"Ədəbi yaradıcılıqda tənhalıq qalib gəlir"

 

Dayandur Sevgin: "Yaxşı şeir yazanlarımız çox azdır"

 

Artıq 50 yaşını haqlamış şair Dayandur Sevgin 1959-cu ildə İmişli rayonunda anadan olub. Ədəbiyyata 80-ci illərdən gəlib, "Boyuma biçildi dərd", "Mən bilmirəm ayrılmağın yolunu" adlı iki şeirlər kitabı işıq üzü görüb. İxtisasca jurnalist olan həmkarımız "Sözün sorağı" ədəbi birliyinin rəhbəridir. Deyir 50 yaş onun üçün bəlkə də xüsusi sevindirici hal deyil: "Həyatımda çox çətinliklərə tuş gəlmişəm. Bütün işlərdə bəlkə də kollektivlə nəyisə əldə etmək mümkündür, amma ədəbi yaradıcılıqda məhz tənhalıq qalib gəlir. Ədəbi yaradıcılıqda kollektivçilik alınmır. Gərək çəkiləsən tənhalığa, heç bir güzəran dərdin olmaya, yalnız səni düşündürən yaradıcılıq mövzuları ilə baş-başa qalasan. Elə-belə böyük ədəbiyyat yaratmaq mümkün deyil. Məni yaşadan həyat eşqidir. Daxilən nikbinəm, amma yazdıqlarımın çoxunda hərdən ümidsizlik olur. Adi işdən ötrü çox qapılar döyürsən, alınmayanda kədərlənirsən, hissiyyata qapılırsan. Amma böyük yaradıcıların əksəriyyəti güzəranı demək olar, nəzərə almayıblar".

Bu gün ədəbiyyat aləminə tez gəlsə də, imzasını təsdiq etməyən qələm sahiblərini belə "cavanlar" sırasına aid edirlər. D.Sevgin belə ölçülərlə razı deyil. Bəs görəsən, ədəbiyyat aləmində tanınmaq, imzanı təsdiq etmək daha çox nə ilə bağlıdır: Yazıçılar Birliyinin ədəbi nəşrlərində çap olunmaqla, ya başqa üsullarla? O, deyir: "Artıq 50 yaşım var, məncə, imzamı ədəbi ictimaiyyətə az-çox tanıda bilmişəm. Məsələ burasındadır ki, indi mətbu orqanların sayı çox artıb. Sovet dövründə əgər "Ulduz", "Azərbaycan" jurnallarında, yaxud "Ədəbiyyat və İncəsənət", eləcə də "Azərbaycan gəncləri" qəzetlərində çap oluna bilirdinsə, bu, sənin üçün çox az vaxtda tanınmaq demək idi. Həmin nəşrləri hətta Azərbaycanın ucqar kəndlərində belə hamı oxuyurdu, müzakirə edirdi.

O dövrdə etiraf edək ki, ədəbiyyata böyük həvəs var idi. Bu gün Azərbaycanda telekanalların, radioların sayı çox artıb. İndi kompüter texnologiyaları da təsəvvürəgəlməz dərəcədə inkişaf edib. Adamların maraq dairəsi tamam başqa məcralarda inkişaf edir. Təəssüf ki, zamanımızda kitab oxumağa meyl zəifləyib. Qabil deyirdi ki, karamel fabrikində işləyən karameldən cür iyrənirsə, mən şeirdən o sayaq iyrənmişəm. O vaxtlar bəlkə bu fikrə yaxşı baxmırdım. Amma son zamanlar bu yöndə qənaətim tamam başqalaşıb. 10 ildir ki, "Kaspi" qəzetində ədəbiyyat bölümünə rəhbərlik edirəm. Bəzi şeirlərin məzmunsuzluğu məni bezdirir. Yəni gərək şeiri oxuyanda ən azı ürəyini tərpədən misra tapasan. Əgər tapa bilmirsənsə, onda əsəbləşirsən. Rayonda olanda həmişə tez-tez eşidirdim ki, Azərbaycan xalqı şair xalqdır. Amma xüsusən son illərdə gördüm ki, belə deyil. Azərbaycanın yaxşı şairlərini barmaqla saymaq olar. Yaxşı şeir yazanlarımız çox azdır. İnanın ki, yaxşı şeir yazanların şeirlərini qəzetdə çap etmək üçün hamısının dalınca özüm gedirəm. Zəiflərin hamısı özləri şeir gətirirlər. Adətən yaxşı şair həmişə bir az təvazökar olur, çap olunmaqdan qaçır. Hansısa qədim mütəfəkkirlərdən biri deyib ki, insan çox şeylərdən xəbərdar olduqca, öz gözündə kiçilir Allaha yaxınlaşır. Nadanlar çox oxumurlar, düşünmürlər, elə bilirlər ki, yazdıqlarının hamısı gözəldir. Amma aqillər oxuyub görürlər ki, bu vaxtacan yazdıqları ürəyincə deyil. Gərək insan həmişə özündən narazı qalsın. Əks təqdirdə onda özünə tələbkarlıq azalacaq".

