baş-ayaq asmışdılar. Doğrudan da bu sayaq janrlarda yaranan əsərlərin başının ya ayağının harada olduğunu ancaq rəssamın özü bilir. Bu tipli əsərlərin qeyri-adi məzmun daşıması, əlahiddəliyi barədə təsəvvürlər yaradılır. Əslində bu kimi əsərlər qlobalçılığın gerçək ifadəsi, yerişi kimi anlaşılmalıdır. Əgər sənət əsəri millilik çalarından məhrumdursa, deməli, o, bəşərilikdən məhrumdur. Sənətdə azadlıq sənətkarın daxilən azadlığı bir-biri ilə sıx şəkildə bağlıdır. Unutmaq olmaz ki, azadlığın bir başqa adı da məsuliyyətdir. İndi baxır sənət adamı o azadlıq duyğusunu necə ifadə edir. Sənət insanilik üçündür. Məhz böyük, yaşarı sənət nümunələri insanilik ölçüsünü təsdiq etdikləri üçün sabaha yetə bilirlər. bu əsərlərin yaradıcıları da az ya çox yaşadıqları dönəmin qaydalarından, baxışlarından üstün olduqları dərəcədə sabaha yarayan əsər meydana qoya bilmişlər. Səttar Bəhlulzadə nədən çəkir-çəksin, onun içərisindən mütləq bir nağıl çıxırdı.

2 il olmaz, Muzey Mərkəzində Vüqar Muradovun, Mahmud Rüstəmovun, Nairə Rüstəmovanın, Teymur Rüstəmovun Niyaz Nəcəfovun əsərlərindən ibarət "5+" adlı sərgi açılmışdı.

Bu sərgidə çeşidli janrlarda əsərlər vardı, amma içərisində abstraktı da diqqəti çəkirdi. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Hacı Mirzə Fərzəliyevin sərgisi yadıma düşdü. Onun əsərləri tamaşaçıda sırf abstrakt - mücərrədçilik təəssüratı yaradırdı. Sərginin baş tərəfində asılmış böyük həcmli əsərdə çoxlu anlaşılan, sıravi tamaşaçı üçün isə daha çox anlaşılmayan, canlı cansız obrazlar vardı: sol tərəfdə səcdə edən, bir az yuxarı tərəfdə əcnəbi musiqi əhvalı ilə yaşayanlar, sağ tərəfdə əllərini göyə qaldıranlar, nal, digər həndəsi fiqurlar "anlaşılan" idi. Əsərlərin hamısı adsız idi... Adətən bu tipli əsərlərdə konkret adlandırma olmur. Əsərdən nəticə çıxarmaq tamaşaçının öhdəsinə buraxılır.

Gündüzün əsərlərinin isə hamısı adlıdır. İçərisində qayəsi tamaşaçıya aydın çatan əsərlər var. Amma abstraktçılıq sərgidə üstünlük təşkil edir. "Faciəvi mövcud olan avtoportret", "Ruhumun portreti", "Uyğunluq, yaxud palanlaşdırılmış", "Daxili mübarizə" b. bu qəbildəndir. Əsərlərin adları ritorik, cəlbedici səslənsə , insanın tale, gerçəklik üzərində mübarizəsini ifadə etmir. Rəssamın qəhrəmanının daxili qətiyyən çırpıntılardan xilas olmayıb. Ala-bula, qarışıq anlamda ruhun təsviri təsəvvür qarışıqlığından doğur. Əslində isə ruh insanı insan edən dörd keyfiyyətin - inamın, idrakın, mənəviyyatın iradənin vəhdətindən ibarətdir.

Şübhəsiz, abstrakt, yəni qəliz mövzuda əsər çəkən rəssam üçün özünün anladığı, bildiyi ifadə tərzi var. Məşhur Danimarka karikaturaçısı Bidstrup bu yönü tənqid edən karikatura silsiləsi yaradıb. Orada təsvir olunur ki, abstrakt mövzuda əsər çəkmək istəyən rəssam çox fikirləşsə , bir şey yarada bilmir. Axırda tablonun ortasında yumruya oxşar bir işarə qoyur. Əsəri gətirib sərgidən asır, camaat bilmir ki, bu, demək istəyir. Biri ağzını büzür, biri başını bulayır...

Əlbəttə, bu cür əsərlərin öz tamaşaçıları var. Lakin gerçəklik budur ki, belə əsərlər mahiyyəti bütöv halda ifadə etmir, burada bir qarmaqarışıqlıq, nizamsızlıq sezilir. Əslində bu yöndə yaradıcılar "qarmaqarışıqlığın nizamını" yaratmaq istəyirlər. S.Bəhlulzadə Göy gölü öz Göy gölü kimi təqdim edir, amma burada təhrif yoxdur. qədər qəribə səslənsə , abstrakt rəssamın yaratdığı gerçəklik əksər hallarda gerçəkliyin özündən aşağı olur, insanın yaşamaq ümidinə bu ya digər dərəcədə mənfi təsir edir.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.-13 yanvar.-S.14.