Azərbaycan palçıq vulkanları beynəlxalq müsabiqədə

 

İsveçrənin "Təbiətin 7 möcüzəsi" adlı qeyri-biznes təşkilatı eyni adda beynəlxalq müsabiqə elan edib. Adıçəkilən müsabiqəyə 222 ölkədən 261 təbiət və tarixi abidənin adı salınıb. Onların sırasında Azərbaycanın palçıq vulkanları da var. İnternet vasitəsi ilə aparılan müsabiqə iyulun 7-dək davam edəcək. Onu da qeyd edək ki, palçıq vulkanlarımızın müsabiqəyə düşməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri son yarım əsrdə palçıq vulkanlarının öyrənilməsində böyük uğurlar əldə ediblər. Ərazilərin geoloji inkişafını göstərən bu təbiət fenomenlərinin mənşəyi, neft-qaz yataqları və seysmikliklə bağlılığı sahələrində aparılan tədqiqatların nəticələri dünya geologiya elminə böyük töhfələr verib.

Xatırladaq ki, dünyada 800-dən artıq palçıq vulkanı var. Onlar 26 ölkə - Kolumbiya, İtaliya, Rumıniya, Rusiya, Ukrayna, İran, Pakistan, Malaziya və başqa yerlərdə intişar tapıb. Onların 300-dən çoxu Azərbaycandadır. Burada yerləşən palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir. Ölkəmizdəki bu tip vulkanların əksəriyyəti aktiv fəaliyyətdədir. Vulkanlarımızın bəzilərinin hündürlüyü 400 metrə çatır. Quruda olanların 21 faizi yerin üzərinə neft çıxarır. Bundan başqa, Azərbaycanda sönmüş, gömülmüş, sualtı, ada palçıq vulkanları da mövcuddur. Bütün bunlara görə odlar yurdu Azərbaycanı "palçıq vulkanları diyarı" adlandırırlar.

Eyni zamanda diqqətinizə çatdıraq ki, palçıq vulkanlarının elm üçün də böyük əhəmiyyəti var. Geoloqlar palçıq vulkanlarını öyrənərək, yerin dərin qatlarının geoloji quruluşu, orada baş verən geokimyəvi proseslər, faydalı qazıntı yataqları, xüsusilə də dərində olan neftqaz yığımları haqqında məlumatlar əldə edir. Bununla yanaşı, palçıq vulkanları neft strukturları ilə sıx bağlıdır. Daha dəqiq desək, təbii, xərcsiz başa gələn kəşfiyyat quyusu, ərazilərin neft-qazlılığını öyrənmək üçün ən əlverişli tədqiqat obyektidir. Faydalı qazıntıların axtarışında vulkanların verdiyi məlumat isə əvəzsizdir. Ümumiyyətlə, palçıq vulkanları təbiətin qeyri-adi, nadir möcüzələrindən biridir.

Bununla belə, palçıq vulkanları ilə zəlzələlərin arasında sıx əlaqə mövcuddur. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, zəlzələnin baş verəcəyi ərəfədə vulkanların aktivləşməsi müşahidə olunur. Onların yer səthinə çıxardığı flüidlərin (qazların, suların) tərkibində bəzi komponentlərin faizi kəskin artır. Məsələn, qazların tərkibində helium, karbon qazı, suların tərkibində isə bor, bəzi hallarda xlorid və sulfat artır. Püskürmələr isə əsasən güclü zəlzələdən sonra olur. Bundan əlavə, palçıq vulkanlarının digər sahələr üçün də faydası var. Vulkan gili faydalı keramzit xammalıdır. Tikintidə, xüsusən də kərpic hazırlanmasında geniş istifadə olunur. Vulkan suları bor, brom, yod, vulkan brekçiyası isə bir sıra lazımlı mikroelementlər - bor, manqan, litium və digər materiallarla zəngindir. Nəzərinizə çatdıraq ki, vulkan palçığından tibbdə də istifadə olunur. Belə ki, bir çox xəstəlik - mədə-bağırsaq, periferik və mərkəzi əsəb sistemi, genikoloji, uroloji, oynaq, radikulit, dəri və boğaz ağrısının müalicəsində vulkan palçığından geniş istifadə olunur.

Sözügedən müsabiqədə səs vermək istəyənlər www.new7wonders.com saytına daxil olmalıdırlar.           

 

                                                                                    

Şamilqızı, Ülviyyə

 

Xalq Cəbhəsi.- 2009.- 15 yanvar.- S. 11.