Azərbaycanda fəlsəfi fikirlər daha çox şeirlə deyilib. Nəsimidən gələn və şeirimizdə olması arzulanan "aşiqlik, filosofluq, cəngavərlik" ölçüsü təəssüf ki, əksər hallarda müasir poeziya nümunələrində görünmür. D.Sevgin deyir ki, indi yazan çox olsa da ədəbiyyatı bir neçə nəfər tam dolğunluğu ilə təmsil edir: "Birliyi yaratmaqda əsas məqsədim o idi ki, bura şeir təqdim edənləri bir yerə yığım. Qoy onlar şeirləri birlikdə müzakirə etsinlər, ən yaxşılarını isə qəzetdə çap edək. Birliyi başqa məqsədlə yaratmamışam ki, hansısa ədəbi təşkilata təsir göstərim. Amma məlumdur ki, Azad Yazarlar Ocağı Yazıçılar Birliyinə alternativ yaradılıb. Biz özümüzdən, istəyimizdən xəbərsiz doğuluruq. Əsil ədəbiyyat insana gələn ilahi pıçıltılar olub, insanın özündən asılı olaraq doğulmur. Bir görürsən ki, qəlbini çulğayır, səni içindən oyur-oyur oynadır. Elə vaxtlarım olub, şeiri yazıb qurtarandan sonra bilmişəm ki, şeir yazmışam. Yəni o vaxtı mən əsasən özümdə olmuram. Şeiri o vaxt yazıram ki, məni rahat buraxmır. Olub ki, uzun müddət heç yazmamışam, yəni məni narahat edən, içəridən silkələyən heç olmayıb. Ümumiyyətlə, heç zaman fikirləşib şeir yazmamışam. Doğulmağım məndən asılı olmadığı kimi, şeir yazmağım da məndən asılı deyil. Şeir insan kimi doğulur, insanın içindən doğulur. Şeirlərim demək olar, başdan-ayağa dərddən yoğrulub. 16 yaşımda atamı itirmişəm. O yaşdan üzü bəri dərdlə-qəmlə böyümüşəm. On nəfərlik bir ailəyə başçılıq eləmək, hər gün çoxsaylı problemlərin arxasınca getmək şübhəsiz ki, asan məsələ deyildi. Bu ya digər şeirləri əzabda qovrulmadan yazmaq mümkün deyildi. Həmişə üzümdə təbəssüm olur, dərdimi kiminsə çiyninə yükləməyi sevmirəm, dərdimi həmişə öz içimdə çəkirəm. Allahın göndərdiyi dərd varsa, elə adama şeiri yazdıran odur. Bütün hallarda dərd əbədi qalır. Dərd adamı ağladır. Mən oğlunun cənazəsi önündə rəqs edə-edə gedən ana görmüşəm. Mən həyat tərzində , sözündə eyni adamam. Gərək hər hansı bir işi bacarıb görəsən. Ümumiyyətlə, şair-yazıçı o zaman güclüdür ki, o, tənha olur. Mənim dostlarım var, hərdən oturub dərdləşirik. Çox vaxt bu söhbətlərdə ədəbiyyat əsas mövzu olmur. Ədəbiyyatda bir pünhanlıq var. Çox sınamışam, qabaqcadan dediyim mövzunu sonradan yaza bilmirəm, nəsə, bir ədəbi sirr var. Gərək o sirri saxlayasan, yazıb qurtarana kimi sirrini açmayasan. Sanki açsan, ilham pərisi səni tərk edib gedəcək. Sovet vaxtı yazıçılarımız onlardan "Gələcək planlarınız varmı?" deyə soruşulanda o saat hətta eyni vaxtda bir neçə əsər üzərində işlədiklərindən danışırdılar. Onu da deyim ki, sovet dövründə ədəbiyyat adamları yaxşı dolanırdılar. Onlara yüksək imtiyazlı məzuniyyətlər verilirdi, kitablarına görə yüksək məbləğdə qonorarlar alırdılar. İndi belə şeylər yoxdur. İndi əgər yazıçının əsəri sərmayə gətirmirsə, onun nəşrinə sərmayə qoyan da tapılmır".

Uzun müddət kirayədə yaşadığını deyən D.Sevgin artıq ev problemini həll etdiyini bildirir: "Şübhəsiz ki, kirayədə yaşamaq yaradıcılığa təsir eləyirdi. Əgər şair-yazıçı yazırsa və beynində fikirlər dolaşırsa ki, bu saat qapı açılacaq, ev sahibi kirayə pulunu istəməyə gələcək, onun yazdığı əsərdən elə "kirayə iyi" gələcək. Şübhəsiz ki, belə ruhda yaradıcılıq daim adamda kədər əhvalı yaradacaq. Həmişə təskinliyi onda tapmışam ki, heç kəsin yanında başım aşağı deyil, heç kəsdən üz qaralığım yoxdur".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.-2009.-16 yanvar.-S.14.